Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Press-relizlər
14.06.2024 / Press-relizlər

Qurban bayramı üçün tövsiyələr

İslam dininin böyük bayramlarından biri olan Qurban bayramı özündə xeyirxahlığı, birlik və bərabərliyi, insanın ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq niyyətini əks etdirir. İnsanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət edən bu bayram bütün müsəlman ölkələrində təntənə ilə qeyd olunur. İnsanları humanizmə, mərhəmətə və vəhdətə dəvət edən Qurban bayramında müsəlmanlar nəcib amallarını nümayiş etdirirlər. Azərbaycan xalqı uzun illər yad ideologiya və rejimlərin qadağaları şəraitində yaşamalı olsa da, tarixi köklərindən ayrı düşməmiş, milli-mənəvi dəyərlərini, adət-ənənələrini, dini bayram və mərasimlərini qoruyub saxlamışdır. 
Qurban bayramı yüz illərdir ki, Azərbaycan xalqının mənsub olduğu mədəniyyətə layiq formada və yüksək səviyyədə qeyd edilir. Amma ateist ideologiyaya əsaslanan kommunist rejimində-Sovetlər Birliyi zamanı xalqımız dini bayramları istədiyi kimi, inancına uyğun keçirə bilmirdi. Bəzən qurbanlıq heyvanın hansı niyyətlə kəsilməsi, hətta ailə üzvlərindən belə gizlədilirdi. Yenidən müstəqilliyə qovuşmağımız həm də dini bayramlarımızın qeyd olunması ilə bağlı tarixi ənənələrin bərpasına geniş imkanlar yaratdı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən demokratik prinsiplərin, dini etiqad və vicdan azadlığının bərqərar edildiyi ölkəmizdə Qurban bayramı dövlət səviyyəsində qeyd edilir.   
Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasında yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələrini vahid ideologiya – azərbaycançılıq ideologiyası ətrafında birləşdirərək bu gün bütün dünya üçün örnək ola biləcək dövlət - din münasibətləri sistemini yaratdı. Xalqımız Ulu Öndərin rəhbərliyi altında tolerantlıq, dözümlülük və fəal sosial-siyasi əməkdaşlıq prinsipləri əsasında daha sıx birləşərək adət-ənənələrinə, dəyərlərinə möhkəm bağlanaraq, əldə etdiyi bir çox demokratik hüquqlarla yanaşı, müqəddəs bayramlarını da azad şəkildə keçirmək imkanı qazanmış oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu uzaqgörən siyasətin uğurla davam etdirilməsi Azərbaycan dövlətinin və cəmiyyətinin milli-mənəvi dəyərlərə böyük həssaslıq və sayğı ilə yanaşmasını təsdiqləyir. Sevindirici haldır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük müharibədə və Qarabağda keçirilən antiterror əməliyyatında qazanılan qələbənin davamı olaraq Qazaxın 4 kəndinin dinc yolla azad olunması nəticəsində Qurban bayramı bütöv Azərbaycanda qeyd edilir. 
Milli və dini mahiyyət daşımasından asılı olmayaraq, bütün bayramların keçirilmə formaları fərqli olsa da, məqsədləri və fəlsəfələri eynidir: insanları bir araya gətirmək, həmrəylik və yardımlaşma hissini gücləndirmək. Azərbaycan xalqı üçün Qurban bayramı təkcə dini ritual, tarixi ənənə və inanc məsələsi deyil, həm də birliyimizin simvoluna çevrilib. Dini bayramlar həmrəylik nümunəsidir. Sosial səviyyəsindən, mədəni, etnik müxtəlifliyindən asılı olmayaraq bütün insanların bu bayramları vəhdət halında qeyd etməsi zəruridir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 
hesablamalarına əsasən bu il Qurban bayramı 16-17 iyun tarixlərinə təsadüf edəcəkdir. Qurban kəsiminin prosedura uyğun icrası  və bu çərçivədə yayılmış bəzi yanlış təsəvvürlərin qarşısının alınması məqsədilə aşağıdakı tövsiyələrə riayət edilməsi məqsədəuyğundur:
- Qurbanlıq ayini Həcc ziyarətində olanlara vacib olsa da,  hər bir kəs qurban kəsə bilər;
- Borc alıb qurban kəsmək olmaz;
- Adətən, qoyuna üstünlük verilsə də keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar;
- Qurbankəsmə ayininin müvafiq qayda və normalara uyğun şəraitdə, aidiyyəti qurumlar tərəfindən təyin olunmuş yerlərdə həyata keçirilməsi məqsədəuyğundur;
- Qurbanlıq azyaşlı uşaqların və digər heyvanların gözü qarşısında kəsilməməlidir;
- Qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır; 
- Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibinin özünə saxlaması, digər hissənin fəqir və kasıb ailələrə, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. 
Qurban bayramının əsas mahiyyətlərindən biri kəsilmiş heyvanın ətini imkansız şəxslərlə bölüşmək, onları sevindirmək və sevinclərinə şərik olmaqdır.