Şriftin ölçüsü:
Saytın rəngi:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının "Xalq" qəzetinə müsahibəsini təqdim edirik:
– Mübariz müəllim, bildiyimiz kimi, din təkcə mənəviyyat mövzusu deyil, həm də təhlükəsizlik məsələsidir. Xüsusilə Azərbaycan kimi həssas geostrateji regionda yerləşən ölkələr üçün bu məsələ olduqca əhəmiyyətlidir. Siz necə düşünürsünüz?
– Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin, sivilizasiyaların, dinlərin qovuşduğu, qədim İpək Yolunun üzərində yerləşən, Şərq ilə Qərb arasında körpü rolunu oynayan məkan olması burada yaşayan əhalinin dini-etnik tərkibinin və dini inanclarının formalaşmasında mühüm rol oynamışdır. Azərbaycanın ərazisində tarixən müxtəlif xalqların və dinlərin nümayəndələri birgə, yanaşı yaşayıblar, aralarında daim dostluq əlaqələri olub.
Azərbaycanda milli, irqi və dini zəmində ayrı-seçkilik halları olmamış, dini-mədəni müxtəliflik tolerant və multikultural dəyərlərin inkişafına təkan vermişdir. Təbii ki, qloballaşma ilə bağlı çağırışların vüsət aldığı müasir dövrdə milli-mənəvi dəyərlərimizin və adət-ənənələrimizin qorunub saxlanılması bizdən xüsusi mənəvi məsuliyyət tələb edir. Nəzərə alsaq ki, din insanların şüuruna və cəmiyyətə təsir göstərmək baxımından olduqca güclü vasitədir, onun bu gücündən sui-istifadə edən məkrli qüvvələr tarix boyu öz maraqlarını, siyasi-iqtisadi hegemonluqlarını təmin etmək üçün dindən daha geniş şəkildə yararlanmağa çalışıblar. Bu proses müasir dövrdə də davam etməkdədir. Nəticədə isə insanları vəhdətə, qarşılıqlı hörmət şəraitində yaşamağa çağıran dinlərin əsl mahiyyəti təhrif olunur və din müxtəlif siyasi oyunların alətinə çevrilir.
Son illərdə Yaxın Şərqdə baş verən hadisələrin bu coğrafiyada yerləşən ölkələrə və onların vətəndaşlarına zərər vurmaqla yanaşı, region dövlətləri üçün də ciddi təhlükə yaratdığının şahidi olduq. Bunun əsas qaynağı isə dinin siyasiləşməsi və terror vasitəsinə çevrilməsidir ki, nəticədə yüz minlərlə insan həlak olub, milyonlarla insan öz yurd-yuvasından didərgin düşüb. Bir sözlə, din siyasiləşəndə çox təhlükəli silaha çevrilir. Hazırkı dövrdə dini təhlükəsizlik milli təhlükəsizliyin, o cümlədən qlobal təhlükəsizliyin əsas komponentlərindən biridir.
– SSRİ dövründə mövcud olmuş ideoloji qadağalar xalqımızın dini-mədəni dəyərlərinə bağlılığını sıradan çıxara bilmədi. Azərbaycanın yenidən dövlət müstəqilliyini bərpa etməsindən sonra istər müsəlman, istərsə də xristian ölkələrindən respublikamıza missioner təşkilatlar ayaq açıb zərərli fəaliyyət göstərməyə çalışdılar. Ümumiyyətlə, qeyri-ənənəvi dini cərəyanların ölkəmizin dini durumuna təsiri hansı səviyyədədir?
– Məlumdur ki, sovet hakimiyyəti dövründə mövcud olan ideoloji qadağalara baxmayaraq, xalqımız özünün milli-mənəvi dəyərlərini və adət-ənənələrini qorumuş, bəzən gizli, bəzən də aşkar şəkildə milli və dini bayramları qeyd etmişdir. Yaxın tarixi dövrü əhatə edən, mürəkkəb ictimai-siyasi və sosial-iqtisadi şəraitdə baş verən hadisələrin təhlili ölkəmizin taleyüklü sınaqlardan necə uğurla çıxdığını bir daha göstərir. 1990-cı ilin əvvəllərində Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğal etməsi nəticəsində bir milyondan artıq vətəndaşımızın doğma yurdlarından qaçqın və məcburi köçkün düşməsi, müstəqilliyini yeni bərpa etmiş dövlətin iqtisadi və sosial dayaqlarının zəif olması həmin dövrdə Azərbaycanı böyük humanitar fəlakətlə üz-üzə qoydu. Belə çətin sosial-iqtisadi şəraitdə humanitar yardım adı altında müxtəlif ölkələrin fondları, yardım təşkilatları respublikamıza ayaq açdı. Onlar ölkəmizdəki sosial-iqtisadi böhran vəziyyətindən və Qarabağda ağır döyüşlərin getməsindən istifadə edərək dini durumu gərginləşdirmək, radikal dini cərəyanların Azərbaycanda yayılması istiqamətində geniş fəaliyyət göstərirdilər. Hətta qonşu ölkələrdə fəaliyyəti qanunla qadağan edilmiş bir sıra qeyri-ənənəvi dini cərəyanların, qeyri-səmavi dinlərin mənsublarının zərərli dini təbliğatı genişlənirdi. Lakin bu cür əməllərlə məşğul olanlar müəyyən vaxtdan sonra qanunsuz fəaliyyətlərinin qarşısının alınacağını öncədən düşünərək gələcəkdə onların missiyasını yerinə yetirə biləcək davamçılar yetişdirirdilər.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmizin bütün sahələrində olduğu kimi, dini münasibətlərdə də inkişaf mərhələsinin əsası qoyuldu. Dini ekstremizmə və radikalizmə qarşı mübarizədə mühüm addımlar atıldı. Müxtəlif adlarla fəaliyyət göstərən missioner təşkilatlar Azərbaycandan çıxarıldı və 1997-ci ildə əcnəbilər, vətəndaşlığı olmayan şəxslərin ölkədə dini təbliğat aparmasına qanunla qadağa qoyuldu. Dövlət-din münasibətlərinin demokratik normalar əsasında tənzimlənməsi, radikal təriqətlərin və missioner təşkilatların fəaliyyətinin nəzarətə götürülməsi, tolerant ənənələrin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. Dini etiqad və vicdan azadlığına dair ölkə qanunvericiliyi beynəlxalq hüquq normalarına uyğun olaraq təkmilləşdirildi. İbadət ocaqlarının və dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini təyinatlı ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar Heydər Əliyevin məqsədyönlü siyasətinin nəticəsində aradan qaldırıldı, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyuldu.
Hazırda qeyri-ənənəvi dini cərəyanların ölkəmizin dini durumuna təsiri məsələsi daim diqqət mərkəzində saxlanılır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə bu istiqamətdə ölkəmizin bütün şəhər və rayonlarını əhatə edən dini maarifləndirmə işi aparılır. Dini vəziyyətə təsir göstərən neqativ halların aradan qaldırılması üçün kompleks tədbirlər həyata keçirilir, radikal dini cərəyanların, qrupların təsir dairəsindəki dini icmalarla lazımi iş aparılır. Burada əsas meyar dini sabitliyə mənfi təsirlərin qarşısını almaqla yanaşı, xalqımızın milli-mənəvi dəyərlərini qoruyub saxlamaqdır.
Ümummilli liderin dini münasibətlərlə bağlı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə göstərdiyi fəaliyyət milli-mənəvi dəyərlərin qorunmasına yüksək diqqətin ifadəsidir. Onu da qeyd edim ki, milli-mənəvi irsimizin, onun tərkib hissəsi kimi dini dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması qloballaşmanın sürətlə inkişaf etdiyi müasir dövrdə xüsusilə vacibdir. Çünki bu dəyərlərin tarixən xalqımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində xüsusi rolu vardır.
– Vaxtilə Azərbaycanın çox savadlı din xadimləri olmuşdur. Buna görə də ölkəmizin milli ideologiyasına bağlı olan, eyni zamanda, müsəlman dövlətlərində tanına biləcək ruhanilərin ortaya çıxarılması üçün nə etmək lazımdır?
– Azərbaycanda müxtəlif vaxtlarda nüfuzlu dini mərkəzlər və din xadimləri fəaliyyət göstərmişdir. Mirzə Əbu Turab Axundzadə, Axund Mir Məmməd Kərim Mircəfərzadə, Axund Molla Ruhulla Məmmədzadə, Şeyxülislam Axund Molla Ağa Əlizadə kimi maarifçiliyi, yeniliyi, tərəqqini dəstəkləyən din xadimlərimiz olub. Azərbaycanda tarixən müxtəlif ictimai-siyasi quruluşların mövcud olması cəmiyyətin bütün sferalarında olduğu kimi, dini sahəyə də mühüm təsir göstərmişdir. Məsələn, Çar Rusiyası Azərbaycanda özünün ictimai dayaqlarını daha da gücləndirmək üçün dini-etnik vasitələrdən istifadə edirdi. Bu məqsədlə Rusiya müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək üçün xristianlıqdakı kilsə strukturuna bənzər İslam dini qurumu yaratmaq siyasəti yürüdürdü. Həmin dövrdə ruhanilərin müsəlman əhalisi üzərində böyük təsirə malik olduğu nəzərə alınırdı. Ona görə də müsəlman ruhaniliyini xalqın gözündən salmağa çalışılır və Çar hökumətinin tapşırıqlarını yerinə yetirən ruhani rəhbərlər vasitəsilə müsəlman əhaliyə təsir göstərilirdi. Bir tərəfdən xalqın dini hisslərini və duyğularını ifadə edə bilən ruhanilər nəzarətdə saxlanılır, digər tərəfdən ali müsəlman təbəqəsindən olan ailələrin övladları rus məktəblərində oxumağa məcbur edilirdi. Sovet dövründə müsəlman ölkələrindəki dini mərkəzlərdə təhsil almış ruhanilərin əksəriyyəti repressiya olundu, yas mərasimlərində iştirak edən ruhanilərin bir çoxunun dini savadı isə lazımi səviyyədə deyildi.
Azərbaycanın yenidən dövlət müstəqilliyini əldə etməsindən sonra xalqımızın dini-mədəni dəyərlərinə qayıdışı üçün əlverişli tarixi şərait yarandı. Təəssüf ki, ölkəmizin müstəqilliyinin ilk illərində dini inancdan özlərinin geosiyasi maraqlarını həyata keçirmək vasitəsi kimi yararlanmağa çalışan xarici qüvvələr gənclərimizi dini təhsil almaq adı ilə xaricə aparırdı. Həmin gənclərdən bəziləri geriyə qayıdarkən təhsil aldıqları ölkələrin dövlət-din münasibətlərinin, habelə həyat tərzinin təbliğatçısına çevrilmişdilər ki, bunun da cəmiyyətimizə və dini mühitə təsirinin mənfi nəticələrini görürük.
Bu təhlükənin qarşısının alınması məqsədilə sağlam dini təhsil vermək və savadlı ilahiyyatçı yetişdirmək üçün elmi bazanın formalaşdırılması zərurəti yaranmışdı. Belə ki, 1990-cı ilin əvvəllərində Bakı İslam Universiteti, daha sonra Bakı Dövlət Universitetində İlahiyyat fakültəsi fəaliyyətə başladı. Amma Bakı İslam Universitetində tədrisin ödənişli əsaslarla olması müəyyən çətinliklərə səbəb olurdu. 2018-ci ildə dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək üçün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. Bu təhsil ocağı müasir dünyamızda gedən prosesləri mükəmməl bilən, qabaqcıl düşüncəyə malik, elmlə dinin qarşılıqlı əlaqəsini təhlil etməyi bacaran, İslamda vəhdəti təbliğ və təşviq edən, məzhəb ayrı-seçkiliyinə yol verməyəcək kadrlar yetişdirir. Bu tələbələr institutda ödənişsiz əsaslarla təhsil alırlar.
İnstitutda İlahiyyat fakültəsi, Dinşünaslıq, İslamşünaslıq, Dillər və ictimai fənlər kafedraları fəaliyyət göstərir və ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Sözsüz ki, bu istiqamətdə bəzi problemlərlə də rastlaşırıq. Dinlə bağlı kifayət qədər məlumatı olmayan gənclərin tez bir vaxtda din xadimi kimi formalaşması o qədər də asan olmur. Bu baxımdan gənclərin məhz dini kollec təhsili aldıqdan sonra İlahiyyat İnstitutuna daxil olmasının daha uğurlu nəticələr verəcəyini düşünürük. Qeyd etmək yerinə düşər ki, Azərbaycan İlahiyyat İnstitutunun ilk məzun buraxılışı olub və onlardan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün elan edilən müsahibədə uğur qazanaraq din xadimi kimi təyinat alanlar da var.
– Sirr deyil ki, Azərbaycan məscidlərində İranda təhsil almış ruhanilər az deyil. Şübhəsiz ki, onların içərisində Vətənimizə bağlı olan insanlar da var. Bu məsələ necə tənzimlənir? Çünki bu yaxınlarda açıqlama verdiniz ki, Azərbaycandakı məscidlərdə İran öz adamlarını yerləşdirib…
– Dini sahəyə təkcə milli-mənəvi dəyər və vicdan azadlığı prizmasından baxmaq olmaz. Hər bir dövlət bu sahəyə həm də özünün milli, ictimai və ideoloji təhlükəsizliyi kontekstində yanaşır. Azərbaycanın milli maraqları baxımından biz xaricdə dini təhsili məqsədəuyğun hesab etmirik. Çünki hər bir ölkənin özünəməxsus dövlət-din münasibətləri, hər bir xalqın spesifik dini həyat tərzi var. Xaricdə dini təhsil Azərbaycan üçün yad olan dövlət-din münasibətlərinin və dini həyat tərzinin ölkəmizə gətirilməsinə və təbliğinə zəmin yaradır. Bu mənada ən doğrusu ölkəmizdə dini təhsil almaqdır. Bunun üçün Azərbaycanda yetərincə şərait var. İrana gəlincə, bu dövlətin əsas məqsədi din pərdəsi altında öz maraqlarını təmin etmək və İrana xas həyat tərzini yaymaqdır. İranda təhsil alanlar arasında təsir altına düşənlər olub. Onların bəziləri hətta İranda Azərbaycan əleyhinə təbliğatlarda iştirak edirlər və hərəkətlərində cinayət əməlləri var. Azərbaycanın hüquq-mühafizə orqanları bununla bağlı müvafiq tədbirlər görürlər.
İranın regionda həyata keçirdiyi fəaliyyətin təhlili onu deməyə əsas verir ki, İslam, əslində, bu ölkənin öz məkrli niyyətini gizlətmək üçün vasitədir. İrandakı rejimin əsl məqsədi bu coğrafiyada məzhəbçiliyi yaymaq, inkişafın qarşısını almaq, öz nüfuz dairəsini genişləndirmək, kənarda molla rejimini dəstəkləyən kontingent formalaşdırmaqdır. Bunun üçün bütün vasitələrə əl atan İran məscidləri dağıdan, təhqir edən Ermənistanı dəstəkləməkdən, öz müsəlman qardaşına qarşı isə terror təşkil etməkdən çəkinmir. Bu cür çirkin fəaliyyətlə məşğul olan İran öz planlarını reallaşdırmaq məqsədilə adamlarını məscidlərimizə də yerləşdirməyə çalışıb. Belə cəhdlərin gələcəkdə də olması mümkündür. Amma biz buna imkan verə bilmərik. Ərazi bütövlüyümüz qədər mənəvi bütövlüyümüz də bizim üçün önəmlidir. Məscidlər mənəvi bütövlüyümüzü qorumaq üçün tikdiyimiz qalalardır. Biz o qalaları nə İranın, nə də başqa bir ölkənin adamlarına etibar edə bilərik.
Onu da deyim ki, xaricdə, o cümlədən İranda dini təhsil almış şəxslərin hamısını qaralamaq olmaz. Onların arasında Vətənini, dövlətini sevən, onun mənəvi sərhədlərini qorumağa hazır olan insanlar da var. Dini kadrlara münasibətdə konkret prinsipimiz var: Millətə, ümmətə xidmət, Vətənə, dövlətə sədaqət! Millətə xidmət, dövlətə sədaqət göstərməyən ruhani məsciddə fəaliyyət göstərə bilməz. Bunu həm cəmiyyətimizin, həm də dini sahədə fəaliyyət göstərənlərin bilməsi zəruridir.
– Azərbaycanda dünyəvi dövlət-din münasibətləri, multikultural dəyərlər sistemi mövcuddur. İstərdik bu barədə danışasınız.
– Ölkəmizdə dünyəvi dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir, dini sahədə sabitlik qorunur, konfessiyalar arasında qarşılıqlı anlaşma və etimad mövcuddur. Dövlət-din münasibətləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrə əsaslanır. Azərbaycan dünyada multikulturalizmin inkişaf etdiyi dövlət kimi böyük nüfuz qazanmışdır. Demokratik dəyərlərdən biri olan dini-etnik tolerantlıq cəmiyyətimizdə mühüm yer tutur. Dövlətimiz dünyada dini azadlıqların qorunması ilə bağlı beynəlxalq təşəbbüsləri dəstəkləyir. Dünyada dini ayrı-seçkiliyin gücləndiyi və dini zəmində qarşıdurmaların artdığı bir dövrdə tolerantlıq Azərbaycanda dövlət siyasətinin tərkib hissələrindən birini təşkil edir. Fəxrlə deyə bilərik ki, bu gün dünya birliyində demokratik dəyərlərdən biri kimi təbliğ olunan dini dözümlülük xalqımızın əsrlər boyu formalaşan və bir çoxlarına örnək olan səciyyəvi xüsusiyyətidir. Azərbaycançılıq məfkurəsinin, milli-mənəvi, dini dəyərlərin təbliği və daha da möhkəmləndirilməsi, multikultural və tolerant ənənələrin qorunması Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkəmiz dinlərarası və mədəniyyətlərarası dialoqa dünyada sülhün və sabitliyin təmin olunmasının mühüm vasitələrindən biri kimi baxır.
– Məlumdur ki, dini maarifləndirmə işinin səmərəli təşkili həm də ideoloji işin tərkib hissələrindən biridir. Dövlət komitəsi bu sahədə hansı işləri görür?
– Dini maarifləndirmə işinin dövrün tələblərinə uyğun səmərəli təşkili dini sahədə gedən proseslərin tənzimlənməsi üçün vacib əhəmiyyət kəsb edir. Burada əsas məqsəd insanlara doğru məlumatlar çatdırmaq, baş verən hadisələrin mahiyyəti, dini sahəyə təhdidlər barədə onları xəbərdar etməkdir. Xüsusilə milli-mənəvi dəyərlərimizin qorunması üçün dini maarifləndirmə işinin düzgün təşkili zəruridir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radikalizm və ekstremizmə qarşı mübarizə, həmçinin milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində kompleks tədbirlər həyata keçirir.
Dini maarifləndirmə işi onun hədəf qruplarının xüsusiyyətləri nəzərə alınmaqla təşkil edilir. Bu məqsədlə rayon (şəhər) icra hakimiyyətləri və hüquq-mühafizə orqanları əməkdaşlarının, təhsil müəssisələrinin, xüsusilə, orta ümumtəhsil məktəblərinin pedaqoji heyətinin iştirakı ilə tədbirlər keçirilir. Bu tədbirlər risk qrupuna daxil olan sosial qrupların dini fanatizm, radikalizm və ekstremizm meyillərindən qorunması, eləcə də xalqımızın multikultural, tolerant dəyərlərinin təbliği və təşviqi istiqamətində müxtəlif qurumların birgə və ayrıca fəaliyyətlərində effektivliyin artırılmasını nəzərdə tutur.
Dövlət komitəsi tərəfindən dini maarifləndirmə işi konfrans, seminar, vebinar, seminar-treninq, “dəyirmi masa” və digər formatlarda həyata keçirilir. Dini maarifləndirmə sahəsində işlər dövlət komitəsinin elektron mətbu orqanı olan “Dövlət və Din” ictimai fikir toplusu və “Cəmiyyət və Din” qəzeti, həmçinin İTV kanalında yayımlanan “Cəmiyyət və Din”, SPACE telekanalında efirə gedən “İnam”, “Mədəniyyət” kanalındakı “Haqqın dərgahı” verilişləri vasitəsilə də aparılır. Dini maarifləndirmə işində səmərəliliyin artırılması üçün müvafiq nəşrlərin çap edilməsi böyük əhəmiyyət daşıyır. Dövlət komitəsi və onun tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən xeyli sayda dini maarifləndirmə xarakterli materiallar, kitab, jurnal və qəzet kimi çap məhsulları ilə yanaşı, sənədli filmlər də hazırlanır.