Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
03.02.2017 / Müsahibələr

Səyavuş Heydərov: "Dini radikal təmayüllərin cəmiyyətdə yer tapması maddi amillərlə də bilavasitə bağlıdır"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun Trend-ə müsahibəsi
 
- Səyavuş müəllim, radikalizmlə mübarizənin istiqamətlərindən bəhs edərkən iqtisadi dayaqların neytrallaşdırılması məsələsinə də toxundunuz. Bu məsələ ilə də bağlı fikirlərinizi bilmək istərdik.
- Məlumdur ki, dini radikal təmayüllərin cəmiyyətdə özünə yer tapması ideoloji faktorlarla yanaşı, maddi amillərlə də bilavasitə bağlıdır. Bu mənada qeyri-ənənəvi cərəyanların təbliğatının geniş vüsət almasında maddi stimulların rolu danılmazdır. Radikal cərəyan mənsublarının fəaliyyətlərinin maliyyələşdirilməsi bir tərəfdən xaricdən müxtəlif variantlarda yardım almaqla, digər tərəfdən tərəfdarlarının sahibkarlıqla məşğul olmalarına dəstək verməklə əldə olunmuş gəlir hesabına təmin edilir.
Araşdırmalar göstərir ki, radikal dini cərəyanlar sosial çətinliklərdən və psixoloji amillərdən istifadə edərək, səthi dini bilgilərə malik gənclərə dini-ideoloji baxışlarını qəbul etdirdikdən sonra özlərinə asan yolla iş tapacaqlarını, gerçək "qardaş" qayğısı ilə əhatə olunacaqlarını təbliğ etməklə onları sıralarına cəlb edirlər. Məsələn, ehtiyacı olan əqidədaşları üçün maddi yardımların toplanması və lazımi vəsaitin onlara çatdırılması üçün müxtəlif "fondlar"ın təşkilinə səylər göstərilir. Həmin "fondlar"ın formalaşdırılmasında cərəyan mənsubları öz maddi və peşə imkanlarına, bilik və bacarıqlarına uyğun olaraq iştirak edirlər. Məsələn, ehtiyacı olan ailələrin ziyarətində iştirak etməklə, yaşadığı, işlədiyi ərazidə və ya sadəcə, öz dostları arasında nümayəndə olmaqla, bir qrup dindardan sədəqələri qəbul edib "moderatora" ötürməklə, əgər həkim, usta və s. peşə sahibi kimi təcrübəsi varsa, vaxtaşırı təmənnasız olaraq öz xidmətlərini təsirlər altına düşmüş ailəyə çatdırmaqla, işə ehtiyacı olanları işlə təmin etməklə, qan donoru olmaqla, maddi yardım etməklə və s.
Dolayısı ilə maddi maraqlandırıcı vasitələrdən istifadə etməklə öz ətraflarına cəlb etdikləri həmin şəxsləri əvvəlki mühitdən, həyat tərzindən, əlaqələrindən uzaqlaşdırırlar. Nəticədə onlar asılı vəziyyətə salınmış və manipulyasiya edilən radikal fikirli şəxslərə çevrilirlər. Sonrakı mərhələlərdə həmin şəxslər də ölkə daxilində öz maraqlarına uyğun olaraq təbliğat və cəlbetmə işlərinə yönləndirilir, bu prosesin ardıcıl olaraq vertikal və horizontal istiqamətlərdə aparılmaqla piramidal xarakter daşımasına cəhdlər göstərilir.
 
- Ölkəmizdə bu cür halların qarşısının alınması üçün hansı tədbirlər görülür?
- Toxunduğum məqamları nəzərə alaraq, vurğulamaq istəyirəm ki, dünyada dini zəmində qlobal təhlükəsizlik problemlərinin getdikcə artdığını nəzərə alaraq, bəzi xarici dövlətlərin təsiri altında olan siyasi və dini dairələrin din pərdəsi altında ölkəmizin dini mühitinə müdaxilə cəhdlərinin qarşısının alınması, ən əsası, dindar kontingentin İslam dünyasında gedən mürəkkəb və təhlükəli proseslərdən sığortalanması, o cümlədən radikal dini cərəyanlarla mübarizədə effektivliyin təmin olunması üçün aidiyyatı hüquq-mühafizə, icra və digər dövlət qurumları ilə birgə kompleks işlər aparılmaqdadır. Xüsusilə keçirilən mübarizə tədbirləri təkcə problemin nəticəsinin deyil, ilk öncə onun yaranmasına rəvac verən səbəblərin aradan qaldırılmasına yönəldilmişdir.