Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
09.08.2019 / Müsahibələr

Mübariz Qurbanlı: “Dini mövhumat, xurafat bütün dinlərin düşmənidir”

Mübariz Qurbanlı: “Dini mövhumat, xurafat bütün dinlərin düşmənidir”

 

Mübariz Qurbanlı: Sivilizasiyaların toqquşması indi İslam dünyası ilə Qərb dünyası arasındakı qarşıdurmada özünü büruzə verir və burada din amilindən istifadə ortaya çıxır. Xüsusilə, İslam dinindən istifadə cəhdləri çoxdur…

 

Etikxeber.az-ın suallarını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı cavablandırır:

 

“Keşikçidağda törədilən hadisələrin arxasında Gürcüstandakı bəzi millətçi qruplarla bərabər, gürcü soyadı altında gizlənən ermənilər, həmçinin, Gürcüstanla Azərbaycan arasındakı dərin dostluq əlaqələrini pozmağa çalışan dairələr, öz geopolitik maraqlarını həyata keçirmək naminə bu bölgədə “Parçala, hökm et!” xəttini yeritmək istəyən güclər, bu xətlə Azərbaycana da bu və ya digər formada təsir etmək istəyən qruplar dayanır…”

 

-Mübariz müəllim, sizin Komitəyə birbaşa aidiyyəti olmasa da, bugünlərdə Keşikçidağ məsələsi ətrafında yaşanan gərginliyə münasibətinizi bilmək istərdik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olaraq, bu məsələyə baxışınız, yanaşmanız necədir? Sizcə, bu məsələdə qarşı tərəfin bəzi din adamlarının - bir zamanlar ermənilər, erməni din adamları, Eçmiadzin tərəfindən başladılan Qarabağ fintəkarlıqlarında olduğu kimi – canfəşanlığı, qızışdırıcılıq hərəkətləri eyni ssenarinin davamı təsirini bağışlamır ki?

 

- Təbii ki, Keşikçidağda baş verən hadisələr birbaşa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə bağlı məsələ olmasa da, oradakı hadisələrin bizə müəyyən dərəcədə aidiyyəti var və bununla bağlı səlahiyyətlərimiz çərçivəsində mövqeyimizi ifadə etmişik. Bununla əlaqədar müvafiq qurumlarla qarşılıqlı fəaliyyət göstəririk. Eyni zamanda, Dövlət Komitəsi olaraq məsələyə münasibətimizi Gürcüstan səfirliyinə çatdırmışıq və səfir ilə görüşümüzdə bu barədə Azərbaycanın mövqeyini bir daha bildirmişik.

Ancaq bu məsələni ermənilərin vaxtilə Qarabağda Azərbaycan əleyhinə başladığı böyük fitnəkarlıq və təxribatlarla eyniləşdirmək istəməzdim. Ermənistandakı millətçi qrupların xaricdən aldıqları dəstəklə, eyni zamanda, bölgədə maraqlı olan dairələrin köməyi ilə Dağlıq Qarabağda hələ sovet dönəmində başladıqları böyük fitnəkarlıq və anti-Azərbaycan əməlləri Keşikçidağdakı hadisə ilə müqayisə edilə bilməz. Keşikçidağdakı hadisələri mən lokal xarakterli hadisələr sırasına daxil etmək istərdim. Çünki Gürcüstan-Azərbaycan strateji tərəfdaş ölkələrdir və Gürcüstanla Azərbaycanın çox ciddi ortaq maraqları var. Gürcüstanın siyasi dairələri və siyasi rəhbərliyi də bunu çox gözəl bilir. Bizim ölkə də, Gürcüstan da həm xalqlar səviyyəsində, həm dövlət rəhbərləri səviyyəsində sülh, əmin-amanlıq, dostluq şəraitində yaşamağın tərəfdarıdır.

Keşikçidağda törədilən hadisələrin arxasında Gürcüstandakı bəzi millətçi qruplarla bərabər, gürcü soyadı altında gizlənən ermənilər, həmçinin, Gürcüstanla Azərbaycan arasındakı dərin dostluq əlaqələrini pozmağa çalışan dairələr, öz geopolitik maraqlarını həyata keçirmək naminə bu bölgədə “Parçala, hökm et!” xəttini yeritmək istəyən güclər, bu xətlə Azərbaycana da bu və ya digər formada təsir etmək istəyən qruplar dayanır. Eyni zamanda, Keşikçidağla əlaqədar Azərbaycanın dəqiq, aydın mövqeyi var. Sərhəd-delimitasiya məsələləri üzrə komissiya var və bu komissiyada hər iki dövlətin nümayəndələri çalışırlar. Həmçinin, Azərbaycanın həm hüquq-mühafizə orqanları, həm də sərhəd-mühafizə xidməti öz üzərinə düşən vəzifələri yerinə yetirməkdədir. Bizim tarixi baxımdan bu məsələyə münasibətimiz aydın şəkildə ifadə olunub. Tarix var, tarixi sərhədlər var, bunları heç kim poza bilməz. Hər hansı bir tarixi, yaxud dinə mənsub məbədin, abidənin hansı ərazidə olması millətlərarası münasibətlərə təsir göstərə bilməz. Əgər biz tarixi-dini abidələr baxımından məsələyə yanaşsaq, Azərbaycan xalqına məxsus, Qafqaz Albaniyasına məxsus abidələr var ki, onlar bizim sərhədimizdən kənarda qalıb. Bu cür hadisələr başqa ölkələrdə də var və bundan fitnəkarlıq məqsədilə istifadə cəhdləri yolverilən deyil. Bütövlükdə bu cür cəhdlər həm Gürcüstanın, həm Azərbaycanın maraqlarına uyğun gəlmir. Ona görə əminəm ki, Azərbaycan tərəfinin apardığı məqsədyönlü və səmərəli danışıqlar nəticəsində Gürcüstan tərəfi ilə bu məsələni həll edə biləcəyik və üçüncü tərəfin Keşikçidağdan öz məqsədi üçün hər hansı bir fitnəkarlıq yuvası kimi istifadəsinə imkan verməyəcəyik.

 

- Siz özünüz də qeyd etdiniz, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu hadisələrlə bağlı mətbuata verdiyi geniş açıqlamasında bildirdi ki, bu bölgədə yeni münaqişə ocağının yaradılmasına cəhdlər və buna çalışan qüvvələr var. Heç kimə də sirr deyil ki, son zamanlar münaqişə ocaqlarının yaradılmasında daha çox din amilindən istifadə edilir. Odur ki, bu bölgədə məhz dini zəmində münaqişə ocağının yaradılması mümkündürmü, gözləniləndirmi?  


- Münaqişə yaratmaq üçün tarix boyu din amilindən istifadə olunub. Məsələn, xaç yürüşləri zamanı,  orta əsrlər dövründə müharibələrin əksəriyyəti din pərdəsi altında aparılıb, din pərdəsi altında öz məqsədlərini həyata keçirmək istəyən qüvvələr hər zaman olub. Tarixdə buna dair çoxlu misallar var. Həm Xristian, həm İslam, hətta başqa dinlərə aid də çoxlu sayda faktlar sadalaya bilərik. Din pərdəsi altında öz məqsədinə çatmaq cəhdləri əvvəl olub, bu gün də var və bu, davam edən prosesdir. Sadəcə, bunun qarşısını almaq, təxribatları, fitnəkarlıqları önləmək üçün məqsədyönlü siyasət ortaya qoymaq lazımdır. Din amilindən müəyyən məqsədlər üçün istifadənin indi daha qabarıq şəkildə özünü büruzə verməsi səbəbsiz deyil. Bilirsiniz ki, soyuq müharibə deyilən dövr arxada qalıb. 20-ci əsrin ortalarından başlayaraq, İkinci Dünya Müharibəsindən sonra dünyada bölgü ideoloji baxımdan idi, yəni bir tərəfdə Qərb demokratiyası, digər tərəfdə isə kommunist ideologiyası dayanırdı. Dünyada proseslər bu bölgü üzrə getdiyinə görə digər amillər arxa plana keçmişdi.  Artıq soyuq müharibə arxada qalıb, bu yarışda Qərb demokratiyası deyilən Qərb dünyasının söykəndiyi dəyərlər kommunist ideologiyasını üstələyə bilib və bu gün yeni bir qarşıdurma üçün meydan açılıb. Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq isə sivilizasiyaların toqquşması deyilən bir anlayış ortaya çıxıb.

 

-Heç təsadüfi deyil ki, ində də sivilizasiyaların toqquşması fikrini ortaya qoyanların dediklərinin yeni formada təzahürlərini görməkdəyik…

 

-Təəssüf ki, bu reallıqdır. Sivilizasiyaların toqquşması indi İslam dünyası ilə Qərb dünyası arasındakı qarşıdurmada özünü büruzə verir və burada din amilindən istifadə ortaya çıxır. Xüsusilə, İslam dinindən istifadə cəhdləri çoxdur. İslam dinindən istifadə cəhdlərinin də arxasında bəzi maraqlar dayanır. Birinci maraq İslamın dünyada güclənməsinin və yayılmasının qarşısını almaqdır. Bildiyimiz kimi, İslam proqressiv dindir və bu dinin tərəfdarlarının sayı artır. Təbii ki, bu, Qərbdə narahatlıq yaradır. Çünki Avropanın özündə İslam dininin daşıyıcılarının faizi ilbəil artmaqdadır. Avropa İttifaqı ölkələrində İslam dininin daşıyıcısı olan insanların faizi ortalama 5-6 faiz civarındadır ki, bu böyük rəqəmdir. Elə ölkələr var ki, bu göstərici 10 faizi keçməkdədir. ABŞ-da da bu faiz artmaq üzrədir. İslam dünyasında əhali artımı Qərbə nisbətən daha aydın şəkildə özünü göstərir. Bu narahatlıqlar dini baxımdan mövcuddur. Ona görə İslam dininin daşıyıcılarının artması, İslam coğrafiyasının güclənməsi bəzi qüvvələri narahat edir.

İkinci faktor odur ki, İslam coğrafiyası enerji qaynaqları ilə olduqca zəngindir. İslam ölkələri həm coğrafi baxımdan əlverişli yolların üzərində dayanıb, həm də enerji qaynaqları baxımından daha üstün mövqedədir. Dünyadakı neft ehtiyatlarının 60 faizi, təbii qazın 62 faizi İslam coğrafiyasındadır. Eyni zamanda, İslam coğrafiyası planetimizin quru hissəsinin 19 faizinə sahibdir. Əhalinin isə 25 faizə qədəri İslam coğrafiyasına məxsusdur. Böyük bir ərazini əhatə etməklə bərabər, dünyanın ən strateji nöqtələrinin İslam coğrafiyasına aid olduğunu görə bilərik.

Üçüncü faktor məhz İslam coğrafiyasında hegemonluğu əldə saxlamaq və bu hegemonluqdan istifadə edərək, burada olan təbii sərvətlərdən yararlanmaq cəhdləridir.

Dördüncü faktor odur ki, dinlərarası yarışda ideoloji baxımdan İslam coğrafiyasının irəli sürdüyü tezislər daha cəlbedici görünür. Bu isə Qərb dünyasında müəyyən qruplar var ki, onları narahat edir. Bu amillər nəzərə alınmaqla İslamı gözdən salmaq kampaniyası gedir. İslam adı altında terror qrupları yaradılır və bundan istifadə edərək İslama zərbələr vurmaq istəyirlər. Ona görə də din amilindən bu gün dövlətlərarası mübarizədə bir vasitə kimi istifadə olunmağa başlanılıb. Ayrı-ayrı bölgələrdə, İslam coğrafiyasında yaradılan terror qruplarını, terror təşkilatlarını, Əl-Qaidəni, İŞİD-i və sairəni hər birini geniş təhlil eləsək, onların köklərinin haradan gəldiyini görə bilərik. İslam coğrafiyasında bunları nəzərə alıb, qabaqlayıcı tədbirlər görmək lazımdır. Bunun da ən yaxşı yolu İslamı olduğu kimi təbliğ etmək və dini maarifçiliyi gücləndirməkdir.

 

- Çox təəssüflər olsun ki, bu gün İslam aləmində mövhumat, cəhalət, xurafat elementləri hələ də güclü və təsirli şəkildə qalmaqdadır…

 

- Dini mövhumat, xurafat bütün dinlərin düşmənidir. Xristianlığın özündə xurafat elementləri və bu yöndə kifayət qədər misallar var. Bəzən İsa Məsihin çarmıxa çəkilməsi səhnəsini olduğu kimi təkrar edirlər, özlərini çarmıxa çəkdirirlər, özlərini xaça mıxlayırlar. Bunlar xurafat deyilsə, nədir?! Amma İslam dünyasından fərqli olaraq, xristian dünyasında din sahəsində zamanında baş vermiş bəzi dəyişikliklər cəmiyyətin dinə münasibətini fərqli şəklə salıb. Bu gün Qərb dünyasında insanların dinə münasibətində ateizm olmasa da, hər halda laqeydliyi daha çox görürük. Xristianlıqda bir çox məsələlər var ki, dinin xurafat elementləri cəmiyyətə geniş şəkildə sirayət edə bilmir. Yaponiya, Çin kimi ölkələrdə elmi-texniki inkişaf İslam dininə mənsub ölkələrdəkindən yüksəkdir. Bəzi hallarda bu fakt cəhaləti, xurafatı yarada bilən səbəblərdən birinə çevrilir. Ancaq mövhumat, xurafat, cəhalət bütün dinlərin, o cümlədən, İslamın da düşmənidir. Bu cəhalətdən xilas yolu isə İslamın özünə söykənməkdən keçir. Peyğəmbərimiz deyir ki, beşikdən qəbrə qədər elmlə məşğul ol, elm öyrənməyə uzaq Çinə belə get. “Quran-i Kərim”də alimin mürəkkəbi şəhidin qanı ilə müqayisə edilir. İslam elmlə məşğul olmanı savab sayır, elmə böyük yer verir. Bu gün İslam dünyası bir növ böyük sıçrayış göstərməkdədir. İslam ölkələri var ki, orada elm, mədəniyyət daha yüksək sürətlə inkişaf edir. Hesab edirəm ki, İslam dünyasında bu məsələlərdə, inkişafda öndə gedən ölkələrdən biri də elə Azərbaycandır.

 

- Yeri gəlmişkən, Azərbaycanda dini maarifləndirmənin səviyyəsi necədir, qənaətbəxş sayıla bilərmi? Hansı ki, bəzən bu yöndə də narahatlıqlar dilə gətirilir…

 

- İlk olaraq qeyd edim ki, dini sahəyə dövlət tərəfindən daim dəstək göstərilir. Bu siyasətin əsası hələ müstəqillik qazandığımız ilk illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Müstəqilliyimizin bərpasından sonra xalqımızın mənəvi irsinin bir parçası olan dini abidələrin təmir və bərpası istiqamətində zəruri addımlar atılıb. Bir faktı qeyd edim ki, müstəqillik dövründə ölkəmizdə 800-dən artıq məscid inşa olunub, yüzlərlə məsciddə əsaslı təmir işləri aparılıb və yaxud yenidən qurulub. Bu siyasət bu gün də Ümummilli Liderimizin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən davam etdirilir. Dövlətimiz əhalinin 96%-nin mənsub olduğu İslam dininin nümayəndələri ilə yanaşı, ölkədə yaşayan digər dinlərin nümayəndələrinə də qayğı göstərərək onların problemlərinin həllinə şərait yaradır, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Xüsusilə, din sahəsində sabitliyin, o cümlədən dini dözümlülük və multikultural ənənələrin qorunub saxlanılması, radikalizm meyillərinin qarşısının alınması istiqamətində ciddi işlər görülür. Din sahəsində maarifləndirmə istiqamətində tədbirlərə gəlincə isə bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə bərabər Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, o cümlədən bəzi nazirliklər, qeyri-hökumət təşkilatları, media orqanları birgə fəaliyyət göstərirlər. Dini maarifçilik sahəsində yüksək səviyyəli tədbirlər həyata keçirilir. Cənab Prezidentin Sərəncamı ilə yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. DQİDK-nın tabeliyində yaradılmış İlahiyyat İnstitutunda da savadlı kadrların hazırlanması prosesi gedir. Məscidlərdə icmalar vasitəsilə layihələr həyata keçirilir və bu layihələr maarifçiliyə xidmət edir. Bizim din sahəsində yüksək təhsil almış gənc imamlarımız var ki, onlar bu dini maarifçilikdə fəal iştirak edir. Qafqaz Müsəlmanları İdarəsi Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə beynəlxalq miqyasda, ölkə daxilində çoxsaylı konfranslar, tədbirlər keçirir, bunlar da dini maarifçiliyə xidmət göstərir. Bizim Komitənin hüquq-mühafizə orqanları, Penitensiar Xidmət, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Gənclər Fondu, qeyri-hökumət təşkilatları ilə maarifləndirmə sahəsində tədbirlərin keçirilməsinə dair təsdiq olunmuş “Tədbirlər Plan”ımız var. Elə bir sahə yoxdur ki, biz orada maarifləndirmə tədbirləri təşkil etməyək. O cümlədən, media ilə çox sıx əməkdaşlıq edirik. Dövlət Komitəsinin iştirakı ilə və yaxud da ayırdığı maliyyə hesabına televiziyalarda xüsusi dini maarifçilik verilişləri hazırlanır, nümayiş olunur, müxtəlif müsabiqələr təşkil olunur, xüsusilə gənclər arasında maarifləndirmə tədbirləri keçirilir, sənədli filmlər çəkilir ki, bu filmlər maarifləndirmə işinə çox böyük təsir göstərir. Yəni, bunları ümumiləşmiş şəkildə desək, dini maarifçilik sahəsində aparılan iş davamlıdır və bu işlərin aparılması istiqamətində yeni-yeni ideyalar var ki, bunları da reallaşdıracağıq. Bu işlərdən biz nə qədər razıyıq, nə qədər narazıyıq, əlbəttə, öz işimizə özümüz qiymət verə bilmərik. Amma belə baxdıqda hesab edirəm ki, Azərbaycandakı ictimai-siyasi sabitlikdə dini maarifçiliyin də öz payı var. Dini maarifçilik işinin aparılması ekstremist, radikal qrupların dindən sui-istifadəsinin əngəllənməsində mühüm rol oynayır. Bizim internet üzərində də işimiz yüksək səviyyədə qurulub. Mütəmadi olaraq sosial media üzərindən dini radikalizm ideyalarını yaymağa çalışan, din pərdəsi altında gizlənərək öz ideyalarını yaymağa çalışan qrup və şəxslərə qarşı monitorinqlər aparırıq. Dövlət Komitəsi tərəfindən çoxlu sayda maarifləndirici kitablar nəşr olunur,  İslamın, islami dəyərlərin öyrənilməsi üçün seminarlar, treninqlər təşkil olunur. Bunların hamısı onu deməyə əsas verir ki, maarifçilik işimiz gedir və bu da öz təsirini mütləq şəkildə göstərir.

Kamil Həmzəoğlu