Şriftin ölçüsü:
Saytın rəngi:
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı SİA-ya müsahibə verib:
- Mübariz müəllim, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirdi ki, Azərbaycan müsəlman aləmində öz rolunu daha da gücləndirib. Siz bunu necə xarakterizə edərdiniz?
- Azərbaycan Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində bir çox məqamlara toxunulub. Prezidentimiz tərəfindən həm 2018-ci ildə qazandığımız nailiyyətlər, həm də təcavüzkar Ermənistana qarşı apardığımız siyasət, beynəlxalq miqyasda gedən proseslər, həmçinin Azərbaycanın bölgədə və dünyada mövqeyi məsələləri qeyd olunub. Müəyyən məsələlər vardır ki, onları da dövlət başçımız öz çıxışında bildirib. Azərbaycanın İslam dünyasında, bütövlükdə dünya təşkilatlarında rolu günbəgün artmaqdadır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında (İƏT) isə ən aparıcı ölkələrdən biridir. Bu təsadüfi deyil. Azərbaycan əhalisinin sayına və əhalisinə görə böyük dövlət deyil. Lakin ölkəmizin apardığı siyasət və ölkə rəhbərliyinin gördüyü işlər həm İslam dünyası, həm də region üçün o qədər böyükdür ki, Azərbaycanı həmin ərazi və əhali ilə bağlı müqayisə etmək artıq burada yerinə düşmür. Azərbaycan Prezidenti özünün siyasi nüfuzuna görə hesab edirəm ki, dünyanın ən sayılıb-seçilən siyasi rəhbərlərinin sırasındadır və öncül yerlərdən birindədir. O cümlədən İƏT-də də Prezidentimiz cənab İlham Əliyev ən aparıcı siyasi rəhbərlərdən biridir. İƏT-də Azərbaycan bütün məsələlərdə yaxından iştirak edir. Eyni zamanda bu təşkilatın güclənməsinə, onun fəaliyyətinin genişlənməsinə hərtərəfli dəstək verir. Dəfələrlə paytaxt Bakıda İƏT-in ayrı-ayrı qurumlarının toplantıları keçirilib və Azərbaycan Prezidenti həmin toplantılarda iştirak edib, orada öz tövsiyələrini verib. Bununla belə dövlət başçımız hər il ənənəvi olaraq Ramazanda Azərbaycanda olan İslam ölkələrinin səfirlərini qəbul edir və onlarla söhbət edir. Beləcə Azərbaycanın apardığı siyasət, o cümlədən İslam ölkələri arasında əlaqələr barəsində öz tövsiyələrini, fikirlərini bildirir. Ona görə də, ölkə rəhbərimizin həmin təbrikində İslam ölkələrində, dünyasında Azərbaycanın rolunu xüsusi qeyd etməsi məhz həmin siyasəti bir daha ictimaiyyətin diqqətinə çatdırmaq üçündür. İƏT bu gün dünya miqyasında çox böyük yer tutmaqdadır.
Ümumiyyətlə, İslam dünyası dünyada əhəmiyyətli rol oynayır. Dünyanın quru hissəsinin 19 faizi İslam ölkələrinin payına düşür. Eyni zamanda dünyada olan neft və qaz ehtiyyatlarının 60-62 faizi İslam coğrafiyasındadır. Bu islam coğrafiyasında başlıca məsələlərdən biri islam həmrəyliyini daha geniş şəkildə təmsil eləmək və onu təmin etməkdir. Bildiyiniz kimi 2017-ci ili möhtərəm Prezidentimiz “İslam Həmrəyliyi ili” elan etmişdi. Bununla bağlı Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları da keçirildi. Bu “İslam Həmrəyliyi ili”ndə Prezidentimizin tövsiyəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi xarici ölkələrdə onlarca beynəlxalq konfranslar keçirmişdi. Məhz onun yekunu olaraq Bakı şəhərində böyük bir konfrans oldu. Dövlət başçımız orada çox böyük bir nitq söylədi. Onun nitqinin əks-sədası bu gün də İslam dünyasında özünü göstərməkdədir. Ona görə də İslam dünyasında birlik, həmrəylik naminə Prezident İlham Əliyevin apardığı siyasət bütün İslam dünyası tərəfindən birmənalı şəkildə qəbul edilir, təqdir olunur. Bu siyasət bu gün də özünü göstərməkdir.
- Dövlət başçısı xüsusilə vurğuladı ki, İslam Əməkdaşlıq Təşkilatı İslam həmrəyliyi məsələlərində Azərbaycanın apardığı siyasətə çox yüksək qiymət verir. Bu haqda nə deyə bilərsiniz?
- İƏT-in mərkəzi ofislərində keçirdiyimiz görüşlərdə, aparıcı mərkəzlərdə, dini mərkəzlərdə keçirdiyimiz tədbirlərdə İslam həmrəyliyinə Azərbaycanın töhfəsi, xüsusilə Prezidentimiz cənab İlham Əliyevin verdiyi töhfə burada birmənalı şəkildə hər zaman qeyd edilib. İSESCO-nun Mərakeşdə keçirilən tədbirlərində bu dəfələrlə qeyd olunub. O cümlədən ötən il bizim Almaniyada keçirdiyimiz böyük bir konfransda İslam ölkələrinin, İslam təşkilatlarının ayrı-ayrı nümayəndələri iştirak edirdilər. Orada Prezident İlham Əliyevin İslam həmrəyliyinə və islam həmrəyliyinin əldə olunmasına göstərdiyi diqqət və qayğı bütün çıxışlarda xüsusi qeyd edilmişdi. Bu, QMİ ilə bizim keçirdiyimiz beynəlxalq tədbirlərdə hər zaman qeyd edilib. Bizim Tehranda, İstanbulda, Ciddədə və s. yerlərdə keçirdiyimiz tədbirlərdə də Azərbaycanın rolu, o cümlədən ölkə başçısının siyasi rəhbər olaraq gördüyü işlər burada xüsusi diqqətə çatdırılıb. Azərbaycan burada çox böyük töhfələr verir.
- Artıq 2019-cu ilə qədəm qoymuşuq. Bəs bu ildə Komitənin əsas prioritetləri nədən ibarət olacaq?
- Əlbəttə ki, bizim əsas prioritetlərimiz bütövlükdə müəyyən edilib. Bunu cənab Prezidentimiz bizim qarşımızda bir vəzifə olaraq qoyub. Biz birinci növbədə dini sui-istifadə edərək din adı altında fəaliyyət göstərən radikal qrupları həm ideoloji cəhətdən, həm də mənəvi, siyasi cəhətdən zərərsizləşdirməliyik. Çünki bu din adından istifadə edən radikal qruplar bütövlükdə İslama böyük ziyan vururlar. Onların İslama vurduğu ziyanı biz bu gün yaxın Şərqdəki hadisələrdə, Suriyadakı fəlakətdə, İraqdakı böyük dağıntılarda, Əfqanıstanda görürük. Ona görə də imkan vermək olmaz ki, İslam adı altında kimlərsə müsəlman ölkələrinin inkişafını ləngitsin, onların içərisində qarşıdurma yaratsın, həmin ölkələrdə ictimai-siyasi sabitliyi pozsun, İslamın içərisində məzhəb, təriqət qarşıdurması yaratsın. Buna yol verməmək üçün isə qabaqlayıcı addımlar atılmalıdır. Biz hesab edirik ki, burada üç əsas istiqamətdə iş getməlidir və bu iş bu istiqamətdə də gedir.
Birincisi, biz hesab edirik ki, dövlət qurumları Azərbaycanda bu yöndə hüquqi müstəvidə işlərini daha geniş şəkildə davam etdirməlidir. Təbii ki, bu da belədir. Yəni hüquqi müstəvidə Azərbaycan Konstitusiyasına və dini etiqad azadlığı qanununa istinad edərək biz din adından istifadə edən dairələri tam şəkildə zərərsizləşdirməliyik. Din adından istifadə edənlər yalnız İslama aid deyil. Beləki xristianlıqda, başqa dinlərdə də bundan sui-istifadə edənlər olur.
İkincisi, iqtisadi müstəvidə biz mübarizəmizi genişləndirməliyik. Bu hansı yolla getməlidir və hansı yolla gedir? Bilirsiniz ki, din adından sui-istifadə edən qruplar müəyyən yerdən maddi dəstək əldə edir. Həmin maddi dəstək də müəyyən mənada çirkli pullar hesabına həyata keçirilir. Bu çirkli pullarla həmin qruplar maliyyələşdirilir. Bu maliyyələşmə bəzən bir çox hallarda xarici mərkəzlərdən edilir. Həmin mərkəzlər məqsədyönlü şəkildə İslam ölkələrində bu qrupları maliyyələşdirir, onları silahlandırır və həmin ölkələrdə qarşıdurma yaradır və nəticədə bu ölkələri fəlakətə düçar edir. Bu bir növ aparılan siyasətin görüntüləridir. Ona görə də bu qrupların hər hansı bir formada həmin vəsaitlər vasitəsilə Azərbaycanda da bu tipli dəstələr yaratmasına imkan vermək olmaz. Yəni həmin iqtisadi yolla, vasitələrlə Azərbaycana vəsait gətirərək bu vəsaitlə özlərinə burada dayaq dəstələri yaratmaq istəkləri ola bilər və bunun qarşısını almaq üçün də iqtisadi yolla mübarizə getməlidir. İqtisadi yolla mübarizə ondan ibarətdir ki, bu cür vəsaitlərin Azərbaycana gəlişinin qarşısı alınmalıdır. Eyni zamanda bu cür vəsaitlər bura hansısa formada gətirilərək burada həmin vəsaitlər hesabına nəisə yaradıb oradan gəlir əldə edib onu bu cür din adından istifadə edən radikal qruplara yönəldib onları genişləndirmək cəhdləri ola bilər. Təbii ki, bunun qarşısı alınmalıdır. Bir sözlə, iqtisadi müstəvidə bu iş daim nəzarətdə olmalıdır. Qeyd edim ki, bizim iqtisadi qurumlarımız, maliyyə bank sistemimiz bu məsələlərlə əlaqədar ciddi addımlar atıb. Bu gün Azərbaycana kənardan bu cür vəsaitlər gətirib onları Azərbaycan əleyhinə yönəltmək imkanları sıfıra bərabərdir. O cümlədən hüquqi müstəvidə də bizim hüquq-mühafizə orqanlarımız – Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, məhkəmə-hüquq orqanları, Dövlət Sərhəd Xidməti, Gömrük Komitəsi və s. bütün bunlar hamısı bir yerdə bu kompleks tədbirlərin həyata keçirilməsində yaxından fəal iştirak edirlər. Hüquqi müstəvidə bu cür qruplar qanun çərçivəsində qanunu pozduqda zərərsizləşdirilir.
Üçüncü istiqamət isə ideoloji müstəvidir. Biz ideoloji müstəvidə isə müxtəlif filmlər, görüşlər, treninqlər, seminarlar, o cümlədən mediada geniş şəkildə iş aparmaq, televiziyalarda verilişlər təşkil etmək və s. vasitələrlə həmin din adı altında fəaliyyət göstərən qrupların zərərli dinə, islama, bütövlükdə başqa dinlər varsa onlara qarşı olduğunu, onları təhrif etdiyini çatdırmalıyıq. Bunun üçün mütəxəssislər, ilahiyyatçılar bizim tərəfimizdən səfərbər olunub. Onlar görüşlərə gedirlər və iştirak edirlər. Komitə jurnal, qəzet nəşr edir və bununla bağlı xüsusi saytı mövcuddur. Prezidentin sərəncamı ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu bununla əlaqədar xüsusi sayt yaradıb və mütəmadi görüşlər keçirilir. Qeyd edim ki, “Səs” İnformasiya Agentliyi (SİA) bu görüşlərdə yaxın fəal iştirak edir. Həmin görüşlərin işıqlandırılmasında sizin “Səs” İnformasiya Agentliyinin rolunu xüsusi qeyd etmək istəyirəm. Hesab edirəm ki, bu istiqamətdə bizə və bizim işimizdə çox böyük dəstək verirsiniz. O cümlədən digər media qurumları da burada yaxından iştirak edir. Son vaxtlarda bu məsələlərlə əlaqədar Komitənin sifarişi ilə bir sıra sənədli filmlər çəkilib. Bunlar “Fitnə”, “Şəhadət”, eləcə də gələcəyə doğru gəncliklə əlaqədar “Üfüqdə gələcək” sənədli filmidir. Bununla belə cəmiyyətdə vəhdəti təbliğ edən “Vəhdət qanımızdadır” sənədli filmini, xurafat əleyhinə “Oxu!” adlı sənədli filmini nümunə olaraq göstərə bilərik. Həmçinin də erməni vandalizmini ifşa edən “Vandalizm” adlı sənədli film çəkilib. Eləcə də televiziyalarda verilişlər mövcuddur. Space kanalında yayımlanan “İnam” verilişini, İctimai televiziyadakı “Din və cəmiyyət” verilişini göstərə bilərik. Bütün bunlarla bərabər çoxlu sayda görüşlər var və kitablar nəşr olunur. Əlbəttə ki, bunlar hamısı həmin zərərli qrupların internet üzərindən və yaxud da qaçaq yolla yayılan mətbuatlarında, kitablarında təlqin etmək istədikləri fikirlərin zərərli olduğunu cəmiyyətə çatdırmaqdır. Biz ideoloji sahədə bir çox qurumlarla sıx əməkdaşlıq edirik, QHT-lərlə birgə layihələr həyata keçiririk, Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, hüquq-mühafizə orqanları, Təhsil Nazirliyi ilə işlər görürük. O cümlədən Azərbaycan Respublikasının Prezident Administrasiyasında bununla bağlı müvafiq şöbə burada çox böyük işlər görür. Eləcə də yerli icra hakimiyyətlərində dini məsələlər üzrə şöbə müdirinin müavini səviyyəsində vəzifələr təsis olunub. Bizim 15 regional bölgə şöbələrimiz var. Bütün bunlar birlikdə cəmiyyətin hamısının iştirakı ilə olur. Təbii ki, mediada burada yaxın iştirak edir. Məqsəd din amilindən istifadə edərək ölkəmizə hansısa ziyan vurmaq istəyənlərin qarşısını almaqdır və dini siyasiləşdirməyə imkan verməməkdir.
- Mübariz müəllim, mütəmadi olaraq Azərbaycanın dünyada qazandığı imicinə, nüfuzuna qarşı anti-milli kampaniyalar davam etməkdədir. Sizcə onların bu pessimist əməllərinə nə ad vermək olar?
- Əvvəla qeyd edim ki, harada olmasından asılı olmayaraq heç bir dairə, qrup Azərbaycanın beynəlxalq miqyasdakı imicinə xələl gətirə bilməz və bu cür cəhdlər beşiyindəcə məhvə məhkumdur. Nə üçün gətirə bilməz? Çünki Azərbaycan möhkəm təməllər üzərində durur. Bu Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipləridir və azərbaycançılıq ideologiyasıdır. Eləcə də bu bütün dünyada olan 50 milyondan çox azərbaycanlını birləşdirən bir ideyadır. Harada olmasından asılı olmayaraq damarlarına azərbaycanlı qanı axan hər bir şəxs Azərbaycanın inkişafı, tərəqqisi naminə öz töhfəsini verməlidir. Hər bir azərbaycanlı Azərbaycana təcavüz edən erməni işğalçılarını ifşa etmək üçün çalışmalıdır və bunun üçün əlindən gələni etməlidir. Özünün maddi, mənəvi, fiziki imkanlarından istifadə edərək bu işdə həmrəylik nümayiş etdirməlidir. Bu bizim ümummilli vəzifəmizdir. Azərbaycan demokratik ölkədir və ölkədə siyasi hakimiyyəti seçki müəyyənləşdirir. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Hansısa siyasi qrup, partiya, dairə, siyasətlə məşğul olan fərd özünü təsdiq etmək istəyirsə seçkilərdə onun üçün hər cür meydan vardır. Bu gün Azərbaycanda müxalifət partiyaları fəaliyyət göstərir və onlar parlamentdə təmsil olunur. Bu qruplar, dairələr hansılar ki siyasətlə məşğul olurlar onlar üçün hansısa bir məhdudiyyət yoxdur. Ona görə də Azərbaycanın marağı bizim hamımızdan üstdə duran bir maraqdır. Bizim fərdi və qrup maraqlarımız ümumdövlət marağı ilə uzlaşmadıqda biz artıq o maraqlarımızdan imtina etməyi bacarmalıyıq. Bizim fərdi marağımız bizim ümummilli marağımıza zidd olmamalıdır. Bizim fərdi marağımız ümummilli maraqla uzlaşmalı və onu tamamlamalıdır.
Cənab Prezidentimiz Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində qeyd etdi ki, bizim ən böyük marağımız daha güclü Azərbaycandır. Ölkə başçısı dəfələrlə qeyd edir ki, biz daha yüksək inkişaf edən ölkələr sırasına gedib çıxmalıyıq. Azərbaycan elə etməlidir ki, o iyirmilərin sırasına gəlib çıxmalıdır. Hədəflər budur. Əlbəttə ki, ən birinci işğal olunmuş torpaqlarımızı azad edib və həmin ərazi üzərində suverenliyimizi bərpa etməyimizdir. Bu siyasətimizin əsas istiqamətlərindən biridir. İkinci marağımız güclü, zəngin Azərbaycandır. Biz burada da çox böyük uğur əldə etmişik. Bu gün Azərbaycan özünü təsdiq etmiş və regionda, bölgədə müstəqil siyasət aparan güclü bir dövlət kimi tanınmaqdadır. Eyni zamanda bizim marağımız Azərbaycan xalqının rifahıdır. Təbii ki, bu istiqamətdə də dövlətimiz siyasət aparır. Azərbaycan Konstitusiyasında da təsbit olunub ki, Azərbaycan sosial dövlətdir. Prezidentimizin siyasətində də sosial siyasət önəmli yerlərdən birini tutur. Azərbaycanın müdafiə qabiliyyəti, iqtisadi təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və s. müxtəlif təhlükəsizlik konsepsiyaları var ki, bunlar da ümummilli maraqlarımızı qoruyur. Amma bu gün həmin qruplar bizim ümummilli maraqlarımızı tapdalayır və Azərbaycan xalqına xas olmayan fəaliyyətlə məşğul olur. Onlar internetin verdiyi imkanlardan istifadə edərək internet üzərindən ya anonim və yaxud da açıq şəkildə fikirlər səsləndirərək Azərbaycanın inkişafına xələl gətirməyə, ona kölgə salmağa cəhd edirlər. Monitorinqlər aparılarkən məlum olur ki, bu internet üzərindən yalan, böhtan püskürənlər Azərbaycanda uğursuzluğa düçar olmuş, fərdi və siyasi həyatında uğursuzluğa düçar olmuş və əgər jurnalist idisə jurnalist kimi uğursuz olan bir adam hansı yollasa başqa bir ölkəyə sığınaraq oradan Azərbaycana qarşı yalan püskürür. Həmin adamlar bu yalanlarının guya Azərbaycanda ictimai rəyə təsir edəcəyini düşünürlər. Amma yanılırlar. Monitorinqlər göstərir ki, bunları dinləyənlər, bunlarla təmas quranlar elə eyni adamlardır. Onlar özü çalıb, özü oynayan adamlara bənzəyir. Həmçinin onlar əxlaqdan zidd hərəkətlərə yol verir. Ümumiyyətlə insanın siyasi, mənəvi məsuliyyəti olmaldır.
Müsahibə ilə aşağıdakı linkdən daha ətraflı tanış ola bilərsiniz: