Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
15.05.2023 / Müsahibələr

Səyavuş Heydərov: "İnsanların dini duyğularını istismar edən din xadimlərinin fəaliyyəti yolverilməzdir"

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun Trend-ə müsahibəsi

 

-Səyavuş müəllim, ölkədəki dini durumu necə qiymətləndirirsiniz?

Ölkəmizdə hazırda dini durum sabitdir, dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir. Lakin son dövrlər din amilinin dünyada, xüsusilə bəzi müsəlman ölkələrində mənəvi-əxlaqi dəyər çərçivəsindən çıxaraq kəskin şəkildə siyasiləşməsi amilini unutmaq olmaz və biz də bu prosesdən sığortalanmamışıq. Etiraf edək ki, hələ ötən əsrin 90-cı illərinin əvvəllərində, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yaranan ideoloji boşluq və xaosdan yararlanan xarici qüvvələr geosiyasi maraqlarını təmin etmək məqsədilə yad dini-siyasi və məzhəbçi ideologiyaların ölkəmizə ayaq açmasına az olsa da müvəffəq olublar.

Bu gün də olduqca mürəkkəb, qlobal güclərin maraqlarının bir çox sferada toqquşduğu, habelə siyasi iddiası böyük olan dövlətlərin mübarizə meydanına çevrilən regionda yerləşən ölkəmizə qarşı bir sıra istiqamətlərdən, o cümlədən dini mövqedən təhdidlərin səngimədiyi müşahidə olunur. Bu səbəblərdən dini təhlükəsizliyin təmin edilməsi aktual prioritet məsələlərdən birini təşkil edir. Təcrübə göstərir ki, milli və dini təhlükəsizliyi təmin edən ölkələr uğurla gələcəyə və inkişafa doğru addımlayırlar. Azərbaycan mürəkkəb beynəlxalq vəziyyətə, regionda mövcud olan təhdidlərə, müxtəlif səpkili təzyiqlərə, yad dini ideologiyaların idxal edilməsi cəhdlərinə baxmayaraq, güclü siyasi iradə nümayiş etdirərək dini təhlükəsizliyi təmin edib və bu siyasətin hazırkı dövrdə davam etdirilməsi son dərəcə vacibdir.

Hazırki dövrdə ölkəmizin dini-ideoloji təhlükəsizliyinin təmin edilməsi istiqamətində real dövrün şərtləri nəzərə alınaraq dini duruma kənar təsirlərin zamanında qarşısını almaq, sağlam dini mühit yaratmaq üçün qabaqlayıcı addımlar atılır. Aidiyyatı dövlət qurumları ilə birlikdə dini radikalizmin və ekstremizmin fəsadları ilə yanaşı, əsasən onu yaradan səbəblərin qarşısının alınması üzrə preventiv tədbirlər həyata keçirilir. Hüquq-mühafizə orqanları tərəfindən önləyici tədbirlər həyata keçirilərək respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, terror aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən cinayətkar dəstələr zərərsizləşdirilir. Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilir. Bu tədbirlər respublikamızın ucqar kəndlərindəki dini icmalardan, məktəblərdən tutmuş, videoçarxlar, filmlər vasitəsilə sosial şəbəkələri əhatə edir. Təkcə ötən il Komitə tərəfindən ölkə vətəndaşlarının cəlb olunduğu 920-dən artıq dini maarifləndirmə xarakterli tədbir təşkil edilib.

Bir vacib məqamı da vurğulamaq istərdim ki, dini radikalizmlə mübarizənin ön cərgəsində din xadimləri durmalı, vətəndaşları olduqları demokratik cəmiyyətin bütövlüyü, həmrəyliyi və maariflənməsi uğrunda fəaliyyət göstərməlidirlər. Faktlar göstərir ki, insanların saf inancları üzərində aparılmasına cəhd edilən manipulyasiyaların məramı dini əsl mahiyyətdən uzaqlaşdıraraq, bizə tamamilə yad olan, milli-mənəvi dəyərlərimizə zidd xarici modellərə yönləndirməkdir. Təəssüf ki, bu prosesə bəzi “din xadim”ləri də alət olublar. Lakin məscidlərdə din pərdəsi altında gizlənmiş, İslamı təhrif edən, xurafatı, cəhaləti yayan, insanlar arasında ixtilafa səbəb olacaq çağırışlar edən, məzhəb ayrı-seçkiliyi salan, dini mərkəz-Qafqaz Müsəlmanları İdarəsinin şəriət üzrə fətva və göstərişləri ilə hesablaşmayan, insanların dini duyğularının istismarı ilə məşğul olan din xadimlərinin fəaliyyət göstərməsi yolverilməz haldır.

Bu baxımdan Dövlət Komitəsi tərəfindən maarifləndirmə işlərinə paralel olaraq milli kadrların hazırlanması prosesi, yalnız dini ali və orta ixtisas təhsilli, yüksək dünyagörüşünə malik, Vətənə, xalqa, azərbaycançılıq ideologiyasına bağlı şəxslərin məscidlərə təyinatı həyata keçirilir.

Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ilə ölkədə ali dini təhsil yeni mərhələyə qədəm qoyub. İnstitut qısa müddətdə böyük inkişaf yolu qət edib, dini fəaliyyət sahəsində peşəkar kadrların yetişdirilməsi istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Dövlət başçısının Fərmanı ilə ötən ilin fevral ayında “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş dəyişikliklərdən irəli gələn məsələlərin həlli məqsədilə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb və təsdiqlənib. Qeyd edim ki, buna əsasən Dövlət Komitəsi tərəfindən müsahibə proqramı hazırlanıb, müsahibə və attestasiya komissiyaları yaradılıb. İmtahanlarda şəffaflığı təmin etmək məqsədilə mətbuat və ictimaiyyət nümayəndələrinin iştirakına şərait yaradılır. Həmçinin qaydaya əsasən imtahan nəticələrindən şikayətlərə inzibati qaydada baxılması mümkündür. Ötən müddət ərzində Dövlət Komitəsi tərəfindən məscidlərdə vakant yerlərin tutulması üçün 3 müsahibə elan edilib. 2 müsahibə artıq yekunlaşıb və 197 nəfər imtahanlardan uğurla keçib ki, onlardan 160 nəfəri məscidlərdə müxtəlif vəzifələrə təyin olunublar. Fəaliyyətlərində nöqsanlara yol verənlər, həm də dini təhsili olmayan 146 din xadimi isə işindən uzaqlaşdırılıb.

Bu yeni qaydaları dini sahədə islahat kimi dəyərləndirmək olar. Yeri gəlmişkən, son zamanlar Dövlət Komitəsi tərəfindən həyata keçirilən islahatlara başqa don geyindirməyə çalışan, dayaz və mücərrəd “analitik” tezislərlə bu prosesdə özünəməxsus maraqları olan qüvvələrə rast gəlirik. Görünən odur ki, müasir dövrün çağırışları ilə uzlaşan, dövlət-din modelinin daha da möhkəmlənməsinə hesablanmış dəyişikliklərə kölgə salmağa cəhd edənlər, onu antimilli adlandıranlar dövlətin din siyasətindən, dini təhlükəsizlik problemlərindən, ölkəmizə qarşı olan real təhdidlərdən, eləcə də Komitənin fəaliyyətindən bixəbərdirlər. Əsassız bəhanələrlə sistemli və məqsədyönlü şəkildə qaralama kampaniyasının təşkil edilməsi təəssüf hissi doğurmaqla yanaşı, həmin şəxslərin milli kimliyini şübhə altına alır.

 

-Milli kadrların hazırlanması prosesinin önəminə toxundunuz. Dini təhsillə bağlı prioritetlər hansılardır?

Qeyd etdiyim kimi, təkzibedilməz faktdır ki, bir sıra İslam ölkələrində din siyasətə qarışıb, alətə çevrilib. Təbii ki, bu tendensiya həmin ölkələrin təhsil sahəsinə də təsirsiz ötüşməyib. Burada bir vacib məqama - həmin ölkənin Azərbaycanla münasibətlərinə, siyasətinə də diqqət yetirməliyik. Təhlillər göstərir ki, xaricdə dini təhsil alan bəzi şəxslər təhsil aldıqları ölkələrin zərərli ideologiyasına bürünərək geri qayıdırlar. Onlar həmin ölkələrin siyasi maraqlarına xidmət edən dini ideologiyanı Azərbaycana idxal etməyə cəhd göstərir, burada həmin əqidənin təbliğatçısına çevrilirlər. Bir sözlə xaricdə dini təhsil almış vətəndaşlarımızın əksəriyyətinin bəzi dini dairələr tərəfindən ideoloji təsirə məruz qaldıqları məlumdur. Ümumiyyətlə, istər xaricdə, istərsə də ölkəmizdə təhsil almış ilahiyyatçılar xarici ölkələrin siyasətinin, məzhəblərin, təriqətlərin təbliğatçısı mövqeyindən çıxış etməyərək, xalqımızın birliyinə və həmrəyliyinə xidmət etməlidirlər. Yaxşı olar ki, siyasətə qoşulmaq əvəzinə, mübahisəli dini mövzuları, o cümlədən bəzi xalqların milli adət-ənənələrinin siyasi və s. maraqlardan irəli gələrək dini ayinlərin icrasına dini hökmlər kimi hopdurulmuş məsələləri araşdırsınlar. Onlar zamanı bitmiş, müasir dövrün tələbləri ilə ziddiyət təşkil edən, təhrif olunmuş bir sıra qaydalara yenidən baxılması və aydınlaşdırılması üçün obyektiv tədqiqatlar aparmalı, xeyirxah əməlləri, məsləhətləri ilə insanlara nümunə olmalıdırlar. Komitə tərəfindən bu nüanslar daim diqqətdə saxlanılır. Din xadimlərinin təkmilləşdirilməsi məqsədilə müşavirələr, seminarlar, treninqlər təşkil edilir. Həmçinin onlarla fərdi şəkildə görüşlər keçirilir, təklifləri dinlənilir, müzakirələr aparılır, habelə müvafiq tövsiyələr verilir. Bununla yanaşı, onu da qeyd edim ki, Komitə tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən din xadimlərinə aylıq maddi dəstək göstərilir.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaradılması ölkəmizin xarici dini təsirlərdən asılılığını azaltmaq baxımından vacib rola malikdir. İnstitutda kifayət qədər savadlı elm adamları tədrislə məşğul olur. Tələbələrə dinləri teoloji aspektlə yanaşı, fəlsəfi, tarixi, sosio-psixoloji istiqamətlərdən də öyrətməyə çalışılır və beləcə, dünyəvi cəmiyyətdə dini insanlara çatdırmağı bacaran, həmçinin, milli köklərimizə bağlı, milli-mənəvi dəyərlərimizə sadiq olan mütəxəssislər hazırlamağa səy göstərilir. Təhsil ocağı dərin dünyəvi və dini biliklərə malik kadr hazırlığı istiqamətində qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirir və artıq bunun müsbət təsirləri cəmiyyətə təzahür edir. Ötən müddət ərzində mühüm nailiyyətlərə imza atan institutun məzunları arasında Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən keçirilən imtahandan müvəffəqiyyətlə keçərək din xadimi kimi fəaliyyət göstərənləri var. Bir sözlə, Aİİ-nin təsis edilməsi Azərbaycan milli kimliyi və mədəniyyəti, azərbaycançılıq məfkurəsi ilə çuğlaşan, həmçinin müasir dünyanın çağırışlarına cavab verən din təhsili modelinin formalaşmasına öz töhfəsini verir.

Bu sahədə digər problem dini təhsili olmayan din xadimləridir ki, din xadimi olmaq üçün dini ali və orta ixtisas təhsili şərtdir və qanunun tələbidir. Təhsilsiz şəxslərin ixtisaslı kadrlarla əvəz edilməsi vacib məqamdır və mərhələli şəkildə bu proses həyata keçiriləcəkdir. Ümumiyyətlə, inkişafla uyğunlaşmaq, mütərəqqi ola bilmək üçün təhsil nəinki dini sferada, bütün sahələrdə ən vacib şərtdir.

 

-Bir sıra islahatlardan, həyata keçirilən tədbirlərdən söz açdınız. Komitənin bu prosesləri həyata keçirmək üçün kifayət qədər kadr potensialı varmı?

Qeyd edim ki, dövlət başçısının dövlət-din münasibətləri ilə əlaqədar müəyyən etdiyi strateji xəttin həyata keçirilməsi istiqamətində bütün kollektivimizi səfərbər edərək üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq. Dövlət Komitəsinin əməkdaşları Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi imtahan vasitəsilə işə qəbul olunan dövlət qulluqçularıdır. Onların sırasında ilahiyyatçılarla yanaşı, dini-pedaqoji təhsil, dinşünaslıq ekspertizası və hüquqi məsələlər üzrə mütəxxəssislər də yer alır. Səmimi etiraf etməliyəm ki, hazırda Komitədə çalışan əməkdaşların peşəkarlığı, proseslərə yanaşma tərzi əvvəlki illərlə müqayisədə pozitiv istiqamətdə çox fərqlənir. Komitə əməkdaşları dövlətin din siyasətini dərindən bilir, istər prosesləri izləmək, istərsə də təhlil etmək baxımından professionallıq nümayiş etdirirlər. Sağlam dini mühitin formalaşması, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işləri prinsipiallıq, əsl dövlətçilik və vətəndaş mövqeyi nümayiş etdirərək həyata keçirirlər. Bu da fəaliyyətimizin daha da dinamikləşməsi, səmərəliliyinə öz müsbət təsirini göstərir.

Burada xüsusilə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər və milli-mənəvi dəyərlərimizə qayıdış siyasətini qeyd etmək vacibdir. Möhtərəm Prezident Ümummilli Liderin 100 illiyi münasibətilə Şuşadan Azərbaycan xalqına etdiyi müraciətdə də bildirdi ki, “bizim gördüyümüz bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Bu gün dünyada, dünyanın müxtəlif yerlərində müxtəlif meyillər baş verir, müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Biz isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyimizi çox möhkəm milli-mənəvi təməl üzərində qururuq. Gənc nəsil belə yetişməlidir və biz gənc nəsli belə yetişdiririk. Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır, öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olmalıdır və biz bunu görürük, biz gəncləri belə yetişdiririk”. Dövlət Komitəsi də öz səlahiyyətləri və vəzifələri çərçivəsində milli-mənəvi dəyərlərimizin qorunması, o cümlədən gənc nəslə aşılanmasını prioritet istiqamət kimi hesab edərək, cənab Prezidentin müvafiq tapşırıqlarının icrası üzrə ardıcıl fəaliyyət həyata keçirir.

 

-Bu yaxınlarda “Din və qlobal təhlükəsizlik” kitabının təqdimatı oldu. Kitabda qaldırılan məsələlərin mahiyyəti barədə məlumat verməyinizi istərdik.

Kitabda qloballaşma dövründə dini təhlükəsizlik və onun milli-qlobal ölçüləri, qlobal təhlükəsizliyə təhdidlərin aradan qaldırılması yolları, dünyada mənəvi böhranı yaradan səbəblər və onun nəticələri, eləcə də Azərbaycanda din və ideoloji təhlükəsizlik sahəsində həyata keçirilən dövlət siyasətinin mahiyyəti araşdırılaraq şərh edilir. Xüsusilə dünyada mövcud olan mənəvi sahədəki böhranlı vəziyyətin yaranma səbəbləri və onun oradan qaldırılması üzrə Azərbaycanda mövcud tolerantlıq siyasətinin, multikultural dəyərlərinin və birgəyaşayış ənənələrinin əsasında formalaşmış dövlət-din münasibətləri modeli bir “yol xəritəsi” kimi diqqətə çatdırılır. Birinci Vitse-prezident Mehriban Əliyevanın bu sahədəki fədakar fəaliyyətini də xüsusi vurğulamaq lazımdır. Nəşrin elmi və siyasi-ideoloji məzmununa görə özünə oxucu marağı cəlb edəcəyinə, xüsusilə qlobal təhlükəsizliklə din arasındakı qarşılıqlı təsiri öyrənən mütəxəssislər üçün dəyərli vəsait olacağına ümidvaram. Qeyd edim ki, beynəlxalq əhəmiyyəti nəzərə alınaraq kitab rus və ingilis dillərinə tərcümə edilib və yaxın günlərdə çap ediləcəkdir.