Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
23.12.2024 / Xəbərlər

Azərbaycan Din Xadimlərinin Forumu işini paralel panel sessiyalarla davam etdirir

“Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumu işini paralel panel sessiyalarla davam etdirir.

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın moderatorluğu ilə “Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış” mövzusunda keçirilən I paneldə ilk olaraq Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev məruzə ilə çıxış edib. Bildirib ki, din xadimləri İslamın mənəvi-etik dəyərlərinin doğru təqdim edilməsi, sülh və tolerantlığın təbliği istiqamətlərinə daha çox diqqət yetirməlidirlər. Çünki cəmiyyətdə yüksək mənəviyyatın, dəyərlər səviyyəsinin inkişaf etdirilməsində, ölkə əhalisinin əsas hissəsini təşkil edən müsəlmanlarla digər dinlərin mənsubları arasında birliyin, qardaşlığın təşviqində din xadimləri mühüm rol oynayır.

Mövzu ilə bağlı fikirlərini bölüşən Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadə təmsil etdiyi qurumun hüquq təsisatları ilə müvafiq istiqamətdə tədbirlər keçirdiyini bildirib. Ölkəmizdə hökm sürən dözümlülük ənənələrindən də bəhs edən M.Quluzadə Azərbaycanın həyata keçirdiyi dövlət-din modelinin dünyəvilik, tolerantlıq və multikultural dəyərlərə əsaslandığını söyləyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov müxtəlif dövrlərdə xaricə miqrasiya etmiş və çətin həyat şəraiti ilə üzləşərək ölkəyə qayıtmış Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası, sosial reablitasiyası məqsədilə təmsil etdiyi qurum tərəfindən həyata keçirilən tədbirlərlə bağlı məlumat verib. Bildirib ki, 2018-ci ildən bəri Türkiyə, İraq, Suriya Ərəb və Əfqanıstan İslam Respublikalarından çoxlu sayda vətəndaş ölkəmizə repatriasiya olunub və dövlət tərəfindən onlara hər cür yardım göstərilib.

“Dini mövzuda başlıca manipulyativ istiqamətlər və media” adlı təqdimatla çıxış edən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu radikal dini cərəyanların istifadə etdikləri başlıca təbliğat alətlərinə diqqəti çəkib. Bildirib ki, kütləvi informasiya vasitələri, çap və multimedia məhsulları ilə yanaşı, müasir dövrdə sosial şəbəkələr də təbliğat platforması kimi çıxış edir.  Geniş kütlələrə çıxış əldə edərək ictimaiyyət arasında qorxu və inamsızlıq yaratmaq radikal dini cərəyanların mediadan təbliğat aləti kimi yararlanmasının başlıca məqsədidir.

Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov məruzə ilə çıxış edərək bildirib ki, böyük dövlətlər və beynəlxalq korporasiyalar hədəf seçdikləri ölkələri iqtisadi sanksiya və təzyiqlərlə öz maraqları istiqamətində yola gətirə bilmədikləri təqdirdə, dini öz siyasətlərinin alətinə çevirir və bundan yararlanmağa çalışırlar. Bu qəbildən təzyiqlərə məruz qalmış dövlət və cəmiyyətlərdə dinə milli, ictimai, hətta ideoloji təhlükəsizlik məsələsi kimi baxılır.

II panel sessiya Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyevanın moderatorluğu ilə baş tutub. “Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu” mövzusundakı sessiyada Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məruzə ilə çıxış edib. Vurğulayıb ki, Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlayır. Qeyd edib ki, erkən nikah, qadınlara münasibətdə ayrı-seçkilik, məişət zorakılığı və digər problemlərin həlli üçün işlər görülməlidir. O, bu istiqamətdə düzgün maarifləndirmənin effektivliyinin təmin edilməsində xüsusilə din xadimlərinin fəallığının mühüm olduğunu deyib.

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva deyib ki, ölkəmizdə tarixən qadına münasibət məsələsində xüsusi yanaşma olub. Qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması isə məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Min illər boyu formalaşan milli-mənəvi dəyərlərimiz kamil insan kimi formalaşmağımız, dövlətimizə, bəşəriyyətə lazımi töhfə verməyimiz üçün zəngin və hüdudsuz xəzinə olmaqla yanaşı, qloballaşan dünyada milli kimliyimizi qorumaq üçün ən etibarlı qalxandır. 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva milli-mənəvi dəyərlərin hər bir xalqın kimliyini, tarixini və mədəniyyətini ifadə edən fundamental amillər, cəmiyyətin birlik və həmrəyliyini təmin edən mənəvi dayaqlar olduğunu söyləyib. A.Əliyeva onu da bildirib ki, vətəndaş cəmiyyəti milli dəyərlərin qorunması üçün geniş maarifləndirmə işləri aparır. Ənənələrimiz, mədəni irsimiz və mənəvi dəyərlərimiz haqqında təlimlər, seminarlar, kitab nəşrləri və müxtəlif tədbirlər vasitəsilə məlumatlandırma həyata keçirilir.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov indiyədək Şuraya edilmiş müraciətlər arasında dini zəmində mübahisə olmadığını bildirib. Qeyd edib ki, bu, Azərbaycanda dini müstəvidə hər hansı anlaşılmazlığın olmamasını bir daha sübut edir. “Hesab edirəm ki, ailə mübahisələrinin həllində din xadimlərin rolunu artırmağa ehtiyac vardır”, - deyə N.Adilov əlavə edib.

Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova İslam dini kontekstində qadın hüquqlarından bəhs edib. Bildirib ki, dində əsas məsələlərdən biri olan qadın hüquqlarının mahiyyətini düzgün izah etmək üçün bu hüquqların hansı tarixi şəraitdə elan olunduğunu təhlil etmək lazımdır. İslam yarandığı cəmiyyəti sadəcə dini cəhətdən deyil, eyni zamanda insan hüquqlarının təmin edilməsi baxımından dəyişdirdi. E.Əzizova əlavə edib ki, Azərbaycanda İslam dininin qadınların lehinə olan mütərəqqi prinsipləri din xadimləri başda olmaqla, cəmiyyət tərəfindən diqqət mərkəzində saxlanılmalıdır.

Paralel keçirilən panel sessiyalar müzakirələrlə yekunlaşıb.