Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
10.10.2017 / Müsahibələr

Səyavuş Heydərov: Avropa İttifaqının nümayəndələri Azərbaycandakı dini tolerantlıq mühitini yüksək qiymətləndirdilər

Xəbər verdiyimiz kimi, bu günlərdə Brüsseldə Avropa İttifaqı (Aİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə iştirak edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov onun nəticələri və töhfələri, səfər çərçivəsində keçirilən görüşlərin Azərbaycan üçün əhəmiyyəti barədə AZƏRTAC-ın suallarını cavablandırıb.
 
-Brüsseldəki görüşlərin əhəmiyyəti barədə fikirlərinizi bildirmənizi xahiş edirik.
 
-Azərbaycandan olan böyük bir nümayəndə heyəti ilə Brüsseldə çox əhəmiyyətli tədbirlərdə iştirak etdik. Nümayəndə heyətinə Azərbaycanda fəaliyyət göstərən müsəlman, xristian və yəhudi dini icmalarının nümayəndələri daxil idilər. Tədbirlər zamanı bir sıra önəmli görüşlər keçirdik. Bunlardan Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliard və Avropa Parlamentinin birinci vitse-prezidenti xanım Mayrid MakGinneslə görüşlərimizi xüsusi vurğulamaq istərdim. Qeyd etmək istəyirəm ki, ilk dəfədir Aİ-nin bu səviyyəli nümayəndələri Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri ilə görüşürlər. Nəzərə alsaq ki, Azərbaycan Avropa İttifaqının xüsusi önəm verdiyi tərəfdaş ölkələrdən biridir, dövlət rəsmiləri ilə ikitərəfli və çoxtərəfli mütəmadi görüşlərin keçirilməsini adi hal kimi qəbul etmək olar. Lakin bu şəxslər bu dəfə Azərbaycandan olan dini icmaların nümayəndələri ilə, başqa sözlə desək, sadə insanlarla görüşdülər, onların gündəlik həyat tərzi, fəaliyyətləri barədə özlərindən məlumat əldə etdilər.
Bundan başqa, Avropa Parlamentinin deputatı Səccad Kərim, Avropa Parlamentinin Avropa Xalq Partiyasını təmsil edən deputatları Zelyana Zovko, Gyorgi Holveni və Yan Olbrayt, o cümlədən Aİ-nin xarici siyasət xidməti strukturunun rəhbərliyində təmsil olunan digər şəxslərlə görüşləri qeyd edə bilərəm. Bu görüşlərin xüsusi əhəmiyyəti ondan ibarət idi ki, qeyd etdiyim şəxslərdə və onların təmsil etdikləri qurumlarda ölkəmizlə, o cümlədən ölkəmizdə fəaliyyət göstərən dini icmalar və mövcud dini durumla bağlı daha obyektiv fikirlər formalaşdı.
 
-Avropa strukturları Azərbaycanda tolerantlıq haqqında nə qədər məlumatlıdır və bizim bu model onlar üçün hansı dərəcədə maraqlıdır?
 
-Avropa bir siyasi fenomen kimi, eləcə də onun strukturları vahid və yekcins deyil. Siyasi spektrin müxtəlif qanadlarını təmsil edən qruplar bütün məsələlərə öz ideoloji çərçivələrindən baxırlar. Buna görə də Avropa strukturları ilə görüşlərdə bu amil mütləq nəzərə alınmalıdır. Bizim Avropa strukturları ilə görüşlərimiz həm Avropa İttifaqının xarici siyasət xidmətində çalışan yüksək səviyyəli bürokratlarla, həm də Avropa Parlamentinin seçilmiş üzvləri ilə baş tutdu. Parlamentarilərlə görüş xüsusilə mühümdür. Ona görə ki, Aİ-də qərarların qəbul olunmasında Avropa Parlamentinin müstəsna rolu var. Təsadüfi deyil ki, burada da sağ mərkəzçi qüvvələr əsas rol oynayır. Görüşlərimiz də elə siyasi spektrin bu qanadına mənsub olan Avropa Xalq Partiyasının üzvləri ilə oldu. Nəzərə almaq lazımdır ki, Avropa Xalq Partiyası Avropa Parlamentindəki ən böyük siyasi qrupdur. Bizimlə görüşün təşəbbüskarı da məhz parlamentarilər idilər ki, bu da Azərbaycana olan maraqdan irəli gəlir.
Digər tərəfdən, Azərbaycanla bağlı istənilən məsələ Avropa üçün həmişə maraqlı olub. Bunun da kökündə, zənnimcə, ölkəmizdə tarixən mövcud olan xalqların birgəyaşayışı istiqamətindəki uğurlu strategiya olub. Fəxrlə deyə bilərik ki, bu gün nəinki Avropa strukturlarında, bütün dünyada Azərbaycandakı tolerant mühit olduqca maraqlıdır. Dünyada hazırda din pərdəsi altında gedən siyasi çəkişmələr, dini zəmində baş verən münaqişələr baxımından bizim bu tolerant mühiti qoruyub saxlamağımız xüsusilə diqqət mərkəzindədir. Bununla əlaqədar, deyə bilərik ki, səfər zamanı həyata keçirdiyimiz görüşlərdə Avropa İttifaqının nümayəndələri Azərbaycanda mövcud olan dini tolerantlıq mühitini yüksək qiymətləndirdilər və bu cür birgəyaşayış modelinin bir çox dünya ölkələri üçün örnək ola biləcəyini qeyd etdilər. Ümumilikdə, Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı oynadığı rol ilə yanaşı, dünyada qlobal təhlükəsizlik probleminin əsasını təşkil edən dini zəmindəki münaqişələrin dayandırılmasında özünəməxsus modeli ilə böyük töhfələr verəcəyi vurğulandı. Buna misal olaraq, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, cari ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi diqqətə çatdırıldı.
 
-Aİ ilə gələcək əməkdaşlığın perspektivlərinə dair nə fikirdəsiniz?
 
-Əlbəttə ki bizim Aİ ilə əməkdaşlıq məsələmiz təkcə bu görüşlərlə yekunlaşmır. Gələcək planlar içərisində bir sıra maraqlı layihələr var ki, bunların da tərəflər üçün faydalılıq dərəcəsi prioritetlərə görə müəyyənləşəcək. Biz artıq daha böyük layihələr üzərində işləyirik. Bilirsiniz ki, Aİ-nin Avropa Qonşuluq Siyasəti çərçivəsində tərəfdaş ölkələr üçün hazırlanmış Tvinninq, TAİEX kimi alətləri mövcuddur. Yaxın gələcəkdə biz bu mexanizmlərdən yararlanmaqla Avropa ilə əməkdaşlığımızı daha da genişləndirmək fikrindəyik. Digər tərəfdən, Aİ-nin daxili proqram və layihələri də var ki, qeyri-üzv dövlətlər də onlardan yararlana bilərlər. İlkin razılaşmalara əsasən deyə bilərik, biz də artıq bu layihələrdə iştirak edəcəyik. Nəzərə almaq lazımdır ki, müasir dünyada dini zəmində baş verən münaqişələr və onların törətdiyi fəsadlar bu gün Avropada xüsusi narahatlıq doğurur. Buna görə də Avropa etnik, dini, mədəni fərqliliklərin daha optimal idarə edilməsi üzərində baş sındırır. Azərbaycanın bu sahədəki nailiyyətləri isə danılmazdır. Buna görə də həm biz, həm də Avropa strukturları qarşılıqlı əməkdaşlığı genişləndirmək əzmindəyik.
 
-Səfər çərçivəsində vətəndaş cəmiyyətləri ilə də görüşləriniz reallaşıb, bu sahədə münasibətləri necə qiymətləndirirsiniz?
 
-Bəli, səfər çərçivəsində səlahiyyətimiz daxilində reallaşan görüşlər sırasında vətəndaş cəmiyyəti üzvləri ilə görüşlər də oldu. Bilirsiniz ki, dünyada vətəndaş cəmiyyətinin də öz əhəmiyyətli funksiyaları var. Görüşlərimiz zamanı Azərbaycanda olan dini tolerantlıq mühiti və dövlətin bu istiqamətdə yürütdüyü siyasətdən bəhs olundu. Bunlardan əlavə, dini konfessiyaların nümayəndələri Avropa Parlamentinin deputatları ilə görüşlərdə diqqəti Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğala məruz qalması faktına yönəldərək bildirdilər ki, bu ərazilərdə əsrlərlə tarixə malik müsəlman və xristian dini abidələri məhv edilib. Parlamentarilərin nəzərinə çatdırıldı ki, Ermənistanın təcavüzkar siyasəti olmasaydı, Brüsselə səfər edən Azərbaycandan olan dini konfessiyaların tərkibində erməni din xadimləri də rahatlıqla iştirak edə bilərdilər. Görüş çərçivəsində Avropa Kilsələrinin Konfransı Təşkilatı və Azərbaycanda fəaliyyət göstərən protestant icmalar arasında gələcək əməkdaşlıq barədə ilkin razılaşma əldə olundu. Ümid edirik ki, bu əməkdaşlıq Avropanın rəsmi strukturlarında Azərbaycan haqqında obyektiv fikrin formalaşmasına öz töhfəsini verəcək.
 
-Səfər çərçivəsində NATO nümayəndələri ilə də görüşləriniz reallaşıb, bu sahədə münasibətləri necə dəyərləndirirsiniz?
 
-Səfər çərçivəsində NATO-nun baş qərargahında bu təşkilatın ictimai diplomatiya bölməsinin rəhbərləri səfir Tomaş Xlon, professor Gerlinde Nihus və Despina Afentuli ilə görüşümüz baş tutub. Görüşdə NATO-nun siyasi prioritetləri və tərəfdaşlarla münasibəti barədə məlumat verildi, bu gün dünyanı narahat edən təhlükəsizlik və terrorizm problemləri müzakirə edildi. Ümumiyyətlə, hazırda dünyada NATO öz təhlükəsizlik siyasətini yalnız Avratlantik məkanda deyil, həmçinin ondan kənarda da həyata keçirməyə çalışır. Günümüzdə dini zəmində baş verən münaqişələr onu göstərir ki, bu sahədə müvəffəqiyyət hələ əldə olunmayıb. Ona görə, dünya düzəninin institusional çərçivədə təhlükəsizliyinin təmin edilməsi üzrə dini aspektdən təkliflər, eləcə də dinin siyasiləşdirilməsinə son qoyulması ətrafında müzakirələr aparıldı. Qeyd edilən problemlərin həlli üçün nəticə və fəsadlarla yanaşı, səbəblərlə, ikili standartlarla mübarizənin vacibliyi vurğulandı, o cümlədən dini tolerantlığın təşviq olunması, bu problemin həlli istiqamətində müzakirələr üçün ekspertlərdən ibarət yeni platformanın yaradılması tərəfimizdən təklif edildi. Görüşlər çərçivəsində Azərbaycanda dini radikalizmlə mübarizə istiqamətində dini icmalar səviyyəsində həyata keçirilən layihələr barədə məlumat verildi, o cümlədən dini və multikultural təhlükəsizliyin təminatına dövlət siyasətinin prioritet istiqaməti kimi önəm verildiyi diqqətə çatdırıldı.