Şriftin ölçüsü:
Saytın rəngi:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Teleqraf.com-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Mübariz müəllim, ölkədə koronavirus pandemisına qarşı aparılan mübarizəni necə qiymətləndirirsiz? Özünüz və komitə əməkdaşları infeksiyadan necə qorunur?
- Bir neçə aydır bütün dünyada COVID-19 virusu geniş yayılmaqdadır. Bu gün pandemiya qlobal bəla kimi dünya əhalisinin sağlamlığına təhdid yaratmaqla yanaşı, həm də ölkələrin iqtisadiyyatına böyük ziyan vurmaqdadır. Statistik göstəricilərə görə, dünyada virusa yoluxanların sayı artır, pandemiya hətta ən qabaqcıl ölkələrin səhiyyə sistemlərinə də çətinliklər yaradır.
Sözsüz ki, bütün dünyanı ağuşuna alan bu bəla Azərbaycanda da öz mənfi təsirini göstərdi. Pandemiyanın qarşısının alınması, onun doğurduğu sosial-iqtisadi problemlərin aradan qaldırılması istiqamətində Azərbaycan dövləti tərəfindən çevik və məqsədyönlü siyasət aparılır, virusa qarşı mübarizənin ilkin mərhələsindən başlayaraq qabaqlayıcı addımlar atılır, yoluxucu xəstəliklə bağlı vəziyyət nəzarət altında saxlanılır. İnfeksiyanın ehtimal olunan bütün ocaqlarını məhv etmək üçün ciddi səylər göstərilir.
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, bu xəstəliklə ölkəmizdə ilk gündən ciddi mübarizə aparılır. Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə modul tipli xəstəxanalar inşa edilir ki, bu, COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, martın 28-də Bakıda müasir standartlara cavab verən “Yeni klinika” tibb müəssisəsinin istifadəyə verilməsi, modul tipli xəstəxanaların tikilməsi infeksiyanın yayılmasının qarşısının alınması və onunla mübarizə sahəsində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu və digər ehtiyat mənbələri hesabına dövlət büdcəsindən pandemiya ilə mübarizənin və iqtisadiyyata mənfi təsirlərin azaldılması tədbirlərinin maliyyələşdirilməsi üçün 1 milyard 350 milyon manat məbləğində vəsait ayrıldı. Bu vəsaitin 350 milyon manatlıq hissəsi bir sıra zəruri tibbi ləvazimatların və avadanlıqların alınması, dövlət və özəl tibb müəssisələrində çalışan tibb işçilərinə, cəlb olunmuş könüllülərə xüsusi əlavə və müavinətlərin ödənilməsi, dezinfeksiya işlərinin genişləndirilməsi və digər tibbi ehtiyacların maliyyələşdirilməsinə yönəldildi. Dövlət fondları və digər maliyyə resurslarının səfərbər edilməsi nəticəsində ümumi maliyyə dəstək paketi 3,5 milyard manata yaxındır.
Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ödəmələrin həyata keçirilməsində fiziki və hüquqi şəxslərin, xüsusilə Yeni Azərbaycan Partiyası üzvlərinin və könüllülərinin, Heydər Əliyev Fondunun göstərdiyi fəallığı qeyd etməliyik. Fond pandemiyaya qarşı mübarizəyə dəstək verərək böyük sosial layihə həyata keçirdi. “Biz birlikdə güclüyük” aksiyası çərçivəsində aztəminatlı və digər həssas kateqoriyadan olan 100 mindən çox ailəyə yardım paylanıldı. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışı ilə əlaqədar olaraq bütün ölkə ərazisində qanvermə aksiyaları təşkil olundu.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq sosial izolasiya qaydalarına əməl edərək mən və ailə üzvlərim, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da tibbi maskadan istifadə edir, eyni zamanda, digər sanitar-gigenik qaydalara əməl edirik. Komitə əməkdaşları, eləcə də din xadimləri arasında infeksiyaya yoluxma hallarına rast gəlinməyib.
- Artıq bir sıra ölkələr məscidləri ibadət üçün açıb. Bəs Azərbaycanda məscidlərin açılması nə zamana planlaşdırılır?
- Ölkəmizdə bu il mart ayının 18-dən qapalı məkənlarda dini ayinlərin icra edilməsi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən məhdudlaşdırılıb. Lakin Azərbaycandakı dini icmalar artıq bu vaxtadək bu məsələyə münasibətlərini bildirmişdilər. Mart ayının 5-də Qafqaz Müsəlmanları İdarəsində ölkəmizdəki bütün dini konfessiyaların rəhbərlərinin iştirakı ilə toplantı keçirildi, dini icmalara və dindarlara dini ayinləri evlərində yerinə yetirmələri ilə bağlı tövsiyə və çağırışlar edildi. Həmin dövrdən etibarən bütün ibadət evlərində, o cümlədən məscidlərdə dini ayinlərin icrası dayandırıldı.
Hazırda məscidlərdə vaxtı-vaxtında azanlar verilir. Bəzi din xadimləri tərəfindən internet vasitəsilə onlayn moizələr təşkil edilir.
Bu gün bəzi ölkələrdə koronavirus pandemiyası ilə əlaqədər bir sıra sahələrdə, o cümlədən dini ibadət yerləri ilə bağlı məhdudiyyətlər aradan qaldırılmağa başlanılıb. Azərbaycan da may ayının 11-dən xüsusi rejimin qaydalarını mülayimləşdirməyə və məhdudiyyətləri aradan qaldırmağa başlasa da, təəssüflər olsun ki, işlər istənilən kimi getmədi, “COVID-19” xəstəliyinə yoluxma halları artdığı üçün yenidən karantin qaydalarını sərtləşdirməyə qərar verildi.
Ümumiyyətlə, ibadət ocaqlarının, o cümlədən məscidlərin fəaliyyətə başlaması barədə dini icmalarla mütəxəssislərin arasında hər hansısa fikir ayrılığı yoxdur. Onların, həmçinin dindarların yekdil qənaətinə görə, koronavirus pandemiyasının yayılmasını qarşısının alınmasınadək bu məsələdə tələsgənliyə yol vermək olmaz.
Ümid edirik ki, yaxın vaxtlarda Azərbaycan koronavirusla mübarizədə daha böyük uğurlar qazanacaq və tezliklə ibadət evləri yenidən dindarların istifadəsinə veriləcək.
- Yas mərasimlərində karantin qaydalarına riayət edilməsinin səviyyəsi necədir? Hansı bölgələrdə pozuntular müşahidə edilir?
- Nazirlər Kabineti yanında Operativ Qərargahın 13 mart 2020-ci il tarixli qərarına əsasən bir sıra kütləvi tədbirlər, o cümlədən yas mərasimlərinin keçirilməsinə məhdudiyyətlər nəzərdə tutulub. Dəfn mərasimləri istisna olmaqla yas mərasimləri, ümumiyyətlə, qadağan olunub. Bu barədə, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müxtəlif vaxtlarda din xadimlərinə tövsiyə və tapşırıqlar verilib. Onlara yas mərasimləri və ehsan süfrələrində iştirak etməməklə, əhali arasında bu sahədə maarifləndirmə işləri aparmaları, yəni yas mərasimlərinin şəriət baxımından vacib tərəfləri haqqında izahat vermələri barədə göstəriş olub.
Aparılmış monitorinqlərə və Dövlət Komitəsinə daxil olan məlumatlara görə, ölkədə yas mərasimləri ilə bağlı qadağalara ümumən riayət olunur. İstisna hallarda yas məclislərinin keçirilməsi və ehsan süfrələrinin açılması müşahidə olunur ki, onların da əksəriyyəti bölgələrdə kənd yerlərində qeydə alınır. Təəssüf ki, belə mərasimlərdə koronavirus infeksiyasının yayılması barədə məlumatlar da yayılır.
- Uzun zamandır dəbdəbəli yas mərasimləri ictimai qınaq obyektidir. Post-pandemiya dövründə yas mərasimlərinin yığcam keçirilməsi ənənəsi saxlanıla bilərmi?
- Hər şeydən öncə arzumuz odur ki, bu pandemiya dövründən dövlətimiz və xalqımız daha az itkiylə çıxsın. Pandemiya dövrünün yas mərasimlərinin təşkil qaydalarına təsiri ilə bağlı onu qeyd edək ki, bəzi rayonlarda, kəndlərdə yerli əhalinin təşəbbüsü ilə ehsan süfrələrindəki təmtəraq aradan qaldırılıb, yas günlərinin sayı azaldılıb.
Hətta yas mərasimi keçirməyib, ona sərf ediləcək vəsaitlə xeyriyyəçilik edənlər də var. Müşahidələrimizə əsasən deyə bilərik ki, bu tendensiya ildən-ilə artmaqdadır. Yəni yas mərasimlərinin sadələşməsi prosesi davam etməkdədir. İnsanlar pandemiya dövründə yas mərasimlərini təmtəraqlı keçirməyin əhəmiyyətsiz olduğunu gördülər.
- Zaman-zaman Azərbaycanda dini icmaların qeydiyyatı məsələsinə toxunulur. Dini icmaların qeydiyyatı ilə bağlı hansı prosedurlar mövcuddur?
- Azərbaycanda dini qurumların dövlət qeydiyyatına alınması “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə əsasən, dini icmanın dövlət qeydiyyatına alınması üçün azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri icmanın təsis protokolu və Nizamnaməsi əlavə olunmuş ərizə ilə dini mərkəzə və ya idarəyə müraciət edir. Ərizəyə habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər sənədlər əlavə edilərək təqdim edilməlidir.
Dini mərkəz və ya idarə 30 gün ərzində həmin sənədləri öz təqdimatı ilə birlikdə dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günə qədər 942 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 907-si İslam, 35-i isə qeyri-islam (xristian – 24; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.
- Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızda dini-mədəni abidələrimiz dağıdılır. Bu fonda təmir-bərpa işləri adı altında ermənilərin Şuşadakı “Yuxarı Gövhər ağa” məscidinin daxili interyerində ciddi zərər vurması Azərbaycan ictimaiyyətində etirazla qarşılandı. Belə halların qarşısını almaq üçün hansı tədbirlər görülür?
- Ermənilər xislətlərinə uyğun olaraq maddi-mənəvi sərvətlərimizi daim özününküləşdirməyə çalışır. Buna nail olmadıqda əsrlərboyu Qarabağda və digər işğal olunmuş bölgələrimizdə əcdadlarımızın yaratdıqları abidələrimizi ya məhv etməyə, ya da özgələşdirməyə cəhd edirlər. Bütün dünyada Azərbaycan memarlıq nümunələri özünün xarakterik xüsusiyyəti ilə seçilir. İslam dini ilə bağlı olan tarixi-dini abidələrimiz də bu qəbildəndir. Onların üzərindəki tarixi kitabələr, İslam dininin müqəddəs kitabı olan Qurani-Kərimdən yazı nümunələri ermənilər tərəfindən dəyişdirilir. Burada incə məqam ondan ibarətdir ki, milli memarlığımızın izlərinin silinməsi ilə yanaşı, xəttatlıq nümunələrimiz də dəyişdirilir. Nəticədə qədim memarlıq abidələrimizin interyeri və eksteryeri dəyişdirilməklə bu abidələrin azərbaycanlılara deyil, başqalarına aid olduğunu “sübuta” yetirməyə çalışırlar.
Biz uzun illərdir ki, səlahiyyətlərimiz çərçivəsində işğal altındakı tarixi-dini abidələrimizin vəziyyəti ilə bağlı çoxsaylı işlər görürük. Müxtəlif vaxtlarda həmin abidələrin fotoşəkillərindən ibarət çoxsaylı sərgilər keçirmişik. Bu sərgilər təkcə ölkəmizdə deyil, eyni zamanda müxtəlif xarici ölkələrdə də təşkil edilib.
Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının ofislərində sərgilər təşkil etmişik. Bu fotosərgilərdə Azərbaycanın tarixi və müasir dini abidələri ilə yanaşı, Qarabağdakı adibələrimizin fotostendləri ayrıca yer alıb. İşğal altındakı torpaqlarımızda olan tarixi-dini abidələrimizlə bağlı kitablar dərc edilib. İngilis, alman, rus, ərəb və sair dillərə tərcümə edilərək beynəlxalq tədbirlərdə ölkəmizə gələn qonaqlara, xaricdə keçirdiyimiz təbdirlərdəki nüfuzlu ictimai-siyasi xadimlərə və elm adamlarına paylanılıb.
Bütün bunlarla yanaşı, istər ölkəmizə gələn qonaqlarla görüş zamanı, istərsə də xaricdəki çıxışlarımızda mövzularımızın prioritetlərindən birini məhz işğal altındakı tarixi-dini abidələrimizin aqibəti təşkil edir.
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən işğal altındakı torpaqlarımızda tarixi-dini abidələrin durumu ilə bağlı beynəlxalq təşkilatlar qarşısında hansı məsələlər qaldırılıb?
- Az öncə qeyd etdiyim sərgilərin keçirilməsi və kitabların yayılmasında əsas məqsəd işğal altındakı abidələrə qarşı vandalizm faktlarını dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmaqdır. Bütün görüşlərimizdə, səfərlərimizdə indi tarixi-dini ibadətgahlarda aparılan “təmir” işlərinin əsl mahiyyətini izah etməyə çalışırıq. Necə ola bilər 30 ilə yaxındır ki, hər cür təhqir edilən, dağıdılan bu abidələrimizi birdən-birə təmir etməyə başladılar?
Burada məqsəd aydındır. Keçirdiyimiz görüşlərdə təkidlə beynəlxalq konvensiyaların norma və tələblərinə zidd olan bu özbaşınalığın dayandırılmasını tələb etmişik.
Ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir.
Məhz bu məqamla bağlı dəfələrlə Dövlət Komitəsi tərəfindən beynəlxalq təşkilatlara müraciətlər olunub. Azərbaycan üçün həyati əhəmiyyət daşıyan bu məsələyə beynəlxalq ictimaiyyətin biganə qalmaması, işğalçı Ermənistan hakimiyyətinin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi saxtalaşdırmaq əməllərinin qarşısının alınmasında ədalətli mövqe nümayiş etdirməsinə dair gözləntilərimiz olduğunu ifadə etmişik.
Qeyd edim ki, bu gün işğal altındakı torpaqlarımızda təsbit olunan tarixi-dini abidələrin sayının 403 olduğu haqda məlumat var. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahlardır.
- Mövcud dini ədəbiyyat və ölkəyə daxil olan dini kitabların monitorinqi hansı formada aparılır?
- Dini ədəbiyyatın yayılmasına razılığın verilməsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərindən biridir. Azərbaycanda dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal və ya nəşr etdirmək istəyən fiziki və hüquqi şəxslər onların məzmununun yoxlanılması və müvafiq razılığın alınması üçün Dövlət Komitəsinə təqdim edir. Təqdim edilmiş materialların ölkə qanunvericiliyinə uyğunluğu qanunda nəzərdə tutulmuş müddətdə yoxlanılır.
Dinşünaslıq ekspertizasının nəticələrinə uyğun olaraq alınmış qərar barədə ərizəçiyə müsbət və ya mənfi cavab verilir. Müsbət və ya mənfi cavab DQİDK-nın müvafiq məktubu ilə rəsmiləşdirilir. İstehsalına və ya nəşrinə müsbət cavab verildiyi halda, müvafiq malların üzərinə DQİDK-nın xüsusi icazə qeydi əks etdirilir. Qeyddə icazə sənədinin nömrə və tarixi əks olunur. Praktikaya uyğun olaraq bu qeyd əsasən, ədəbiyyatların titul səhifələrində yer alır.
Onu da bildirək ki, ölkəmizdə nəşr olunmuş dini təyinatlı ədəbiyyatların üzərində Dövlət Komitəsinin müvafiq razılığı əsasında çap olunduğunu təsdiq edən bu qeyd olmadığı halda həmin ədəbiyyatın məzmunu şübhə altına düşür. Bu o deməkdir ki, ya həmin ədəbiyyat zərərlidir və ya məzmunu zərərli olmasa da, icazəsiz nəşr edilmişdir. Bütün hallarda, bu, hüquq pozuntusudur.
Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının idxalı üçün də müvafiq qaydada DQİDK-ya müraciət olunaraq razılıq alınmalıdır. Materiallar satış və ya yayılması məqsədi ilə kütləvi idxal edildiyi zaman DQİDK-nın razılığı əsasında gömrük rəsmiləşdirilməsi bitdikdən sonra nəzarət markası ilə təmin edilməlidir.
Bütün bu prosedur həyata keçirildikdən sonra dini ədəbiyyatların satışı xüsusi razılıq alımış mağazalarda həyata keçirilməlidir. Onu da qeyd edək ki, bu cür razılıq almış mağazalarda da mütəmadi monitorinqlər aparılır.
- Hazırda ölkədə dini mühiti tam sabit hesab eləmək olarmı?
- Bu gün Azərbaycan bütün dünyada tolerant və multikultural dəyərlərə sahib bir ölkə kimi tanınmaqdadır. Respublikamızın yerləşdiyi mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, burada müxtəlif dini konfessiya və cərəyanlar arasında hansısa qarşıdurma halları müşahidə edilmir. Əlbəttə, Vətənimizdə bu cür sabitliyin müşahidə edilməsi olduqca təqdirəlayiq haldır.
Bütün bunlara baxmayaraq, Azərbaycandakı mövcud vəziyyəti gərginləşdirməyə, dindən siyasi məqsədlər üçün istifadə etməyə çalışanlar olub və olacaq. Bu cür xoşagəlməz halların qarşısını almaq üçün Dövlət Komitəsi aidiyyəti dövlət qurumları ilə birlikdə fəaliyyət göstərməkdə davam edir. Mənfi və xoşagəlməz hallarla mübarizə aparmaq üçün qanunauyğun bütün addımlar atılır.
- Din-dövlət-cəmiyyət münasibətlərinin daha aktiv qurulması üçün qarşıdakı prioritetler nədən ibarətdir?
- Azərbaycanda dini etiqad azadlığının təmin olunması din-dövlət-cəmiyyət münasibətlərinin əsasında dayanan mühüm faktordur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qarşıdakı mərhələdə bu münasibətlərin daha da möhkəmlənməsi üçün fəaliyyət istiqamətləri müəyyən edib.
Birinci, din sahəsində ölkə qanunvericiliyi və onun beynəlxalq standartlara uyğunluğu, dini qurumların və icmaların fəaliyyətinə dövlət dəstəyi, dinin sosial institut kimi vətəndaş cəmiyyətinin inkişafında rolu ilə bağlı əhali arasında təbliğat-təşviqat işi daha da təkmilləşdirilməlidir.
İkinci, dünyada dini ekstremizm dövlətlərin milli təhlükəsizliyinə ciddi təhdid yaradır və ona qarşı mübarizə beynəlxalq əhəmiyyət daşıyır. Buna görə Azərbaycanda sağlam əsaslar üzərində qurulmuş dövlət-din münasibətlərinə xələl gətirə biləcək dini ekstremizm hallarına qarşı mübarizədə qətiyyətli və prinsipial fəaliyyətimizi davam etdirməliyik.
Üçüncü, vətəndaş cəmiyyətinin funksiyalarından biri olan mənəvi-əxlaqi tərbiyədə mütərəqqi dini dəyərlər mühüm rol oynayır. Eyni zamanda, din dünyagörüşü, tənzimləyici, inteqrativ, normativ və sair funksiyalar yerinə yetirməklə vətəndaş cəmiyyətinin mühüm tərkib hissələrindən biri kimi çıxış edir.
Qarşımızda dayanan vəzifələrin sırasında dinlə vətəndaş cəmiyyəti arasındakı münasibətlərin inkişaf etdirilməsi xüsusi yer tutur.
Dördüncü, dini fəaliyyətlə məşğul olan insanların dövlətin ətrafında sıx birləşməsi məqsədilə təbliğat-təşviqat işləri aparılarkən din xadimlərinin nüfuzundan, dini-intellektual potensialından səmərəli şəkildə istifadə olunmalı, müvafiq dövlət orqanları dini qurumların və icmaların əsaslandırılmış təklif və tövsiyələrini nəzərə almalıdırlar.
Beşinci, dini dünyagörüşə və psixologiyaya təsirlərin öyrənilməsi, azərbaycançılıq məfkurəsinə əsaslanan mili ideologiyada dinin yeri və rolu kimi mövzularla bağlı elmi tədqiqatların aparılmasına diqqət yetirilməlidir. Qeyd edək ki, bu sahədə əldə olunmuş elmi nəticələr dini şüurun hüquqi, demokratik və dünyəvi dövlətin prinsipləri əsasında tənzimlənməsi üçün böyük əhəmiyyət daşıyır.
Bu məsələlərin həllində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən müvafiq elmi tədqiqat institutları və mərkəzlərinin də üzərinə mühüm məsuliyyət düşür.
- Bir müddət öncə Azərbaycandan Əfqanıstan və Suriyaya gedib müxtəlif qruplaşmalara qoşulanlar vardı. Bu axın dayanıbmı?
- Ümumiyyətlə, Azərbaycandan qeyd etdiyiniz ölkələrdəki müxtəlif silahlı qruplaşmalara qoşulanların sayı digər müsəlman ölkələri ilə müqayisədə çox az olub. Bu, hər şeydən əvvəl Azərbaycan cəmiyyətində ənənəvi dini dəyərlərin möhkəm olmasından, tolarant və multikultural mühitdən irəli gəlir.
Eyni zamanda Azərbaycanda radikal yönümlü dini qruplara qarşı dövlət səviyyəsində inzibati, ideoloji və maarifçilik vasitəsi ilə aparılan mübarizə bu yöndə öz bəhrəsini vermişdir. Xüsusilə son illərdə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində demək olar ki, radikal dini qruplaşmalara qoşulma faktları qeydə alınmayıb.
- Sələfilərlə (vəhhabilər) bağlı narahatlıqlar aradan qalxıbmı? Ümumən “Əbu Bəkr” məscidinin taleyi necə olacaq?
- Azərbaycan dövlətinin narahatçılığı hər hansısa dindən və ya məzhəbdən deyil. Ölkədə dinindən və məzhəbindən asılı olmayaraq bütün vətəndaşların dini etiqad azadlığı dövlət təminatı altındadır. Ümumiyyətlə, radikal ekstremist dini qrupların fəaliyyətini hansısa dinə və ya məzhəbə şamil etmək doğru deyil. Bu gün dünyada, eyni zamanda Azərbaycanda bəzi dinlər və məzhəblərin nümayəndələri arasında radikal-ekstremist düşüncəli şəxslərə rast gəlmək mümkündür.
Azərbaycan dövlətinin dini radikalizm və ekstremizmə qarşı mübarizə sahəsində yürütdüyü siyasətin kökündə məhz belə şəxslərin və ya qrupların müəyyənləşdirilməsi, onlara qarşı ideoloji, siyasi və iqtisadi mübarizə aparmaq dayanır. Bunun üçün mütəmadi olaraq qanunvericilik aktları təkmilləşdirilir, maarifləndirmə sahəsində mühüm addımlar atılır. Zərurət yarandığı təqdirdə inzibati tədbirlər həyata keçirilir.
Nərimanov rayonu ərazisindəki “Cümə” (Əbu Bəkr) məscidinin yenidən fəaliyyətə başlaması məsələsi ilə bağlı bildiririk ki, Dövlət Komitəsinə daxil olan məlumatlara görə məscidin binası qəzalı vəziyyətə düşüb. Qeyd edilən şərtlər daxilində bu gün Nərimanov rayonu “Cümə” məscidinin fəaliyyətə başlaması mümkün deyil.
- Ölkədə dini maarifləndirmə işi kontekstində orta və ali məktəblərdə gənc nəslə sağlam dini biliklərin verilməsi məsələsi reallaşa bilərmi?
- Orta və ali təhsil müəssisələrində dini biliklərin verilməsinə müxtəlif yanaşmalar var. Bu, təbii qarşılanmalıdır, çünki din çox həssas sahədir və ona hər bir şəxs, hər bir qrup və yaxud hər bir qurum öz prizmasından yanaşır.
Digər tərəfdən isə din bəziləri üçün sadəcə inancdır, bəziləri ona yalnız mədəniyyət, adət-ənənə kimi yanaşır, bəziləri üçün əsasən təhlükəsizlik məsələsidir və s. Ancaq istənilən halda məsələyə kompleks yanaşılmalıdır. Bir məsələni dəqiqləşdirmək lazımdır: söhbət təhsil müəssisələrində şəriətin tədrisindən gedirsə, bu, birmənalı şəkildə qeyri-mümkündür. Çünki təhsil sahəsində dövlət siyasətimizin əsas prinsipləri, qanunlarımız var. Bu prinsiplər milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquq və azadlıqlarının, təhlükəsizliyin, ətraf mühitə qayğının, insanlara hörmətin, dözümlülüyün prioritet kimi qəbul olunmasını ehtiva edir.
Eyni zamanda, təhsil alanların azad düşüncə ruhunda tərbiyə edilməsi, milli və ümumbəşəri dəyərlərin qorunması və dialektik vəhdətin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi kimi məsələlər də həmin prinsiplərin təməlini təşkil edir. Bu kontekstdə verilən təhsilin əsas məqsədlərindən biri xalqının ənənələrinə, demokratiya prinsiplərinə, insan hüquq və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan, inkişaf etdirən vətəndaş yetişdirməkdir.
Azərbaycan dünyəvi-hüquqi dövlətdir və din haqqında biliklərin verilməsinin əsas qayələrindən biri cəmiyyətdə tolerantlığın, həmrəyliyin, xeyirxahlıq və sülhsevərliyin möhkəmlənməsi, vətəndaşlarımızın dini fanatizm, radikalizm və ekstremizm kimi mənfi təmayüllərdən maksimum müdafiə edilməsidir.
Konkret olaraq sualınıza gəldikdə isə onu deyə bilərəm ki, “Dini etiqad azadlığı haqqında” Qanuna görə, Azərbaycan Respublikasında dövlət təhsil sistemi dindən ayrıdır. Dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər və biz bunu praktikada görürük.
Hazırda “Həyat bilgisi” fənni çərçivəsində orta məktəblərdə müəyyən dini biliklər də öyrədilir və Dövlət Komitəsi bu biliklərin məzmunu ilə bağlı aidiyyəti qurumlarla sıx əməkdaşlıq edir. Ali təhsil müəssisələrində isə tədris olunan “Multikulturalizmə giriş” fənni ilə tələbələrə dinlərin tarixi, onların inanc sistemi, ictimai münasibətlərdəki rolu və sair haqqında ətraflı məlumat verilir.
Bundan başqa, bilirsiniz ki, cənab Prezidentin Sərəncamı ilə yaradılmış Azərbaycan İlahiyyat İnstitutu bu sahədə ixtisaslaşmış təhsil ocağıdır və inanıram ki, o, yaxın gələcəkdə ölkəmiz üçün peşəkar ilahiyyatçıların, dinşünasların hazırlanması işinə mühüm töhfələr verəcək.