Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Press-relizlər
12.12.2019 / Press-relizlər

Xalqın qürur və iftixar mənbəyi

Ötən zaman kəsiyi göstərdi ki, məhz Ulu Öndər Heydər Əliyevin həlledici bir məqamda respublikamızda hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratdı. Heydər Əliyev həsəd aparılacaq bir ömür yaşadı. Qısa zaman kəsiyində Ulu Öndər xalqının əsrlər boyunca uğrunda çarpışdığı ən ümdə haqqını reallığa çevirdi. Bizləri ən yüksək məqama - müstəqilliyə qovuşdurdu. Dünyanın döşünə döyən xalqlarına millətimizin layiqli mövqeyini qətiyyətlə nümayiş etdirdi. İnsanın Vətənin timsalına çevrilməsi dünyada nadir hadisələrdəndir. Məhz Heydər Əliyev də planetin bu əlçatmaz mərtəbəyə yüksələn tək-tək şəxsiyyətlərindən biri oldu.

Xalqımızın və dövlətimizin  tarixində özünə  əbədiyyət abidəsi ucaltmış, öz ölkəsi, xalqı üçün tarixi əhəmiyyətli işlər görmüş Ümummilli Liderimiz Heydər Əliyevin fəaliyyətinin hər səhifəsi, hər mərhələsi Azərbaycan tarixinin yüksəliş mərhələləri ilə üst-üstə düşür. Bu ömrün hər günü xalqa, millətə, dövlətə xidmət etmənin müqayisə edilməz  örnəyi olmuşdur.

1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında günəş doğdu. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçildi, ilk dəfə ölkəmizdə hakimiyyət sükanına xalqının taleyinə tam yiyə durmaq iqtidarına yetişən soydaşımız  yüksəldi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcını qoydu. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli Lider hələ Sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı.

Ümummilli Liderinin mükəmməl idarəçilik məktəbi sayəsində Azərbaycan keçid dövrünün mürəkkəb labirintlərindən uğurla çıxdı. 1996-cı ildən respublikamız yenidən dirçəliş mərhələsinə qədəm qoydu. Respublikamızın beynəlxalq nüfuzu durmadan yüksəldi. Ümummilli Liderin müdrik siyasəti hesabına düşmənlərin ara verməyən məkrinə, min bir hiyləsinə baxmayaraq Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünyagörüşlərinin toqquşması baş vermədi, respublikamızda anlaşma hökm sürdü, tolerantlıq başlıca meyar olaraq qaldı. Ulu  Öndər strateji hədəfləri zərgər dəqiqliyi ilə müəyyənləşdirmək və onları kompleks şəkildə həyata keçirmək bacarığı ilə xüsusilə fərqlənirdi. Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasət, ictimai-siyasi sabitliyin dayanıqlılığına nail olma məharəti, iqtisadi qüdrət, güclü sənaye potensialı, elmi-texniki tərəqqi, təhsil, müasir ordu quruculuğu, kadr hazırlığı, xalqın güzaranın və həyat tərzinin durmadan yaxşılaşdırılması, milli irsin qorunması, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi və layiqincə təbliği və sair Ümummilli Liderin başlıca strateji hədəfləri idi. Məhz Heydər Əliyevin beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi bir mənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər onun Azərbaycana, ölkəmizin timsalında regiona, nəticə etibarı ilə dünyaya sülh, sabitlik, davamlı inkişaf və harmoniya gətirmək yolunda atdığı mühüm addımlardır. Ümumilikdə, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinin ən intensiv inkişaf mərhələsinə təkan verdi.

Ümummilli Lider Heydər Əliyevin Bu siyasi kursunu əldə rəhbər tutan  möhtərəm Prezidentimiz  İlham Əliyevin səyi nəticəsində müstəqil Azərbaycan yeni əsrə, yeni minilliyə, güclü addımlarla inamla irəliləyir. Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu uzun illər boyu Azərbaycanın tərəqqisi və yüksəlişinin baş xətti olaraq ölkəni yüksəlişə və tərəqqiyə aparacaqdır. Azərbaycanın neçə-neçə nəsli Heydər Əliyev məktəbindən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq və xalqımız var olduqca onu qəlbində əbədi yaşadacaqdır!