Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
17.01.2022 / Müsahibələr

Mənəvi Dəyərlərin Təbliği Fondu ötən il ərzində də dini etiqad sahəsindəki fəaliyyətini uğurla davam etdirib

Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) ötən il ərzində də ölkəmizdə dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin edib.

Bu barədə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov AZƏRTAC-a müsahibəsində deyib.

Fondun dini etiqad sahəsindəki fəaliyyətindən danışan Mehman İsmayılov bildirib ki, MDTF-nin fəaliyyətinin başlıca istiqamətlərindən biri dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə dəstək verməkdir. Belə ki, hər il Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən rəsmi olaraq məscidlərə təyin edilmiş 1000 nəfərdən çox din xadiminə (imam, imam müavini və mütəvəlli) Fond tərəfindən aylıq maddi dəstək göstərilir. Maddi dəstək müvafiq olaraq imamlara 630 manat, imam müavinlərinə 490 manat və mütəvəllilərə 350 manat məbləğində müəyyən edilib. Bundan əlavə ötən il Qafqaz Müsəlmanları İdarəsinə 1,3 milyon manat məbləğində vəsait ayrılıb.

Həmçinin Prezident İlham Əliyevin 8 iyul 2021-ci il tarixli Sərəncamı ilə Fonda ayrılmış 100 min manat vəsait hesabına 23 qeyri-islam dini icmalarına maddi dəstək göstərilib.

Ötən il ərzində Fond tərəfindən dini etiqad sahəsində fəaliyyətini uğurla davam etdirilib. Belə ki, bir sıra islam və qeyri-islam dini icmalarının maarifləndirici layihələrinə maddi dəstək göstərilib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Alban-Udi Xristian dini icmasının üzvləri “Xocalı soyqırımı - əsrin faciəsi” adlı layihə çərçivəsində işğaldan azad edilmiş Xocavənd rayonunun Tuğ kəndindəki Alban məbədini ziyarət ediblər.

Bundan başqa Fondun maliyyə dəstəyi və təşkilatçılığı ilə Alban-Udi Xristian dini icmasının üzvləri, eləcə də digər dini konfessiya nümayəndələri may ayında Pasxa bayramı və 27 Sentyabr – Anım Günü ilə əlaqədar Kəlbəcər rayonunda yerləşən Xudavəng məbədini və Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi “Ağoğlan” monastırını ziyarət ediblər.

Mənəvi Dəyərlərin Təbliği Fondu Müqəddəs Ramazan ayı münasibətilə müsəlman dini icmalarla birlikdə “Şəhid ailələrinə Ramazan sovqatı” aksiyası həyata keçirib. Aksiya çərçivəsində ölkənin 12 şəhər və rayonunda ümumilikdə 720 nəfər Vətən müharibəsi şəhidinin ailəsi ziyarət edilib və onların hər birinə 100 (yüz) manatlıq alış-veriş kartı hədiyyə edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən 6 nəfər dini icma sədri və din xadiminin hər birinə Fond tərəfindən 500 manat məbləğində birdəfəlik maddi yardım göstərilib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və bir sıra müsəlman dini icmalarının təşkilatçılığı ilə ölkənin 25 şəhər və rayonunda ötən ilin Məhərrəm ayı çərçivəsində doğum günü olan ümumilikdə 700 nəfərdən çox Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilib. Ölkənin müxtəlif şəhər və rayonlarında təşkil edilən ziyarətlərdə şəhidlərimizin ailələri ilə görüşlər keçirilib, onlara müxtəlif məişət avadanlıqları, o cümlədən “Qurani-Kərim” kitabları hədiyyə edilib və şəhidlərin ruhuna dualar oxunub.

Ötən ilin oktyabr-noyabr ayları ərzində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən din xadimləri və dini icma sədrləri (İslam və qeyri-islam) arasında “Din-milli birliyimizin təminatçısı kimi” adlı müsabiqə elan edilib. 8 Noyabr – Zəfər Gününə həsr edilmiş müsabiqədə din xadimləri və dini icma sədrləri şeir, hekayə və məqalə formatında yazılarla iştirak ediblər. Qaliblər pul və digər hədiyyələrlə mükafatlandırılıb.

Noyabrın 4-də Mənəvi Dəyərlərin Təbliği Fondu və İçərişəhər “Həzrət Muhəmməd” məscidi dini icmasının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Zəfərin mübarək, Azərbaycan” adlı konfrans keçirilib. Konfransda şəhid övladları, onların ailə üzvləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Fond “Vineyard Azərbaycan” xristian dini icması ilə birlikdə 16 noyabr – “Beynəlxalq Tolerantlıq Günü” münasibətilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Tolerantlığın Zəfəri” adlı tədbir təşkil edib. Rəsmi və bədii hissədən ibarət olan tədbirdə qonaqların çıxışları dinlənilib, tanınmış musiqiçilərin ifasında vətənpərvərliklə bağlı musiqilər səsləndirilib, müxtəlif dini kompozisiyalar və milli rəqslər ifa edilib. Tədbirdə tolerantlıq nümunəsi kimi ölkəmizdəki dini konfessiyaların rəhbərləri Azərbaycan üçün birgə dualar edib.