Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
18.05.2021 / Müsahibələr

Şuşadan dünyaya növbəti mesaj... – Müsahibə

Son bir neçə gün ərzində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Ramazan bayramı ərəfəsində Şuşada «Xarıbülbül» festivalı təşkil edildi. Prezidentin Şuşa səfəri zamanı yeni məscidin təməli qoyuldu, ardınca isə Qəbələnin Nic kəndində dövlət başçısı tərəfindən kilsə ziyarət edilib. Bu səfərlər həm də ölkəmizdə multikultural dəyərlərin, tolerantlıq ənənələrinin bariz nümunəsi kimi dəyərləndirilir. «Həftə içi» qəzetinin müsahibi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovdur.

 

Şuşa səfəri...

- Prezident İlham Əliyev Şuşaya səfər etdi, yeni məscidin təməlini qoydu. Həmçinin, Yuxarı Gövhər Ağa məscidi də təmir olundu. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini kimi bununla bağlı fikirlərinizi eşitmək istərdik.

 

- Cənab Prezidentin bu səfəri, yeni məscidin tikintisinin təməlinin qoyulması və oradakı digər abidələrin bərpası ilə bağlı atılan hər bir addımın əhəmiyyəti böyükdür. Heydər Əliyev Fondu tərəfindən təşkil olunan "Xarıbülbül" festivalında cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanımın iştirakı, festivalın formatı olduqca əhəmiyyət kəsb edir. Bununla da bir daha Azərbaycan xalqının və Azərbaycan dövlətinin öz qədim torpaqlarına qayıtması dünyaya nümayiş etdirildi, müvafiq mesajlar verildi. Dünyada sülhün, birgə yaşayışın tərənnümü olan multukulturalizm və tolerantlılığın nümunəsi nümayiş etdirdi. Çoxmillətli, çox konfensiyalı ölkəmizdə bərqərar olan tolerantlıq, multukulturalizm siyasətini bu festival və səfərlə bir daha təsdiqlədi.

 

- Ermənilər tarixi-dini abidələrimizi dağıdıb. Həmin abidələrin bərpası istiqamətdə hansı işlər görülür?

-  Milli-mənəvi dəyərlərin dirçəldilməsi, dini abidələrin bərpası olduqca əhəmiyyətli məsələdir. Bu abidələr sanki bu torpaqların əzəli Azərbaycana məxsus olmasının simvoludur. Cənab Prezident bu barədə dəfələrlə bəyan etmişdi ki, bütün bu abidələr bərpa olunacaq, tikiləcək, insanlarımızın, çoxmillətli, çoxkonfessiyalı xalqımızın istifadəsinə veriləcək. Bu istiqamətdə müvafiq işlər sürətlə davam etdirilir.

 

- Şuşada və işğaldan azad edilmiş digər ərazilərdə İslam irsinin ermənilər tərəfindən dağıdılması, bununla bağlı aparılan araşdırmalar, görülən tədbirlər nə yerdədir? Hesabatlar hazırlanıb, beynəlxalq qurumlara təqdim edilibmi?

- Bu barədə Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən orada ciddi araşdırmalar, hesablamalar, dəqiqləşdirmələr aparılır. Bu prosesdə Dövlət Komitəsi olaraq, biz də iştirak edirik. Bizə aid olan məlumatlar təqdim olunur. Bu hesabatların, məlumatların bir qismi artıq hazırlanıb, aidiyyəti üzrə müvafiq istansiyalara təqdim olunub. Əlbəttə ordakı dağıntıların, vandalizminin miqyası o qədər böyükdür ki, bunları, dəqiqləşdirərək, hesablamaq bir qədər zaman tələb edir. Ancaq işlər sürətlə davam etdirilir.

 

Qəbələ səfəri...

- Diqqətinizi Prezident İlham Əliyevin Qəbələ səfərinə çəkmək istərdim. Bu səfərdən öncə dövlət başçımız Şuşada oldu və məscidin təməlqoyma mərasimində iştirak etdi. Şuşa səfərindən sonra Qəbələdə müqəddəs Məryəm ana Alban kilsəsində olan dövlət başçımız orada Alban kilsəsi ilə bağlı xüsusi göstərişlər verdi. Bununla bağlı Dini Qurumlar üzrə Dövlət Komitəsi tərəfindən hansı addımlar atılacaq?

- Siz qeyd etdiyiniz məsələ Azərbaycan dövlətinin daim diqqət mərkəzində olub. Ölkəmizdə ümumiyyətlə 37 qeyri-islami icma qeydiyyatdan keçib. Onlardan da bir neçəsi Alban-udi icmalarıdır. Ümumiyyətlə, ölkəmizdə bütün xalqların mədəni irsinin qorunması həmişə bizim üçün prioritet məsələdir. Dini abidələrin qorunması da həmçinin. Bu öz növbəsində dövlət-din siyasətinin başlıca tərkib hissəsidir. Bu səbəbdən də bu icmaların fəaliyyətinin inkişaf etdirilməsi üçün dövlət tərəfindən onlara lazımi diqqət və qayğı göstərilir. İcmalar tərəfindən də bu qayğı yüksək dəyərləndirilir. Bildiyiniz kimi, hər il cənab Prezidentin Sərəncamı ilə bu icmaların fəaliyyəti və inkişafı üçün maddi vəsait də ayrılır. Heydər Əliyev Fondu tərəfindən də bu abidələrin təmiri və bərpaslı ilə bağlı kifayət qədər işlər görülür. Bu günlərdə Qəbələnin Nic qəsəbəsində də Müqəddəs Məryəm Ana Alban kilsəsini cənab Prezident və Birinci vitse-prezident Mehriban xanım ziyarət etdilər. Noyabr ayında o kilsənin açılışı olmuşdu və kilsə Heydər Əliyev Fondu tərəfindən bərpa edilib. Bu da Azərbaycanın bir daha multikultural, tolerant ənənələrə sadiq qaldığını nümayiş etdirdi.

 

- Dövlət başçımız müqəddəs Yelisey adına Cotari kilsəsində də oldu. Prezidentin bu səfərini multikultural dəyərlər baxımından necə şərh edərdiniz?

- Bu gün ölkəmizdə multukulturalizmin möhkəm dayaqlara söykəndiyi, təcrübədə sınaqdan uğurla keçdiyinin şahidiyik. Onun özünü doğrultduğunu və artıq tövfə verdiyini 44 günlük savaşda gördük. Zəfərin əldə edilməsində mən 3 amili qeyd edərdim. Birincisi cənab Prezidentin, Müzəffər Ali Baş Komandanın çox uzaqgörən, müdrik, hərbi - siyasi gedişləri müharibənin taleyində mühüm rol oynadı. Yəni istər müharibədən əvvəlki, istər müharibə, istərsə də sonrakı dövrlərdə cənab Prezident Azərbaycanın haqq işini və bu münaqişənin həlli yollarını çox xırdalıqları və incəlikləri ilə dünya ictimaiyyətinə çatdırırdı. Və Azərbaycan beynəlxalq təşkilatların, BMT-nin qətnaməsini təkbaşına icra etdi. İkinci amil kimi, əlbəttə burda Ordumuzun şücaəti və qəhrəmanlığı da xüsusi önəm kəsb etdi. Güclü modern ordu yaradıldı və yüksək peşəkarlıq nümayiş etdirdi. Belə modern ordu yaradıldı. Üçüncü amil kimi, həmçinin, ölkəmizdəki milli və dini həmrəylik qələbənin əldə olunmasında həlledici rol oynadı. Ölkəmizdə yaşayan bütün millətlərin, xalqların, etnik qrupların nümayəndələri bir yumruq kimi birləşərək döyüşdülər, yüksək vətənpərvərlik nümunəsi göstərdilər. Bu həmrəylik həmçinin, Azərbaycanın inkişafında xüsusi önəm kəsb etməklə, multikutural dəyərlərin önəminin göstəricisidir.

 

- Adətən belə müharibədə mülki insanlar kütləvi şəkildə həyatını itirir. Amma Ermənistan tərəfinin mülki şəxslərinə, mülki obyektlərinə ziyan dəymədi. Baxmayaraq ki, ermənilər bizim mülki obyektlərimizi, şəhərlərimizi, insanlarımızı vururdu...

- Onlar belə edirdi ki, biz də onların kəndlərini, şəhərlərini, mülkü obyektlərini vuraq. Ancaq bu da Prezidentin müdrik bir yanaşması idi ki, biz belə etmədik. Multikulturalizm, tolerantlıq budur. Tolerantlıq olduqca dərin və mənalı ifadədir. Azərbaycan öz multikultural dəyərlərini, tolerant dəyərlərə sadiqliyini burada bir daha göstərdi. Hansı ki, məlumatlar da vardı ki, erməni hərbiçiləri dini abidələrin zirzəmisində gizlənib. Amma bizim ordumuz həmin istiqamətə atəş açmırdı. Baxmayaraq ki, müharibənin qaydalarına görə düşməni neytrallaşdırmaq üçün Azərbaycan ordusu həmin obyektləri vura bilərdi. Bax budur, Azərbaycanın multikultural dəyərlərə sadiqliyi.

 

- İşğaldan azad edilmiş ərazilərdə 67 məscidimizdən 65-i yerlə yeksan olub. 2-si isə yarı dağıntılı vəziyyətdədir. Dünya birliyi niyə buna reaksiya vermir?

- Haqlısınız, həmin ərazilərdə çoxlu sayda dini abidələr dağıdılıb və yaxud özününküləşdirilib, saxtalaşdırılıb. Dünya birliyi buna reaksiya verməli və araşdırmalıdır. Belə münasibət onu göstərir ki, bəzi insanlar çox əhəmiyyət kəsb edən bəşəri dəyərlərdən uzaqlaşıblar. Onlar bəşəri dəyərlərə qarşı gedirlər. Bu isə dünyanı faciəyə, qarşıdurmaya aparır. Azərbaycanda isə multikulturalizm və tolerantlıq siyasəti birmənalı olaraq yaşayır və yaşayacaqdır. Dünyanı sülhə aparan bir siyasətdir. Azərbaycanın bu siyasətinin doğruluğu ən ağır gündə də özünü təsdiqlədi. Yəni Azərbaycan daha aqressiv hərəkət edə bilərdi. Daha çox insanların qırılmasına səbəb ola bilən atəşlər aça bilərdi. Dünya birliyi bunu dəyərləndirməlidir. Necə olur ki, Gəncə, Bərdə, Tərtər kimi münaqişə ocaqlarından kənarda olan şəhərlərimizi raketlə vurub Azərbaycan vətəndaşlarını öldürürdülər. Azərbaycan isə onların mülki əhalisinə bir dənə də olsun güllə atmadı. Dünya birliyi bundan danışmalıdır, bunu dəyərləndirməlidir. Bax bu və bu kimi addımlarına görə Azərbaycan dünya üçün bir nümunədir. Fəxr edir, qürur duyuruq ki, belə bir ölkə, məkanda yaşayırıq. Bu müharibədə milli və dini həmrəylik vardı.

 

Dini qurumların qeydiyyatı...

- Azərbaycanda fəaliyyət göstərən dini qurumların qeydiyyat məsələsindən də danışmağınızı istərdik. Bu məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə nə qədər müraciət var və bu istiqamətdə hansı işlər görülür?

- Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan, yəni 2009-cu ildən bu günədək 970 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 933-ü İslam, 37-si isə qeyri-islam təmayüllüdür. Eyni zamanda, 11 dini təhsil müəssisəsi dövlət qeydiyyatından keçib. Ölkə ərazisində 2250 məscid mövcuddur. Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.

İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. Cənab Prezidentin də dediyi kimi çoxmillətlilik, çoxkonfessiyalılıq özü elə inkişaf üçün vacib amildir. Bu imkandan ölkəmizdə düzgün, uzaqgörənliklə istifadə olunur və nəticə göz önündədir. Biz qətiyyətlə deyə bilərik ki, Azərbaycan olaraq tolerantlığın zirvəsini aşaraq birgəyaşayışa, həmrəyliyə tam formada nail olmuşuq. İndi başlıca vəzifə bu nailiyyətləri qorumaq və yeni nəslə ötürməkdir.