Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
08.10.2021 / Müsahibələr

Səyavuş Heydərov: “Bəzi qüvvələr ölkəmizdə dünyəviliyin zəiflədilməsi, məzhəbçilik meyillərinin gücləndirilməsi üçün canfəşanlıqla çalışırlar”

Son günlər İran-Azərbaycan münasibətlərində gərginlik hiss edilir. İranın Azərbaycanla sərhəddə yeni hərbi təlimlərə başlaması, Ayətullah Seyid Əli Xamneyinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın ofisinin bağlanması, eyni zamanda İran rəsmilərinin açıqlamaları bu münasibətləri daha da “alovlandırır”.

 

Bəs bu hadisələrin iki dövlət arasındakı dini sahəyə nə kimi təsirləri var?

 

Mövzu ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Bakupost.az –ın suallarını cavablandırıb:

 

- Səyavuş müəllim, bildiyiniz kimi İran-Azərbaycan münasibətlərində son dövrlərdə gərginlik hiss edilir. Bu prosesin ölkədəki dini duruma təsirini necə qiymətləndirirsiniz?

Nəzərinizə çatdırım ki, müstəqilliyimizin ilk illərindən dini müstəvidə ölkəmizə qarşı həmişə təhdidlər mövcud olub. “Şəriət dövləti” modelini Azərbaycana inteqrasiya etmək istəyən qüvvələrin fəaliyyəti heç kəs üçün sirr deyil. Hətta 90-cı illərin əvvəllərində gənclərimiz dini təhsil adı altında xarici ölkələrə, o cümlədən İran İslam Respublikasına aparılaraq siyasi-ideoloji mübarizənin alətinə, hərbi təlimlərin subyektinə çevrilirdi. Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə gəlməsindən sonra aidiyyəti dövlət qurumlarının səyi nəticəsində bu prosesin qarşısı alındı. Ancaq bu gün müşahidə edirik ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə bir çox xarici qüvvələri narahat edir. Şübhəsiz ki, bu proses ölkələrarası münasibətlərə də müəyyən mənada öz təsirini göstərir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədəki dini duruma yönəlmiş təhdidlərin qarşısının alınması istiqamətində öz səlahiyyətləri çərçivəsində, aidiyyəti dövlət orqanları ilə birlikdə məqsədyönlü fəaliyyətini davam etdirir və bu sahə dövlətin tam nəzarətindədir.

 

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırda bu istiqamətdə fəaliyyəti nədən ibarətdir?

- Bilirsiniz, Dövlət Komitəsi mərkəzi icra hakimiyyəti orqanıdır və öz fəaliyyətini ona verilmiş səlahiyyətlər əsasında formalaşdırır. Komitənin əsas vəzifələrindən biri ölkəmizdə dini zəmində ideoloji təhlükəsizliyi təmin etməkdir. Bu məqsədlə dini maarifləndirmə, inzibati və ideoloji mübarizə istiqamətində davamlı tədbirlər həyata keçirilir. Konkret İranla bağlı mövzuya gəldikdə isə bu məsələnin Azərbaycandakı dini duruma təsirləri və yarada biləcəyi təhdidlər müəyyənləşdirilir və araşdırılır. Azərbaycan müstəqillik tarixində vaxtaşırı dinin siyasiləşdirilməsi, məzhəbçilik, gənclərimizin yad ideologiyalara qurban edilməsi cəhdləri ilə üz-üzə qalıb. Müxtəlif vaxtlarda biz bunun təzahürlərini görmüşük. Hətta bu gün də, bəzi vətəndaşlarımız İranda, digər ölkələrdə təsir altına düşərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Azərbaycanın dünyəvi dövlət modeli, eləcə də multikultural və tolerant ənənələri çoxlarını qane etmir. Bəzi qüvvələr Azərbaycanda dünyəviliyin zəiflədilməsi, dinin siyasiləşdirilməsi, məzhəbçilik meyillərinin gücləndirilməsi istiqamətində canfəşanlıqla çalışırlar. Ancaq bildirmək istəyirəm, dövlətimiz öz ideoloji sütunlarını qorumaq üçün kifayət qədər qüdrətə və imkanlara sahibdir.

 

- Səyavuş müəllim, müsəlman ölkəsi olan İranın Ermənistanla bu qədər sıx və mehriban əlaqələr qurmasını nə ilə əlaqələndirirsiniz?

- Bu həqiqətən də maraqlı sualdır. Bu sual hər kəs kimi məni də düşündürür. Məscidləri yerlə-yeksan edən, qəbirləri dağıdan, bir milyondan çox müsəlmanı yurd-yuvasından didərgin salan, bəşəriyyətə qarşı vandalizm aktı törədən bir ölkə ilə müsəlman ölkəsinin mehribanlığına məntiqi izah tapmaq çox çətindir. Ancaq biz işğal dövründə Şuşadakı Yuxarı Gövhər Ağa məscidinin tarixi mənsubiyyətini dəyişmək cəhdlərinin də şahidi olmuşuq. Şükürlər olsun ki, Ermənistan və onun havadarları buna nail ola bilmədi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edildi. Azərbaycanın milli-mənəvi dəyərlər sisteminə, dövlətçilik ənənəsinə, sürətli inkişafına əngəl törətməyə yönəlmiş cəhdlərin qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, ölkəmiz bütün təhdidlərə baxmayaraq öz haqq yolu ilə inamla irəliləyəcəkdir. Ölkəmizdə bütün dinlərin və məzhəblərin nümayəndələri bir ailə kimi yaşayır. Biz Vətən müharibəsində çiyin-çiyinə döyüşmüşük, hazırda Qarabağımızı da çiyin-çiyinə bərpa edirik. Milli birliyimiz və dini həmrəyliyimizə heç bir qüvvə kölgə sala bilməz. Heç kim bizi bu yoldan döndərə bilməz.