Şriftin ölçüsü:
Saytın rəngi:
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsiz və əhatəlidir. Zaman keçdikcə biz bunu daha dərindən dərk edəcəyik.
Bu sözləri Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif layihəsinə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
Sədr müavini qeyd edib ki, Azərbaycançılıq dünənin, bu günün, sabahın məfkurəsidir. Müstəqilliyimizin ilk illərində Azərbaycanda xaos, özbaşınalıq, hakimiyyətsizlik, səriştəsizlik hökm sürürdü.
"Bir tərəfdən erməni təcavüzü genişlənirdi, ərazilər işğal olunurdu, digər bir tərəfdən separatizm genişlənirdi. Eyni zamanda dini ideologiyaların ölkəmizdə təbliği artmışdı. Sanki həmin dövrdə Azərbaycan bir poliqona çevrilmişdi. Belə bir dövrdə xalqımızın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycana dəvət olundu və rəhbərlik etməyə başladı. Ulu Öndər üçün də çox ağır illər idi. Böyük təcrübəyə malik dahi insan, əlbəttə, bir çıxış yolu tapmalı idi və tapdı. Həmin dövrdə hərc-mərcliyi aradan qaldırmaq, sosial iqtisadi tənəzzülü dayandırmaq, ölkədəki vətəndaş müharibəsinə son vermək üçün mükəmməl bir birləşdirici ideologiyaya ehtiyac var idi. Məhz həmin dövrdə Ulu Öndərin özünə də böyük təzyiqlər, maneələr var idi. İlk dəfə Azərbaycançılıq ideasını müzakirəyə çıxaranda ona böyük təzyiqlər var idi. Ancaq buna baxmayaraq, o öz iradəsi, cəsarəti ilə insanlarımızı, ziyalılarımızı inandırdı ki, bunun bu gün Azərbaycan üçün alternativi yoxdur", - deyə o bildirib.
S.Heydərov həmçinin vurğulayıb ki, Azərbaycançılıq məfkurəsi həmin dövrdə bir fikirdən mükəmməl bir ideologiyaya çevrildi. Bunun sayəsində Azərbaycanda artıq tənəzzüldən tərəqqiyə doğru addımlar atıldı.
"Artıq həmin dövrdə insanlarda özünə inam yarandı, fəallıq başladı. Bu dövrə nəzər salsaq görərik ki, həmin dövrdə yüzlərlə gəncimiz dini təhsil adı altında xarici ölkələrə çıxarılırdı. Əlbəttə, onda ilahiyyatçılara ehtiyac var idi. Ancaq görünən tərəf o idi ki, onlara dini təhsil ilə yanaşı, hərbi təlimlər də keçirilirdi. Artıq o təhsil elə formada idi ki, təhsil alan gənclər milli kimliyini unudurdular. Dini kimlik üstünlük təşkil edirdi və o dini kimlik də həmin ölkənin dini ideologiyasına əsaslanırdı.
Azərbaycan gəncliyi, xüsusilə, Azərbaycanın yaxın keçmişini dərindən öyrənməli və nəticə çıxarmalıdır. Bu gün Azərbaycançılıq ideologiyasının faydalı olmasına diqqət yetirək. Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycan tənəzzüldən tərəqqiyə doğru addımlar atdı. Əsrin müqaviləsi imzalandı, digər islahatlar həyata keçirildi, ölkəmizdə birlik, həmrəylik formalaşdı", - deyə sədr müavini əlavə edib.
Müsahibənin videoformatını təqdim edirik: