Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
07.10.2019 / Müsahibələr

Mübariz Qurbanlı: Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə siyasətini bir daha sübut edir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Trend-in suallarını cavablandırıb:

 

- Mübariz müəllim, təmir-bərpa işləri adı altında ermənilər Şuşadakı “Yuxarı Gövhər ağa” məscidinin daxili interyerində ciddi dəyişikliklər ediblər. Bunu son günlər məscidin mediada yayılmış şəkilləri də təsdiqləyir. Açıq-aydın görünür ki, bərpa adı altında tariximiz saxtalaşdırılır. Belə halların qarşısını almaq üçün hansı tədbirlər görülür?

 

- Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, onun işğalçı müharibə yolu ilə apardığı təcavüzkar siyasəti illərdir davam edir. Ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində yüzminlərlə soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilib. Azərbaycanın tarixi abidələrinə münasibətdə də erməni vandalizmi özünü göstərir. Ermənilər işğal altında olan ərazilərimizdə yüzlərlə tarixi-dini abidəmizi məhv ediblər. Onlar bu yolla bizim minilliklər boyu yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər.

Onu da deyim ki, işğal altındakı torpaqlarımızda müəyyənləşdirdiyimiz tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahdır. Bu mədəniyyət nümunələri təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə aiddir. Bu baxımdan xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi həm də beynəlxalq əhəmiyyət kəsb edən məsələdir. Bu, təkcə Azərbaycana yaxud İslam mədəniyyətinə deyil, bəşər mədəniyyətinə qarşı təcavüzdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışı zamanı Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, etnik təmizləmə siyasəti apardığını, beynəlxalq hüquq normalarına məhəl qoyulmadığını bir daha dünya ictimaiyyətinə çatdırdı.

“Yuxarı Gövhər ağa” məscidi üzərində yerləşən və Azərbaycan dilində yazılmış lövhənin ermənilər tərəfindən sökülməsi, əvəzində erməni dilində “Tarixi-mədəni abidə, Yuxarı məscid, 1883, dövlət tərəfindən qorunur” sözlərini əks etdirən lövhə vurulması ilə qane olmayan ermənilər məscidin görünüşündə də dəyişiklik etməkdən çəkinməyiblər. Bu, Azərbaycan xalqının mirasına qarşı yönəldilmiş vandallıq hərəkətlərinin davamı kimi başa düşülməlidir.

Erməni işğalçılarının özbaşınalığı nəticəsində tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, habelə "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasına ziddir. Buna baxmayaraq, işğalçılar yurd yerlərimizdə qanunsuz apardıqları arxeoloji qazıntı işlərini davam etdirir, tarixi abidələrimizi, məscidləri dağıdır, tarixi-mədəni irsimizi isə saxtalaşdırırlar.

Azərbaycan torpaqlarında ermənilər tərəfindən nəinki İslam abidələri, eləcə də Qafqaz Albaniyasına aid olan abidələr təcavüzə məruz qalır. Ermənilər işğal olunmuş torpaqlarımızda bütün xristian abidələrinə qarşı da saxtalaşdırma, mənimsəmə aktları həyata keçirməkdə davam edirlər.

Biz bu məsələ ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət ünvanlamışıq. Tələb etmişik ki, Ermənistan vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmalı, bu vəhşiliyə hüquqi qiymət verilməlidir. Biz beynəlxalq ictimaiyyətdən işğalçı Ermənistana layiq olduğu münasibəti göstərməsini tələb edirik. Bu istiqamətdə mümkün tədbirləri görürük.

 

- Təmir işlərinin İran şirkəti tərəfindən aparıldığı bildirilir. Bununla bağlı hansısa araşdırma aparılıbmı?

 

Bizdə olan məlumata əsasən,”bərpa” işlərini İranın “Part Saman Cahan Co” şirkəti həyata keçirir. Hətta erməni tərəfi bildirib ki, “bərpa” üçün İran şirkətinin seçilməsi təsadüfi deyil. Çünki guya bu məscidin İran tarixi və mədəniyyəti ilə sıx bağlılığı var. Ümumiyyətlə, işğal altında qalmış Azərbaycan xalqına məxsus İslam inciləri məqsədli şəkildə İran mədəni irsinə mənsub abidələr kimi qələmə verilir. Məsələn, məlum olduğu kimi, İrəvandakı Göy məscidin Azərbaycana məxsus milli memarlıq uslubu dəyişdirilərək iranlaşdırılıb. Halbuki işğal altında qalmış bütün tarixi-mədəni abidələr Azərbaycan xalqına, onun mədəni irsinə məxsusudur. Tarixdən hamıya məlumdur ki, “Yuxarı Gövhər ağa” məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabagi tərəfindən inşa edilib. İndiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarğı və qamışdan bir məscid tikilmişdi. Pənahəli хanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz edilmişdi. Həmin məscid də minarəsiz, kasıb görünüşə malik idi. Görünür ki, elə məscidin bu görünüşü Gövhər ağanı qane etməyib və buna görə həmin məscidin yerində müasir dövrümüzə qədər gəlib çatmış “Yuхarı Gövhər ağa” məscidi kimi tanınan həmin bina inşa edilmişdi.

Erməni mətbuatının yazdığına görə, “Yuxarı Gövhər ağa” məscidinin “bərpası layihəsi” qondarma Artsax hökuməti, Ermənistandakı Tarixi Şərq Mirasının Dirçəlişi Fondu və İran-Ermənistan Dostluq Assosiasiyasının maddi və mənəvi dəstəyi ilə icra olunur. Ümumi restavrasiya, incə işləmələr və çini işlər iranlı incəsənət ustaları tərəfindən həyata keçirilir.

Onu da deyim ki, “Part Saman Cahan Co” şirkətinin rəhbəri Səid Nəhəvəndinin Ermənistanda memarlıq ixtisası üzrə ali təhsil aldığı bildirilir. Məncə, təkcə bu fakt çox şeyi deyir.

 

- İran tərəfinə bu barədə hansısa formada müraciət edilibmi?

 

- Ermənilərin təmir-bərpa işləri bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinin daxili interyerində ciddi dəyişiklik etməsi, tarixi abidənin bədii-estetik dəyərlərinə ciddi zərər vurması, guya bu abidənin Azərbaycan xalqına mənsub olmaması barədə iddialar irəli sürülməsi onların “özgələşdirmə və özününkiləşdirmə” siyasətini bir daha sübut edir. Qarşı tərəfin beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərini kobudcasına pozaraq məsciddə qanunsuz “təmir-bərpa işləri” aparması və hansısa xarici şirkəti cəlb etməsi Azərbaycanla yanaşı, bütün İslam dünyasına, dünya mədəniyyətinə qarşı qəsd deməkdir. Bu baxımdan qonşu, dost ölkə olan İranın hansısa şirkətinin bu prosesdə iştirakı bizi çox təəssüfləndirir. Biz bu barədə İranın müvafiq dövlət qurumlarının rəhbərlərinə, eləcə də ölkəmizdəki səfirliyinə dəfələrlə mövqeyimizi bildirmişik. Qeyd etmişik ki, ermənilərin işğalçılıq siyasəti nəticəsində İslam abidələrinin məhv edilməsi və ya tarixinin saxtalaşdırılması bütün İslam dünyasına qarşı yönəlmiş mənəvi terrordur. Hansısa müsəlman ölkəsinin və ya onun vətəndaşının bu mənəvi terrorda iştirakı qəbuledilməzdir. Üstəlik, bütün İslam dünyasının bir araya gəldiyi İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı işğalçı kimi tanıyıb. Bu faktdan sonra hansısa müsəlman ölkəsinin belə bir məsələdə ermənilərlə əməkdaşlığı nə dinimizin, nə beynəlxalq hüququn prinsiplərinə uyğundur. Ümid edirik ki, dost, qardaş İran bu ölkədə yaşayan ermənilərin İran-Azərbaycan münasibətlərinə xələl gətirmək niyyətinin qarşısını alacaqdır.