Şriftin ölçüsü:
Saytın rəngi:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlının yap.org.az saytına müsahibəsi:
-Mübariz müəllim, 2019-cu il artıq başa çatmaq üzrədir. Sizcə, bu il sosial-iqtisadi inkişaf baxımından Azərbaycan üçün hansı uğurlarla yadda qaldı?
- Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz 2019-cu ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdi, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi. Cari ilin əvvəlindən sosial istiqamətdə böyük addımlar atılmağa başladı. Fevralda ilk böyük sosial paket qəbul edildi və martın 1-dən minimum əməkhaqqı, minimum pensiyalarda ciddi artımlar oldu, bütün müavinətlər artırıldı, yeni müavinət növlərinin tətbiqinə başlanıldı, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin maaşları artırıldı. İlin ortasında ikinci sosial paketin qəbulu haqqında da sərəncam verildi ki, sentyabrdan qüvvəyə minən dəyişikliyə əsasən, pensiya, maaşlar yenidən artdı. Nəticədə minimum əməkhaqqı il ərzində artırılaraq 250 manata, minimum pensiya isə 200 manata çatdı. Bundan başqa, ayrı-ayrı sahələrdə əməkhaqqlarında növbəti addımlar həyata keçirildi.Hələ indiyə qədər Azərbaycanda bir ilin ərzində əməkhaqqı və pensiyaların bu qədər artırılması, iki sosial paketin həyata keçirilməsi faktına rast gəlinməmişdi. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyir. Bunun ən başlıca səbəbi Azərbaycanda həyata keçirilən siyasətin xalqın mənafeyini tam ifadə etməsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qətiyyətli siyasət davam etdirilir. Ölkəmizdə bütün sahələr üzrə yüksək inkişaf əldə olunub, əhalinin rifah halı yüksəlib, regionların siması əhəmiyyətli dərəcədə dəyişib və bu dəyişiklik hər bir vətəndaşımızın həyatına müsbət təsir göstərib.
Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Azərbaycan bu gün həm regionda, həm də beynəlxalq müstəvidə öz yeri, rolu və xüsusi çəkisi olan ölkədir. Respublikamızın beynəlxalq təşkilatlarda da nüfuzu çox yüksəkdir, Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik edir, bu, ölkəmizin çox mühüm diplomatik nailiyyətidir. Azərbaycanın beynəlxalq müstəvidə əməkdaşlıq və təhlükəsizliyi verdiyi fundamental töhfələrdən bəhs edərkən ölkəmizin iqtisadi baxımdan bölgədə həlledici rola malik olduğunu xüsusi vurğulamaq lazımdır. Bunun əyani ifadəsi kimi ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşdırılan qlobal xarakterli layihələrin nəticələrini göstərmək olar.
-Bu il Azərbaycanda Preizdent İlham Əliyev tərəfindən genişmiqyaslı islahatlar həyata keçirildi. Bu islahatlar ölkəmizin perspektiv inkişafı üçün nələr vəd edir?
- Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Bununla yanaşı, ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir, ölkəmizin qüdrətinin daha da artmasına xidmət edən mühüm addımlar atılır. Son zamanlar Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən tədbirlər sosial, iqtisadi və digər sahələri əhatə edən islahatların davamlı xarakter daşıdığını göstərir. Yəni bütün bu tədbirlər uzunmüddətli islahatlar paketinin tərkib hissəsidir. Vətəndaşların rifahını başlıca vəzifəsi hesab edən Prezident İlham Əliyev onların sosial, iqtisadi əmin-amanlıqlarını qorumağa çalışan bir sistem yaratmaq məqsədinə nail olmaq üçün cəmiyyətin bütün sferalarında ciddi islahatlar aparır.
Son günlərini yaşadığımız il Prezidentimiz tərəfindən həyata keçirilən struktur və kadr islahatları ilə yadda qaldı. İdarəetmədə səmərəliliyi artırmaq məqsədilə islahatlar bu sahəni də əhatə etdi. Dövlət başçısı tərəfindən qarşıya qoyulan iqtisadi, sosial məsələlərə nail olmaq məqsədilə idarəetmə sahəsində də yeni yanaşmanın tətbiqi vacib sayılırdı. Ona görə də, islahatların davamı kimi 2019-cu ildə struktur islahatları da dərinləşdi, kadr dəyişikliklərinə başlandı. Bu gün Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir. Bu siyasət xalqın mütləq əksəriyyəti tərəfindən birmənalı şəkildə müdafiə olunur.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyi, daxili və xarici siyasət kursu Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında çox böyük uğurla davam edir. Sosial iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması siyasətinin bundan sonra da həyata keçirilməsi daha geniş hədəflərin müəyyənləşməsini və daha dərin islahatların aparılmasını zərurətə çevirir.
-2019-cu il eyni zamanda Azərbaycanın beynəlxalq müstəvidə bir sıra uğurları ilə yadda qaldı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərakatının növbəti Zirvə görüşlərinin Bakıda keçirilməsi, TANAP-ın Avropaya birləşən hissəsinin açılış mərasimi və s. buna misaldır. Bütövlükdə, bu hadisələrin önəmi haqqında fikirlərinizi bilmək istərdik...
- Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri dünyada sülhün və təhlükəsizliyin təmin olunmasıdır. Odur ki, Prezident İlham Əliyev düşünülmüş, uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində də keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub.
2019-cu il Azərbaycan üçün beynəlxalq təşkilatlar və regional təşkilatlarla əməkdaşlıq baxımından da uğurlu il olub. Azərbaycanın BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, GUAM, Türkdilli Dövlətlərlə Əməkdaşlıq Şurası, Şanxay Əməkdaşlıq Təşkilatı və sair təşkilatlarla sıx əməkdaşlıq edib.
Dövlət başçısının da çıxışlarında qeyd etdiyi kimi 2019-cu il xarici siyasət sahəsində də böyük uğurlar əldə edilib. Ənənəvi tərəfdaş ölkələrlə əlaqələr yüksək pilləyə qalxıb, qonşu ölkələrlə bir çox birgə təşəbbüslər irəli sürülüb, bir çox önəmli razılaşmalar əldə edilib. Ötən il ölkəmiz bir çox önəmli beynəlxalq tədbirlərə ev sahibliyi edib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilib ki, bildiyiniz kimi Azərbaycan bu təşkilatda çox fəal rol oynayır və təşkilata sədrlik 1 illik Azərbaycana keçib. Həmçinin, ölkəmiz bu il çox mühüm bir tədbirin təşkilatçılığına öz layiqli imzasını atıb. Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycanda keçirilib. Azərbaycan BMT-dən sonra ikinci böyük beynəlxalq təsisata 120 ölkənin yekdil qərarı ilə 3 il ərzində sədrlik edəcək. Bu ölkəmiz üçün çox böyük uğurdur. Bu onu göstərir ki, Azərbaycana çox böyük hörmət və böyük rəğbət var. Azərbaycan qarşıdakı 3 il ərzində belə bir mötəbər təşkilata rəhbərlik etdiyi müddətdə üzv ölkələrlə ikitərəfli əlaqələrinin möhkəmləndirilməsi ilə yanaşı, əsas problem olan Qarabağ münaqişəsinin həlli istiqamətində də tam dəstəyin əldə edilməsinə çalışacaq. Artıq Qoşulmama Hərəkatına üzv ölkələr Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini birmənalı şəkildə müdafiə edərək, münaqişənin ancaq ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq prinsiplərinə əsasən həllini dəstəkləyirlər. Hərəkat bu mövqeyini Bakıda keçirilən növbəti Sammitində bir daha bəyan edib.
Bu il eyni zamanda, Türkiyənin Ədirnə vilayətində TANAP layihəsinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi baş tutdu. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən biri və Avropanın enerji təhlükəsizliyində mühüm amil olan TANAP - Transanadolu qaz boru xətti layihəsi çox mühüm beynəlxalq iqtisadi əhəmiyyət kəsb edir. Bu çərçivədə Azərbaycan qazının nəqlinə başlanması Avropaya mavi yanacağın tədarükünün şaxələndirilməsinə imkan yaradacaq, Azərbaycanın enerji təhlükəsizliyini daha da gücləndirəcək, eyni zamanda bölgənin beynəlxalq enerji bazarına daha da inteqrasiyasını təmin edəcək.
Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib.Yürüdülən siyasət nəticəsində Bakı dünyanın dialoq mərkəzlərindən birinə çevrilib. Davamlı olaraq Azərbaycanda dünyanı narahat edən müxtəlif humanitar problemlərin həlli istiqamətində beynəlxalq səviyyəli toplantılar keçirilərək müzakirə olunur.
-Azərbaycan bütün dünyada sivilizasiyalararası, dinlərarası dialoq məkanı və mərkəzi kimi tanınır. Bu istiqamətdə cari ildə də ölkəmizdə mühüm beynəlxalq tədbirlər keçirilib. Azərbaycanın tolerantlıq məkanı kimi beynəlxalq müstəvidə artan nüfuzu barədə nə deyə bilərsiniz?
- Qeyd edim ki, mədəniyyətlərarası əlaqələr prosesində özünəməxsus mövqeyi ilə seçilən Azərbaycanda multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bütün sahələrdə inkişaf tempinə görə ölkəmizi dünyanın lider dövlətinə çevirən, ən əsası dövlət maraqları, xalqın mənafeləri, həmçinin bəşəri dəyərləri əsas götürən praqmatik siyasi kursun hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda multikultural mühitin möhkəmlənməsi, o cümlədən tolerantlıq ənənələrinin güclənməsinə də öz həlledici töhfələrini verməkdədir.
Son illər respublikamız Prezident İlham Əliyevin birbaşa öz təşəbbüsü və iştirakı ilə çoxlu sayda sivilizasiyalararası dialoqla əlaqədar beynəlxalq tədbirlərin keçirildiyi unikal məkana çevrilib. Azərbaycan son on ildə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlar düzənləyib, beynəlxalq qurumların toplantılarına ev sahibliyi edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi belə mötəbər tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın qədim dinlərarası ənənələrindən irəli gəlir: "Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır...”
Beynəlxalq tədbirlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi heç də təsadüfi deyil. Bu hər şeydən əvvəl, Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycanın beynəlxalq imicinin artması ilə bağlıdır. Bu məsələdə dünyada cərəyan edən hadisələr fonunda ölkəmizdə hökm sürən sabitlik də mühüm rol oynayır. Fəxrlə deyə bilərik ki, bu gün beynəlxalq aləmdə Bakı şəhəri ilə bağlı iki ifadə tez-tez işlədilir: mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi və tolerantlığın təşviqi üzrə Bakı prosesi. Bakıda toplaşıb bəşəriyyətin qarşısında duran bu və ya digər problemlə bağlı fikir mübadiləsi aparmaq imkanı qazandıran beynəlxalq tədbirlərlə əlaqədar gələn qonaqlar ölkəmizlə əyani tanış olur və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vasitəçilik edirlər.
-Mübariz müəllim, 2019-cu il Yeni Azərbaycan Partiyası üçün hansı uğurlarla yadda qaldı?
-Azərbaycan Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dinamik inkişaf edir, mütəmadi olaraq çox mühüm nailiyyətlər əldə edir. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu, Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası da Azərbaycanın inkişafına öz layiqli töhfəsini verir. Ümumiyyətlə, YAP öz fəaliyyətini Heydər Əliyev ideyaları əsasında davam etdirir, Heydər Əliyev yolu ilə irəliləyir. Prezidentin siyasətinin həyata keçirilməsi və təbliğində aparıcı - avanqard rol Yeni Azərbaycan Partiyasına məxsusdur.
Prezidentimiz İlham Əliyev cəmiyyətin sosial-psixoloji impulslarını dəqiqliklə müşahidə edir, ölkədəki ictimai-siyasi durumu düzgün araşdırır, əhalinin mənəvi ovqatını, daim yenilənən baxış və gözləntilərini aydın müəyyənləşdirir. Bunlara əsasən də strateji hədəflərini, taktiki gedişlərini, idarəçilik aparatını davamlı təkmilləşdirir və Azərbaycanda misli görünməmiş dəyişikliklərə müəlliflik edir. Prezidentin vizyonu 10-30 il sonrakı Azərbaycanının soisal-iqtisadi, ictimai-siyasi mənzərəsini formalaşdırır. Liderin bu vizyonu - gələcəyə baxış konsepti çoxşaxəli olduğu qədər də konkret və məqsədyönlüdür. Özü də yalnız iqtisadi, siyasi aspektdə deyil, məğzində milli dəyərlər sistemi olan geniş mənəvi spektri əhatə edir. Cənab İlham Əliyev zamanın nəbzini tutur və Azərbaycanı bu impulslara zərər çəkilmədən kökləyir. Həm dövlətini və xalqını müasir meyillərə böyük sürətlə yönləndirir, həm də elə bu dinamizmlə milli identifikliyin sütunlarını möhkəmləndirir.
2019-cu ilin ən mühüm və əlamətdar hadisələrindən biri Prezident İlham Əliyevin həyata keçirdiyi islahat konsepsiyasına Yeni Azərbaycan Partiyasının da öz dəstəyini nümayiş etdirməsi oldu. İslahatların tamlığı və ahəngdarlığının təmin edilməsi onun sistem şəklində həyata keçirilməsini tələb edir. Başqa sözlə desək, icra və məhkəmə hakimiyyəti ilə yanaşı, qanunverici hakimiyyət sahəsində də islahatların keçirilməsi obyektiv zərurətə çevrildi. Cəmiyyətdə qanunverici hakimiyyət sahəsində yeniləşməsi, parlamentin qanunyaratma fəaliyyətinin daha təkmilləşdirilməsi, ümumiyyətlə parlamentin öz işini islahatlar strategiyasına uyğun olaraq təşkil etməsini nəzərə alaraq Parlamentin buraxılması və 2020-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar verdi. Eləcə də, dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində əldə olunan nəticələr partiyamızın il ərzində qazandığı əsas uğurlardan biridir. Nəticə etibarilə, Azərbaycanda 2019-cu ilin mənzərəsi müsbət xarakterlidir, cari ildə bütün sahələrdə möhtəşəm nailiyyətlərin qazanılması ölkəmizin qüdrətinin daha da artmasını təmin edib, qarşıda yeni perspektivlər açıb.
-Prezident İlham Əliyev dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib. Dövlətimizin başçısı mərasimdə dərinməzmunlu nitq söyləyib. Bu barədə də fikirlərinizi bilmək istərdik...
- Ulu Öndər Heydər Əliyev çıxışlarının birində “kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik işdir, çünki xalqın sağlamlığına bizim dövlət həmişə böyük əhəmiyyət vermişdir və indi də verir” demişdir. Azərbaycanın hərtərəfli inkişafı üçün idman potensialının güclənməsi çox böyük əhəmiyyət daşıyır. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bunun təməlində məhz cənab Prezidentimiz İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğı dayanır.
Ölkə idmançılarının nəticələri, uğurları, qələbələri, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər. Ölkəmiz hər il yeni-yeni idman uğurlarına imza atır. Dövlətimizin başçısı bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mütəmadi olaraq mükafatlar təqdim edir.Aparıcı beynəlxalq idman qurumları Azərbaycanı idman ölkəsi kimi tanıyır. 2019-cu ildə idmançılarımız qatıldıqları beynəlxalq yarışlarda 775 medal qazanıblar ki, onlardan 271-nin əyarı qızıldır. Bu, onu göstərir ki, ölkəmizdə idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanmağa qadirdilər.
Azərbaycanın cari ildə "Formula-1” Azərbaycan Qran-prisinə, bir sıra idman növləri üzrə qitə miqyaslı yarışlara, gimnastika üzrə dünya kuboklarına, Avropa çempionatına və UEFA Avropa Liqasının finalına uğurla evsahibliyi etməsi, atletlərimizin beynəlxalq turnirlərdə qazandıqları parlaq qələbələr ölkəmizin idman tarixinə qızıl hərflərlə yazıldı.