Şriftin ölçüsü:
Saytın rəngi:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun Lent.az saytına müsahibəsi:
─ Məlumdur ki, Azərbaycanda sentyabrın 1-dən Məhərrəm ayı başlayır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bununla bağlı hansı işlərin aparılmasını nəzərdə tutub?
─ Dövlət-din münasibətləri istiqamətində hökumətin siyasətini həyata keçirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin istənilən əlamətdar dini təqvimlə bağlı konkret fəaliyyət planı olur. İslamla bağlı ayin və mərasimlərin icrası da onlardan biridir. Məhərrəmliklə bağlı bizim əsas diqqətimiz bu mərasimlərin ölkə üzrə məscidlərimizdə Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun şəkildə həyata keçirilməsidir. Hər il QMİ bu mərasimlərlə bağlı tövsiyələrindən ibarət fətvasını açıqlayır. Fətvada məhərrəmlik mərasimlərinin mahiyyətinə uyğun təşkil edilməsi ilə yanaşı, xurafat elementlərindən uzaq, özünə bu və ya digər şəkildə zərər yetirmək kimi mənfi hallara yol verilmədən keçirilməsi nəzərdə tutulur. Fətvada qeyd olunur ki, qan çıxarmaq, zəncir vurmaq, özünə bu və ya digər şəkildə zərər yetirmək yolverilməzdir. Zaman göstərir ki, tədricən bu səpkili mərasimlərin keçirilməsinin humanizm nöqteyi-nəzərdən müsbətə doğru dəyişməsi baş verir. Məsələn, Şeyx həzrətlərinin təşəbbüsü ilə neçə illərdir ki, qan xəstəliklərindən əziyyət çəkənlər üçün qanvermə aksiyası təşkil olunur. Bu humanist addım öz mahiyyətinə görə əzadarlığın ən optimal variantlarından biridir. Bu baxımdan bizim qarşımızda duran əsas məsələ, bütün soydaşlarımızın, vətəndaşlarımızın qanunun tələbləri çərçivəsində Məhərrəmlik mərasimlərinin keçirilməsinə dəvət etməkdir.
─ İlin əvvəlindən bu günə kimi Azərbaycanda nə qədər zərərli dini ədəbiyyat aşkarlanıb? Aşkarlanan həmin dini ədəbiyyatın aqibəti necə olur?
─ Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən biri də dini ədəbiyyatlarla bağlıdır. Dövlət Komitəsinin müvafiq strukturu Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununun 22-ci və 29-cu maddələrini rəhbər tutaraq dini ədəbiyyat sahəsinin tənzimlənməsinə xüsusi əhəmiyyət verir. Belə ki, radikal, qeyri-ənənəvi və milli kimliyimizə zidd təbliğat aparan dini təriqətlərin təlimlərini yaymaq, tərəfdarlarını artırmaq, dini fəaliyyət sahəsində cərəyan edən proseslərə təsir etmək məqsədilə dini ədəbiyyatın ölkəyə idxalına, çapına və yayılmasına xüsusi önəm verdiklərini nəzərə alaraq, bu istiqamətdə qabaqlayıcı tədbirlər həyata keçirilir, ölkədə dini ayrı-seçkilik və qarşıdurma meyllərinin yayılmasına rəvac verilməməsi, dini dözümlülük mühitinə mənfi təsir göstərə biləcək ədavəti, nifrəti, ekstremizmi və radikallığı təbliğ edən dini təyinatlı ədəbiyyatın xaricdən ölkəyə gətirilməsi və nəşrinin qarşısının alınması məqsədilə müvafiq işlər görülür. Dini ədəbiyyatla bağlı Dövlət Komitəsi onların ölkəyə idxalına, ixracına və nəşrinə müvafiq razılıqların verilməsi ilə yanaşı, dini ədəbiyyatların ölkədə yayılmasına da nəzarət edir.
Ümumilikdə idxalla bağlı 2019-cu ilin yanvar-iyun ayları ərzində Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 1452 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınmışdır.
İl ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə nəşr olunmaq məqsədilə təqdim edilmiş 104 adda dini ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilmiş, onlardan 6-nin çapı məqsədəuyğun sayılmamışdır.
Bununla yanaşı, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına nəzarət markası ilə markalanması üçün 302 adda dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilmişdir.
Dini ədəbiyyatlara nəzarət prosesinin bir istiqaməti də hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilir. Belə ki, bu il ərzində hüquq mühafizə orqanları ilə birgə Respublikanın şəhər və rayonlarında dini ədəbiyyatın satışını həyata keçirən mağazalara və müvafiq obyektlərə baxışların keçirilməsi davam etdirilmiş və müvafiq razılıq alınmadan ölkəyə gətirilmiş və ya istehsal olunmuş zərərli dini ədəbiyyatın yayılmasının qarşısı alınmışdır.
Hüquq-mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 348 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallarına baxılaraq, onlardan 62 addasının zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilmişdir.
Ölkədə yayılması məqsədəuyğun olmayan dini ədəbiyyatların son aqibətini isə Azərbaycan Respublikasının məhkəmələrinin qərarları müəyyənləşdirir. İnzibati və ya cinayət məsuliyyəti yaradan dini ədəbiyyatla bağlı qanun pozuntusu zamanı məhkəmənin qərarı ilə dini ədəbiyyatlar müsadirə predmetinə çevrilir. Əksər hallarda məhkəmələrin müvafiq qərarları ilə müsadirə olunmuş qanunsuz dini ədəbiyyatlar Dövlət Komitəsində müvafiq saxlanca götürülür.
İdxalına razılıq verilməyən əbədiyyatlar isə gömrük orqanlarında saxlanca götürülür, ya idxal olunan ölkəyə geri göndərilir.