Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
20.04.2022 / Müsahibələr

Səyavuş Heydərov: "Bu gün ölkəmizdə milli və dini həmrəylik ən yüksək səviyyədədir"

Aprelin 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Səs TV”də yayımlanan “Azərbaycan milli-mənəvi dəyərdir – ictimai müzakirələr”  layihəsinin qonağı olub.

“Ümummilli Lider Heydər Əliyev çağdaş Azərbaycançılıq ideyasının siyasi banisidir” mövzusuna həsr olunan verilişdə Səyavuş Heydərov Ulu Öndərin yaratdığı milli ideologiya-azərbaycançılıq ideologiyasının mahiyyəti, müstəqil dövlətçilik tariximizdəki yerindən  bəhs edib. O bildirib ki, hətta SSRİ dönəmində təbliğinə şərait yaratmaq olduqca çətin olan azərbaycançılıq ideyası Heydər Əliyev üçün prioritet idi. Milli şüurun yaşaması, milli adət-ənənələrimizin əsasını təşkil edən milli bayramlarımızın qeyd edilməsi, milli ruhlu şəxslərimizin təqiblərdən qorunması  üçün Ulu Öndər müstəsna xidmətlər göstərib.

Komitə sədrinin müavini qeyd edib ki, müstəqilliyimizin ilk illərinə təsadüf edən xaosun, hakimiyyətsizliyin, hərc-mərcliyin baş alıb getdiyi, erməni təcavüzkarlığının sürətlə genişləndiyi, separatizmin tüğyan etdiyi, həmçinin dini zəmində ayrı-seçkiliyin kök saldığı, qeyri-ənənəvi dini cərəyanların, idealogiyaların yayılmağa başladığı mürəkkəb bir dövrdə birləşdirici və uzaqgörən ideologiyaya ehtiyac var idi. Məhz belə bir vaxtda Ümummilli Liderin azərbaycançılıq ideologiyasını ərsəyə gətirərək onu dövlət ideologiyasına çevirməsi qısa zaman kəsiyində ölkəmizdə sabitliyin bərqərar olmasına səbəb oldu.

Ölkəmizdə milli təhlükəsizlik üçün əsas elementlərdən olan dini və milli həmrəylikdən də bəhs edən S.Heydərov Vətən müharibəsindəki qələbəmizdə  Ali Baş Komandanımız Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Ordumuzun şücaəti ilə yanaşı, bu həmrəyliyin mühüm rol oynamasından danışıb. Vurğulayıb ki, azərbaycançılıq ideologiyasının verdiyi töhfələr əsasında bu gün ölkəmizdə milli və dini həmrəylik ən yüksək səviyyədədir.

Komitə sədrinin müavini S.Heydərov, həmçinin milli olduğu qədər də bəşəri, universal səciyyə daşıyan azərbaycançılıq ideologiyasında tolerantlıq və multikulturalizm amilinə toxunub. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası çərçivəsində formalaşdırdığı siyasət  bu gün Azərbaycanı özünəməxsus multikulturalizm, tolerantlıq və dövlət-din münasibətləri nümunəsinin uğurlu modeli kimi dünyada tanıdır.

Verilişlə aşağıdakı keçiddən tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=HDsZHDS3knU