Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
22.09.2017 / Müsahibələr

Mübariz Qurbanlı:"Cənab İlham Əliyevin BMT-dəki çıxışı informasiya müharibəsində təcavüzkar Ermənistana ağır zərbədir"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı www.yap.org.az saytına müsahibə verib
 
- Mübariz müəllim, 2017-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunmuşdur. Artıq demək olar ki, ilin böyük hissəsi başa çatmaq üzrədir və Dövlət Komitəsi bu il ərzində bir çox tədbirlər həyata keçirib. Bununla əlaqədar olaraq “İslam Həmrəyliyi İli”ni necə qiymətləndirirsiniz?
 
- Öncə qeyd edim ki, Prezident cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması həm beynəlxalq, həm də regional səviyyədə çox böyük ictimai-siyasi, ideoloji əhəmiyyət daşıyır və zamanın çağırışlarına cavab verən mühüm bir addımdır. Hər bir dövrün müəyyən çağırışları olur və uzaqgörən liderlərin böyüklüyü də ondadır ki, bu çağırışlara da adekvat cavablar verilməsi üçün müvafiq qərarlar qəbul edirlər. Müasir dövrdə İslam dünyasının həmrəyliyə çox böyük ehtiyacı var. Bu həmrəyliyi yaratmaq, bununla bağlı müəyyən addımlar atmaq üçün belə bir çağırışın edilməsi çox böyük önəm daşıyır. İslam həmrəyliyi ideyası yalnız 2017-ci illə məhdudlaşmır, bu, uzaq perspektivə hesablanmış çağırışdır.
Bu gün həm ölkə daxilində, həm də xaricdə İslam həmrəyliyinin geniş şəkildə təbliğinə ehtiyac duyulur. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Sərəncamın icrasını təmin etmək məqsədilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi və digər qeyri-hökumət təşkilatları paytaxt Bakıda və regionlarda çoxsaylı tədbirlər keçirmişlər. Bu tədbirlər İslam mədəniyyətinin, ənənələrinin qorunması, təbliği və təşviqi, İslam dininin olduğu kimi dünya ictimaiyyətinə çatdırılması və ən əsası, İslamı gözdən salan dairələrin hərəkətlərinə qarşı arqumentlərin ortaya qoyulması işinə böyük töhfələr verdi və bu hazırda da davam etməkdədir. “İslam Həmrəyliyi İli”ndə IV  İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi təkcə idman yarışı olaraq xatirələrdə qalmadı, həmçinin İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı İslam ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması yolunda iri addımların atılmasına və bu sahədə müəyyən nailiyyətlərin əldə edilməsinə əvəzsiz təsir göstərdi. İslam dünyası nə qədər həmrəy olarsa, İslam dininə qarşı hücumlara kollektiv şəkildə cavab verər. Unutmamalıyıq ki, İslam həmrəyliyi bu sahədə bizim üçün yol xəritəsidir. Bu gün İslam həmrəyliyinin olması olduqca vacibdir. Çünki zaman sürətlə irəliləyir, dünyada qloballaşma prosesi gedir və bu proses ayrı-ayrı yerlərdə qarşıdurmalara səbəb olur.
 
- Şübhəsiz ki, 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunması ölkəmizdə dövlət-din münasibətləri modelinin ən yüksək göstəricisi kimi qiymətləndirilə bilər. Siz dövlət-din münasibətlərinin hazırkı vəziyyəti haqqında nə deyə bilərsiniz?
 
- Azərbaycan bütün dünyada tolerantlıq məkanı kimi tanınır. Ölkəmizdə dini etiqadından və mənsubiyyətindən asılı olmayaraq, hər kəsin vicdan azadlığı qorunur. Bu müddəa həm Konstitusiyamızda, həm də “Dini etiqad azadlığı haqqında” Qanunda əks olunmuşdur. BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir.
Təəssüflər olsun ki, din pərdəsi altında gizlənərək ölkəmizdə hökm sürən tolerant və multikultural şəraiti pozmağa cəhd göstərən bəzi radikal qruplar var. Onların məqsədi stabilliyi pozmaq, qorxu və xaos yaratmaq yolu ilə öz siyasi avantüralarını, ambisiyalarını həyata keçirməkdir. Dini radikal və ekstremist qrupların cəhdlərinə baxmayaraq, respublikamızda dini vəziyyət sabitdir və bu ifrat dini elementlər hədəf və məqsədlərinə nail ola bilməyiblər. Buna, əsasən, üç amil təsir göstərib.
Birincisi, Azərbaycanda tarixən mövcud olan, multikultural və tolerant ənənələrə əsaslanan, ənənəvi dini inanclara hörmətlə yanaşan və dövlət quruluşunda dünyəvi prinsiplərə üstünlük verən özünəməxsus dövlət-din münasibətləri modelidir. Bu modelin banisi isə Ulu Öndər Heydər Əliyevdir. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra din sahəsində gərginliyin azaldılması, dini vəziyyətin yaxşılaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və ölkəmizdəki tolerant mühitin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Dövlət-din münasibətləri sahəsində Ulu Öndərin əsasını qoyduğu bu müdrik siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İkincisi, xalqımız aqressiya, dözümsüzlük kimi xüsusiyyətlərdən genetik olaraq uzaqdır. Azərbaycan xalqı öz dini dəyərlərinə hörmətlə yanaşır, ehkamçı, fundamentalist yanaşma ona yaddır. Əksər müsəlman dövlətlərindən fərqli olaraq, ölkəmiz dünyəvi dəyərlərə bağlılığı ilə seçilir. Bu müsbət keyfiyyət Azərbaycan xalqının tolerant xarakterini ortaya qoymuş və onun özünəməxsus imicini müəyyənləşdirmişdir. Məhz bu səbəbdən yad dini ideologiyalar, ifrat dini çağırışlar cəmiyyətimiz tərəfindən qəbul olunmur, özünə sosial dayaq tapmır.
Üçüncüsü, respublikamızda dini sahədə sabitliyin qorunması istiqamətində kompleks işlər görülür. Din-dövlət münasibətlərini tənzimləyən qanunvericilik bazası daim təkmilləşdirilir, radikal və ekstremist qruplara qarşı həm hüquq-mühafizə orqanları, həm də Dövlət Komitəsi tərəfindən preventiv və profikaktik tədbirlər görülür. Eyni zamanda dini maarifləndirmə sahəsində mühüm işlər həyata keçirilərək respublikamızın ümumtəhsil məktəblərində, ali təhsil ocaqlarında, dövlət qurumlarında, cəzaçəkmə müəssisələrində zərərli dini ideologiyaların mahiyyət və niyyətlərini açıqlayan, onların təbliğat metodları və dini radikalizmin fəsadları haqqında geniş məlumat verən seminar-treninqlər, regional konfranslar keçirilir, eləcə də bu istiqamətdə tərəfimizdən broşürlər, kitablar buraxılır. 
 
- Bu gün dünyanın gündəmində olan ən aktual problemlərdən biri də dini radikalizm və ekstremizm problemidir. Dövlət Komitəsi Sizin rəhbərliyinizlə dini radikalizm və ekstremizmə qarşı mübarizə istiqamətində ardıcıl fəaliyyət həyata keçirir. Bu mübarizə hansı istiqamətdə və hansı əsaslarla aparılmaqdadır?
 
- Dövlət Komitəsi Dövlət Komitəsi digər məsələlərdə olduğu kimi, paytaxtda və bölgələrdə dini radikalizm və ekstremizmlə mübarizə mövzusunda geniş auditoriya üçün nəzərdə tutulan maarifləndirici tədbirlər keçirilir. Bu tədbirlər digər dövlət qurumları, eləcə də hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilir ki, bu da işin effektivliyinin artırılmasına xidmət edir.
 
- Komitə radikalizm və ektremizmin yayılma potensialı ilə bağlı müxtəlif təhlillər aparır. Təhlillərə əsaslansaq, bu təhdidlərin ölkəmizdə genişlənmə potensialı varmı?
 
- Müasir Azərbaycan Respublikasının din və siyasətin qarşılıqlı münasibətlərində üstünlük verdiyi model onların yanaşı yaşamasını nəzərdə tutur. Belə olduğu təqdirdə bu təhdidlərin ölkəmizdə yayılması mümkün deyil. Doğrudur, müəyyən xarici qüvvələr separatizm, dini radikalizm, ekstremizm kimi təhlükəli tendensiyaların ölkəmizə də inteqrasiya olunmasına cəhdlər edirlər. Azərbaycan dövlətinin ədalətli, əhalinin rifah və təhsil səviyyəsinin artırılmasına yönəldilmiş siyasəti, o cümlədən dini maarifləndirmə istiqamətində görülən işlər sayəsində ölkəmizdə dini fanatizm və radikalizmin vüsət almasına baza yoxdur. Çünki Azərbaycan kimi təhsil səviyyəsi yüksək, kasıblıq göstəricisi aşağı və ədalətlə idarə olunan dövlətlərdə vətəndaşlar dünyəvi, demokratik, liberal dəyərlərə, mötədil dini əqidələrə üstünlük verir, fundamentalist, ifratçı, dözümsüz ideologiyalara ikrahla yanaşırlar.
 
- Bir çox araşdırmalara görə, radikal fikirlərin insanlar arasında yayılmasının başlıca səbəblərindən biri də xurafatdır. Xurafatla mübarizə haqqında nə deyə bilərsiniz?
 
- Dini radikalizmin fəsadlarına baxdıqda xurafat və dinin siyasiləşməsi problemləri ilə qarşılaşırıq. Xurafat günümüzün bəlasıdır. İnsanların dini savadsızlığı, İslamı düzgün başa düşməmələri nəticədə onları radikallığa və ekstremizmə gətirib çıxarır. Bunları nəzərə alaraq, Dövlət Komitəsi xüsusən gənclər arasında xurafatın, eləcə də zərərli vərdişlərin, zərərli dini cərəyanların təbliğ etdiyi ideyaların yayılmaması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Eləcə də bu mövzularda mütəmadi olaraq mətbu orqanlarda və KİV-də maarifləndirici çıxışlar edir.
 
-Maarifləndirmə bütün sahələrdə olduğu kimi, dini sahədə də mühüm rol oynayır. Maarifləndirmənin effektivliyini artırmaq üçün hansı tədbirlər görülə bilər?
 
-Doğru qeyd etdiniz, maarifləndirmə dini sahədə olduqca mühüm rol oynayır. Maarfləndirmənin əsas məqsədi insanlara doğru məlumatlar çatdırmaq, baş verən hadisələrin, gedən proseslərin mahiyyəti, real və potensial təhlükələr barədə onları xəbərdar etməkdir. Maarifləndirmənin effektivliyi bu prosesi birbaşa həyata keçirən mütəxəssislərin peşəkarlığı, hədəf qrupunun düzgün seçilməsi ilə yanaşı, insanların bu məsələdə maariflənmək istəkləri ilə də sıx bağlıdır. Çünki bəzən elə olur ki, zərərli dini cərəyanların təsiri altına düşmüş şəxslər onların təlimlərinə, irəlü sürdükləri ideyalara məntiqin süzgəcindən keçirmədən fanatik formada inanırlar. Belə insanları inandırmaq, cəmiyyətə yenidən qazandırmaq vacib olduğu qədər mürəkkəb olduğundan, həmişə uğur qazanmaq mümkün deyil.
Ümumiyyətlə, dini maarifləndirmə birbaşa və dolayı formalarda təşkil olunur. Eyni zamanda dini maarifləndirmə tədbirləri həm də preventiv xarakter daşıyır. Bu baxımdan, belə tədbirlərin əhatə dairəsinə cəmiyyətin həssas təbəqəsi ilə yanaşı, təhsil müəssisələrini, ordu birləşmələrini, xüsusilə gənclərin üstünlük təşkil etdiyi kollektivləri daxil etmək olar.
Dini marifləndirmənin effektivliyinin artırılmasında maarifləndirici xarakterli nəşrlərin hazırlanması və cəmiyyətin müvafiq təbəqəsinə təqdim edilməsi də böyük önəm daşıyır. Dövlət Komitəsi tərəfindən xüsusilə son illər xeyli belə maarifləndirici materiallar, kitab, jurnal, qəzet kimi çap məhsulları ilə yanaşı, sənədli filmlər də hazırlanıb. Onların cəmiyyətə çatdırılmasında tədbirlərlə yanaşı, televiziya, radio, mətbuat, sosial şəbəkələr kimi bir çox təbliğat vasitələrindən istifadə edirik.
 
- Dini icmaların və din xadimlərinin maarifləndirmə sahəsindəki fəaliyyətini necə qiymətləndirirsiniz?
 
- Hazırda ölkədə dini maarifləndirmə istiqamətində intensiv işlər görülür. Bu sahə ilə əvvəllər əsasən din xadimləri, dini icma üzvləri, ilahiyyatçılar məşğul olurdusa, hazırda onların sıraları xeyli genişlənib. Çünki bu, zamanın tələbidir. Dövlət Komitəsi dini maarifləndirmə istiqamətində Qafqaz Müsəlmanları İdarəsi ilə səmərəli əməkdaşlıq şəraitində işləyir. Biz birlikdə həm ölkə daxilində, həm də xaricdə tədbirlər təşkil edirik.  Bu da öz bəhrəsini verir, çünki bəzən insanları maraqlandıran müəyyən məsələlərin  şərhini  məhz din xadimləri verə bilərlər, bəzən də bu, dövlət qurumlarının üzərinə düşür. Nəzərə alsaq ki, müasir dünyada dinə  təkcə etiqadi nöqteyi-nəzərdən yanaşılmır, ondan mahiyyətinə uyğun olmayan başqa məqsədlərlə də istifadə edilir. Ona görə də, həm dinin öz ilahi təyinatına uyğun müqəddəsliyinin qorunması, həm də ondan hansısa destruktiv məqsədlər üçün istifadə olunmasının qarşısının alınması üçün təkcə din xadimləri yox, bütün cəmiyyət  əl-ələ verməlidir. Çox təqdirəlayiq haldır ki, ölkəmizdə məhz belə əməkdaşlıq mühiti mövcuddur.
Konkret sualınıza gəldikdə isə, din xadimləri, dini icma üzvləri də aktiv dini maarifləndirmə prosesində iştirak edirlər. Misal üçün, ölkəmizin Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən, 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılmış 2.5 milyon manat vəsait hesabına ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalar çoxsaylı tədbirlər həyata keçirirlər. Təkcə 2017-ci ilin 8 ayı ərzində dini icmalar tərəfindən 650-dən artıq maarifləndirici tədbir baş tutub və bu proses davam edir.
Maarifləndirmə ilə məşğul olan hər kəs öz üzərində daim işləməli, peşəkarlıq keyfiyyətlərini artırmalı, çatışmazlıqlarını aradan qaldırmalıdır. Onların fəaliyyətinin effektivliyi bir çox amillərdən asılıdır. Burada təhsil səviyyəsi, dini elmlərlə yanaşı, dünyəvi elmlərdən də xəbərdar olması, mənəvi keyfiyyətləri, özünüifadə qabiliyyəti, müasir dünyada baş verən prosesləri düzgün qiymətləndirmə bacarığı kimi vacib falktorlar əsas rol oynayır. Din xadimləri, dini icmalar da fəaliyyətlərinin effektivliyi üçün bunu daim nəzərə almalıdırlar.
 
- Komitənin ideoloji sahədə uğurlu addımlarından biri də “Fitnə” sənədli filmi oldu. Həm paytaxt, həm də regionlarda film geniş tamaşaçı kütləsinə nümayiş etdirildi. Müasir gənclərin vizual görüntüyə daha çox üstünlük verdiyini nəzərə alaraq, bu istiqamətdə yeni addımlar atılırmı?
 
- Qeyd edim ki, böyük tamaşaçı kütləsinin rəğbətini qazanmış “Fitnə” filminin bir növ davamı kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbçilərimizin xatirəsinə həsr olunan, həmçinin bir sıra xarici ölkələrdə ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşərək, dini fanatizm və radikalizmin təsirinə məruz qalmış şəxslərdən, eləcə də onların ailələrinin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün təhlükəsindən bəhs edən “Şəhadət” adlı sənədli filmi çəkilmişdir. Ümidvaram ki, radikalizm və ekstremizm kimi meyillərə qarşı preventiv xarakter daşıyan “Şəhadət” filmi də “Fitnə” kimi gənclərimizin əsl vətənpərvər kimi yetişməsində müsbət təsirini göstərəcək.
 
- İnsanların dini təfəkkürünün formalaşmasında dini təyinatlı ədəbiyyatların rolu danılmazdır. Dövlət Komitəsi ölkədə bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumudur. Hazırda dini təyinatla bağlı hansı tendensiyalar müşahidə olunur?
 
- “Dini etiqad azadlığı haqqında” Qanunun 22-ci maddəsinə əsasən, dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə dini təyinatlı ədəbiyyatı, əşyaları, dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə sərbəst yaya bilərlər.
Hər kəs Dövlət Komitəsi tərəfindən idxalına və ya çapına razılıq verilmiş, eləcə də nəzarət markası vurulmuş dini kitabı yaya bilər. Amma bu ictimai asayişin pozulması cəhdi, o cümlədən vətəndaşlara narahatlıq yaradılması ilə müşahidə olunmamalıdır.
Əvvəlki illərlə müqayisədə zərərli dini ədəbiyyatların satışı, istehsalı və idxalı xeyli dərəcədə azalıb. Bu istiqamətdə görülmüş inzibati və profilaktik işlər öz bəhrəsini verib. Amma bu o demək deyil ki, bu gün hər hansı dini qrup zərərli dini ədəbiyyatı nəşr etmək və ya idxal edərək yaymaq istəmir. Bəzən dini ədəbiyyatların nəşri ilə bağlı Dövlət Komitəsinə müraciət edilərkən orada zərərli fikirlər aşkar edilir. Mütəxəssislər yalnız bu fikirlərin kitabdan çıxarılacağı təqdirdə kitabın nəşrinə razılıq verirlər, əks halda bu səpkili kitabların nəşrinə razılıq verilmir.
Bu gün radikal dini təmayüllü qruplar öz düşüncələrini daha çox elektron resurslardan istifadə etməklə yaymağa çalışır. Dövlət Komitəsi bu istiqamətdə də monitorinqlər aparır və belə faktlar aşkarlandığı zaman müvafiq qurumlara məlumat verilir.
Dini kitabların küçədə satılmasına gəlincə, bu, yolverilməzdir. Çünki “Dini etiqad azadlığı haqqında” Qanunun 22-ci maddəsinə görə, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə yaradılmış ixtisaslaşmış satış məntəqələri (dini mağaza) vasitəsilə həyata keçirilir.
Yaxşı olar ki, vətəndaşlar dini ədəbiyyatın yayılması halı ilə qarşılaşdıqda, ilk növbədə, həmin kitaba nəzarət markası vurulub-vurulmadığına baxsınlar. Əgər dini ədəbiyyat son illər istehsal olunubsa və ona nəzarət markası vurulmayıbsa, deməli, qanunsuzdur. Əgər nəzarət markası vurulubsa, amma müvafiq razılıq almayan satış məntəqələrindən kənarda satılırsa, bu da qanun pozuntusudur. Dini kitabın satılması yalnız razılıq almış dini mağazalar vasitəsilə həyata keçirilməlidir. Lakin bu gün bəzi dini mağazalar hələ də müvafiq razılıq almayıblar. Bu səbəbdən bu il ərzində onlarla belə mağaza inzibati qaydada cərimələnib.
Əvvəllər dini qanunvericilik sahəsində inzibati hüquq-pozmaları müxtəlif qurumlar rəsmiləşdirirdisə, indi bu səlahiyyət Prezidentin müfaviq Fərmanı ilə Dövlət Komitəsinə verilib. Din sahəsində istənilən inzibati xarakterli qanun pozuntusu Dövlət Komitəsinin əməkdaşları tərəfindən protokollaşdırılıb məhkəməyə göndərilir.
Dini ədəbiyyat sahəsində mövcud problemlərin önündə yerli müəlliflərin azlığı dayanır. Təəssüf ki, ölkəmizdə bu illər ərzində ilahiyyatı nəzəri cəhətdən mənimsəmiş mütəxəssislərimiz olsa da, onların kitab yazmaq həvəsləri nədənsə yoxdur. Dövlət Komitəsi bu istiqamətdə də iş görür. Son illər Dövlət Komitəsinin maddi dəstəyi ilə onlarla dini maarifləndirici xarakterli ədəbiyyatlar nəşr olunub. Bu ədəbiyyatlar əhali arasında yayılır. Mövzuları əsasən dini radikalizmə qarşı mübarizənin, İslam həmrəyliyinin təbliği, milli-mənəvi dəyərlərimizin, o cümlədən ölkədəki tolerantlıq mühitinin tərənnümüdür.
Dini məlumatlar sağlam dini ədəbiyyatlardan istifadə edilməklə alınmalıdır.
 
- Bu gün həm radikalizm, həm də xurafatla mübarizədə elm və təhsilin böyük təsiri var. Xüsusilə gənclərin və məktəblilərin dinlər haqqında düzgün məlumatlandırılması, onların radikal təsirə məruz qalmaması üçün təhsil sistemində hansı yeniliklər edilə bilər? Bununla bağlı təkliflər varmı?
 
- Dövlət Komitəsi yeniyetmə və gənclərin ifrat dini ideologiyaların və zərərli dini ideyaların təsiri altına düşməməsi üçün respublikanın ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında dini maarifləndirmə işi apararaq mütəmadi seminar-treninqlər keçirir. Həmin seminar-treninqlərdə zərərli dini cərəyanların və destruktiv təriqətlərin mahiyyəti açıqlanır, onların təbliğat metodları haqqında geniş məlumat verilir. Müşahidələr də onu göstərir ki, bu maarifləndirici silsilə tədbirlər şagird və tələbələr tərəfindən çox maraqla qarşılanır.
Təhsil sistemində yeniliklərin edilməsi ilə bağlı sualınıza gəlincə, bildiyiniz kimi, Azərbaycanda orta məktəblərdə “Həyat bilgisi” adlı fənn tədris olunur. Bu fənn çərçivəsində dünya dinləri və dini inanclar barədə ümumi məlumat verilir. Lakin o da bir reallıqdır ki, bu məlumatlar yetərli deyildir. Ona görə də mütəxəssislərlə aparılan fikir mübadiləsi zamanı belə bir qənaətə gəlinib ki, "Həyat bilgisi" dərsliyində dinlə bağlı biliklər daha geniş şəkildə verilsin. Fikrimizcə, gənclərimizin dövlətçiliyimizə və xalqımızın milli maraqlarına zidd olan radikal dini çağırışların, dini dözümsüzlük təbliğ edən ideyaların, dini ayrı-seçkilik yaradan prinsiplərin təsiri altına düşməməsi üçün “Həyat bilgisi” dərsliyinin zənginləşdirilməsi faydalı olacaqdır.
Gənclərin radikal təmayüllərin təsiri altına düşməməsi üçün başqa təkliflər irəli sürülür. Belə təklif var ki, orta ümumtəhsil məktəblərində, xüsusilə yuxarı sinif şagirdləri üçün "Dünya dinləri", "Din və cəmiyyət" və ya "Din və mədəniyyət" kimi fənn tədris olunsun. Bu ad şərtidir. Fənnin əsas məqsədi şagirdlərə dünya dinləri haqqında, eyni zamanda radikal dini qruplar, cərəyanlar, onları yaradan səbəblər, dini radikalizmin nəticələri və fəsadları barədə ətraflı bilgi verməkdir. Bunlar qatı dini idealogiyalardan uzaq durmaq və onların psixoloji manipulyasiyalarına uymamaq üçün  şagirdlərə həyatları boyu lazım ola biləcək bilgilərdir.
 
- Yeri gəlmişkən, bəzən dırnaqarası din alimlərinin müxtəlif absurd fikirlər ehtiva edən fətvaları, habelə gəncləri milli mənəvi dəyərlərimizə zidd dini təbliğata cəlbetmə cəhdləri müşahidə edilir. Bununla bağlı dini biliklər öyrənmək istəyən gənclərimizə nə məsləhət görərdiniz?
 
- Gənclərimizə məsləhətim odur ki, əsas diqqəti təhsilə yönəltsinlər və asudə vaxtlarını səmərəli keçirsinlər, zərərli vərdişlərdən uzaq olsunlar. Dini mahiyyətindən uzaq formada təbliğ etməyə çalışan insanlarla ünsiyyətdən yayınsınlar. İslamı yalnız Qurani-Kərimin ayə və surələri çərçivəsində öyrənsinlər. Eyni zamanda yalnız Dövlət Komitəsinin razılığı ilə çap olunmuş dini ədəbiyyat nümunələrindən istifadə etsinlər. Bu qaydalara riayət edən gənc dinin, eləcə də dövlətimizin tələb etdiyi əsl vicdanlı müsəlman və vətəndaş kimi yetişə bilər.
 
- Son olaraq bu gün artıq hicri-qəməri təqvimlə Məhərrəm ayı başlayır. Bununla bağlı bir neçə gün öncə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının müvafiq fətvası oldu. Sizin dindar insanlara Məhərrəm ayı ilə əlaqədar olaraq hansı tövsiyələriniz var?
 
- Hər şeydən öncə, İslam dinində müqəddəs aylardan sayılan Məhərrəm ayı, xüsusilə də Aşura günü zamanı ifrat hərəkətlərə yol verməməyi və mövcud qanunvericiliyin tələblərinə riayət etməyi tövsiyə edirəm. Qeyd edim ki, Azərbaycanda məscidlərdə bu və ya digər ayinlər həyata keçirilərkən Qafqaz Müsəlmanları İdarəsinin tətbiq və təqdim etdiyi təqvimə əməl olunmalıdır. Bu təqvimdən kənara çıxmaq olmaz. Çünki Azərbaycan Respublikasında İslam dini qurumları öz tarixi dini mərkəzində - Qafqaz Müsəlmanlar İdarəsində birləşirlər və bu dini mərkəz tərəfindən tərtib olunan təqvimlər bütün dini icmalar üçün keçərlidir. Məzhəbindən asılı olmayaraq, hər kəs bu təqvimlərə əməl etməlidir.
Xatırladım ki, müxtəlif dini atributları məsciddən kənarda nümayiş etdirmək olmaz. Xüsusilə də bədənə xəsarət yetirmək, zəncir vurmaqla qan çıxarmaq və ya qan çıxarma ilə müşayiət olunan bədənə işgəncə vasitələrindən istifadə etmək yolverilməzdir. Komitənin yerlərdəki şöbələri qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı monitorinqlər keçirəcək. Əgər hər hansı pozuntular olsa, onunla əlaqədar müvafiq tədbirlər görüləcək. Əminəm ki, hamı bu qanuna əməl edəcək. Nəzərinizə çatdırım ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən yerlərdə Məhərrəm ayının keçirilməsi ilə bağlı mütəmadi izahat və maarifləndirmə işləri aparılır.
Bəzən belə fikir səsləndirilir ki, guya əzadarlıq zamanı mikrofondan istifadə etmək qadağandır. Xeyr, buna məhdudiyyət qoyulmayıb. Amma burada bir önəmli məqama diqqət çəkmək istərdim. Belə ki, əgər iki məscid arasında məsafə azdırsa, əzadarlıq zamanı səs gücləndiricilərdən ehtiyatla istifadə edilməlidir, çünki səs başqa məsciddə gedən əzadarlıq mərasiminə maneçilik törədə bilər. Bir sözlə, əzadarlıq mərasimləri keçirərkən diqqətli olmağa və heç kimi narahat etməməyə səy göstərməliyik.
Sonda hər il Məhərrəmlik ayı zamanı Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə talassemiya və hemofiliya xəstələri üçün keçirilən ənənəvi qanvermə aksiyası kimi xeyirxah işdə dindarları fəal iştirak etməyə çağırmaq istərdim.
 
- Mübariz müəllim, bir məsələyə də münasibətinizi bilmək istərdik. Məlum olduğu kimi, bir neçə gün öncə BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi. Dövlətimizin başçısının çıxışı Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq miqyasda ifşa olunması baxımından nə dərəcədə əhəmiyyət kəsb edir?
 
- Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə tərəfdarıdır və buna görə də danışıqlar prosesinin davam etməsində maraqlıdır. Azərbaycan tərəfi müxtəlif səviyyələrdə, o cümlədən, BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın təcavüzkar siyasəti ilə bağlı mövqeyini bildrir və işğalçı dövlətin münaqişənin sülh yolu həllində maraqlı olmadığını bəyan edir. Eyni zamanda, mövqeyimiz bundan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti qaneedici deyil və Azərbaycan xalqı həmsədrlərin fəaliyyətindən narazıdır. Çünki sülh prosesində hər hansı irəliləyiş yoxdur.
BMT Baş Assambleyasının 72-ci sessiyasında Prezidentimiz cənab İlham Əliyevin çıxışı həm Ermənistan, həm də beynəlxalq birlik üçün ciddi mesajdır. Dövlətimizin başçısı bildirdi ki, Ermənistana təzyiq göstərilməli və Ermənistanın təcavüzkar dövlət kimi işğal etdiyi torpaqlardan çıxması təkidlə tələb olunmalıdır. Bunun üçün isə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri icra olunmalıdır.   Azərbaycan tərəfi münaqişənin tezliklə beynəlxalq hüquq normalarına uyğun və ədalətli şəkildə həllinin tərəfdarıdır. Münaqişənin hələ də həll olunmaması və beynəlxalq birlik tərəfindən bunun üçün səylərin güclənməməsi Azərbaycan cəmiyyətində narazılıqla qarşılanır. İşğalçı Ermənistan müxtəlif bəhanələrlə status-kvonu saxlamağa çalışır. Ölkəmiz isə belə vəziyyətin davam etməsini qəbuledilməz sayır. Ona görə də, beynəlxalq birlik, o cümlədən BMT, ATƏT və digər beynəlxalq qurumlar konkret nəticələrə hesablanmış addımlar atmalıdırlar.
Ermənistanın prezidenti də BMT-də şər və böhtan dolu çıxış etdi. Sarkisyan mövcud reallıqları təhrif etməyə cəhd göstərdi və Azərbaycana qarşı iftiralar atmaqla saxta çıxış etdi. Amma erməni yalanları artıq dünyada ciddi qəbul olunmur. Prezident İlham Əliyevin BMT-də çıxışı isə bir daha informasiya müharibəsində təcavüzkar Ermənistana ağır zərbə oldu.