Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
25.06.2023 / Müsahibələr

Sədr müavini Gündüz İsmayılov: "Bizim bir nömrəli məqsədimiz, vəzifəmiz vicdan azadlığını təmin etməkdir"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun "REPORT" İnformasiya Agentliyinə müsahibəsini təqdim edirik.

 

-Gündüz müəllim, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu gün hansı əsas vəzifələrin icrasını qarşısına məqsəd kimi qoyub?

 

-Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) 2001-ci il iyun ayının 21-də Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə yaradılıb və biz bu günlərdə 22 illiyimizi böyük konfransla qeyd etdik. Komitənin yaranması ilə bağlı Fərmanda konkret olaraq DQİDK-nın vəzifələri göstərilib. Birinci vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə müvafiq olaraq dini etiqad azadlığının həyata keçirilməsi üçün münasib şəraitin yaradılmasıdır. İkinci vəzifəsi dini qurumların dövlət qeydiyyatına alınmasıdır. 2001-ci ilə qədər dini qurumlar Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçirdilər. 2001-ci ildən sonra isə bu səlahiyyət Dövlət Komitəsinə verildi. Üçüncü istiqamət isə dini qurumlarla digər dövlət qurumları arasında vasitəçi və əlaqələndirici olmaqdır.

Sadaladıqlarım Dövlət Komitəsi yarananda qarşısına qoyulan vəzifələr idi. Amma zaman keçdikcə, təbii ki, iş yükü artdı və vəzifələrə yeniləri əlavə olundu. Məsələn, 2008-ci ildə  Dövlət Komitəsinin Əsasnaməsində dəyişiklik edildi. Komitənin qarşısına belə bir vəzifə qoyuldu ki,  ölkədə dini maarifləndirmə işi də aparsın. Bu gün maarifçilik işi televiziya verilişlərimiz, eyni zamanda qəzetimiz, jurnalımız, saytımız, sosial şəbəkələrdə qrup və səhifələrimiz, müxtəlif maarifləndirici tədbirlər, seminarlar, treninqlər, təlimlər, müşavirələr, konfranslar  və s. vasitəsilə həyata keçirilir. Hazırda Dövlət Komitəsində ayrıca Dini maarifçilik işinin təşkili şöbəsi fəaliyyət göstərir.

Zaman keçdikcə din xadimlərinə maddi dəstəyin verilməsi də vəzifələrimiz sırasında yer aldı. 2017-ci ilə qədər din xadimlərinə dövlət tərəfindən rəsmi şəkildə aylıq maddi dəstək verilmirdi. Həmin ildə Prezident İlham Əliyevin Fərmanı ilə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradıldı. Fond mənəvi dəyərləri təbliğ etməklə yanaşı, hər ay rəsmi təyinatı olan din xadimlərinə aylıq maddi dəstək verir. Bu, maaş deyil, maddi dəstəkdir. Fond eyni zamanda, mənəvi dəyərlərin təbliği istiqamətində iş görür – kitablar nəşr edir, sənədli filmlər çəkir, konfranslar, seminarlar keçirir. Məsələn,  Fond tərəfindən indiyə qədər dəfələrlə həm Azərbaycan, həm də Gürcüstanda yaşayan azərbaycanlı müsəlmanlar üçün Qurani-Kərim nəşr edilib. Eyni zamanda, Fond tərəfindən şəhid ailələrinə, qazilərə, dinimizin, milli-mənəvi dəyərlərimizin təbliğinə yönəlik çoxsaylı layihələr həyata keçirilir. Bunlarla yanaşı, hər ay Naxçıvan Muxtar Respubikası da daxil olmaqla, 1120 nəfərə Fond tərəfindən maddi dəstək göstərilir. Bunlardan təxminən 468 nəfəri imam, 312 nəfəri  imam müavini, 320 nəfəri dini ayinlərin icraçısı-müəzzin, 20 nəfəri isə qadın dini ayinlərin icraçısıdır.

Sonuncu dəfə 2022-ci ildə Dövlət Komitəsinə yeni bir vəzifə həvalə olundu. Ötən il “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklik edildi. Həmin dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə–məscid və ziyarətgahlara din xadimlərinin təyin edilməsi Dövlət Komitəsinin səlahiyyətlərinə aid edildi. Bir sözlə, 2001-ci ildən 2023-cü ilə qədər keçdiyimiz 22 illik yola nəzər saldıqda, məlum olur ki, Komitənin iş yükü, vəzifələri, funksiyaları artan xəttlə davam edib. Bu həm də onu deməyə əsas verir ki, din sahəsində Azərbaycan hökumətinin fəaliyyətini, siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi belə bir qurumun yaradılması zəruri idi və Komitə bugünədək üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyi bacarıb.

Onu da əlavə edim ki, Dövlət Komitəsi sadalanan bu işləri 179 əməkdaşla həyata keçirir. 179 ştat vahidinə Komitənin rəhbərliyində təmsil olunan siyasi vəzifə tutan şəxslərlə yanaşı, texniki heyət də daxildir. Mərkəzi Aparatımızda 88,  bölgə şöbələrimizdə 91 ştat vahidi var. Bəzən elə görüntü yaratmaq istəyirlər ki, guya Komitədə yüzlərlə, minə yaxın işçi çalışır. Bunu əsas gətirib Komitəni nədəsə günahlandırmaq istəyənlər də tapılır. Hətta bizə aid oldu-olmadı “Dini Komitə hara baxır”,- deyə sual verənlər də ortaya çıxır. Halbuki, qeyd etdiyim kimi, Komitənin ştat vahidi məhduddur.

 

-Din xadimlərinin təyinatı zamanı hansı məqamlar mütləq nəzərə alınır?

 

-Dediyim kimi, ötən il “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklik edildi. Dəyişikliyin də mahiyyəti bundan ibarət idi ki, məscid və ziyarətgahlara din xadimlərinin təyinatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilsin. Biz bu proses şəffaf olsun və daha layiqli namizədlər təyinat alsın deyə “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nı hazırladıq və Ədliyyə Nazirliyində normativ hüquqi akt kimi qeydiyyatdan keçirdik. Qanunvericiliyə görə müsəlman din xadimlərini Dövlət Komitəsinin sədri təyin edir. Amma Komitə sədri istənilən şəxsi din xadimi təyin edə bilməz.

Birincisi, qanun tələb edir ki, din xadimi təyin olunacaq şəxsin ya ali dini, ya da orta ixtisas dini təhsili olsun. Yəni, namizəd ya universitet, institut, akademiya, ya da mədrəsə bitirməlidir. Bu, qanunun tələbidir. İkincisi, Dövlət Komitəsinin sədri ali təhsili olan şəxsi müsahibədən keçməsə, imam, yaxud imam müavini təyin edə bilməz. İlahiyyatçılardan ibarət 7 nəfərlik Müsahibə komissiyası var.  Komissiya üzvləri İlahiyyat İnstitutunun müəllimləri, eyni zamanda Dövlət Komitəsində çalışan ilahiyyatçı əməkdaşlardır. Yəni,  7 nəfərin içərisində bir nəfər də olsun, qeyri-ilahiyyatçı yoxdur. Qaydaya əsasən, 7 nəfərin hər birinin qiymətləndirmə balı 5-dir və namizəd maksimum bal toplayacağı halda bu, 35 edir, keçid balı isə 26-dır. Bu, o deməkdir ki, namizədin təsadüfən, yaxud qanundan kənar yolla müsahibədən keçməsi mümkün deyil. Çünki 7 nəfərin hər biri onu qiymətləndirməlidir. İkincisi, çox vaxt  sual verilir ki, müsahibə sualları hansı istiqamətdədir? Biz hansı mövzulardan sual veririksə, o mövzular təsdiqlənərək Komitənin rəsmi saytında yerləşdirilib. Bu, hər bir namizəd üçün əlçatandır. Bəs hansı mövzulardır? İlk növbədə, Qurani-Kərimdir ki, bu istiqamətdə namizədi sual-cavab edən Azərbaycan İlahiyyat İnstitutunun prorektoru və Quran müəllimi Mirniyaz Mürsəlovdur. Artıq uzun müddətdir ki, o, Qurani-Kərimi tədris edir, ilahiyyat üzrə fəlsəf doktorudur, Azərbaycanda ən yaxşı Quran mütəxəssisi sayılır.

Heç kim onun işinə müdaxilə edə bilməz. Mən komissiyanın sədri olmağıma baxmayaraq, Mirniyaz müəllimin namizədlə dialoquna hər hansı bir  formada müdaxilə etmirəm və belə bir imkanım və səlahiyyətim yoxdur. Qurani-Kərim, onun oxunuşu, təcvidi - əsas bunlar soruşulur. Digər önəmli bir məqam şəriətlə bağlı suallardır. Namaz, oruc, zəkat, Həcc, dəfn mərasimi, nikah, təfsir və s.

Digər mövzulardan  biri Azərbaycan tarixidir. Amma biz namizəddən tarixçi kimi cavab gözləmirik. Elə məqamlar var ki, namizəd, yəni gələcəyin din xadimi bunları bilməlidir. Məsələn, o, Azərbaycan ərazisində tarixən mövcud olmuş dövlətləri, hazırda mənsubları olan ənənəvi dinləri, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını, müstəqil Azərbaycanın tarixini, 44 günlük Vətən müharibəsini, heç olmasa önəmli faktları, tarixi həqiqətləri bilməlidir. Eyni zamanda, namizədin dil bilikləri yoxlanılır. Ərəb, fars, yaxud hər hansı bir xarici dili bilirmi? Təbii ki, dünyagörüşü ilə yanaşı, din sahəsində qanunvericik bazası barədə məlumatlı olmalıdır. Məsələn, bir imam bilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasında dövlət-din münasibətləri ilə bağlı maddələr hansılardır? Dövlət Komitəsinin Əsasnaməsini, yaxud Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsini bilməlidir. Çünki din xadimləri şəriət məsələlərində QMİ-yə tabedirlər. İmam ən azı özünün vəzifələrini və funksiyalarını öyrənməlidir.

Bütün müsahibə prosesi zamanı videoçəkiliş aparılır. İmtahanda iştirak edən şəxs sonradan videoçəkilişlə tanış ola, imtahanın nəticələrindən narazı qalarsa apellyasiyaya, hətta məhkəməyə də müraciət edə bilər. Bu dediyim mövzularda uğur qazanacağı təqdirdə namizəd müsahibədən keçir və müsahibədən keçdikdən sonra Dövlət Komitəsi sədrinin onu din xadimi təyin etmək hüququ yaranır.  

 

- Qadın dini iyinlərin icraçıları da eyni prosedurdan keçirlər?

 

-Əlbəttə.  Bir məsələni də qeyd etmək istəyirəm. Bəzən məqsədyönlü şəkildə elə iddia edirlər ki, guya DQİDK məscidlərə qadın din xadimləri təyin edir. Hətta bir az da irəli gedib bunu elə təqdim etmək istəyirlər ki, guya Dövlət Komitəsi müsəlmanlara deyəcək ki, qadın imamların arxasında namaz qılmalısınız. Bunu bilməyərəkdən deyənlər də var. Diqqət edin, bu vəzifənin adı imam, imam müavini deyil, qadın dini ayinlərin icraçısıdır. Din xadimlərinin təyinatı, rotasiyası, fəaliyyətinə xitam verilməsi qaydaları ilə bağlı təlimatda qadın dini ayinlərin icraçısı vəzifəsinin funksiyası göstərilib. Bunlara imamın tapşırığına əsasən məsciddə qadınlara yönəlik dini fəaliyyəti həyata keçirmək, eyni zamanda qadınların iştirakı ilə keçirilən yas mərasimlərini idarə etmək daxildir. Hamısına şamil edilməsə də, təəssüf ki, xurafatın yayıldığı nöqtələrdən biri də qadınların iştirakı ilə keçirilən yas mərasimləridir. Orada iştirak edən bəzi “qadın mollalar” xurafatın təbliğatçısına çevrilirlər. Bunun qarşısını almaq yollarından biri də qadın dini ayinlərin icraçısı vəzifəsinin təsis edilməsi, bu vəzifə üçün imtahanların keçirilməsidir. Birinci imtahan – müsahibədə 71 qadın namizəddən 18 nəfəri uğur qazandı, onlardan 17-si artıq təyinat alıb. Ümumiyyətlə, indiyə qədər din xadimi vəzifələrini tutmaq üçün 3 dəfə vakansiya elan etmişik. Birinci vakansiyada 270 nəfər sənəd vermişdi, onlardan 133 nəfəri uğur qazanıb, 112-nə təyinat vermişik. İkinci vakansiyada 254 namizəd iştirak edib, 66 nəfər uğur qazanıb, 55 nəfər təyinat alıb. Hazırda 3-cü vakansiyaya sənəd qəbulu bitib, 293 nəfər sənəd verib, onlardan 113-ü qadın, 180-i kişidir. Bu, onu deməyə əsas verir ki, iki müsahibənin obyektiv, şəffaf keçirilməsi din sahəsində təhsil almış insanlarda artıq inam yaradır ki, müsahibə obyektivdir və mən uğur qazana bilərəm. Getdikcə sənəd verənlərin, din xadimi, o cümlədən qadın dini ayinlərin icraçısı olmaq istəyənlərin sayı artmaqdadır. Şəffaflığın nəticəsi bax budur.

 

-Hazırda ölkəmizdə dini təhsilin səviyyəsi qaneedicidirmi?

 

- Bu gün dini təhsil Dövlət Komitəsi üçün prioritet istiqamətlərdən biridir. Təsadüfi  deyil ki, son bir ildə Dövlət Komitəsində ayrıca bir şöbə – Dini təhsil şöbəsi yaradılıb. Cənab Prezidentin Sərəncamı ilə 2018-ci ildə Azərbaycan İlahiyyat İnstututu yaradıldı. İlahiyyat İnstitutunun ötən il məzunları oldu. O məzunların bir hissəsi müsahibədən keçdikdən sonra təyinat aldılar. Bu il də məzunlarımız var. Hazırda İnstitutda 305 tələbə təhsil alır. Ötənilki və builki məzunların sayı 87 nəfərdir. Təhsil alanlardan 14 nəfəri xarici vətəndaş olan azərbaycanlılardır, əsasən İğdır, Qars və Gürcüstandan olan  soydaşlarımızdır. Biz nəzərdə tutmuşuq ki, onların sayını bir az da artıraq. Hazırda dini təhsillə bağlı qarşımıza qoyduğumuz məqsəd nədir? Birinci: Qanun xaricdə dini təhsil almağı qadağan etmir, amma açığı biz bunu məqsədəduyğun saymırıq. Bəzən bunu da doğru qəbul etməyənlər, müxtəlif izahat verənlər var. Məsələn, adam deyir ki, niyə mən xaricdə riyaziyyat, coğrafiya, idarəetmə  üzrə təhsil ala bilərəm, din üzrə təhsil ala bilmərəm?  Məsələ burasındadır ki, dinlə riyaziyyat eyni deyil, din ideoloji məsələdir, ideoloji işdir. Mən xaricdə dini təhsil alan azərbaycanlıların hamısını xarici ölkələrin təsir dairəsinə düşdüyünü iddia etmirəm. Onların da içərisində Vətənini, dövlətini sevən insanlar var. Amma biz xaricdə təhsili niyə doğru saymırıq? Çünki din yalnız şəriətdən ibarət deyil. Bir var şəriət, bir də var mədəniyyət. Mənlə bir iranlı, pakistanlı, misirli, ərəb eyni şəriəti paylaşa bilərik. Amma mədəniyyətimiz fərqlidir. Çünki mədəniyyəti formalaşdıran təkcə din deyil. Dinlə yanaşı, hər bir xalqın xarakterik, etnik xüsusiyyəti, aldığı təhsil, ailə dəyərləri var. Yaşadığı dövlətin qayda-qanunları var. Mədəniyyət və din birlikdə insanların, xalqların həyat tərzini formalaşdırır.

Hansısa ölkədə dini təhsil alır, şəriəti öyrənirəmsə, şəriətlə yanaşı, o ölkənin həyat tərzi, mədəniyyəti də mənə təbliğ olunur. Nəticədə, azərbaycanlı dini təbliğat yolu ilə iranlıya, ərəbə çevrilir. Mən iranlı, ərəb pisdir demirəm. Sadəcə azərbaycanlılar başqa xalqın nümayəndələri kimi yaşamasınlar, düşünməsinlər deyirəm. Bizim məqsədimiz ondan ibarətdir ki, ənənəvi İslamı qoruyub saxlayaq. Ənənəvi İslam nədir? Azərbaycanlı dindar olsun, amma din adı altında ərəbə, farsa, bir başqasına çevrilməsin.

Bunun üçün dini təhsil önəmlidir. Ona görə də biz xaricdə dini təhsili məqsədəuyğun saymırıq. Amma bunun inzibati yollarla qarşısını almaq mümkün deyil. Doğru variant ölkəmizdə dini təhsili xaricdə olan səviyyəyə qaldırmaq, hətta daha yüksək səviyyədə formalaşdırmaqdır. Bizdə 2018-ci ilə qədər ali dini təhsil ödənişli idi.

 

-Səbəb nə idi?

 

-Çünki Bakı İslam Universiteti dövlət universiteti deyildi və bu normal hal idi. Halbuki, İranda, ərəb ölkələrində dini təhsil nəinki pulsuzdur, hətta tələbələrə təqaüd verirlər. Azərbaycan 2018-ci ilə qədər dini təhsilin ödənişli olduğu yeganə ölkə idi. Cənab Prezident Azərbaycan İlahiyyat İnstitutunu yaratdı və İnstitutda belə deyim, hər şey pulsuzdur. Pulsuz təhsil, pulsuz dərs vəsaitləri, pulsuz qidalanma, pulsuz yataqxana, pulsuz geyim və təqaüd.  Üstəlik İnstitutdan  məzun olduğu təqdirdə, Dövlət Komitəsinin keçirdiyi müsahibədə uğur qazanarsa, təyinat alır və dövlət ona maddi dəstək göstərir. Bu, onu deməyə əsas verir ki, tələbə yaxşı təhsil alacağı, daha doğrusu biz ona yaxşı təhsil verəcəyimiz təqdirdə, o yaxşı kadr olacaq. Başqaları bunu gördükdə onlar üçün xaricdə dini təhsil almağın  hansısa üstünlüyü olmayacaq. Nə maddi, nə mənəvi təsir nöqteyi-nəzərindən. Hazırda qarşımıza qoyduğumuz məqsəd Aİİ-də təhsilin keyfiyyətini daha da yaxşılaşdırmaqdır.   

 

-Gündüz müəllim, hazırda vəziyyət necədir? Həqiqətənmi xaricdə dini təhsil almağa yönəlik tələbat çoxdur? Yoxsa stabilləşmə gedir?

 

-İllər keçdikcə stabilləşməyə doğru gedirik. Aİİ-də iki ixtisas var: İslamşünaslıq və Dinşünaslıq. İslamşünas yalnız məsciddə imam kimi fəaliyyət göstərə bilər. Yəni, o, din xadimi olacaq. Dinşünasa isə bütün dinlər tədris olunur. O, gələcəkdə araşdırmaçı, pedaqoq ola, dövlət işində işləyə bilər.

İslamşünaslıq ixtisasına qəbulda dini-psixoloji komissiya da var. Təkcə test kifayət deyil. Çünki islamşünas gələcəyin din xadimidir. Onun müəyyən dini-psixoloji durumu da yoxlanılmalıdır. İnstitutda İslamşünaslığa qəbula yeni başlayanda intellektual səviyyə çox aşağı idi. Amma getdikcə cəmiyyətimiz reallıqları gördükcə, İslamşünaslıq ixtisasının orta keçid balı qaneedici səviyyəyə gəlib çatıb. Gənclər məqsədli şəkilə İslamşünaslığı seçirlər. Bütün bunları gördükdən sonra müəyyən din bilgiləri olan şəxsə xaricdə dini təhsil almaq cəlbedici deyil, onun üçün Aİİ-də oxumaq kifayət edir. Aİİ-nin artıq magistratura, doktorantura pilləsi var. Məni bir azərbaycanlı kimi sevindirir ki, Aİİ-ni və BDU-nun İlahiyyat fakültəsini bitirmiş gənclərimiz var, onlar doktoranturaya da sənəd verirlər. Biz vaxtı ilə görürdük ki, Türkiyədə və ya hansısa başqa ölkələrdə məscid imamı elmlər doktorudur. Yəni, məscidindəki din xadimi də alimdir. Düşünürdük ki, görəsən bizdə də nə vaxtsa belə olacaqmı? Təsəvvür edin ki, biz artıq bu prosesin astanasındayıq.

 

- Ümumiyyətlə, ölkəmizdə hazırda dini mühit necədir?

 

 - Öncə vurğulayım ki, bizim bir nömrəli məqsədimiz, vəzifəmiz vicdan azadlığını təmin etməkdir. Bu gün Azərbaycan vicdan azadlığının təmin edilməsi, dinlərarası münasibətlər, tolerantlıq, multikulturalizm baxımından nümunəvi ölkə kimi qəbul edilir. Təsəvvür edin ki, Azərbaycanda tolerantlığın səviyyəsi təkcə bir azərbaycanlının qürurla dediyi fakt deyil, din sahəsi, vicdan azadlığı üzrə ekspertlərin etiraf etdikləri həqiqətdir. Məsələn, mən xatırlayıram, Vatikanın keçmiş dövlət katibi Tarcisio Bertone Azərbaycana səfər edəndə belə bir ifadə işlətmişdi ki, Azərbaycan Avropaya təkcə neft-qaz deyil, hətta tolerantlıq ixrac etməlidir. Eyni sözü ABŞ-nin keçmiş səfiri Enn Dörsidən də eşitmişdim. Yəni, bu gün Azərbaycanda dinlərarası münasibətlər, tolerantlıq, multikulturalizm dünya üçün nümunədir. Eyni zamanda, Azərbaycanda bilirsiniz, həm sünnilər, həm şiələr – hər iki məzhəbin nümayəndələri yaşayır. Məzhəblərarası münasibətlər baxımından da Azərbaycan nümunədir. Məsələn, əksər müsəlman ölkələrinə getsəniz, aydın görərsiniz ki, şiə məscidi ayrı, sünni məscidi ayrıdır. Azərbaycanda, çox şükür, məscidləri məzhəblərə görə bölməmişik. İstənilən şəxs istənilən vaxt, istənilən məscidə gedib ibadət edə bilər. Heç bir maneə yoxdur. Bu da Azərbaycan xalqının yüksək mədəniyyətinin təzahürüdür. Biz bunu qoruyub saxlamalıyıq. Əsas işimizdən biri də budur və bu da olmalıdır.

Azərbaycanın dini mühitinə xaricdən təsirləri, kənar təsirləri sıfıra endirmək bizim üçün əsas məqamlardan biridir. Çünki din sahəsində hər hansı xırda bir məsələ belə varsa, mütləq burada bir kənar təsir, ən azı kənar ideoloji müdaxilə var. Ona görə din sahəsinin sağlam qalması, Azərbaycan xalqının bu zənginliklərini qoruyub-saxlamağımız üçün kənar təsirləri sıfıra endirməliyik. Bu istiqamətdə digər aidiyyəti dövlət qurumları, o cümlədən hüquq mühafizə orqanları, QMİ ilə birgə kənar təsirləri azaldırıq, mənə elə gəlir ki, hazırda bu istiqamətdə uğurlarımız var. Əsas işimiz həm də yüksəkixtisaslı kadrlar yetişdirməkdir. O kadrlar ki, din sahəsində milli kadr olacaq, Azərbaycanın ziyalı kontingentinin tərkib hissəsinə çevriləcək. Azərbaycanlı  kimi düşünəcək, azərbaycanlı kimi yaşayacaq və Azərbaycan üçün çalışacaq. Əsas bunlara nail olmaqdır. Biz din xadimləri təyin edərkən onlarla centelmen şərt kəsirik. Təyin etdiyimiz din xadiminə deyirik ki, sizdən istədiyimiz bircə şeydir: Allaha xatir, Allah rızası üçün millətə, ümmətə xidmət, Vətənə, dövlətə sədaqət.  Sırf Allaha xatir, Allah rizası üçün ümmətə, millətə xidmət edən din xadimi Vətəninə, dövlətinə də sadiq oldusa, bizim bu sahədə demək olar ki, problemlərimiz qalmayacaq.