Şriftin ölçüsü:
Saytın rəngi:
Milli Məclisin deputatı Hikmət Babaoğlunun “Cəmiyyət və Din” qəzetinə müsahibəsi
- Hikmət müəllim, bilirsiniz ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. İstərdim, söhbətə Ulu Öndərin Azərbaycan üçün xidmətlərinə ekskurs etməklə başlayaq, onun Azərbaycan xalqına bəxş etdiyi töhfələrdən danışaq.
- 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması, əslində, dövlətçilik tariximizin yenidən öyrənilməsi ili kimi xarakterizə olunmalıdır. Çünki Heydər Əliyev böyük dövlət xadimi kimi Azərbaycan dövlətçilik tarixinin ayrıca bir erasını, mühüm bir epoxasını yaradıb. Ulu Öndərin adı Azərbaycanda dövlət, hüquq, həmrəylik, birgəyaşayış kimi məfhumlarla assosiasiya olunur.
Heydər Əliyev elə nadir tarixi şəxsiyyətlərdəndir ki, özündən sonra Azərbaycan üçün böyük miras qoyub. Onun qoyub getdiyi ən böyük miras, heç şübhəsiz, müstəqil Azərbaycan dövlətidir. Bununla yanaşı, azərbaycanlı milli psixologiyasında, milli mənəviyyatında, sosial kimliyində də Ümummilli Liderimiz çox böyük iz buraxıb. Bu baxımdan, 2023-cü ilin “Heydər Əliyev İli” adlandırılması həm də bizim milli yaddaşımızın yenilənməsi baxımından əlamətdar olacaq.
Sovet dövrü tariximizin mühüm bir hissəsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövr Azərbaycanın inkişafı, sənayeləşməsi və özünəqayıdışı kimi xarakterizə olunur. Çünki 1969-cu ilə qədər Azərbaycanda iqtisadi münasibətlərin təməlində aqrar faktorlar durduğu halda 1969-cu ildən sonra ölkəmiz sənayeləşmə mərhələsinə qədəm qoydu. Azərbaycanda bir sıra zavodlar, fabriklər inşa edildi və iqtisadiyyatın təşkili prosesində həm də paytaxt Bakı üçün mühüm demoqrafik hadisə baş verdi. Bu, Bakı şəhərinin milliləşməsi hadisəsi idi. Bilirik ki, Bakı Sovet İttifaqında öz kosmopolit göstəriciləri ilə məşhur olan şəhər idi və burada milli mühitin yaradılması zəruri idi. Ulu Öndər bu vəzifənin öhdəsindən gəldi. Bakıda zavod və fabriklərin inşa edildiyi mərhələ həm də Azərbaycanın bölgələrindən gənclərin Bakıya gəlməsini təmin etdi. Beləliklə, Bakı şəhərində demoqrafik balans azərbaycanlıların lehinə dəyişdi. Yəni dolayısı ilə Bakı şəhəri milliləşdi. Mən əminəm ki, vaxtında bu işlər görülməsəydi, sonrakı mərhələdə - 80-ci illərin sonu 90-cı illərin əvvəlində başlayan proses zamanı paytaxtda tamamilə fərqli hadisələr baş verə bilərdi. Heydər Əliyev böyük uzaqgörənliklə həm də bunun qarşısını aldı. Ümummilli Liderin Sovet dövrü Azərbaycanı ilə bağlı fəaliyyətinin iki mühüm istiqaməti vardı. Onlardan biri ölkəmizin sənayeləşməsi idi və bu, əyalətlərlə paytaxt, şəhərlə kənd arasındakı fərqin aradan qaldırılmasına hesablanmışdı. Eyni zamanda, SSRİ Nazirlər Sovetinin 1972-1974-cü illərdə iki qərarının qəbul olunmasına nail olmuşdu. Bunlardan biri Azərbaycanda pambıqçılığın, digəri isə üzümçülüyün inkişafı ilə bağlı idi. Bu qərarlarla SSRİ dövlət büdcəsindən Azərbaycanda bu sahələrin inkişafına xeyli miqdarda pul ayrıldı, nəticədə kəndlərimiz inkişaf etdi, kəndlərimizin siması dəyişdi. Təhsilin keyfiyyəti dəyişdi, yeni savadlı insanlar yetişdi, Azərbaycan dilinin işlənmə səviyyəsi yeni keyfiyyət mərhələsinə qədəm qoydu. Heydər Əliyev 1969-cu ildə Azərbaycan SSR mərkəzi komitəsinin 1-ci katibi seçilərkən ilk nitqini indiki Bakı Dövlət Universitetində, özü də Azərbaycan dilində etmişdi. O dövrdə milli respublikaların rəhbərlərinin öz dillərində nitq söyləməsi görünməmiş hadisə idi. Həmin çıxışında demişdi ki, bu ali təhsil ocağı Azərbaycan xalqının çox böyük ziyalı oğullarının bizə qoyduğu mirasdır. Yəni Sovet dövründə qadağan olunan, dilə gətirilməsi mümkün olmayan Azərbaycan Xalq Cümhuriyyətini xatırlatdı, ona görə ki, Bakı Dövlət Universiteti məhz 1919-cu ildə AXC tərəfindən yaradılmışdı. 1978-ci ildə Azərbaycan SSR-in yeni qəbul edilən Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi ilə Azərbaycan xalqının milli özünüdərk prosesi başlandı.
Müstəqillik dövründə ölkəmizin müstəqillik yoluna çıxması hadisəsi də Heydər Əliyevin adı ilə bağlıdır. “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır” fikri əbəs yerə deyilmir, bu, həqiqətən, belədir. Çünki siyasi elm dövləti və müstəqilliyi, eyni zamanda dövlətlə bağlı olan müxtəlif anlayışları müxtəlif kateqoriyalarda qiymətləndirir: formal müstəqillik, qeyri-formal müstəqillik, formal lider, qeyri-formal lider və s. Bu anlayışların hər birinin özünəməxsus məzmunu var. Biz 1991-ci ildə müstəqilliyimizi elan etmişdik, amma bu, formal xarakter daşıyırdı. Ona görə ki, dövlətin müstəqil siyasəti, hətta Konstitusiyası da yox idi, Sovet dövründəki Konstitusiyadan istifadə edilirdi. Halbuki dövlətin iqtisadi, siyasi, hüquqi münasibətləri, ilk növbədə, Konstitusiya ilə tənzimlənməlidir. Üstəlik, Azərbaycan vətəndaş müharibəsinə cəlb olunmuşdu, torpaqlarımız işğal olunurdu. Ulu Öndərin Azərbaycan xalqının ümumi kütləvi sosial sifarişi ilə hakimiyyətə gəlməsindən sonra dövlətin formal atributlardan çıxarılıb real işlək mexanizmə çevrilməsi hadisəsi baş verdi. Biz müstəqilliyin dadını məhz bundan sonra duymağa başladıq. 1994-cü ildə bu gün qürurla bəhs etdiyimiz “Əsrin müqaviləsi”nin imzalanması ilə isə müstəqil iqtisadiyyatımızın əsası qoyuldu. 1995-ci ildə Azərbaycanın ilk milli Konstitusiyası qəbul olundu.
- Ümummilli Liderin ən böyük töhfələrindən biri də, heç şübhəsiz, azərbaycançılıq ideologiyasıdır. Hansı ki, Azərbaycan xalqını ən çətin dövrlərdə bir yumruq halında birləşdirib. Ancaq bəzi Qərb fikir adamları iddia edirlər ki, milli ideologiyalar cəmiyyətləri irəli apara bilməz. Sizcə, onların bu düşüncəsinin səbəbi nədir?
- Milli ideologiya milli həmrəyliyi təmin edən əsas vasitə olduğu üçün çox vacib hadisədir. Sosiologiya deyir ki, milli ideologiya milli identifikasiyadır, yəni düşüncədə milli bənzərliyi təmin edən hadisədir. Bunlar olmadan cəmiyyət vahid orqanizmə çevrilib, lazım gəldikdə ümumi ictimai maraqlar üçün sinxron hərəkət edə bilmir. Sosiologiya milli identifikasiyanı “sosial sement”, yəni cəmiyyəti birləşdirən əsas element adlandırır. Cəmiyyət sosial pramida formasındadır. Əgər burada birləşdirici komponent olmasa, o dağılacaqdır. Bax, buna görə azərbaycançılıq Azərbaycanın dövlətçilik və milli ideologiyasına çevrildi. Onun cazibə mərkəzi Azərbaycan xalqının maraqları oldu. Azərbaycançılıq ideologiyası Azərbaycan xalqının milli neokonservatizmidir. Çünki böyük dövlət xadimi Heydər Əliyev azərbaycançılıq ideologiyasını milli ideologiya kimi təqdim edərkən onu müxtəlif komponentlərdən ibarət olan konsepsiya kimi təsbit etmişdi. O deyirdi ki, azərbaycançılıq - Azərbaycan dilinə, tarixinə, mədəniyyətinə sahib çıxaraq və yeni demokratik dəyərləri mənimsəyərək ölkəni inkişaf etdirməkdən ibarətdir. Burada birinci komponent mühafizəkar, ikinci komponent universal Qərb dəyərləri, yəni modernist dəyərlərdir. Beləliklə, konservatizm üstəgəl liberalizm bərabərdir neokonservatizm. Yəni neokonservatizmin düsturu bundan ibarətdir. Azərbaycançılıq da elə budur.
Milli ideologiya bizə həm də ona görə lazım idi ki, totalitar kommunist rejimindən çıxmış cəmiyyət olaraq bizi birləşdirəcək ideologiya axtarırdıq. Bu mənada Heydər Əliyev ən yaxşısını yaratmağı bacardı. Hamını birləşdirəcək və hamı tərəfindən mənimsənilə biləcək konservativ və universal dəyərlər sistemi lazım idi ki, azərbaycançılıq ideologiyası da məhz bunu ehtiva edir. Əlbəttə, bu asan deyildi, birincisi ona görə ki, Qərbdən keçmiş postsovet məkanına manipulyativ demokratiya ixrac edənlər hesab edirdilər, hətta təzyiq edirdilər ki, demokratiya elə ideologiyadır. Demokratiyanı milli ideologiya yerinə qoymağa çalışırdılar. Bəzi ölkələrdə bunun hansı fəsadlara gətirib çıxardığını, ölkələrin necə dağıldığını gördük. Amma əlbəttə ki, demokratiya ideologiya deyil, dəyərlər sistemidir, həyat tərzidir və hüquq hadisəsidir. Amma ideologiya, xüsusilə, milli ideologiya mentalitet və mənəviyyat hadisəsidir, sosial hadisədir. Ona görə də bunlar tamamilə fərqlidir. O dövrdə azərbaycançılıq ideologiyasına qarşı çıxanlar, demokratiyanın özünü ideologiya yerinə qoymaq istəyənlər də var idi. Böyük dövlət xadimi Heydər Əliyevin ən böyük xidmətlərindən biri də azad cəmiyyət yarada bilməsidir. Çünki bütün münasibətlərin, söz azadlığının, mətbuat azadlığının, insan hüquqlarının, dini etiqad azadlığının, gender bərabərliyinin təmin olunması Ulu Öndərin şah əsəri adlandırdığımız Konstitusiyamızla bağlıdır. Şübhəsiz ki, həmin dövrdə ideologiya sahəsində deqradasiyalar, boşluqlar olduğu kimi dini müstəvidə də boşluqlar var idi. Çünki kommunist rejimin təbliğ etdiyi ateist ənənələrdən gələn bir cəmiyyətdə dinin öz həqiqi yerini tapması çox vacib idi. Bu elə bir mühüm platforma olmalı idi ki, biz nə yenidən mövhumata yuvarlanaq, nə də inancımızdan üz döndərək. Bu prosses Heydər Əliyevin Azərbaycan cəmiyyətinə dinlə bağlı təqdim etdiyi siyasət ilə mümkün oldu. Məscidlərin bərpa və təmir olunması istiqamətlərində mühüm addımlar atıldı, bir qədər sonra Ulu Öndərin din xadimləri ilə görüşü oldu. Məscidlərdə çıxışlar etdi. Dinin və etiqad azadlığının Azərbaycan cəmiyyəti üçün nə qədər vacib olduğu məsələlərinə toxundu və müqəddəs Məkkəni ziyarət etməklə əyani nümunə göstərdi. Bütün bunlar isə o dövrdə Azərbaycanda dinlə bağlı axtarışlara yaxşı bir istiqamət vermiş oldu. Amma şübhəsiz ki, dediyimiz hadisələr çox mürəkkəb proseslər fonunda baş verirdi. Azərbaycanda dinlə bağlı müxtəlif sektalar yaradılırdı və bunlar təkcə radikalizmi təbliğ edən müsəlman məzhəbləri ilə bağlı deyildi, eyni zamanda Azərbaycanı Xristianlığın müxtəlif radikal sektaları da hədəfə götürmüşdü. Hətta bəzi ölkələr öz ərazilərində qadağan etdikləri sektalarını burada yaradırdılar. Belə bir mürəkkəb vəziyyətdə azərbaycanlıların dinlə bağlı aydın təsəvvürləri formalaşmalı idi. Heydər Əliyev dini etiqad azadlığını təmin etməklə və bu nümunələri ortaya qoymaqla ölkəmizdə sağlam dini mənəvi mühitin yaradılması üçün böyük imkanlar yaratdı. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, İslam dininin müxtəlif məzhəblərindən olan vətəndaşlarımız eyni məscidlərdə vəhdət namazı qılırlar. Eyni zamanda, Azərbaycanda yaşayan başqa dinlərin təmsilçilərinə də qarşı çox tolerant mühit var. Bu da bizim dinimizin fəlsəfəsindən irəli gəlir. Çünki bütün səmavi dinlər Qurani-Kərimdə təqdir olunur. Bir sözlə, bu gün Azərbaycan cəmiyyəti din və mənəviyyat baxımdan zəngindirsə, buna görə Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə borcluyuq.
- Qərb liderlərinin dilindən səslənən fikirdir: multikulturalizm iflasa uğradı. Halbuki elə həmin ölkələr ötən əsrin 60-70-ci illərindən etibarən sərhədlərini, xüsusilə, Cənub-Şərqi Asiya ölkələrindən, müsəlman ölkələrindən olan miqrantların üzlərinə taybatay açaraq öz iqtisadiyyatlarını ucuz işçi qüvvəsi hesabına gücləndirməyə nail olmuşdular. Ancaq illər keçdi və biz artıq həmin insanlara qarşı dözümsüzlük nümayiş etdirildiyini görürük. Səbəb nədir?
- Multikulturalizm çoxmədəniyyətlilik deməkdir və cəmiyyət nəzərə almalıdır ki, onun tərkibində paralel və müstəqil və ya heç olmasa, avtonom mədəniyyətlər olacaq və bunlar bir arada yaşamağı bacarmalıdırlar. Multikulturalizmin fəlsəfəsi elə bundan ibarətdir. Amma Avropada nə baş verdi? Avropa ölkələri müəyyən bir müddətdə öz cəmiyyətlərinin və iqtisadiyyatlarının tələbatını ödəmək üçün miqrantlar qəbul etdilər. Ancaq gəlmələrin sayı artdıqdan sonra Avropada onlara qarşı dözümsüzlük yarandı. Məsələn. Cənub-Şərqi Asiyadan, müsəlman ölkələrindən gələnlərə qarşı münasibət belə idi. Üstəlik, Avropa ölkələrinin bir çoxunun - Fransanın, Böyük Britaniyanın, Almaniyanın, İspaniyanın vaxtilə koloniyaları vardı, ötən əsrin 60-cı illərindən sonra onlar müstəqillik əldə etdilər. İstər-istəməz uzun illər həmin ölkələrin işğalı və müstəmləkəsi altında olan xalqların içində müəyyən zümrə yaranmışdı. Məsələn, Əlcəzair, Yəmən və s. ölkələrdə tutaq ki, fransız dilində danışan və fransız mədəniyyətini mənimsəmiş bir qrup yaranmışdı. Hindistan, Pakistan, Cənub-Şərqi Asiyanın bəzi ölkələri ingilislərin müstəmləkəsi altında olduğundan ingilisdilli bir mühit formalaşmışdı. Onlar hindlidən daha çox ingilis idilər, elə bu gün də biz onun təzahürlərini Böyük Britaniyada görürük. Ötən əsrin 70-ci illərindən sonra avropalılar yeni siyasi nəzəriyyə və siyasi perspektiv müəyyənləşdirdilər. Samuel Hantinqton bunun adını sivilizasiyaların qarşıdurması adlandırdı və dedi ki, XXI əsr sivilizasiyaların qarşıdurması əsri olacaq. Bu, əslində, digər dövlətlər və xalqlar üzərində Avropa hegemoniyasını qurmaq üçün yeni iddia idi. Bu qarşıdurma nəzəriyyəsi siyasətçilər tərəfindən birə-bir həyata keçirilməyə başlandı. İş o yerə çatdı ki, 90-cı illərin əvvəllərində - SSRİ dağılandan sonrakı mərhələdə Avropada yeni bir siyasi ənənə yarandı. İslamofobiya və ksenofobiya siyasi gündəmi təyin etməyə başladı. Beləliklə, kim daha çox islamofob, ksenofob olurdusa, seçicilərdən daha çox səs alırdı. Bu iki komponent bir-birini bəsləməyə başlamışdı. 90-cı illərin sonları 2000-ci illərin əvvəllərində Avropadakı hakim partiyaların adlarına baxın: Xristian Demokratlar, Xristian Mühafizəkarlar və s. Yəni milliyyətçi hərəkatın müxtəlif qolları. Bu gün isə Avropada faşizmi təbliğ edən partiyalar hakimiyyətə gəlməyə başlayıblar və bu, əlbəttə, dözümsüzlüyü daha da artırır. Bir neçə gün bundan əvvəl İsveçdə Qurani-Kərimin yandırılması bunun əyani nümunələrindəndir. Siyasətçilər cəmiyyəti kütləvi şəkildə tərbiyə edən, bir növ, ona yön verən liderlərdir. Onların davranışları da belə radikal cəmiyyət formalaşdırır. Buna görə də avropalılar etiraf etməli oldular ki, multikulturalizm iflasa uğradı. Amma bu onların həm də öz cəmiyyətlərinə ismarıcı idi: bu, iflas edib, artıq bizə lazım deyil. Bu da Avropa cəmiyyətini başqa xalqlara və başqa din mənsublarına qarşı köklədi, bir növ, stimul verdi. Avropa siyasətçiləri üçün belə şeylər lazım idi, gələcəkdə yeni dünya nizamını qurmaq üçün onların siyasətini, radikalizmi dəstəkləyəcək ciddi enerjili kütlə lazımdır. Avropada multikulturalizm iflasa uğradığı bir mərhələdə Azərbaycanın timsalında yeni bir multikulturalizm modeli yarandı və biz bunu Avropaya çox yaxşı təqdim etməyi bacardıq. Bu da Heydər Əliyevin adı ilə bağlıdır. Çünki multikultural dəyərlərin təbliğ olunması o dövrdə bizə çox lazım idi. Hətta mən düşünürəm ki, çox strateji məsələ, hər şeydən öncə, Azərbaycanın özünün daxili, dini və etnik strukturu ilə bağlı olan tələbat idi. İkincisi, ermənilər həmişə Azərbaycanı ittiham edirdilər və hələ də ittiham edirlər ki, “biz xristian olduğumuza görə orada bir dini dözümsüzlük var, ona görə də biz azərbaycanlılarla yaşaya bilmərik”. Azərbaycan multikulturalizminin dünyaya təqdim olunmasında bir məqsəd də göstərmək idi ki, burada çoxsaylı xalqların, müxtəlif dinlərin nümayəndələri yaşayır. Necə olur ki, ermənilərdən başqa, onların hamısı - bütün xristianlar Azərbaycanda çox yaxşı yaşaya bilirlər? Dinindən, əqidəsindən asılı olmayaraq, bütün vətəndaşlarımız Azərbaycan qanunları qarşısında bərabərdir, multikultural ənənələrə sadiqdir, heç kəs heç kəsə mane olmur, amma təkcə ermənilər belə cəmiyyətdə yaşaya bilmir? Bu həm xarici siyasətimizin dəstəklənməsi, həm də Azərbaycanın dünyaya tanıdılması üçün çox vacib mərhələ idi. Amma bu təkcə xarici siyasət məsələsi deyil, həm də hər bir azərbaycanlının həyat tərzidir. Ona görə ki, bizim yaşadığımız bu coğrafiyada hər 3 din vaxtilə dövlət dini olmuşdur. 333-cü ildə - Mömin Vaçaqanın vaxtında biz Xristianlığı dövlət dini kimi qəbul etdik. Roma bizdən təqribən 50 il sonra 383-cü ildə Xristianlığı dövlət dini elan etdi. Bəlkə də xristian dinini dövlət səviyyəsində qəbul edən ilk ölkələrdən biri Azərbaycan olmuşdur, Albaniya olmuşdur. Bundan başqa VI əsrin sonu VII əsrin əvvəllərində Xəzər xaqanlığının tərkibində Yəhudiliyi qəbul etdik, Bulan xan adını dəyişib İosif qoydu. Ondan sonra hakimiyyətə gələnlər də dinlərinə görə yəhudi adlarını mənimsədilər. Başqa bir misal kimi, Nizami Gəncəvinin “Yeddi gözəl” poemasını misal çəkmək olar. Bu əsərdə personajlar müxtəlif xalqların nümayəndələridir: biri türk qızı, biri Çin qızı və s. Bütün bu ənənələr bugünkü mühiti, multikulturalizm ənənələrini formalaşdırıb. Bu ali dəyərlərin təbliği və gücləndirilməsi lazım idi ki, bunun da əsəsları dövlət xadimi Heydər Əliyev tərəfindən qoyuldu. Nəticəsini 44 günlük müharibədə bir daha gördük, qürurlandıq, tarix qarşısında bu imtahanı alnıaçıq, üzüağ verməyi bacardıq. Bütün dünya bir daha gördü ki, etnik-dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər kəs öz Vətəni üçün öz canını sevə-sevə fəda etməyə hazırdır.
- Ancaq bu vəhdəti pozmağa çalışanlar da var...
- Belə təxribatlar Azərbaycana qarşı hər zaman olub.
- Hətta bugünlərdə Rusiya telekanalında bir erməni iddia edirdi ki, guya Azərbaycan 44 günlük müharibədə əsasən etnik azlıqların nümayəndələrini qəsdən qızğın döyüşlərə atırmış.
- Müharibə dövründə də, 30 illik münaqişə dövründə də, hətta 90-cı illərin əvvəllərində də onlar Azərbaycanda etnik separatçılığı körükləməyə çalışıblar. İlk növbədə, erməni separatizmini yaratdılar. Amma Azərbaycanın şimalında və cənubunda da etnik əsaslara söykənən separatçılıq var idi. Bu, azmış kimi, Azərbaycanda regional separaçılıq da baş qaldırmışdı. Məsələn, Surət Hüseynovun timsalında Gəncəbasar bölgəsində regional separatçılıq var idi. Ölkəmizi zəiflətmək, Qarabağı və digər bölgələri bizdən qopartmaq, Azərbaycanı xəritədən silmək üçün atılan addım idi. Heydər Əliyevin böyüklüyü həm də onda idi ki, bütün bunların qarşısını almağı bacardı. 1993-cü il iyun hadisələrini yaxşı xatırlayırıq. Regional separatçılığın qarşısı məhz onda alındı. 1994-cü ilin 3-4 oktyabrında ölkəmizin cənubunda baş verən qiyamın da qarşısı alındı. Azərbaycanın şimalında “Sadval” hərəkatı yaradılmışdı, onların qarşısını da aldıq. Bütün bunlar bir daha əminlik yaradır ki, Azərbaycanda yaşayan bütün etnik qrupların genetik yaddaşında birlik, vəhdət var. Onları etnik mənsubiyyətlərinə görə nə qədər ayırmağa çalışsanız da, o birlik özü-özünü qoruyacaqdır.
- Siz bayaqkı suala cavabınızda çox gözəl ifadə işlətdiniz: necə olur ki, Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri yaşaya bilir, ancaq ermənilər yox? Bunun kökündə nə dayanır, sırf separatist düşüncə, yoxsa azərbaycanlıya, türkə qarşı nifrət bunların genetik yaddaşına yazılıb?
- Bunun kökündə çox sadə bir məsələ dayanır. Azərbaycanda yaşayan digər xalqların və dinlərin nümayəndələri əsrlərdir birgə yaşayırlar. Bunun sayəsində dediyimiz milli multikultural model yaranıb. Ancaq ermənilər bu ailə mühitinə süni şəkildə daxil ediliblər. Onlar cəmisi 200 il əvvəl bu ərazilərə köçürülüblər. Ona görə də özlərini bu mühitdə yad hiss edirlər. Bir səbəb də budur ki, ermənilər Cənubi Qafqaza yerləşdirilərkən onlara dövlət quracaqlarına söz verdilər və onlar bu missiya ilə yaşadılar. Erməni psixologiyası birgəyaşayışı ona görə qəbul edə bilmir ki, onların mövcud olması, erməni cəmiyyətinin yaşaması Azərbaycana və İslama nifrət üzərində qurulub. Bu onların əsas “silahıdır”.
- 44 günlük müharibədən danışdıq, dediyiniz kimi, xalq olaraq bu missiyanı alnıaçıq şəkildə icra etdik və bəlkə də tarixdə çox nadir hadisələrdəndir ki, qalib tərəf faktiki olaraq kapitulyasiyaya imza atan tərəfə sülh sazişi bağlamağı təklif etdi. Amma artıq müharibədən 2 ildən çox vaxt keçir və erməni tərəfi müxtəlif manipulyativ hərəkətlərlə, müxtəlif gah o cəbhə gah bu cəhbəyə arxalanmaqla hələ də o sülh sazişinə yaxın gəlmir. Bu şərtlər altında onlarla birgəyaşayış mümkündürmü? Cəmiyyətimiz buna hazırdırmı, sosioloq kimi bu məsələyə münasibətiniz, gözləntiniz nədir?
- Doğru buyurursunuz, qalib ölkənin sülh təklif etməsi müharibələr tarixində yeni hadisədir, bəlkə də, buna bənzər çox az hadisə olub. Amma məsələ ondan ibarətdir ki, mentalitet etibarilə Azərbaycan xalqı sülhpərvərdir. Böyük xalqların dünyagörüşü də böyük olur və biz başa düşürük ki, tarixin hazırkı mürəkkəb mərhələsində, dünyanın hər yerində müharibələr baş verdiyi bir vaxtda inkişaf etməyin və gələcəyə doğru inamla irəliləməyin düsturu sülhdən keçir. Ona görə biz sülh təklif edirik. Amma ermənilər rədd edir. Şübhəsiz ki, hər bir Azərbaycan ailəsi bu və ya digər formada erməni vandalizmi ilə üz-üzə qalıb. Amma biz böyük xalq olduğumuza görə 44 günlük müharibə dövründə onların cavabını artıqlaması ilə vermişik. Ermənilərin törətdiyi bütün cinayətlərin qisasını almışıq və buna görə də qətiyyətlə deyirik ki, sülhə hazırıq.