Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
15.10.2021 / Müsahibələr

Komitə sədri: “Azərbaycanda heç kim, heç bir qruplaşma din adı altında gizlənərək, din pərdəsi altında nəyisə edə bilməyəcək”

Oktyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Yeni TV-nin canlı yayımının qonağı olub.

Komitə sədri əvvəlcə güclü siyasi iradəyə və idarəetmə bacarığına malik, xalqına və dövlətinə bağlı müdrik lider Prezident İlham Əliyevin 18 illik fəaliyyət dövrünə nəzər salıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin başlatdığı böyük işlər, onun siyasəti, Heydər Əliyev yolu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti təcrübəli siyasətçi kimi ümummilli və qlobal məsələləri böyük peşəkarlıqla həll edir, hadisə və proseslərin axarını əvvəlcədən müəyyənləşdirərək gələcəyin tarixini yaradır, parlaq zəkası, iti mühakimə qabiliyyəti, möhkəm xarakteri və mürəkkəb situasiyalarda düzgün seçim etməsi ilə dünyanın tanınmış dövlət xadimləri içərisində xüsusi yer tutur.

Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə ermənilərin bütün tarixi-dini abidələri, o cümlədən orada olan məscidləri məhv etməsi  ilə bağlı sualı cavablandıran Mübariz Qurbanlı bildirib ki, yalnız Şuşada bir məscid qeyri-qanuni, İranın dəstəyi ilə təmir edilib, zahiri görkəmi dəyişdirilib. Onu Azərbaycan xalqına xas olan tarixi bir məscid kimi deyil, fars məscidi kimi göstərməyə çalışıblar. Komitə sədri vurğulayıb ki, həmin dövrdə İranın bu cür məsələlərdə iştirakı mənfi mənada hansı rolu oynadığını bir daha sübut edir. O həmçinin, Prezident İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bunları faktlarla göstərdiyini bildirib.

Canlı yayım zamanı radikal və ekstremist qrupların hər hansı dini məzhəb adı altında fəaliyyətlərinə də toxunan DQİDK sədri belə qrupların Azərbaycanda hər hansı bir ictimai asayişi pozmaq və ya hər hansı bir hərəkət etmək imkanlarının olmadığını bildirib. Mübariz Qurbanlı söyləyib ki, bu, qeyri-mümkündür: “Kimsə hesab edirsə, din adı altında Azərbaycanın ictimai-siyasi quruluşuna və ya ictimai asayişini, stabilliyini, sabitliyini pozmaq üçün o qrupların adı ilə nəisə edə bilər, çox yanlışlığa yol verir. Ona görə ki, Azərbaycanda xalq monolitdir, güclüdür, dövlət də güclüdür, xüsusi xidmət orqanlarımız da güclüdür. Azərbaycanda bu istiqamətdə ideoloji cəhətdən də işlər kifayət qədər aparılır. Medianın da burada rolunu xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, Azərbaycanda heç kim, heç bir qruplaşma din adı altında gizlənərək, din pərdəsi altında nəyisə edə bilməyəcək. İctimai, siyasi, iqtisadi sabitlikdir, xalq və hakimiyyət arasında çox möhkəm bağlar, vəhdət var və cənab Prezidentin simasında Azərbaycanı daha böyük zirvələrə aparacaq Lider var”.