Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
29.12.2014 / Müsahibələr

Mübariz Qurbanlı: Azərbaycan tolerantlığı ilə nümunə sayılacaq ölkələrdən birincisidir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Salamposts-a müsahibəsi
 
 
 “Bu gün Azərbaycan dünyada tolerantlığı ilə nümunə sayılacaq ölkələrdən birincisidir. Ölkə əhalisinin 96 faizi müsəlmanlardan, 4 faizi isə qeyri-dinlərdən ibarətdir”.
 
Hazırda ölkədə dini durumu necə dəyərləndirmək olar?
Azərbaycanda hazırda İslam dinini sərbəst şəkildə təmsil edən Qafqaz Müsəlmanları İdarəsi, provaslav xristianları təmsil edən Rus Provaslav Kilsəsi, Dağ yəhudilərinin və Avropa yəhudilərinin ayrıca icması və sinaqoqları fəaliyyət göstərir.
 
Azərbaycanda qeydiyyatdan keçmiş keçməyən neçə dini icma var?
- Ümumilikdə, ölkədə 597 dini icma var. Bunun 576-sı İslam, 21-i isə qeyri-İslam təmayüllü icmalardır. Bunlardan 12-si xristian, 6-sı yəhudi, 1-i krişna, 2-si isə bəhayi icmasıdır. 2014-cü ildə 9 İslam təmayüllü icma qeydiyyata alınıb. Ölkədə xeyli sayda qeydiyyata alınmayan dini icma fəaliyyət göstərir. Bunlar istər xristian, istərsə də İslam dövlətlərində rəsmi məzhəb və ya təriqət kimi qəbul edilmədiyi üçün qeydiyyata almırıq. Roma Katolik Kilsəsinin tanımadığı, yaxud da hansısa İslam dövlətinin qəbul etmədiyi radikal dini icmanı komitəmiz nəyə görə tanımalıdır? Bu gün Azərbaycanda katolik xristianlarını təmsil edən kilsə də fəaliyyət göstərir. Bu faktlar ölkədə tolerantlığın ən yüksək formada mövcudluğunun bariz nümunəsidir. Tolerantlıq yalnız dinlə bağlı deyil, həm də geniş anlayışdır. Azərbaycan həm də multikultural dövlət olduğu üçün müxtəlif mədəniyyətlər vahid Azərbaycançılıq ideyası ətrafında birləşiblər. Bu mədəniyyətlərin ayrı-ayrılıqda olması onların qarşıdurmasına deyil, birliyinə səbəb olur. Hazırda bəzi xarici ölkələrdə fəaliyyət göstərən və Azərbaycan əleyhinə çıxışlar edən dini və siyasi təşkilatları biz 3 qrupa ayırırıq. Birinci qrupa erməni lobbisi ilə əlaqəsi olan təşkilatlar daxildir. İkinci qrupa Azərbaycanla bağlı olsalar da, öz maraqlarını ifadə edə bilməyən təşkilatlar daxildir. Bunlar ölkəmizə təsir etməklə, hansısa maraqlarını təmin etmək istəyir, ancaq məqsədlərinə çatmadıqda, bizə qarşı qara piar aparmağa başlayırlar. Üçüncü qrupa isə Azərbaycanın inkişafından heç vaxt razı qalmayan və dövlətimizin güclənməsindən narahat olan dairələrdir. Təbii ki, dövlətimiz öz yolu ilə gedərək müstəqil siyasət həyata keçirir. Bu gün Azərbaycana qarşı aparılan çağırışların heç bir təsiri yoxdur.
 
- Bəs Dinşünaslıq Komisiyyasının yaradılması barədə nə deyə bilərsiniz?
- Bu günlərdə keçirilən Dini Qurumlar üzrə Dövlət Komitəsinin iclasıında 21 nəfərdən ibarət Dinşünaslıq Komissiyası təsis edildi və Komissiyanın katibliyi yaradıldı, Azərbaycanın bəzi tanınmış dinşünas alimləri komissiyaya üzv oldu. Komissiya əsasən Komitə sədrinin yanında məşvərətçi qurum kimi fəaliyyət göstərəcək və ölkədə dövlət və din münasibətlərini, o cümlədən ölkədə dini sahədə həll olunması mümkün olan məsələləri, İslami dəyərlərin düzgün çatdırılmasını, İslamda və digər dinlərdə mövcud olan radikar qrupların fəallığının qarşısının alınması üçün görüləcək tədbirlər alimlərin müzakirəsinə çıxarılacaq. Biz də onların verdikləri tövsiyyələri fəaliyyətimizdə nəzərə alacağıq. Bölgələrdə həyata keçirilən geniş və əhatəli təbliğat-təşviqat işləri zamanı belə komissiyalara və alimlərə ehtiyacımız var. Bu alimlərin yerlərdə keçirdikləri görüşlər zamanı insanlara milli-mənəvi və dini dəyərlərimizin çatdırılmasında böyük rol oynayırlar. Komitənin tərkibində fəaliyyət göstərən ekpertiza şöbəsi xarici ölkələrdən gətirilən dini məmulatları ekspertizadan keçirərək, onların Azərbaycan qanunvericiliyinə uyğun olub-olmadığını müəyyənləşdirir. Çünki, ölkəyə gətirilən bu məmulatların bir çoxunda milli və dini ayrı-seçkiliyə, şovunizmə səsləyən fikirlər olur və din pərdəsi adı altında xürüfata çağırışlar edilir. Biz 2015-ci ildən etibarən icmalara müəyyən layihələrdə yardım etmək üçün proqram həyata keçirəcəyik. Dövlət başçısının fərmanı ilə dini icmalara maliyyə vəsaiti ayrılıb. Dinşünaslıq Komissiyasının üzvlərinin iştirakı ilə sanballı layihələr həyata keçiriləcək.
 
- Ümumtəhsil məktəblərində dini dərslərin keçirilməsi ilə bağlı hansısa planlar nəzərdə tutulub?
- Hazırda məktəblərdə “Həyat Bilgisi” adlı dərs tədris olunur. Aşağı siniflərdən başlayaraq, yuxarı siniflərə qədər keçirilən bu dərslikdə şagirdlərə əsasən İslam və digər dinlər haqqında məlumatlar verilir. Həmçinin tarix və ədəbiyyat dərsliklərində dinin tarixi ilə bağlı məlumatlar yer alıb. Belə bir ideya var ki, 9 və 10-cü siniflər üçün bir və ya iki rüb çərçivəsində “Dini biliklərin əsasları” və ya “Dünya dinləri” şərti adlar altında tədris proqramı hazırlansın. Hazırda bununla bağlı müzakirələr aparılsa da yekun nəticə əldə edilməyib. Bəzi alimlər belə düşünürlər ki, “Həyat bilgisi” dərsliyini bir qədər genişləndirməklə problemi həll etmək olar. Digər qrup isə “Dini biliklərin əsasları” və ya “Dünya dinləri” adlı dərs vəsaitinin hazırlanmasını və yuxarı sinif şagirdlərinə tədris olunmasını istəyirlər. Ola bilsin ki, ya “Həyat bilgisi” dərsliyinin genişləndirilməsi, ya tarix dərsliyinə dinlə bağlı məlumatların yer alması, yaxud da ayrıca tədris vəsaitinin tətbiq olunması ilə bağlı yekun qərar verilsin. Hazırda Təhsil Nazirliyinin ekspertləri bununla bağlı işlərini yekunlaşdırmaq üzrədir. Orta məktəbdə dinin tədrisi məsələsi ortaya çıxdıqda, bir çoxları bütövlükdə dinin öyrədilməsi barədə düşünür. Biz dünyəviliyi əsas götürməklə, dini tədrisin tətbiqini nəzərdə tutmuşuq. Bu dərslik orta məktəb şagirdlərinə düzgün tədris edilsə, gənclərin və yeniyetmələrin dini radikal qruplaşmaların təsiri altına düşməsi ehtimalı daha az olacaq.
 
- Artıq 2014-cü ili uğurla başa vururuq və qarşıdan 2015-c il gəlir. Bu illə bağlı hansı planlarınız var?
- Hesab edirəm ki, 2014-cü il Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, xarici ölkələrlə əlaqələrinin genişləndirilməsi, dövlətimizin hərbi qüdrətinin artması baxımından ən uğurlu il olub. Bu ildə dövlət və din münasibətlərində də əsas məsələlər öz həllini tapıb. Ölkədə radikal qrupların öz fikirlərini və ideyalarını yaymaq cəhdləri iflasa uğradıldı. Cəmiyyətin buna münasibəti bir daha göstərdi ki, sosial dayağı olmayan radikal qruplaşmalar Azərbaycanda yaşaya və ölkənin imicinə zidd fəaliyyət göstərə bilməz. Komitə 2015-ci il üçün böyük bir plan tərtib edib. Bu plan əsasən dövlət-din, dövlət-din-cəmiyyət və cəmiyyətdə fərdlərarası münasibətləri və dini məsələləri, dini icmalar və onların fəaliyyətini, Azərbaycanda dini maarifləndirmə və digər sahələri əhatə edir. Bu plan Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə din xadimləri, eyni zamanda inanclı insanlar arasında həyata keçiriləcək. 2014-cü ildə qəbul olunmuş dövlət proqramına əsasən, gələn il üçün bütün dövlət orqanları və nazirliklərlə birlikdə tədbirlər planı hazırlamışıq. Bu plan Azərbaycanda milli-mənəvi dəyərlərimizin təbliğatı və təşviqatı üçün birgə tədbirlərin keçirilməsindən ibarətdir və cəmiyyətin bütün təbəqələrini əhatə edəcək. Bu tədbirlərin əsas məqsədi, milli adət və ənənələrimizin qorunmasını təmin etmək və inkişaf etdirməkdən ibarətdir.