Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
05.04.2024 / Müsahibələr

Səyavuş Heydərov: "Qlobal çağırışlar fonunda dini mühitin daim sağlamlaşdırılması, saflaşdırılması prioritetdir"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun Trend-ə müsahibəsini təqdim edirik:

-Səyavuş müəllim, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin başlıca vəzifəsi hansı istiqamətləri əhatə edir?

-Məlumdur ki, Azərbaycan dövlət-din münasibətlərinin inkişafı baxımından nümunəvi bir ölkədir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasətlə uğurla davam etdirilən, zamanın tələb və çağırışlarına uyğun şəkildə təkmilləşdirilən dövlətin din siyasəti modeli, cəmiyyətin sağlam inkişafı, milli-mənəvi, tolerant dəyərlərin qorunması, insanların dini etiqadına olan hörmət və ehtiram baxımından əvəzolunmaz xarakter daşıyır. Ölkəmizdə dini etiqad azadlığının təmin edilməsinin prioritetliyi və dövlət-din münasibətlərinin demokratik prinsiplər çərçivəsində tənzimlənməsinin əhəmiyyəti nəzərə alınaraq məqsədyönlü dövlət siyasəti aparılır. Azərbaycanın dövlət-din münasibətləri modelinin möhkəmləndirilməsi istiqamətində aparılan siyasətə dövlət maraqlarının müdafiəsi, vicdan və dini etiqad azadlığına dair konstitusion hüquqların təmini, dini qurumların dünyəvi dövlətçilik prinsipinə hörmətlə yanaşmasının təşviqi, dini müxtəlifliyin qorunması və dinlərarası dialoqun inkişaf etdirilməsi, çoxəsrlik dini dəyərlərə zidd, düşmənçilik və nifrət yayan materialların yayılmasının qarşısının alınması, dini fanatizm və ekstremizmlə mübarizədə maarifləndirmə işinin təşkili, qanunvericiliyin təkmilləşdirilməsi, dini sahədə gedən proseslərin təhlili və proqnozlaşdırılması və s. daxildir. Sözügedən vəzifələrin uğurla yerinə yetirilməsi ölkəmizdə milli və dini həmrəyliyin daha da möhkəmkənməsinə öz töhfəsini verir. Azərbaycana dünya birliyində multikulturalizmin və tolerantlığın inkişaf etdiyi dünyəvi dövlət kimi böyük etimad qazandırır. Xüsusilə ölkəmizdəki dini dözümlülük mühiti müxtəlif dinlərin daşıyıcılarının dinc yanaşı yaşamasını təmin edir.

Bu sabitliyin qorunmasında ən ümdə vəzifə kimi əlbəttə ki, dini etiqad azadlığının və ona yönəlmiş təhdidlər fonunda dini təhlükəsizliyin təminatı xüsusilə vurğulanmalıdır. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa mütəmadi olaraq müvafiq əlavə və düzəlişlər edilib, dövrün tələblərinə uyğun təkmilləşdirilib. Burada azadlıq, bərabərlik, əlçatanlıq prinsiplərinə önəm verilir.

Təcrübə göstərir ki, dini etiqad azadlığı və dini təhlükəsizlik biri-biri ilə sıx bağlıdır. Hər iki amil milli təhlükəsizliyin təminatının başlıca elementləridir. Bu amillər daim diqqət mərkəzində saxlanılır. Hal-hazırda ölkəmizin dini-ideoloji təhlükəsizliyinin təmin edilməsi istiqamətində real dövrün şərtləri nəzərə alınaraq dini duruma kənar təsirlərin qarşısını vaxtında almaq, sağlam dini mühiti qorumaq üçün qabaqlayıcı addımlar atılır. Bu istiqamətdə aidiyyəti hüquq-mühafizə orqanları, icra strukturları ilə koordinasiyalı fəaliyyət uğurla davam etdirilir. Xüsusilə hüquq-mühafizə orqanlarının peşəkarcasına önləyici xarakterli tədbirləri mühüm rol oynayır. Məhz “Global Terrorism Index 2024” Hesabatına əsasən Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələri sırasında yer almasında bu prinsiplər də rol oynayıb.

 

-Sözügedən strateji xəttin mürəkkəbliyini nəzərə alsaq onun icrası üçün dini qurumlarla iş necə təşkil olunur?

-Kifayət qədər əhəmiyyətli məsələyə toxundunuz. Sualınıza cavab vermək üçün 10 il əvvəlki dini mühitə diqqət çəkmək istəyirəm. Həmin dövrdə ölkə ərazisindəki məscidlərdən 1100-də rəsmi din xadimi fəaliyyət göstərmirdi. Həmin məscidlərin bəziləri qeyri-ənənəvi dini cərəyanların nəzarəti, xarici dini dairələrin təsiri altında idi. Orada dini təbliğat aparan şəxslərin çoxunun dini təhsili yox idi və xarici dairələr tərəfindən maliyyələşdirilirdilər. Xarici dini mərkəzlər din xadimlərinə maddi yardımla yanaşı, öz ideoloji təsirlərini də göstərirdi. Bu yardım din xadimini xarici dini mərkəzdən asılı vəziyyətə salır, fəaliyyətlərini onların “fətva”ları əsasında təşkil etmələrinə səbəb olurdu. Xaricdə dini təhsil alan bəzi şəxslər isə təhsil aldıqları ölkələrin zərərli ideologiyasına bürünərək geri qayıdırdılar. Onlar həmin ölkələrin siyasi maraqlarına xidmət edən dini ideologiyanı Azərbaycana idxal etməyə cəhd göstərir, burada həmin əqidənin təbliğatçısına çevrilirdilər. Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq aparılan monitorinqlər, təhlillər həmin məscidlərdə xurafatın, dini radikalizmin təbliğ olunduğunu göstərirdi.

Proseslərin gedişi dövrün və dövlətin strateji maraqlarına uyğun, milli ruhlu, azərbaycançılıq ideologiyasına sadiq, o cümlədən vətənpərvər din xadimlərinin hazırlanması zərurətini meydana çıxardı. Öncə aidiyyəti dövlət qurumları ilə birgə həmin dini ibadətgahlar nəzarətə götürüldü. Yad dini ideologiyaların insanlara təbliğ və təşviq edilməsinin qarşısının alınması məqsədilə radikallaşmış həmin şəxslər məscidlərdən uzaqlaşdırıldı. Hazırıqlı yeni din xadimlərinin çatışmazlığı ilə bağlı ciddi çətinliklər olsa da Qafqaz Müsəlmanları İdarəsi ilə birgə müvafiq müzakirələr aparılaraq həmin məscidlərə uyğun rəsmi din xadimlərinin təyin olunması prosesinə başlanıldı.

Prezident İlham Əliyevin Fərmanı ilə 2017-ci ildə din xadimləri və dini icmaların maddi-texniki təminatının yüksəldilməsi məqsədilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması öz töhfəsini verdi. Fond vasitəsilə din xadimlərinə verilən maddi dəstək onların yad təsirlərdən qorunmalarını stimullaşdırdı. Həmçinin 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaradılması, yeni inzibati binasının açılışı və bütün bunların cənab Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında həyata keçirilməsi ölkəmizdə dini təhsil sahəsində mühüm və mütərəqqi dəyişikliyə səbəb oldu. Aİİ-nin uğurlu fəaliyyət göstərməsi, din sahəsində ixtisaslı kadrların hazırlanması üçün dövlətimiz tərəfindən bütün lazımi addımlar atılır. Öz sahəsinin peşəkar mütəxəssisləri olan Aİİ-nin professor-müəllim kollektivi isə bu etimadı doğrultmağa çalışır. İnstitutda dünyəvi cəmiyyətdə dini insanlara çatdırmağı bacaran, həmçinin, milli köklərimizə bağlı, milli-mənəvi dəyərlərimizə sadiq olan mütəxəssislər yetişdirilir. İnstitut dərin dünyəvi və dini biliklərə malik kadr hazırlığı istiqamətində qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirir və artıq bunun müsbət nəticələri cəmiyyətdə təzahür edir. Aİİ-nin təsis edilməsi Azərbaycan milli kimliyi və mədəniyyəti, azərbaycançılıq məfkurəsi ilə çuğlaşan, həmçinin müasir dünyanın çağırışlarına cavab verən din təhsili modelinin formalaşmasına öz töhfəsini verir. Belə ki, yeni təyin olunmuş din xadimlərinin dini ali və orta ixtisas təhsilli olması, yüksək dünyagörüşünə malik, Vətənə, xalqa, azərbaycançılıq ideologiyasına bağlı olmaları bizi məmnun edir. Ötən ilin sonunda Bakı İlahiyyat Kollecinin yaradılması da bu sahədə xüsusi əhəmiyyət daşıyır. Kollecdə verilən təhsil institut təhsili ilə tamamlanacaq və bununla da ölkəmiz üçün din sahəsində daha savadlı kadrların hazırlanması təmin ediləcək. Kolleci bitirənlər məscidlərdə də çalışa biləcəklər.

Bir sözlə, Azərbaycanda radikal dini təşkilatların fəaliyyəti və onların maliyyə mənbələri, xarici vətəndaşların ölkədə din təbliğatı və digər məsələlərlə bağlı qanunvericilikdə dəyişikliklər edildi, atılan addımlar radikal dini qrupların təbliğatının qarşısını əhəmiyyətli dərəcədə almış oldu.

 

-“Dini etiqad azadlığı haqqında” Qanuna görə, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyinatının Dövlət Komitəsinin səlahiyyətlərinə aid olması hansı zərurətdən irəli gəlir?

-Bu dəyişiklik dövlət-din münasibətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilik sahəsində aparılan islahatların davamı, tərkib hissəsi kimi dəyərləndirilə bilər. Öncə də qeyd etdiyim kimi, dini sahədə əsas problem dini təhsili olmayan və ya zəif olan din xadimləri ilə bağlı idi. Hazırda bu sahədə çalışmaq üçün dini ali və orta ixtisas təhsili şərtdir, qanunun tələbidir. Təhsilsiz şəxslərin ixtisaslı kadrlarla əvəz edilməsi vacib məqamdır və mərhələli şəkildə bu proses həyata keçirilir. Ümumiyyətlə, inkişafla uyğunlaşmaq, mütərəqqi ola bilmək üçün təhsil bütün sahələrdə olduğu kimi dini sferada da ən vacib şərtdir. Artıq bu yaxınlarda Komitə İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üzrə sayca dördüncü müsahibəni keçirəcək. Komitə tərəfindən 2022-2023-cü illərdə təşkil olunmuş müsahibələrdən 277 nəfər uğurla keçib. Onlardan 35-i qadın olmaqla, 231 nəfəri məscidlərdə müxtəlif vəzifələrə təyin ediliblər. Həyata keçirilən təyinat və rotasiya 202 məscidi, attestasiya prosesi isə fəaliyyət dövrünün 5 ilini tamamlamış 61 din xadimini əhatə edib. Görülmüş bu işlər dini mühitin saflaşdırılmasına ciddi təsir göstərmişdir.

 

-Komitənin əsas fəaliyyət istiqamətlərindən biri olan dini ədəbiyyatların ekspertizası istiqamətində hansı işlər görülür?

-Qeyd etməliyəm ki, 10 il öncə bu məsələ daha aktual idi. Dini ədəbiyyatların yayılmasında, nəşrində özbaşınalıq hökm sürürdü. Təsəvvür edin ki, aksiz markası verilən bəzi məhsullardan daha təhlükəli olan zərərli dini ədəbiyyatlara nəzarət markası tətbiq edilmirdi. Komitədən müsbət rəy alan dini ədəbiyyat nüsxələrinin içərisi dəyişdirilir, saxtalaşdırılaraq yayılırdı. Aidiyyəti dövlət orqanları ilə müzakirələr nəticəsində Vergi və Cinayət Məcəllələrinə dəyişiklik edildi. 2015-ci ildən etibarən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların, dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi qaydası müəyyənləşdirildi. Vətəndaşlarımızın sağlam dini ədəbiyyatla təmin edilməsi ilə yanaşı, piratçılığın, vergi hüquqpozmalarının qarşısını alan, əqli mülkiyyət hüquqlarının qorunmasında da faydalı olan dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının nəzarət markaları ilə markalanması, dini ədəbiyyat satılan mağazalarda monitorinqlərin keçirilməsi prosesi qısa zaman ərzində çox effektiv nəticələrini verdi. Bu sahədə monitorinqlər mütəmadi olaraq davam etdirilir.

 

-Səyavuş müəllim, bundan sonrakı dövr üçün dini sahədə hansı hədəflər müəyyənləşdirilib?

-Milli maraqlara əsaslanaraq dini etiqad azadlığını təmin etmək dini sahədə dövlət siyasətini səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Azərbaycanda vicdan azadlığının və dini müxtəlifliyin təmin olunması, dövlət-din münasibətləri modelinin möhkəmlənməsi, dinlərarası dialoqun inkişafı və dini təhlükəsizliyə təhdidlərin qarşısının alınması nəticəsində dini sabitlik hökm sürür. Sadaladığım mühüm ənənələrin inkişaf etdirilməsi ilə yanaşı, zərərli dini meyillərlə mübarizənin gücləndirilməsi, xurafatın qarşısının alınması, dini-ideoloji təbliğat sahəsində maarifləndirmə işlərinin əhatə sferasının daha da genişləndirilməsi, milli ruhlu, azərbaycançılıq ideologiyasına sadiq dini kadrların hazırlanması, peşəkarlığının artırılması, eləcə də tolerant və multikultural dəyərlərimizin beynəlxalq aləmdə təbliği işinin davam etdirilməsi Dövlət Komitəsinin gələcək fəaliyyətinin prioritetləri sırasındadır.

Həmçinin din siyasəti formalaşdırılarkən reallıqlar, təhdidlər nəzərə alınaraq mövcud həmrəyliyin qorunması ən ümdə vəzifələrdən biri kimi müəyyənləşdirilib. Dini icmalar arasında dərin dostluq və mehriban əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində işlərin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ötən ay keçirilən “Dinlərarası harmoniya” festivalı ölkəmizdəki dinlər və icmalararası harmoniya mühitini əyani şəkildə nümayiş etdirmiş oldu. Bu festival zamanı Azərbaycandakı dini durumun möhkəm dayaqlara söykəndiyini gördük. Yeri gəlmişkən, dini sahədə həyata keçirilən elə işlər var ki, onların nəticəsi göz qabağındadır. Lakin bəzi layihələr həyata keçirilir ki, onların effekti müəyyən zamandan sonra özünü göstərir. Bu gün birmənalı şəkildə deyə bilərik ki, Komitənin aparıcı əməkdaşları dövlətin din siyasətini dərindən bilir, istər prosesləri izləmək, istərsə də təhlil etmək baxımından professionallıq nümayiş etdirirlər. Sağlam dini mühitin formalaşması, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işləri prinsipiallıq, əsl dövlətçilik və vətəndaş mövqeyi nümayiş etdirərək həyata keçirirlər. Qeyd edim ki, Komitə əməkdaşları ilə dini qurumlar, din xadimləri arasında yaranan səmərəli, işgüzar və xoş münasibətlər də bu prosesə xeyli fayda verir.

Fürsətdən istifadə edərək ölkəmizdəki dini durum barədə həm daxildə, həm də xaricdə qərəzli fikirlər səsləndirən şəxsləri ədalətli olmağa, real mənzərəni düzgün qiymətləndirməyə çağırıram. Həqiqətən bu sahənin təəssübünü çəkən, pafosdan, ictimai demaqogiyadan kənar şəxslərin təkliflərini dinləməyə, eləcə də müzakirələr aparmağa həmişə hazırıq.