Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
18.12.2023 / Müsahibələr

Mübariz Qurbanlı: "Əsas məqsəd Azərbaycanda dini təhsilin bütün pillələrini yaratmaq və keyfiyyətini qaldırmaqdır"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının APA-ya müsahibəsi:

 

- Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Azərbaycan İlahiyyat İnstitutu" publik hüquqi şəxsin yanında "Bakı İlahiyyat Kolleci" publik hüquqi şəxs yaradılacaq. Bu, hansı zərurətdən irəli gəlir?

- Öncə onu qeyd edim ki, Bakı İlahiyyat Kollecinin yaradılması Azərbaycanda dini təhsil sahəsində önəmli bir qərardır. Çünki Azərbaycanda dövlət ali təhsil müəssisəsi olsa da, orta ixtisas dini təhsili müəssisəsi fəaliyyət göstərmirdi. Ona görə də dini təhsil ancaq ali təhsil pilləsində mövcud idi. Beləliklə, Azərbaycanda dini təhsilin həm orta ixtisas, həm də ali təhsil pilləsi dövlət müəssisəsi tərəfindən həyata keçiriləcək. Bunu zəruri edən digər önəmli məqam isə ondan ibarətdir ki, din sahəsində fəaliyyət göstərən müxtəlif şəxslər var, onların hamısının ali təhsil alması mümkün deyil. Bəzi vəzifələr var ki, onların daşıyıcılarının dini orta ixtisas təhsili alması yetərlidir. Məsələn, dini ayinlərin icraçısı, müəzzin kimi vəzifələri tutmaq üçün dini orta ixtisas təhsilin olması kifayətdir. Deməli, Bakı İlahiyyat Kollecinin məzunları gələcəkdə müəzzin, dini ayinlərin icraçıları olacaqlar. Bu məzunlardan kimsə imam olmaq istəsə, təbii ki ali təhsil almaq üçün Azərbaycan İlahiyyat İnstitutuna müraciət edəcək. Hazırda qarşımızda duran əsas məqsədlərdən biri odur ki, Bakı İlahiyyat Kollecinin gələn ilin sentyabr ayından fəaliyyətini təşkil edək və burada da dini kadrların hazırlanmasına başlayaq.

 

- İlahiyyat İnstitutu din xadimlərinin hazırlanması prosesində yetərli deyilmi?

- Azərbaycan İlahiyyat İnstitutu ali təhsil müəssisəsidir. Qeyd etdiyimiz kimi, ali təhsil müəssisəsi olan Azərbaycan İlahiyyat İnstitutunda əsasən dinşünaslar və islamşünaslar hazırlanır. İslamşünasların məscidlərdə din xadimi kimi fəaliyyət göstərməsi nəzərdə tutulub. Lakin Azərbaycan İlahiyyat İnstitutunun məzunlarının hamısının imam olması və ya bütün din sahəsində fəaliyyət göstərən şəxslərin məhz İnstitutunun məzunu olması mümkün deyil. Yuxarıda qeyd etdiyim kimi, elə ixtisaslar var ki, həmin kadrların orta ixtisas təhsili müəssisəsində hazırlanması önəmlidir.

 

- Kollecdə tədris necə təşkil olunacaq, bununla bağlı proqram varmı? Orada hansı fənlərin tədrisi nəzərdə tutulur? Təkcə dini fənlər tədris olunacaq, yoxsa dünyəvi fənlər də öyrədiləcək?

- Azərbaycan İlahiyyat İnstitutunda həm dini, həm də dünyəvi fənlər tədris olunur. Məsələn, Azərbaycan tarixi, eyni zamanda, İslam ölkələri coğrafiyası, ingilis dili, ərəb dili, politologiya və s. kimi dünyəvi fənlər tədris olunur. Bununla yanaşı, Qurani-Kərim, İslam elmləri, xristianlıq, yəhudilik və digər dinlərin tarixi də öyrədilir. Eyni qaydada Bakı İlahiyyat Kollecində də həm dünyəvi, həm də dini fənlər tədris olunacaq. Bəri başdan onu qeyd edim ki, kollecə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək. Kollecdə qiyabi təhsil olmayacaq. Dövlət təhsil müəssisəsi olduğu üçün ödənişli təhsildən söhbət gedə bilməz. Eyni zamanda, burada hər hansısa məzhəbə əsaslanan dini təhsil verilməyəcək. Azərbaycan İlahiyyat İnstitutunda olduğu kimi Bakı İlahiyyat Kollecində də Azərbaycandakı bütün dini reallıqlar, o cümlədən məzhəb reallıqları nəzərə alınaraq tədris həyata keçiriləcək. Həmçinin, əlavə edim ki, qızlar və oğlanlar birlikdə təhsil alacaqlar.

 

- İlahiyyat Kollecində başqa dinlərin nümayəndələri də təhsil ala biləcəkmi? Siz ancaq İslam dininə aid ibadət yerlərinə müsabiqə yolu ilə din xadimləri təyin edirsiniz, yoxsa digər dini ibadət yerləri üçün də belə planlar var? Bildiyim qədərilə İlahiyyat İnstitutunda başqa dinlərin xadimlərinin hazırlanması praktikası yoxdur. Kollecdə necə, başqa dinlərin din xadimlərinin – keşişlərin, hahamların hazırlanması prosesi aparılacaqmı?

- “Dini etiqad azadlığı haqqında” Qanuna əsasən, İslam dininə aid ibadət yerlərinə din xadimləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təyin olunurlar. Digər dinlərə mənsub ibadət yerlərinə din xadimləri isə həmin dini icmaların mərkəzləri tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırılmaqla həyata keçirilir. O ki qaldı Bakı İlahiyyat Kollecində digər dinlərin nümayəndələrinin təhsil almasına, hələ ki bu nəzərdə tutulmayıb. Gələcəkdə bu məsələyə hansısa formada baxmaq olar. Məsələn, Azərbaycan İlahiyyat İnstitutunda əsasən müsəlman din xadimləri hazırlanır. Bununla belə, İnstitut Alban-udi xristian dini icması ilə birlikdə Qəbələ rayonunun Nic qəsəbəsində kurs təşkil etmişdi və həmin birgə kursun 10-dan artıq məzunu olub ki, onlara sertifikatlar təqdim edilmişdi. Həmin sertifikatlarla Alban-udi xristian dini icmasının üzvləri olan məzunlar keşiş kimi fəaliyyət göstərmək hüququ qazandılar. Ola bilsin ki, gələcəkdə həm İnstitutda, həm də Kollecdə digər dini icmalarla da bu cür kurslar təşkil edilsin.

 

- Bundan əlavə də dini təhsil müəssisələrinin yaradılması üçün təklif verilibmi? Gələcəkdə regionlarda da belə kolleclər açılacaqmı?

- Hazırda əsas diqqətimiz Bakı İlahiyyat Kollecinin formalaşdırılmasına yönəlib. Qarşıda xeyli görüləcək işlərimiz var: Kollecin nizamnaməsinin hazırlanması, qeydiyyata alınması, bina ilə təmin edilməsi, eyni zamanda, gələn ilin sentyabr ayından etibarən tələbə qəbulunun həyata keçirilməsi, pedaqoji kollektivin formalaşdırılması. Bütün bunları həyata keçirmək üçün xeyli zaman lazımdır. Qısa müddət ərzində Bakı İlahiyyat Kollecindən başqa bir kollecin də yaradılması hələlik nəzərdə tutulmur. Lakin növbəti illərdə bu məsələ nəzərdən keçirilə bilər. Təbii ki, mövcud reallıqlar, o cümlədən Bakı İlahiyyat Kollecinin fəaliyyətinin təhlili nəticəsində regionlarda yeni kollecin yaradılmasının nə qədər zəruri olub-olmadığı da müəyyən ediləcək.

 

- Bildiyimiz ki, xaricdə bir sıra mərkəzlər var ki, onlar dini biliklərin artırılmasında mühüm və nüfuzlu yerə malikdirlər. Əgər bundan sonra dini təhsil alan mütəxəssislərimiz xaricdə təhsillərini davam etdirə bilməyəcəklərsə, o zaman dünyada gedən dini proseslərdən kənar qalmağımıza səbəb olmayacaq?

- Təcrübə onu göstərir ki, xaricdə dini təhsil alan şəxslərin böyük bir qismi məhz xaricdəki dini qrupların təsir dairəsinə düşüb. Təbii ki, bu fikri xaricdə dini təhsil almış hər kəsə aid etmək olmaz. Odur ki, əsas məqsədlərimizdən biri Azərbaycanda dini təhsilin bütün pillələrini yaratmaq və dini təhsilin keyfiyyətini qaldırmaqdır. Eyni zamanda, dini təhsilin bütün pillələrini ödənişsiz həyata keçirməkdir. Azərbaycan İlahiyyat İnstitutunun və Bakı İlahiyyat Kollecinin yaradılmasının əsas məqsədlərindən biri məhz budur. Düşünürük ki, dini ali və ya orta ixtisas təhsil almaq üçün əvvəllər xaricə üz tuturdularsa, indi ali təhsil almaq istəyənlərin Azərbaycan İlahiyyat İnstitutuna, orta ixtisas dini təhsili almaq istəyənlərin isə Bakı İlahiyyat Kollecinə müraciət etmələrini tövsiyə edirik. Bu ölkədəki dini durumun sabitləşməsi, şəffaflaşması, eyni zamanda, bu sahədəki milli kadrların hazırlanması baxımından da önəmli bir qərardır. O ki qaldı dünyada gedən dini proseslərdən kənar qalmağa, bu tamamilə yanlış fikirdir. Bu gün sürətli qloballaşma prosesi gedir, ümumiyyətlə dünyadan təcrid olmaq, o cümlədən dünyada gedən dini proseslərdən təcrid olmaq fikri ilə razılaşmaq olmaz. Müasir informasiya texnologiyaları imkan verir ki, hər sahədə olduğu kimi, din sahəsində də dünyada və regionda gedən prosesləri yaxından izləyə bilək.

Bir məqamı da xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərdiyi bu beş ildə çox uğurlu yol keçib. Azərbaycan İlahiyyat İnstitutunun təhsil səviyyəsi heç də dünyadakı digər dini təhsil ocaqlarından geri qalmır, əksinə bir çox xüsusiyyətlərinə görə bəlkə də həmin təhsil müəssisələrini üstələyir.

 

- Uzun illərdir ümumtəhsil məktəblərində dinin ayrıca fənn kimi tədrisi ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Siz buna necə münasibət bildirərdiniz. Ümumiyyətlə, bununla bağlı Nazirliyə və ya aidiyyəti qurumlara təklif verilibmi?

- Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz. Bu Konstitusiyamıza ziddir. Çünki Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır, eyni zamanda, təhsil dünyəvi xarakter daşıyır. Orta məktəblərdə yalnız dinlər haqqında biliklərin verilməsindən söhbət gedə bilər. Burada da biz yalnız İslamla bağlı bilikləri nəzərdə tutmuruq. Hesab edirik ki, İslam, yəhudilik, xristianlıq, ümumiyyətlə, dünyadakı bütün dinlərlə bağlı gənclərə, böyüməkdə olan nəslə dünyagörüşü istiqamətində informasiya verilməsi olduqca önəmlidir. Əgər gənclərimizə bu informasiyanı biz versək, onlar müstəqil həyata qədəm qoyduqdan sonra radikal, xurafatçı dini qrupların təsiri altına düşməzlər. Eyni zamanda, onu da deyim ki, bununla bağlı ayrıca fənnin tədris olunmasına ehtiyac da yoxdur. Bu biliklər tarix, coğrafiya, ədəbiyyat, Həyat bilgisi kimi humanitar fənlərin içərisində yer alır.

 

- Dövlət təqaüdü ilə din təhsili almaq üçün gələcəkdə bir qrup gəncin xaricə göndərilməsi nəzərdə tutulurmu? Xaricdə hansı dini təhsil müəssisələri ilə əməkdaşlıq edilirmi?

- Hesab edirik ki, dinlə bağlı ilkin təhsil məhz ölkəmizdə alınmalıdır. Azərbaycan İlahiyyat İnstitutunun müxtəlif xarici ölkələrin, xüsusilə Türkiyə, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Rusiyanın müxtəlif ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumları var. Bu memorandumlara uyğun olaraq, tələbə mübadiləsi həyata keçirilir və gələcəkdə də bu davam etdiriləcək. Ümumi yanaşmamız ondan ibarətdir ki, magistrlar, eyni zamanda, doktorantura təhsili alanlar, habelə müəllimlərimiz dövlət vəsaiti hesabına xarici ölkələrdəki dini mərkəzlərə təcrübə mübadiləsi üçün gedə bilərlər.

 

- İlahiyyat Kolleci hansı ölkədə tətbiq olunan modelə əsaslanacaq?

- Azərbaycan İlahiyyat İnstitutu yaradılarkən biz xarici ölkələrin, xüsusilə yaxın ölkələrin dini təhsil modelini öyrənmişik. Biz xarici ölkələrin dini təhsillə bağlı təcrübəsinin öyrənilməsinin əleyhinə deyilik və həmin təcrübələrdən istifadə edilə bilər. Lakin hansısa xarici ölkənin dini təhsil modelinin ölkəmizdə tətbiqindən söhbət gedə bilməz. Azərbaycanın özünün reallıqları var. Azərbaycanın özünün dövlət-din münasibətləri var. Azərbaycan xalqının özünəməxsus dinə yanaşma tərzi var. Bütün bunlar nəzərə alınmaqla, eyni zamanda, xarici ölkələrin müsbət təcrübəsindən yararlanaraq, orta ixtisas təhsili üzrə öz modelimizin yaradılmasından söz gedə bilər. Kollecin fəaliyyəti təşkil olunarkən bununla bağlı xarici ölkələrdəki dini təhsil müəssisələrinin təcrübəsi bir daha nəzərdən keçiriləcək, onlarla hansısa formada əməkdaşlığımız da təbii ki mümkündür. Çünki biz dini təhsil sahəsində əməkdaşlığa hər zaman hazırıq.

 

- İşğaldan azad edilmiş ərazilərdə dini təhsillə bağlı hansısa planlar varmı?

- Bu gün işğaldan azad edilmiş ərazilərimizdə geniş quruculuq, abadlıq işləri həyata keçirilir. Təsadüfi deyil ki, işğaldan azad olunmuş torpaqlarımızda ilk tikilən binalar məhz tarixi dini abidələrimizdir. Bu da səbəbsiz deyil. Tarixi dini abidələrimiz xalqımızın mənəvi yaddaşıdır. Tarixi yaddaşı olmaqla yanaşı, həm də mənəvi yaddaşıdır. Biz həmin tarixi dini abidələrin bərpasına həm də mənəvi yaddaşımızın bərpası kimi baxırıq. Buna görədir ki, həmin ərazilərdə Prezident cənab İlham Əliyevin ilk əsasını qoyduğu abidələr məhz məscidlərimizdir. Hazırda Şuşada, Laçında, Zəngilanda, Hadrutda, Suqovuşanda, Ağdamda, Daşaltıda, Füzulidə məscidlərimiz bərpa olunur, məscidlərimiz bərpa olunduqca oraya din xadimləri də təyin olunacaqlar və orada dini təhsil müəssisələrinin yaradılmasını isə gələcək göstərəcək.

 

- Din xadimlərinin geyimlərinə toxunmaq istərdim. Bildiyiniz kimi, qonşu dövlətlərdə - Türkiyədə, İranda din xadimlərinin geyimində əbadan da istifadə olunur. Nədənsə, bizim din xadimlərinin geyimində bu element nəzərə alınmayıb. Bunun xüsusi səbəbi var?

- Hər bir ölkədə din xadimlərinin geyimlərinə nəzər yetirsəniz görərsiniz ki, həmin geyimlərdə həmin ölkələrin xalqlarına məxsus elementlər öz əksini tapır. Bunu Türkiyədə də, İranda da, İraqda da, Misirdə də, hətta Pakistan və İndoneziyada da görə bilərsiniz. Yəni din xadimlərinin fərqli geyim formasının olması normal haldır. Demək olar ki, bütün müsəlman ölkələrində din xadimlərinin ayrıca bir geyim forması var. Azərbaycanda da din xadimlərinin özünəməxsus geyim forması var, Qafqaz Müsəlmanları İdarəsi bu geyim formasını təsdiqləyib və din xadimlərinin əksəriyyəti bu geyimdən istifadə edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni təyin olunmuş din xadimlərinə tövsiyələrindən biri də məhz geyimlə bağlıdır. Biz din xadimlərinə tövsiyə edirik ki, vəzifə səlahiyyətlərini yerinə yetirərkən onlar məhz bu geyim formasından istifadə etsinlər.

 

- Son illərdə torpaqlarımızın işğaldan azad edilməsi ilə Qafqaz Albaniyası irsinə diqqət artıb. Bu baxımdan Azərbaycanda xristianlığın öyrənilməsi istiqamətində yeniliklər varmı?

- Əvvəla onu deyim ki, Qafqaz Albaniyası irsinə diqqət 44 günlük Vətən müharibəsindən öncə də var idi. Hər zaman Qafqaz Albaniyası irsinə, o cümlədən Alban avtokefal kilsəsinin yeganə varisi olan Alban-udi xristian dini icmasına xüsusi diqqət və qayğı göstərilib. Bunun nəticəsidir ki, Qəbələ rayonunun Nic qəsəbəsində Alban-udi kilsəsi olan Çotari kilsəsi bərpa olunub. Alban-udi xristian dini icması həm Qəbələ rayonunda, həm Oğuz rayonunda dövlət qeydiyyatından keçib. Hətta müharibənin gedişində, 44 günlük Vətən müharibəsinin gedişində Nic qəsəbəsində Müqəddəs Məryəm Ana kilsəsi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub və istifadəyə verilib. Həmçinin, hər il Prezident cənab İlham Əliyevin sərəncamı ilə dini konfessiyalara, o cümlədən Alban-udi xristian dini icmasına da dövlət büdcəsindən vəsait ayrılır. Bundan əlavə, işğaldan azad olunmuş torpaqlarımızdakı alban məbədlərinə Alban-udi xristian icmasının mütəmadi səfərləri təşkil olunub. Onlara indiyədək Kəlbəcər, Laçın, Xocavənd, Tərtər rayonlarındakı tarixi alban məbədlərini ziyarət etmələri üçün şərait yaradılıb. Alban irsini təkcə ölkəmizdə deyil, beynəlxalq səviyyədə də, xarici ölkələrdə təbliğinə diqqət artırılıb. Məsələn, Alban irsi ilə bağlı müxtəlif xarici ölkələrdə, o cümlədən Avstriyada, Polşada, Rusiyada, Belarusda, Gürcüstanda, Türkiyədə müxtəlif səviyyələrdə tədbirlər, görüşlər, sərgilər təşkil olunub.

 

- Bizim din xadimlərimizin digər dinlərlə bağlı məlumatlılığının artırılması istiqamətində hansısa təlimlər nəzərdə tutulurmu və ya dini təhsil müəssisələrində təhsil alanlara digər dinlər barədə də məlumatlar aşılanırmı?

- Azərbaycan İlahiyyat İnstitutunda islamşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə İslamla yanaşı, bütün dinlər, o cümlədən xristianlıq, yəhudilik, buddizm, hinduizm, hətta yeni dinlər, yeni dini hərəkatlar, İslamda olan dini cərəyanlar, məzhəblər, təriqətlər haqqında geniş məlumat verilir. Hesab edirik ki, azərbaycanlı din xadimi İslamı gözəl bilməklə yanaşı, digər dinlər haqqında da kifayət qədər məlumatlı olmalıdır. Bu belə olacağı təqdirdə, həm Azərbaycan cəmiyyətində nüfuz qazana bilər, həm də İslamı müqayisəli formada təbliğ edə bilər.