Azərbaycanda geniş yayılmış İslam, xristianlıq və iudaizmlə əlaqəsi olmayan zərərli dini ədəbiyyatların ölkəmizə qanunsuz gətirilməsində məqsəd müəyyən çevrələrin gəncləri öz təsir dairələrinə salmasından ibarətdir. Son vaxtlar xaricdə nəşr olunaraq ölkəmizə gətirilən kitablar cəmiyyəti öz dəyərlərindən uzaqlaşdırır. Təsadüfi deyil ki, insanları zərərli cərəyan və terror təşkilatlarının təsir dairəsinə salan bu nəşrlər sırasında əsasən xaricdə yüksək tirajla çap olunan kitablar üstünlük təşkil edir. Daxili İşlər Nazirliyi və digər təhlükəsizlik xidmətlərinin mütəmadi olaraq keçirdikləri reydlər zamanı qeydiyyatdan keçməyən dini ədəbiyyatların aşkar olunması da göstərir ki, ölkəmizə qanunsuz dini kitabların yayılmasına cəhdlər var. Bu cür zərərli dini ədəbiyyatlar xarici ölkələrin siyasi idarələri və texnoloqları tərəfindən hazırlanır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Cebhe.info-nun mövzu ilə əlaqədar suallarını cavablandırıb.
- Uzun illərdir ki Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ziyanlı dini materialların müəyyən edilməsi ilə məşğul olan xüsusi ekspertiza şöbəsi yaradılıb. Bu müddət ərzində Azərbaycanda yayımına və istifadəsinə qadağa qoyulmuş nə qədər dini ədəbiyyat olub?
- “Dini Etiqad Azadlığı” Haqqında Qanunun 22-ci maddəsində deyilir ki, istənilən şəxs ölkəyə dini ədəbiyyat idxal, ixrac, habelə çap edə, yaya bilər. Amma bunun üçün müvafiq icra hakimiyyəti orqanından razılıq almalıdır. Müvafiq icra hakimiyyəti orqanı dedikdə isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur. Deməli, Dövlət Komitəsinin razılığı əsasında ölkəyə dini ədəbiyyat gətirilə, çap oluna və yayıla bilər. Razılığın verilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Dinşünaslıq ekspertizası şöbəsi yaradılıb və şöbə bu gün də fəaliyyət göstərir. Komitənin əsas şöbələrindən biri məhz Dinşünaslıq ekspertizası şöbəsidir. Şöbədə 8 nəfər çalışır, onların hamısı BDU-nun İlahiyyat fakültəsinin məzunudur.
Ekspertizaya təqdim olunan dini ədəbiyyatlarda dini dözümsüzlük faktlarının olması əsas götürülür. Belə ki, dinlərarası, məzhəblərarası münasibətlərə xələl gətirən məqamlar olmasın. Bir sözlə, dini ayrı-seçkilik salınmasın, ölkədə tarixən mövcud olan tolerantlıq mühitinə xələl gəlməsin. Çox vaxt Dinşünaslıq ekspertizası ilə bağlı məsələlərdə mətbuat da daxil olmaqla ictimaiyyətdə müəyyən anlaşılmazlıq olur. Bəzən bu şəkildə suallar qoyulur ki, neçə dini ədəbiyyat qadağan olunub və yaxud neçə dini ədəbiyyata icazə verilib. Dinşünaslıq ekspertizası şöbəsinə ədəbiyyat təqdim olunanda ilk növbədə kitaba baxış keçirilir. Əgər ədəbiyyatın mahiyyəti ümumi normaldırsa, yalnız 1-2 nüansda dini ayrı-seçkiliyə yol verən məqamlar varsa, bu halda kitabı təqdim edən müəllifə müraciət edirik ki, həmin məqamı ya çıxartsın, ya da dəyişsin. Əgər müəllif həmin məqamı çıxardırsa və ya dəyişiklik edirsə, biz həmin kitaba icazə veririk. Dinşünaslıq ekspertizası şöbəsi tərəfindən ölkəyə idxal olunmaq məqsədilə hansısa bir dini ədəbiyyat gətirilirsə, o kitabın kim tərəfindən gətirilməsi də nəzərə alınır. Tutaq ki, ədəbiyyatı gətirən rəsmi din xadimidir və yaxud din sahəsində yüksək ixtisaslı bir mütəxəssisdir, bu zaman kitab ümumən zərərli sayılsa da belə, onu mütəxəssis özü üçün gətirdiyinə görə icazə verilə bilər. Çünki din xadimi və ya mütəxəssis hansı dini ədəbiyyatda nəyin olub-olmadığını bilir.
Qadağan olunmuş dini ədəbiyyatların siyahısı təbii ki, var. Bu siyahı həddindən artıq sürətlə dəyişən bir siyahıdır. Gün ərzində Dinşünaslıq ekspertizası şöbəsində çoxlu sayda dini ədəbiyyata baxılır. Ona görə də biz çox vaxt belə bir siyahının ictimaiyyətə mütəmadi olaraq açıqlanmasının tərəfdarı deyilik. Çünki saatbasaat dəyişən bir siyahıdan söhbət gedir. Üstəlik elə hallar olur ki, hansısa müəllifin bir kitabına razılıq verilmir. Həmin müəllif eyni kitabla bağlı yenidən bizə müraciət edib və bildirib ki, şöbənin iradların nəzərə alıb və həmin məqamları oradan çıxardıb. Üstündən müəyyən zaman keçməsinə baxmayaraq komitə tərəfindən həmin kitaba icazə verilir. Bu gün zərərli olan dini ədəbiyyat sabah müəllifi tərəfindən zərərli məqamlar çıxarıldıqdan sonra məqsədəuyğun sayılan dini ədəbiyyatlar siyahısına da düşə bilir.
- Xaricdən gələn zərərli sayılan dini ədəbiyyatlar çoxluq təşkil edirmi?
- Zərərli dini ədəbiyyatların mütləq əksəriyyəti xaricdən idxalla bağlıdır. Ölkədə dini ədəbiyyatların nəşri prosesində zərərli ədəbiyyatlara çox nadir hallarda rast gəlirik. Bunun da səbəbi ondan ibarətdir ki, biz nəşriyyatlarla, müəlliflərlə yaxından əməkdaşlıq edirik. Onlar artıq bu məsələlərdə hüquqi meyarları demək olar ki, mənimsəyiblər. Bu baxımdan ölkədə nəşr olunan ədəbiyyatların mütləq əksəriyyətində zərərli məqamlar olmur. Bu cür ədəbiyyatlar ölkəyə daha çox xaricdən idxal olunur. Artıq bu sahəyə ciddi nəzarət var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti ilə sıx əməkdaşlığı var. Çalışırıq ki, maksimum şəkildə ölkəyə qeyri-qanuni yolla zərərli dini ədəbiyyatlar gəlməsin. Bu məsələdə də aidiyyəti qurumlar bizimlə yaxından əməkdaşlıq edirlər. Artıq Komitə dini ədəbiyyatlarla bağlı sahəni tam şəkildə tənzimləyir.
- Komitə qadağan olunmuş ədəbiyyatların siyahısını Azərbaycanda fəaliyyət göstərən kitabxanalara təqdim edibmi?
- İstənilən şəxs hansı kitabları öz kitabxanasında görmək istəyirsə və ya mütaliə etmək istəyirsə, bəri başdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edib həmin kitabları xaricdən gətirə bilər. Bunun üçün heç bir məhdudiyyət yoxdur. Biz hətta vətəndaşlara deyirik ki, əgər onlar xaricə səfər edəcəklərsə və özləri ilə hansısa dini ədəbiyyatı gətirmək istəyirlərsə, həmin ədəbiyyatların siyahısını öncədən Komitəyə təqdim etsinlər ki, rəy bildirilsin. Vətəndaşlar həmin rəy əsasında xaricdən o kitabları problemsiz gətirə bilər.
- Bu yöndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məhkəmə iddiası qaldırılıbmı?
- İndiyə qədər Dinşünaslıq ekspertizasının düzgün aparılmaması və yaxud da dini ədəbiyyat gətirilməsinə maneçilik törədilməsi ilə bağlı Dövlət Komitəsindən heç kəs məhkəməyə müraciət etməyib. Yeganə “Yehova şahidləri” dini icmasıdır ki, Dinşünaslıq ekspertizası ilə bağlı məsələlərə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə məhkəməyə müraciət edib. “Yehova şahidləri” dini icması istisna olmaqla indiyə qədər istər İslam, istər yəhudi, istərsə də xristian dini icması və heç bir şəxs Dövlət Komitəsinə qarşı məhkəmə iddiası qaldırmayıb.
cebhe.info