Şriftin ölçüsü:
Saytın rəngi:
Martın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev “Yeni Apostol Kilsəsi” beynəlxalq xristian dini təşkilatının Azərbaycan və Gürcüstan, eləcə də Şimali Reyn-Vestfaliya üzrə apostolu Rene Folman və “Bakı şəhəri Yeni Apostol” xristian dini icmasının sədri Svetlana Steponova ilə görüşüb.
Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev görüş zamanı çoxkonfessiyalı və dünyəvi dövlət olan Azərbaycanda vicdan və dini etiqad azadlığının təmin edilməsinə, dinlərarası harmoniyanın gücləndirilməsinə, dini konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirildiyini, İslam və qeyri-islam dini icmaların səmərəli fəaliyyəti üçün maliyyə dəstəyi verildiyini bildirib. Sədr müavini Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məscidlərlə yanaşı, kilsələrin də bərpa olunmasını ölkəmizin xristian dini irsinə diqqətinin bariz nümunəsi olduğunu söyləyib. Ümumdünya Kilsələr Şurası Mərkəzi Komitəsinin qərəzli şəkildə bu faktları təhrif etdiyini bildirən S.Nağıyev işğaldan azad olunmuş ərazilərimizdə bütün kilsələrin qorunub saxlanılması barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, eyni zamanda reallığı öz gözləri ilə görmək imkanı əldə etmək üçün qonağa həmin ərazilərə səfər etməyi təklif edib.
Rene Folman Azərbaycandakı tolerantlıq və multikultural mühitin dünya üçün nümunə olduğunu qeyd edib, ölkəmizdə yaşayan müxtəlif dinlərin ardıcıllarına yaradılan şəraitdən razılığını bildirib. Həmçinin “Bakı şəhəri Yeni Apostol” xristian dini icmasının fəaliyyətinə göstərilən dəstəyə və diqqətə görə minnətdarlığını ifadə edib.