Şriftin ölçüsü:
Saytın rəngi:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Mübariz Qurbanlının yap.org.az saytına müsahibəsi:
- Mübariz müəllim, 15 iyun - Milli Qurtuluş Gününün müstəqil Azərbaycanın siyasi tarixindəki əhəmiyyəti barədə fikirlərinizi dinləmək maraqlı olardı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmiz üçün hansı nəticələrlə yadda qaldı? Ümumiyyətlə, qurtuluş məfkurəsi Azərbaycana nə verdi?
- Azərbaycanın ən yeni tarixində xalqımız tərəfindən qeyd olunan mühüm günlərdən biri 15 İyun Milli Qurtuluş Günüdür. Bu gün ən yeni tariximizə Azərbaycanın xilası günü kimi daxil olub. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həm strateji, həm də ümummilli baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisə idi. Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtması böyük hadisə olmaqla Azərbaycan üçün ciddi nəticələr verdi. Ümummilli liderimizin siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Bu hadisə nəticə etibarilə müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi.
Şərəfli və mənalı ömür yolunu müstəqil Azərbaycan dövlətinin qurulmasına, onun dünya ölkələri arasında layiqli yer tutmasına, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşamasına həsr etmiş Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə gələrkən Azərbaycanda total böhran vəziyyəti hökm sürürdü. Cəmiyyətin bütün sahələrində Azərbaycan xalqının maraqlarına uyğun olmayan vəziyyət mövcud idi. Onun hakimiyyətə gəlişindən sonra qısa zaman kəsiyində həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda regionda öz mövqelərini möhkəmləndirdi, sosial, mənəvi və iqtisadi sahələrdə Azərbaycan xalqının maraqlarına uyğun siyasət həyata keçirdi.
Ümummilli Liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük layihələr məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Ulu Öndərin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb. Ulu Öndərin hakimiyyətə gəlişi Azərbaycanın taleyini kökündən dəyişdi. Heydər Əliyev dövlət müstəqilliyinə qarşı yönəlmiş daxili və xarici təhdidlərin, Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması istiqamətində mühüm addımlar atdı. O, bazar iqtisadiyyatı münasibətlərinə keçidin səmərəli mexanizmini formalaşdırmaq üçün dünyanın inkişaf etmiş dövlətlərinin iqtisadi təcrübələrini nəzərə almaqla strateji vəzifələr müəyyən etdi, ölkəmizin təhlükəsizliyini və müdafiəsini təmin etmək qabiliyyətinə malik olan Azərbaycan Ordusunun formalaşdırılması yönündə fəal siyasət apardı. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin apardığı uğurlu daxili siyasətin nəticəsində milli-mənəvi dəyərlərin, elm, təhsil, mədəniyyət və incəsənətin inkişafında dönüş mərhələsi başladı. Milli ideologiya səviyyəsinə qaldırılan azərbaycançılıq məfkurəsi ölkəmizdəki müxtəlif xalqların, dini konfessiyaların nümayəndələrinin vətəndaş həmrəyliyi şəraitində yaşamasında tarixi-siyasi əhəmiyyət daşıdı. Milli mənlik şüuru inkişaf etdi, xalqımızın öz tarixini dərindən öyrənməsi üçün əlverişli şərait yarandı.
- Qeyd etdiyiniz kimi Azərbaycan bu gün əsası 15 iyunla qoyulan strategiya ilə böyük Zəfər yolundan keçməklə inkişaf edir. Bu baxımdan ölkəmizin inkişafı haqqında nə deyə bilərsiniz?
- Dünya səviyyəli siyasi xadim və dövlət başçısı Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişindən, yəni 1993-cü ildən sonra ölkəmizdə gedən proseslər geniş bir təhlil, təhqiqat tələb edən məsələdir. Aparılan araşdırmalar və təhlillər Heydər Əliyevin nəhəng siyasət məktəbinin ayrı-ayrı elementlərini bir daha göz önünə gətirməyi zəruri edir. 1993-cü ilin iyun hadisələri zamanı siyasi hakimiyyətə qayıdan Heydər Əliyev, ilk növbədə, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atıldı. Ulu Öndərin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxardı. Müasir müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir. Azərbaycanın bugünkü inkişaf strategiyasının müəllifi də məhz Ümummilli Liderimizdir. Azərbaycan artıq dünyada iqtisadi inkişafın özünəməxsus modelinə sahib olan ölkə kimi tanınır və qəbul edilir. Postsovet məkanında keçid dövrünü uğurla başa vuran ilk dövlət kimi əldə edilən nailiyyət göstəriciləri düşünülmüş, məqsədyönlü siyasətin nəticələridir. Bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən siyasətin düzgünlüyünün real isbatı və daha sürətli inkişafın zəminidir. Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətimizin xarici siyasət xəttini özündə ehtiva edən bitkin taktiki və strateji konsepsiyası əsasında bu gün Prezident İlham Əliyev praqmatik və hücum diplomatiyasına söykənən siyasəti uğurla həyata keçirir. Azərbaycanın postsənaye cəmiyyətinin quruculuğu yolunda əldə etdiyi ilkin nailiyyətlər, yeni qlobal çağırışlara adekvat olaraq həyata keçirilən islahatlar, hərbi potensialın gücləndirilməsi, iqtisadi modernləşmə mərhələsinin uğurları ölkəmizin qarşıdakı illərdə də yüksəlişinin və inkişafının davamlı olacağından xəbər verir.
Ulu Öndər Heydər Əliyevin başladığı dövlət quruculuğu siyasətinin tərkibində əsas yerlərdən birini Milli Ordunun yaradılması tuturdu. 1993-cü ilə qədər hakimiyyətdə olan iqtidarların heç biri milli ordu yarada bilməmişdi. Ümummilli Lider Heydər Əliyevin qarşıya qoyduğu ən vacib və təxirəsalınmaz vəzifələrdən biri vahid komandanlığa əsaslanan ordunun yaradılması idi. Qısa zaman ərzində Müdafiə Nazirliyinin tabeçiliyində və dövlətin nəzarətində olan ordu birləşmələri yaradıldı və düşmənin hücumlarının qarşısı alındı. Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, dərin diplomatik gedişləri ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsidir. Bu səhifənin yazılmasını şərtləndirən əsas amillər Ulu Öndərimiz tərəfindən təməli qoyulan milli birliyimiz, milli həmrəyliyimiz olub.
Tam əminliklə söyləmək olar ki, bu gün Prezident İlham Əliyevin şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir və dünya miqyasında nüfuz qazanır. Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi nəticəsində Azərbaycanın gələcəkdə də böyük nailiyyətlər qazanacağı şübhəsizdir.
- Vurğuladığınız kimi, Heydər Əliyev siyasi kursuna sadiq qalan müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə Azərbaycan yeni inkişaf yolunda əzmlə addımlayır. Vətən müharibəsində qazandığımız tarixi zəfər hər bir azərbaycanlıya Prezident İlham Əliyevin hərbi sərkərdəlik keyfiyyətlərini, prinsipial və qətiyyətli mövqeyini, ən ekstremal şəraitdə belə uğurlu diplomatiya yürütdüyünü bir daha sübut etdi. Bu haqda mövqeyinizi eşitmək maraqlıdır.
- 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı nəticəsində başlayan müharibədə xalqımız Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi prinsipial və qətiyyətli mövqeyinin, ən ekstremal şəraitdə belə uğurlu diplomatiya yürütdüyünün bir daha şahidi oldu. 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə erməni qəsbkarlarından azad edildi. Xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında həm Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, həm də ondan irəli gələrək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurları, xarici siyasətdə nailiyyətləri dayanır.
Azərbaycan dövləti torpaqlarımızı erməni işğalçılarından azad etməklə bölgədə yeni reallıq yaratdı və 27 il idi ki, BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan məlum dörd qətnaməsinin tələblərini yerinə yetirdi. Şanlı qələbədən sonra Prezident İlham Əliyevin dediyi kimi, "Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”.
Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti və Azərbaycan Ordusunun igid, mərd, qorxubilməz döyüşçülərinin qəhrəmanlığı nəticəsində reallaşdı. Müharibənin gedişində hərbçilərimizin əhvali-ruhiyyəsinin və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olduğunun və döyüş tapşırıqlarını böyük uğurla yerinə yetirdiklərinin şahidi olduq.
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən birgə Bəyanatın imzalanması Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi qələbəsini təsdiq edən tarixi hadisə oldu. Bununla da müharibənin ilk günlərindən etibarən Prezident cənab İlham Əliyevin irəli sürdüyü şərtləri Ermənistan hakimiyyətinin qəbul etməkdən başqa çıxış yolu qalmadı.
Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsindəki Qələbəyə həsr olunmuş Zəfər paradı Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya göstərdi. Bu qələbə ilə Azərbaycan bütün dünyaya öz gücünü və haqq-ədalət uğrunda qətiyyətli mübarizəsini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, Milli Ordumuzun gücü, cəmiyyətdəki vətəndaş həmrəyliyi nəticəsində əldə olunmuş möhtəşəm qələbə Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir.
Prezident İlham Əliyev xalqımıza verdiyi vədə Böyük Lider kimi əməl etdi, özünün də vurğuladığı kimi ata vəsiyyətini həyata keçirdi. Qarabağı işğaldan azad etməsi ilə 30 illik həsrətimizə son qoyan Ali Baş Komandanın həm siyasi meydanda, həm də döyüş meydanında necə güclü diplomat və sərkərdə olduğuna nəinki Azərbaycan xalqı, bütün dünya bir daha şahid oldu.
- 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş ərazilərimiz işğalçılar tərəfindən tamamilə dağıdılıb. Bu baxımdan, tarixi-dini abidələr, məscidlərimiz də erməni vəhşiliyinə məruz qalıb. Bu vandalizmin dünya ictimaiyyətinə çatdırılması üçün nə kimi addımlar atılır?
- Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi isə saxtalaşdırılaraq erməniləşdirilib. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək idi. Ermənistan Azərbaycan xalqına məxsus tarixi-dini abidələrə qarşı təcavüzünü müxtəlif istiqamətlərdə aparıb. Belə ki, milli mənsubiyyəti və dini ənənələri özündə əks etdirən abidələr tamamilə dağıdılıb və ya erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhdlər edilib.
İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunub. Son illərdə məscidlərdə mal-qara və digər heyvanların saxlanılması faktı Qərb ölkələrinin fotomüxbirləri tərəfindən də lentə alınıb və bütün dünya ictimaiyyəti bu kadrlarla tanış olub.
Bundan başqa, Qafqaz Albaniyasına məxsus məbədlər erməniləşdirilərək qriqoryanlaşdırılıb. Azərbaycanın işğal altında olmuş Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun ərazisində yerləşən Yuxarı və Aşağı Gövhər Ağa məscidləri (Şuşa), Saatlı məscidi (Şuşa) və Ağdamda Cümə məscidi dağıdılıb, Ağoğlan (Laçın rayonu), Xudavəng və Gəncəsər məbədləri (Kəlbəcər rayonu) erməniləşdirilərək qriqoryanlaşdırılıb. Bəzən isə ermənilər işğal etdikləri ərazilərdə yerləşən məscidlərin Azərbaycan xalqına məxsus olduğunu danaraq məkrli addımlar atıblar. Ermənilərin bu cür vandal əməllərinə Ermənistandakı tarixi Azərbaycan ərazilərində yerləşən dini abidələr də məruz qalıb. İrəvan Şah Abbas məscidi, Dəmirbulaq məscidi, Hacı Novruz Əli məscidi, Sərdar məscidi, Buğakar ziyarətgahı, Ağadədə ziyarətgahı və digər müqəddəs yerləri ermənilər tamamilə uçurub, Göy məscidin isə memarlıq xüsusiyyətlərini dəyişdirilərək özgəninkiləşdirilib.
Torpaqlarımızın işğaldan azad olunmasından sonra ortaya çıxan mənzərə düşmənin bu əraziləri tamamilə dağıtdığını göstərdi. Qədim yaşayış yerlərimizdə olan tikililər arasında dini abidələr, məscid və ziyarətgahlar da önəmli yer tutur. İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, onlarla məbəd, 192-si ziyarətgahdır. İşğaldan azad olunmuş ərazilərimizdəki 67 məsciddən (Şuşada 18, Ağdamda 5, Füzulidə 19, Zəngilanda 6, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 3, Kəlbəcərdə 2, Xocavənddə 1) 65-i tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb.
İşğaldan azad olunmuş ərazilərdəki dini ibadət ocaqlarının hər biri bərpa olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev öz müsahibə və çıxışlarında dəfələlərlə bəyan edib ki, tarixi-mədəni, o cümlədən dini ibadət ocaqları bərpa olunub insanların istifadəsinə veriləcək. Sevindirici haldır ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 30 illik işğaldan azad olunan ərazilərimizdə ermənilər tərəfindən dağıdılan dini abidələr, məscidlərin bərpasına dair layihə üzrə işlərə başlanılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Şuşada yeni məscidin təməlinin qoyulması, Zəngilanda erməni vandallığına məruz qalan məscidin, eləcə də Ağdamda “Qiyaslı” məscidinin yenidən qurulması işlərinə başlanılması, həm də “Qazançı” kilsəsində bərpa işlərinin aparılması dövlətimizin milli-mənəvi, tolerantlıq dəyərlərinə verdiyi önəmin növbəti təzahürüdür.
- Mübariz müəllim, hazırda dövlət-din münasibətlərində mövcud vəziyyəti necə dəyərləndirirsiniz?
- İstənilən ölkədə ictimai-siyasi sabitlik ölkə rəhbərliyi tərəfindən aparılan siyasətə və əldə edilən iqtisadi uğurlara bağlıdır. Əgər iqtisadi inkişaf varsa, xalqın maddi vəziyyəti yaxşılaşırsa, eyni zamanda, ölkə rəhbərinin apardığı sosial siyasət xalqın maraqlarını ifadə edirsə, demək, həmin ölkədə ictimai-siyasi sabitlik davamlı, dayanıqlı olacaq. Azərbaycanda Ulu Öndərin əsasını qoyduğu uğurlu siyasi xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox böyük uzaqgörənliklə, nailiyyətlərlə davam etdirilməkdədir. Bu gün Azərbaycan sürətlə inkişaf edir, ölkəmiz sosial-iqtisadi, siyasi sahədə ciddi işlərə imza atıb. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz nailiyyətlər həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq müstəvidə təqdir edilir. Azərbaycan hazırki şəraitdə müsəlman ölkəsi olaraq dövlət-din münasibətləri baxımından nümunə olacaq bir ölkədir. Bu gün Azərbaycan tolerantlıq məkanı kimi hamı tərəfindən qəbul olunur.
Azərbaycanda bütün sahələrdə olduğu kimi, dini durumla bağlı vəziyyət də sabitdir. Bu, dövlətin müəyyən etdiyi dövlət-din modelinin uğurla həyata keçirilməsi, ölkə prezidentinin müəyyən etdiyi siyasi xəttin Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, digər müvafiq dövlət, hökumət qurumları tərəfindən ardıcıl şəkildə həyata keçirilməsinin nəticəsidir. Azərbaycan Qafqazın lider dövlətidir. Lakin ölkəmiz dünyada baş verən hadisələrdən heç də kənarda qalmır. Yəni həm ictimai-siyasi sabitlik, həm də insanların hüquq və azadlıqlarının təmin edilməsi baxımından regionun öndə gedən bir ölkəsi olaraq bizimlə həmsərhəd olan, o cümlədən, bir hissəsi olduğumuz İslam coğrafiyasında baş verən istənilən hadisə biləvasitə bizə də öz təsirini göstərir.
Amma bütün bunlara baxmayaraq, Azərbaycan yenə də təhlükəsiz, o cümlədən din sahəsində həyata keçirilən siyasətin nəticələrinə görə sabit ölkədir və bizim üçün bu təhdidlər ümummilli və ümumdövlət maraqlarımız baxımından böyük təhlükə törədən təhdidlər deyil. Yəni vaxtında hüquq-mühafizə orqanları, ideoloji iş aparan qurumların xətti ilə, eləcə də dövlətin apardığı siyasət nəticəsində bu təhdidləri minimuma endirilib.