Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov AZƏRTAC-a müsahibə verib.
- Səyavuş müəllim bu il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub. Bu hadisəni necə qiymətləndirirsiniz?
- Ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi günümüzdə baş verən qlobal hadisələr kontekstində çox mütərəqqi bir addımdır. Cənab Prezident İlham Əliyevin müdrik, düşünülmüş və geniş mənəvi elementləri özündə ehtiva edən bu uzaqgörən addımı istər ölkəmiz baxımından, istərsə də dünya miqyasında strateji əhəmiyyətə malikdir. Heç şübhəsiz ki, böyük siyasi cəsarət və dövlətçilik məharəti göstərən ölkə başçısı Azərbaycanın İslam ölkələri arasında artan nüfuzunu da gücləndirərək ümumilikdə bütün dünyaya həmrəylik mesajı vermişdir.
- Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunmasının dünyaya bir mesaj olduğunu qeyd etdiniz. Sizcə ölkəmiz dünyaya hansı mesajı vermiş oldu?
- Bilirsiniz ki, cənab Prezidentin həyata keçirdiyi siyasət Azərbaycanın milli maraqları üzərində qurulmuşdur. Təbii ki, “İslam Həmrəyliyi İli”nin elan olunmasının həm daxili, həm də beynəlxalq-ümumbəşəri çağırışları ehtiva edən səbəbləri vardır. Daxili səbəblər ondan ibarətdir ki, tarixən İslam dünyasının bir parçasına çevrilmiş ölkəmiz öz milli-mənəvi dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirməklə, İslam Həmrəyliyini eyni zamanda vətəndaş həmrəyliyinin tərkib hissəsi kimi görür. Ölkəmizdə yaşayan vətəndaşların mütləq əksəriyyətinin İslam dininin mənsubları olduğunu nəzərə alsaq, həmrəyliyin nə qədər böyük ictimai-mədəni əhəmiyyəti olduğunu anlamış olarıq. Xarici səbəblərə gəldikdə isə burada Azərbaycanın dünyaya elan etdiyi yeni bir çağırışın şahidi oluruq. Heç kim üçün sirr deyil ki, bu gün dünyada dini zəmində, eləcə də məzhəblərərarası ədavətin qızışdırılması yolu ilə münaqişə ocaqları yaradılıb və gələcəkdə də yeni ocaqların yaradılması istisna deyil. Hazırda dini təhlükəsizlik problemlərinin genişlənməsi və dərinləşməsi gələcəkdə ümumilikdə dünyada qlobal təhlükəsizlik problemlərinin əsasına çevrilməklə sivilizasiyaların, mədəniyyətlərin və dinlərin toqquşmasına gətirib çıxaracağı prosesinin başlandığını gözardı edə bilmərik. Dolayısıyla, dini təhlükəsizlik bir çox ölkələrin milli təhlükəsizliyinin əsas tərkib hissəsinə çevrilib. Xüsusilə İslam ölkələri hər gün yeni təhdidlərlə üzləşməkdədirlər. Məhz belə bir şəraitdə “İslam Həmrəyliyi İli”nin elan edilməsi bu mənfi ənənəyə, habelə Qərbin bəzi dairələrinin İslamafob mövqeyinə bir növ “yox” deyilməsidir. Təəssüf ki, bəzi Qərb dövlətləri İslamafobiyaya qarşı mübarizə aparmaq əvəzinə onun genişlənməsinə şərait yaradırlar ki, bu da gələcəkdə dünyada irqçiliyin, millətçiliyin, radikal meyllərin artmasına səbəb ola bilər. Bununla da həmin ölkələrin milli təhlükəsizlikləri üçün ciddi təhdidlər yarana bilər. Həmin ölkələr İslam və müsəlmanlara qarşı siyasətlərinə heç olmasa öz təhlükəsizliyinin təminatı naminə yenidən baxsalar daha yaxşı olar.
Onu da deyim ki, siz heç də hər İslam ölkəsində belə cəsarət görə bilməzsiniz. Çünki, bəzi İslam ölkələrinin özləri də müəyyən geosiyasi və geoiqtisadi maraqlar çərçivəsində oynanan oyunların bilərək və ya bilməyərək alətinə çevriliblər. Bir sözlə İslam Həmrəyliyinin elan edilməsində biz bir çox amilləri görürük. Bunlar, müstəqil, prinsipial və cəsarətli siyasət, milli-mənəvi dəyərlərə sədaqət, sülhə və birliyə çağırış, möhkəm iqtisadi potensial və ən nəhayət güclü Azərbaycan dövləti deməkdir.
- Ümumiyyətlə dünyada İslam Həmrəyliyinin olmaması hansı səbəblərlə bağlıdır?
- Sizin sualınıza cavab vermək üçün ilk öncə dünyada yaranmış mənzərəni obyektiv şəkildə qısa da olsa qiymətləndirmək lazımdır. Əvvəla dünyada xaotik vəziyyətin formalaşmasında maraqlı olan qüvvələrin mövcudluğu hər birimizə məlumdur. Həmin qüvvələr müxtəlif cəmiyyətlərdə fərqli qarşıdurma “alətləri”ndən istifadə etməklə insanların təhlükəsiz və əmin-amanlıq şəraitində yaşamasına birbaşa maneçilik törədirlər. Əlbətdə ki, bunun da özünəməxsus səbəbləri vardır. Əgər dünyada qarşıdurma və toqquşma olmasa, qan tökülməsə, yəni, sabitlik bərqərar olsa hərbi sənayenin yeni nailiyyətlərini sınaqdan keçirməyə bu qüvvələr yer tapa bilməzlər. Yaxud silah və hərbi sursat satışının səviyyəsi aşağı enər. Eləcə də, ölkələr təsir altına düşmədən müstəqil siyasət apararlar, yeraltı və yerüstü sərvətlərinə özləri sahib olarlar. Siz Yaxın Şərqə nəzər salın. O ölkələrin vətəndaşları öz təbii sərvətlərinə sahibdirlərmi? Silhasız, qansız, partlayışsız bir günləri keçirmi? Öz sözlərini müstəqil şəkildə deyə bilirlərmi? Təbii ki, yox. Bütün bunların kökündə isə gosiyasi və geoiqtisadi maraqları olan, xüsusilə İslam dininin artan nüfuzunun qarşısının alınmasına çalışan qüvvələrin fəaliyyəti dayanır. Vaxtilə o ölkələrdə dini siyasiləşdirərək radikal qüvvələr formalaşdırıldı. İndi isə həmin ərazilər xarabalığa çevrilib. Şübhə yoxdur ki, bəzi İslam ölkələrinin Qərb dairələrinin təsiri altında olması, İslam dininin xurafat və terror dini kimi təqdim edilməsi, məzhəb ayrı-seçkiliyi və dini nifrətin qızışdırılmaısının da bu proseslərdə nəzərəçarpacaq rolu vardır. Söylədiklərimə əsasən deyə bilərik ki, bu artıq Qərblə Şərqin toqquşmasına xidmət edən, yaxud maraqların toqquşması prosesidir. Zaman göstərəcək bəzi Qərb dairələrinin Şərq üzərində hegemonluq etmə cəhdlərinə və hücumlarına adekvat cavab veriləcək. Ümumiyyətlə İslam Həmrəyliyi radikalizm və ekstremizmə qarşı mübarizə və reabilitasiyada ən effektiv vasitəsidir, xüsusilə məzhəbçilik və dini təhlükəsizlik problemlərinin həllinin açarıdır. Bununla da, Azərbaycan Respublikasının Prezidenti növbəti dəfə bəşəriyyəti ciddi narahat edən təhlükənin qarşısının alınması üçün yol xəritəsini diqqətə çatdırmaqla humanistliyini bir daha nümayiş etdirdi.
Bütün bu qeyd edilənlər kontekstində Azərbaycanın fərqli bir baxış bucağını ortaya qoyduğunu görürük. Biz dinin siyasiləşdirilməsi və məzhəbçiliyi yolverilməz hesab edirik, müstəqil dövlət siyasətimiz var və öz milli-mənəvi dəyərlərimizi qoruyuruq. Ölkəmizdə bütün dinlərin və məzhəblərin nümayəndələri bir ailə kimi yaşayır. Bu birgəyaşayış başqaları üçün xəyal kimi görünsə də xalqımız bunu praktikada yaşamaqdadır. Biz həm dövlətimizin, həm də ölkəmizdə ictimai-siyasi sabitlik və təhlükəsizliyin qədrini bilməli, tarixən formalaşmış dəyərlərimizə sahib çıxmalıyıq.
- Dini sahədə boşluqların doldurulması və qeyd edilən mənfi meyllərə qarşı necə mübarizə aparmaq olar?
- Mən bununla bağlı müxtəlif vaxtlarda öz fikrimi bildirmişəm. Bu gün bizim üçün əsas prioritet istiqamət milli dini kadrların yetişdirilməsi, yeni nəsil gəncləri məzhəbçilik kimi arzuolunmaz, son dərəcə təhlükəli, zərərli “İdeologiyaların”, tendensiyaların təsirindən qorunması məsələsidir. Din sahəsi digər sahələrdən fərqlənən xüsusiyyətlərə malik olduğu üçün təcrübələr göstərir ki, burada xaricdə təhsil almaq məsələsi özünü doğrultmur. İnsanların dini düşüncəsinin sağlam müstəvidə və milli-mənəvi dəyərlərimizə uyğun şəkildə formalaşdırılması üçün milli kadrlarımızı yetişdirməliyik. Həmin kadrlar din xadimi və ya mütəxəssis kimi fəaliyyət göstərərkən Azərbaycanın milli dövlətçilik maraqlarını nəzərə almalı, vətənpərvərlik ruhunu rəhbər tutmalı, milli-mənəvi dəyərlərimizin keşiyində durmalı, İslam dininin insanlara olduğu kimi çatdırılmasında aparıcı qüvvəyə çevrilməli, xurafat və dini radikalizmlə barışmaz mübarizə ortaya qoymalıdırlar.