Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
01.10.2019 / Müsahibələr

Səyavuş Heydərov: "Din siyasiləşəndə çox təhlükəli silaha çevrilir"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun Moderator.az saytına müsahibəsi:

 

- Səyavuş müəllim, sizcə dinin mahiyyəti nədən ibarətdir?
 
- Din insanı mənəvi cəhətdən kamilliyə aparan, ona doğru yolu göstərən, ədalətli, mərhəmətli və xüsusilə də vicdanlı olmağı əmr edən ilahi dəyərlər sistemidir. Bütün dinlərin əsas məqsədi insanın pislikdən uzaqlaşaraq yaxşılığa yönəlməsini təmin etməkdir. İnsanın mənəvi yüksəlişə nail olmasında din müstəsna rol oynayır. Bu baxımdan, səmavi dinlərdən sonuncusu olan İslam dini böyük əxlaqi-mənəvi prinsiplər ortaya qoymaqdadır. Təsadüfi deyil ki, İslam dininin ilk əmri “Oxu”dur. Çünki İslam dini elm, inkişaf, tərəqqi, o cümlədən sülh, həmrəylik və mərhəmət dinidir. Xalqımız bütün tarixi dövrlərdə, hətta dinin qadağan edildiyi zamanlarda belə bu əxlaqi-mənəvi dəyərləri qorumuş, onlara sahib çıxmışdır.
 
- Bəs niyə bu kimi humanist prinsinpləri özündə ehtiva edən İslam dinini məcrasından çıxarmağa çalışırlar?
 
- Doğrudur, bu gün öz geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək istəyən qüvvələr dini həqiqi məcrasından çıxararaq siyasiləşdirməyə çalışırlar. Dünyaya nəzər saldıqda görürük ki, bu fəaliyyət müəyyən regionlarda, xüsusilə Yaxın Şərqdə acınacaqlı nəticələrə gətirib çıxarmışdır. Dinin siyasiləşməsi və terror vasitəsinə çevrilməsi nəticəsində yüzminlərlə insan həlak olmuş, milyonlarla insan öz yurd-yuvasından didərgin düşmüşdür. Bir sözlə din siyasiləşəndə çox təhlükəli silaha çevrilir.
 
- Dinin siyasiləşdirilməsi dedikdə, ümumiyyətlə, nəyi nəzərdə tutursunuz?
 
- Bilirsinizmi, dinin siyasiləşdirilməsi birdən-birə baş verən bir hadisə deyil. Bu, çoxşaxəli proseslər nəticəsində meydana çıxan bir fenomendir. Dinin siyasiləşdirilməsinin bir sıra komponentləri mövcuddur. Bunlar, milli-kimliyin dini kimliklə toqquşması və ya dini kimliyin milli kimliyi üstələməsi, dünyəvi dövlət prinsiplərinin zəiflədilməsi, ekstremist, radikal və məzhəbçi təbliğat və çağırışların edilməsi, siyasi fəaliyyətin və maraqların həyata keçirilməsində din və dindar amilindən istifadə olunması və s. bu kimi proseslərdən ibarətdir. Təəssüflə qeyd etməliyəm ki, bu gün dini məsələləri mənəvi prizma ilə yanaşı təhlükəsizlik aspektindən dəyərləndirmək zərurəti yaranmışdır. Belə ki, dinin mənəvi dəyər çərçivəsindən çıxarılaraq siyasiləşdirilməsi bir sıra, xüsusilə müsəlman ölkələri üçün dini təhlükəsizliyin təminatı baxımından olduqca təhlükəlidir. Bir sözlə, hazırkı dövrdə dini təhlükəsizlik milli təhlükəsizliyin, o cümlədən qlobal təhlükəsizliyin əsas komponentlərindən biridir.
 
- Vaxtaşırı ölkəmizdə də dini siyasiləşdirməyə cəhd edənlər olub. Hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?
 
- Bəli, müstəqillik əldə etdikdən sonra ölkəmizdə də vaxtaşırı dini siyasiləşdirməyə cəhd edən qüvvələr olub. Ancaq bu cəhdlərin hamısının qarşısı qətiyyətlə alınıb. Ölkəmiz bir çox bəlalarla üzləşsə də müdrik idarəçilik nəticəsində bunları adlaya bilib. Belə bir məşhur ifadə var: “Tanrı Azərbaycanı sevir”. Mən bu ifadəni genişləndirərək demək istəyirəm ki, “Tanrı Azərbaycanı həm də qoruyur”. Biz Uca Yaradanın ölkəmizi qoruduğuna dəfələrlə şahid olmuşuq. Xatirinizdədirsə ölkəmizin ən çətin vaxtlarında Ulu Öndər Heydər Əliyev məkrli imperiyanın caynağından qurtularaq Azərbaycana gəldi. Əgər Allah Ümummilli Liderimizi qorumasaydı bu gün müstəqilliyimiz sual altında ola bilərdi. Daha sonra Uca Yaradan bizə Ulu Öndər məktəbini keçmiş uzaqgörən, müdrik, dinamik, yüksək intellektli və xalqını sevən bir rəhbər bəxş etdi. Ölkəmiz onun başçılığı ilə böyük inkişaf yolu keçməkdədir. Bu hadisələrin hamısı ilahi iradənin ən bariz təzahürüdür.
 
- Sizcə, biz öz dini-ideoloji təhlükəsizliyimizi təmin etmək üçün hansı əlavə addımları atmalıyıq?
 
- Biz ilk öncə yaşadığımızı, real dövrün şərtlərini və dünyadakı mövcud şəraiti nəzərə almalıyıq. Gəlin unutmayaq ki, Azərbaycanı idarə etmək bir çox ölkələri, hətta qonşuluğumuzdakı ölkələri idarə etməkdən qat-qat çətindir. Biz qlobal maraqların toqquşduğu bir regionda yaşayırıq. Məlumdur ki maraqlar toqquşan bölgələrdə, ölkələrdə hər gün münaqişə və qanlı qarşıdurmalar baş verir. Belə vəziyyətdə biz də bu kimi proseslərdən sığortalanmamışıq və bu baxımdan ictimai-siyasi sabitliyi təmin etmək, vətəndaşların təhlükəsizliyini qorumaq heç də asan məsələ deyil. Ona görə də Azərbaycan vətəndaşı olaraq hər birimiz müstəqilliyimizin, dövlətimizin, sabitliyimizin və rəhbərimizin qədrini bilməliyik. Ölkəmizdə mövcud olan ictmai-siyasi sabitlik, əmin-amanlıq, dövlət-din münasibətlərinin sağlam şəkildə tənzimlənməsi və surətli iqtisadi inkişafımızın kimlərisə narahat etməsi heç kim üçün sirr deyil. Biz də bunun fərqində olmağı, mövcud reallığa uyğun hərəkət etməyi bacarmalıyıq. Öncə Azərbaycan Respublikası vətəndaşı olmağımızın məsuliyyətini dərk edərək bəzi xarici dini mərkəzlərin və ideologiyaların təsirindən uzaq duraraq ölkəmizin uğurlu inkişafına töhfə verməliyik.
 
- Son dövrlərdə ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı uğurlu işlər həyata keçirilir. Bu barədə fikirlərinizi bölüşməyinizi istərdim.
 
- Azərbaycan dövləti milli-mənəvi dəyərlərimizin qorunması və inkişafına daimi xüsusi önəm verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın himayədarlığı ilə ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması sahəsində Qafqaz Müsəlmanları İdarəsi və digər aidiyyətli dövlət və qeyri dövlət qurumları ilə birlikdə həqiqətən böyük işlər görülür. Mehriban xanım nəcib və insanpərvər fəaliyyəti ilə milli-mənəvi dəyərlərin, eləcə də ümumbəşəri dəyərlərin təbliği sahəsində böyük canlanma yaradıb. Ölkəmiz cənab Prezident İlham Əliyev və Mehriban xanımın birgə səyləri nəticəsində günü-gündən yüksələn xəttlə inkişaf etməkdədir. Bütün görülən işlərin mərkəzində isə Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Dövlətimiz əlindən gələni edir ki, vətəndaşlarımızın iqtisadi-sosial vəziyyəti yaxşılaşsın, bütün azadlıqlar, o cümlədən dini etiqad azadlığı təmin edilsin. Bir vətəndaş olaraq biz də ölkə rəhbərliyinə əməli fəaliyyətimizlə kömək etməli, xüsusilə dini-ideoloji təhlükəsizliyin təminatında yaxından iştirak etməliyik.