Şriftin ölçüsü:
Saytın rəngi:
- Mübariz müəllim, Qurtuluş Gününün müstəqil Azərbaycanın siyasi tarixindəki əhəmiyyəti barədə fikirlərinizi dinləmək maraqlı olardı.
- Bu gün böyük fəxr və qürurla 30 illik yubileyini qeyd etdiyimiz 15 İyun Milli Qurtuluş Günü ən yeni tariximizə Azərbaycanın xilası günü kimi daxil olub. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı tarixi, siyasi və strateji baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisədir. 15 iyunun Milli Qurtuluş Günü kimi qeyd olunması təsadüfi deyil. Sovet İttifaqı süquta uğradıqdan sonra Azərbaycan xalqı öz dövlət müstəqilliyinin bərpasını həyata keçirərək bir sıra vacib məsələləri həll etməli idi.
1990-cı illərin əvvəllərinə Azərbaycan başqa müstəqillik qazanan xalqlardan fərqli şəraitlə üzləşmişdi. Belə ki, həmin dövrdə Azərbaycan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdı və xalqımız belə bir mürəkkəb şəraitdə müstəqil dövlət quruculuğunu həyata keçirməli idi. Bundan başqa o vaxt Azərbaycanda proseslərdə siyasi təcrübəsi olmayan insanların siyasi arenada üst mövqeyə çıxması və ölkənin gələcək taleyinin həlli ilə əlaqədar mühüm strateji vəzifələrin düzgün, dəqiq müəyyən edə bilməyən adamların idarəçiliyə gəlməsi ölkəmiz üçün müəyyən çətinlik və problemlər yaratmışdı. Biz başqa respublikalara baxsaq, orada siyasi elitanın ölkəsinin qarşısında duran vəzifələri dəqiq müəyyən edə bilməsini görə bilirik. Buna görə də onlar daha az təhlükə ilə üzləşmiş və problemlərini daha tez həll edə bilmişdilər. Bu baxımdan da Azərbaycanın müstəqilliyinin ilk illəri əslində ölkəmizdə xaos, qarşıdurma dövrü kimi və millətin qarşısında olan vəzifənin dəqiq şəkildə müəyyən edilməməsi ilə xarakterizə olunur. Məhz bunun nəticəsi idi ki, siyasi hakimiyyət uğurunda mübarizə Azərbaycanda qrupların toqquşmasına gətirib çıxarırdı ki, bundan da xarici qüvvələr, xüsusilə də Ermənistan əlverişli şəkildə istifadə edərək ölkəmizə qarşı hərbi təcavüzünü genişləndirdi. Çox böyük, müdrik bir siyasi kurs müəyyən edilməli və bununla da Azərbaycanı xarici təhlükələrdən qorumaq, eyni zamanda ümummilli vəzifələri dəqiqləşdirərək milləti həmin vəzifələr ətrafında sıx birləşdirmək lazım idi. Lakin bu, çox ciddi məsələ idi. Bunu yalnız Ümumilli Lider Heydər Əliyev yerinə yetirə bildi.
Heydər Əliyevin 30 il əvvəl - 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtması böyük hadisə olmaqla Azərbaycan üçün ciddi nəticələr verdi. Dahi şəxsiyyətin siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Bu hadisə nəticə etibarilə müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi.
- Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmiz üçün hansı nəticələrlə yadda qaldı?
- Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə gələrkən Azərbaycanda total böhran vəziyyəti hökm sürürdü. Cəmiyyətin bütün sahələrində Azərbaycan xalqının maraqlarına uyğun olmayan vəziyyət mövcud idi. Hakimiyyətə gəlişindən sonra qısa zaman kəsiyində Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmiz müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda regionda öz mövqelərini möhkəmləndirdi, sosial, mənəvi və iqtisadi sahələrdə dövlətin inkişafına və xalqın rifahının yaxşılaşdırılmasına uyğun strategiya qurdu. Hər bir dövlətin tarixində çətin, milli müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi məqamlar olub. Ancaq ən ekstremal siyasi şəraitdə cəmiyyətin həmrəyliyinə nail olmuş şəxsiyyətlərin sayəsində dövlətlər öz varlığını qoruyublar. 1991-1993-cü illərdə respublikamızda cərəyan edən mürəkkəb proseslər - siyasi böhranın, anarxiya mühitinin dərinləşməsi, xalqın canı, qanı bahasına əldə etdiyi dövlətçiliyin itirilməsi təhlükəsinin yaranması bu reallığı bir daha təsdiqlədi ki, yalnız böyük dəstəyə malik liderlər xalqlarının müstəqilliyinə etibarlı təminat yarada, onu qoruyub saxlaya bilərlər. Ulu Öndər Heydər Əliyev belə nüfuzlu şəxsiyyət olaraq özünün parlaq zəkası ilə Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı. Böhranlı bir dövrdə - 1993-cü ilin iyununda xalqın çağırışına cavab verərək hakimiyyətə qayıdan Ümummilli Lider respublikamızı üzləşdiyi bir çox faciələrdən qurtardı, müdrik və uzaqgörən addımları ilə onu davamlı, sabit inkişaf yoluna çıxardı.
Heydər Əliyev müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək yeni tariximizi öz əlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və ən şanlı səhifələrindəndir. Ulu Öndər özünün şərəfli fəaliyyətində həmişə xalqa arxalandığı kimi, xalq da həmişə ona arxalanırdı, ona etibar edirdi. Dahi rəhbər xalqının ən ağır günlərində səsinə səs verdi və onu baş verə biləcək təhlükələrdən qorudu. Ulu Öndərin hakimiyyətə gəlişi Azərbaycanın taleyini kökündən dəyişdi. Heydər Əliyev dövlət müstəqilliyinə qarşı yönəlmiş daxili və xarici təhdidlərin, Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması istiqamətində mühüm addımlar atdı. O, bazar iqtisadiyyatı münasibətlərinə keçidin səmərəli mexanizmini formalaşdırmaq üçün dünyanın inkişaf etmiş dövlətlərinin iqtisadi təcrübələrini nəzərə almaqla strateji vəzifələr müəyyən etdi, ölkəmizin təhlükəsizliyini və müdafiəsini təmin etmək qabiliyyətinə malik olan Azərbaycan Ordusunun formalaşdırılması yönündə fəal siyasət apardı. Eyni zamanda, Heydər Əliyevin apardığı uğurlu daxili siyasətin nəticəsində milli-mənəvi dəyərlərin, elm, təhsil, mədəniyyət və incəsənətin inkişafında dönüş mərhələsi başladı. Milli ideologiya səviyyəsinə qaldırılan azərbaycançılıq məfkurəsi ölkəmizdəki müxtəlif xalqların, dini konfessiyaların nümayəndələrinin vətəndaş həmrəyliyi şəraitində yaşamasında tarixi-siyasi əhəmiyyət daşıdı. Milli mənlik şüuru inkişaf etdi, xalqımızın öz tarixini dərindən öyrənməsi üçün əlverişli şərait yarandı.
- Ümumiyyətlə, qurtuluş məfkurəsi Azərbaycana nə verdi?
- Heydər Əliyevin Ali Sovetin sədri seçildiyi günün - 15 iyun tarixinin Qurtuluş salnaməsi kimi qeyd olunması da tarixi proseslərin obyektiv məntiqi nəticəsidir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini birləşdirən yeni inkişaf modeli idi. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Ulu Öndər cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən öncə, insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirdi. O, müdrikliklə bəyan edirdi ki, siyasi sabitlik yaratmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyil. Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə alan dahi siyasətçi özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında ölkənin yeni dövr üçün iqtisadi tərəqqi xəritəsini hazırladı.
Zəngin dövlətçilik təcrübəsi olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Qarşıya qoyduğu məqsədlərə öz dönməz qətiyyəti ilə nail olan Ulu Öndər xəyalındakı Azərbaycanın portretini hələ 1997-ci ildə çəkmişdi: “Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüququn aliliyinin təmin olunması əsas vəzifəmizdir”.
Azərbaycanda ölüm hökmünün ləğv olunması, Amnistiya aktları və əfv Fərman və sərəncamları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi dəstəkləndi.
Milli-mənəvi dəyərlərin qorunması məsələsi də Ulu Öndər Heydər Əliyevin fəaliyyətində aparıcı xətt kimi özünü göstərdi. Böyük şəxsiyyət istər ailədə, istər hansısa dar çevrədə, istərsə də dövlət idarəçiliyində və cəmiyyətdə daim milli-mənəvi, əxlaqi dəyərlərə sadiq qalıb. İdarəçiliyinin bütün mərhələlərində qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması da, əslində, onun zəngin mənəviyyatından irəli gəlirdi. Böyük strateq həmişə vurğulayırdı ki, Azərbaycan xalqının əsrlər boyu əldə etdiyi milli-mənəvi dəyərlər mədəniyyətdən, əxlaqdan, adət-ənənələrdən və digər insani keyfiyyətlərdən ibarətdir. Onun müasir Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında həyata keçirdiyi din siyasətinin əsasında da məhz bu dayanır. Ümummilli Liderin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub-saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlər dini etiqad azadlığına geniş imkanlar açdı və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən məqbul bir model kimi qəbul olunur və bəyənilir.
Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, o cümlədən Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi. Onun uzaqgörən siyasəti və gərgin fəaliyyəti sayəsində ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atıldı. Həyata keçirilən islahatlar nəticəsində sərbəst bazar münasibətlərinə əsaslanan və sosialyönümlü iqtisadi sistemin formalaşdırılması, ölkədə mövcud olan təbii iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın təsərrüfat dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası təmin edildi. Ölkə iqtisadiyyatında davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu islahatlar mahiyyət etibarı ilə inkişafın yeni - Azərbaycan modelini yaratdı.
- Qeyd etdiyiniz kimi Azərbaycan bu gün əsası 15 iyunla qoyulan strategiya ilə böyük Zəfər yolundan keçməklə inkişaf edir. Bu baxımdan ölkəmizin inkişafı haqqında nə deyə bilərsiniz?
- Ulu Öndər Heydər Əliyevin “Azərbaycan dünyaya Günəş kimi doğacaq” müdrik kəlamı bugünkü reallıqlarımızda bir daha özünü təsdiqləyir. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ona olan bütün ümidləri layiqincə doğruldur və Heydər Əliyev siyasətini yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ermənistan silahlı birləşmələrinin işğalında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə qalxan Azərbaycan Ordusu 2020-ci ilin sentyabrın 27-də düşmənə qarşı əks-hücum əməliyyatına başladı. Fədakar, vətənpərvər əsgər və zabitlərimiz 30 ilə yaxın bir müddətdə erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərimizi cəmi 44 gündə azad etdi. Əldə etdiyimiz bu tarixi Zəfərə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasəti, yenilməz, rəşadətli Azərbaycan Ordusunun şəxsi heyətinin şücaəti, qəhrəmanlığı, öz doğma Vətəninə olan sevgisi sayəsində nail olduq.
Bu gün əldə etdiyimiz bütün qələbələrin, uğurların təməlində Heydər Əliyevin möhkəm təməlini qoyduğu siyasi kurs, inkişaf strategiyası dayanır. Bu siyasi kurs Azərbaycanımızı daha böyük uğurlu gələcəyə aparır, onun işıqlı ideyaları daim yaşayacaqdır. Azərbaycan və Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
- Yeri gəlmişkən, 15 iyun – Milli Qurtuluş Günündə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasından 2 il ötür. Bəyənnamənin strateji əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik.
- Bu gün Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, ikitərəfli münasibətlər getdikcə güclənir, dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığı daha da qüvvətləndirir. Qarşılıqlı səfərlər zamanı ən müxtəlif sahələri əhatə edən birgə sazişlərin imzalanması hər iki ölkə arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfə verir. Dövlətlərimizin başçıları Prezident İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın bir-birinə göstərdiyi səmimi dəstək və qardaşlıq münasibətləri hər birimiz üçün örnəkdir.
Azərbaycan-Türkiyə arasında dostluq və qardaşlıq siyasətini bir daha nümayiş etdirən “Şuşa Bəyannaməsi”nin imzalanmasından 2 il ötür. İki ölkə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi inqilabi gerçəklikdir. Bu tarixi hadisə iki qardaş ölkə arasında illərdən süzülüb gələn tarix, mədəniyyət, ortaq etnik köklər, dil, din, milli dəyərlər, milli maraqlar kontekstində mühüm addım oldu.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin ölkəmiz üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində, habelə Azərbaycan xalqının Qurtuluş günü - 15 iyunda və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümündə imzalanması özü bir rəmzi məna daşıyırdı. Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan müttəfiqliyinin bütün sahələrini ən yüksək səviyyəyə qaldırdı, beynəlxalq, diplomatik, təhsil, elm, mədəniyyət, iqtisadiyyat və xüsusilə də hərbi sahədə əməkdaşlığı dərinləşdirdi. Bu bəyannamə hər iki müstəqil dövlətin məramını və niyyətini önə çəkdi və Türk dünyasının gələcək hərtərəfli əməkdaşlığı üçün mühüm presedent yaradaraq özündə tərəfdaşlığın bir çox vacib aspektlərini birləşdirdi. Bir daha təstiq olundu ki, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə dediyi kimi, “Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu Anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu”. Hər iki ölkənin ümumi maraqlarının möhkəmləndirilməsində bütün imkanların birləşdirilməsinə, eyni zamanda, müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən bu bəyannamə iki qardaş ölkənin – Azərbaycan və Türkiyənin başçılığı altında yeni regional geosiyasi düzənin qurulmasının başlanğıcı, bütün dünyanın hesablaşmalı olduğu tarixi gerçəklikdir.
yap.org.az