Şriftin ölçüsü:
Saytın rəngi:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı noyabrın 12-də Heydər Əliyev Fondunun dəvəti ilə ölkəmizdə səfərdə olan “France 2” telekanalının “İslam Azərbaycanda” verilişinin çəkiliş qrupunun üzvlərinə müsahibə verib.
DQİDK sədri müsahibəsində Komitənin fəaliyyət istiqamətlərinə toxunub, dövlət-din münasibətləri modeli, dini durum haqqında ətraflı məlumat verib, 35-i qeyri-islam olmaqla 942 dini icmanın dövlət qeydiyyatına alındığını bildirib. O qeyd edib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Mübariz Qurbanlı eyni zamanda, Azərbaycanda mövcud olan multikulturalizm ənənələri, dinlərarası tolerantlıq və harmoniya haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, sivilizasiyaların, dinlərin qovuşduğu məkan olub və burada ölkəmizin coğrafi mövqeyi, əhalisinin polietnikliyi kimi amillər böyük rol oynayıb. Tarixin ayrı-ayrı dönəmlərində ölkəmizdə Bütpərəstlik, Zərdüştiliklə bərabər, Yəhudilik, Xristianlıq və İslam kimi səmavi dinlərin nümayəndələri bir-birinə təsir göstərmədən, birgə yanaşı yaşayıblar. Eyni zamanda, Azərbaycan ərazisi bütün dövrlərdə dini ayrı-seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynayıb.
Azərbaycan əhalisinin 96 faizinin müsəlmanlar olduğunu qeyd edən Komitə sədri dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında danışıb.
M.Qurbanlı vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində ölkəmiz tolerantlıq, multikulturalizm və dini maarifləndirmə ilə bağlı regional və beynəlxalq konfransların, yüksək səviyyəli forumların keçirildiyi əsas məkana çevrilib. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət dünya ictimaiyyəti tərəfindən də diqqətlə izlənilir və yüksək qiymətləndirilir.
“France 2” telekanalının çəkiliş qrupunun üzvü Boualem Guerıtlı müsahibəyə görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirərək ölkəmizə səfərlərinin məqsədindən danışıb. O qeyd edib ki, səfərdə olacaqları 10-29 noyabr tarixləri arasında Azərbaycanda mövcud olan dini konfessiya rəhbərləri ilə görüşlər keçirəcək, noyabrın 14-15-i tarixlərində Bakıda baş tutacaq Dünya dini liderlərinin II Bakı Sammitində, müxtəlif məscid, kilsə və sinaqoqlarda çəkiliş aparacaqlar.
Boualem Guerıtlı “İslam Azərbaycanda” verilişinin çəkilməsində məqsədin Azərbaycanda mövcud olan nümunəvi dövlət-din münasibətlərini, birgəyaşayış, multikulturalizm və tolerantlıq ənənələrini dünyaya nümayiş etdirmək olduğunu vurğulayıb.
Sonda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında nəşr etdirdiyi kitablar təqdim edilib.