Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və İslamabad Strateji Tədqiqatlar İnstitutunun təşkilatçılığı və Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə dekabrın 9-da İslamabadda “Dini tolerantlığın gücləndirilməsi və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans və “Azərbaycan – İslam mədəniyyətinin incisi” adlı fotosərgi keçirilib. Pakistandan qayıdan Azərbaycan nümayəndə heyətinin rəhbəri, DQİDK-nın sədr müavini Gündüz İsmayılovun səfərlə bağlı Trend-ə müsahibə verib.
Avropada və müsəlman ölkələrində keçirdiyimiz tədbirlər mahiyyət etibarilə fərqlənir.
-Gündüz müəllim, DQİDK belə bir konfransı niyə məhz Pakistanda təşkil etdi? Bunun xüsusi səbəbi var idimi?
-Pakistan bizim üçün dost, qardaş və müttəfiq ölkədir. Azərbaycan-Pakistan münasibətləri mənəvi baxımdan yalnız Azərbaycan-Türkiyə münasibətləri ilə müqayisə edilə bilər. Lakin bu, konfransın və sərginin İslamabadda təşkil olunmasının əsas səbəbi deyil.
Dövlət Komitəsi beynəlxalq təşkilatlar və xarici ölkələrlə əlaqələr sahəsində qarşısına konkret məqsədlər qoyub. Həmin məqsədlərdən biri də Azərbaycan həqiqətlərini, xüsusilə xalqımızın zəngin mənəvi irsini, tolerantlıq ənənələrini, o cümlədən dövlət-din münasibətləri modelini xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğ etməkdir. Bizim bu sahədəki fəaliyyətimiz Qərb dövlətləri ilə yanaşı, Şərq ölkələrini, o cümlədən İslam dünyasını əhatə edir.
Şübhəsiz ki, xarici dövlətlərdə tədbirlər təşkil edərkən həmin ölkələrlə əlaqələrimizi və yerli reallıqları nəzərə alırıq. Məsələn, Avropada təşkil etdiyimiz konfranslarla müsəlman ölkələrində keçirdiyimiz tədbirlər mahiyyət etibarilə bir qədər fərqlənir. Lakin ümumi məqsəd eynidir: Azərbaycan həqiqətlərini yaymaq və təbliğ etmək.
Bu baxımdan Pakistanda təşkil olunmuş tədbir əvvəlkilərdən müəyyən qədər fərqli idi. Öncədən nəzərdə tutmuşduq ki, Pakistanda keçirdiyimiz tədbir vasitəsilə həm Azərbaycanın İslam dünyasının və mədəniyyətinin ayrılmaz və önəmli bir hissəsi olduğunu təbliğ edək, həm Qarabağla bağlı həqiqətləri, xüsusilə, dini abidələrimizin dağıdılmasını əyani şəkildə göstərək, həm zəngin tolerantlıq ənənələrimizi təqdim edək, həm də radikalizmlə mübarizə sahəsində fikir mübadiləsi aparaq. Buna görə də birgə konfrans təkcə tolerantlıq məsələlərinə deyil, həm də radikalizmlə mübarizəyə həsr edilmişdi. Eyni zamanda, paralel olaraq “Azərbaycan – İslam mədəniyyətinin incisi” adlı fotosərgi təşkil olunmuşdu. Sərgidə Azərbaycanın tarixi-dini abidələrinin, eləcə də dövlət tərəfindən, xüsusilə, Prezidentimiz cənab İlham Əliyevin sərəncamları ilə bərpa olunmuş məscid və ziyarətgahların şəkilləri nümayiş etdirildi. Həmçinin, sərgidə əsir abidələr bölməsi var idi. Həmin bölmədə işğal altında qalmış abidələrimizin, o cümlədən Şuşa və Ağdam Cümə məscidlərinin həm işğaldan öncə, həm də sonra çəkilmiş şəkilləri nümayiş olundu.
Pakistan Qarabağ məsələsində Azərbaycanın mövqeyni birmənalı şəkildə dəstəkləyir. Hətta bu günə qədər işğalçılıq siyasətinə görə Ermənistanla əlaqələr qurmaqdan imtina edib. Bununla belə, Qarabağla bağlı həqiqətlərin əyani formada Pakistan cəmiyyətində mütəmadi yayılmasına ehtiyac var. Bu baxımdan da sərgi bizim üçün böyük əhəmiyyət kəsb edirdi.
Onu da deyim ki, bəzi xarici dairələr ölkəmizdə İslam dininə münasibətlə bağlı İslam dünyasında həqiqətəuyğun olmayan məlumatlar yaymağa cəhd göstərir, Azərbaycanın müsəlman aləmində yerini və əhəmiyyətini azaltmağa çalışırlar. Bu nöqteyi-nəzərdən “Azərbaycan – İslam mədəniyyətinin incisi” adlı sərgi ölkəmizin İslam mədəniyyətinin formalaşmasında rolunu və İslama verdiyi önəmi əks etdirir. Biz bununla həm də İslam dünyasında dini dəyərlərə önəm verən dünyəvi dövlət modelinin formalaşdırılmasının mümkünlüyünü əyani şəkildə göstəririk. Açığı, indiyədək müxtəlif ölkələrdə təşkil etdiyimiz bu sərgiyə baxanların bir qismi Azərbaycanın İslam dininə və mədəniyyətinə bu qədər önəm verməsini düşünmədiklərini etiraf ediblər. Onlar bildiriblər ki, dünyəvi dövlətdə dinin yeri baxımından Azərbaycanın dövlət-din münasibətləri modeli ən uğurlu modeldir.
“Dini radikalizmlə mübarizə sahəsində iki ölkənin əməkdaşlığının dərinləşdirilməsinə ehtiyac var”.
-Qarşıya qoyulmuş məqsədlər baxımından konfrans və sərgi özünü doğrultdumu?
-Dövlət Komitəsi bu cür sərgiləri ardıcıl keçirir. Pakistandan öncə Amerika, Avropa ölkələrində və Türkiyədə belə sərgilərimiz olub. Gələn il də İranda sərgi təşkil etməyi düşünürük. Qısacası, təkcə Pakistanda deyil, indiyədək bütün ölkələrdə təşkil etdiyimiz sərgilər xüsusi diqqət çəkib və maraqla qarşılanıb. Konfransa gəlincə, məncə, dini radikalizmlə mübarizə sahəsində iki ölkənin əməkdaşlığının dərinləşdirilməsinə ehtiyac var. Bunu konfransdakı çıxışlar da təsdiqlədi. Məncə, dini radikalizmlə mübarizədə Azərbaycan və Pakistan sıx əməkdaşlıq edə bilərlər.
Təsəvvür edin ki, konfransa gələnlər arasında hərbçilər, hətta marşal var idi. Eyni zamanda, konfransa xarici ölkələrin səfirliklərinin nümayəndələri, yüksək rütbəli diplomatlar və nazir müavinləri, media qurumlarının təmsilçiləri qatılmışdı. Bu, həm konfransa, həm də konfransın mövzusuna Pakistanda xüsusi diqqətin olduğunu göstərir.
İslamabad Strateji Tədqiqatlar İnstitutu Pakistanın ən önəmli qurumlarından biridir və uzun illərdir fəaliyyət göstərir. İnstitutun rəhbəri Xalid Mahmud Pakistanın təcrübəli diplomatlarından biridir, Çin, İran və Səudiyyə Ərəbistanında səfir kimi çalışıb. İnstitutun əməkdaşları yüksək ixtisaslı mütəxəssislərdir. Fikrimcə, İslamabad Strateji Tədqiqatlar İnstitutu ilə gələcəkdə də birgə tədbirlər təşkil etməyimiz mümkündür. Çünki radikalizmlə mübarizə Pakistan üçün önəmli məsələdir. Bu sahədə İnstitutun ciddi tədqiqatları var.
“Bu ölkədə Azərbaycana və azərbaycanlılara böyük sevgi var”.
-Din sahəsində Pakistanla gələcək əməkdaşlığı necə görürsünüz?
- Bu ölkədə Azərbaycana və azərbaycanlılara böyük sevgi var. Bunu istər cəmiyyət, istərsə də dövlət nümayəndələri ilə görüşdə hiss etmək mümkündür. Azərbaycanlılara münasibət digər müsəlman xalqlarına münasibətdən müsbət mənada fərqlidir. Hətta bəzi məqamlarda Azərbaycana münasibət Türkiyəyə münasibətdən üstündür. Məsələn, biz İslamabadda olarkən ən yaxşı səfir nominasiyasının qalibləri müəyyənləşdirilmişdi. Qaliblər arasında müsəlman ölkələrindən yalnız bizim səfirimizin – Daşqın Şikarovun adı var idi. Təbii ki, bu, tək səfirimizin fəaliyyətinə deyil, həm də Azərbaycana verilən qiymət idi. Yeri gəlmişkən, Pakistandakı səfirliyimiz kifayət qədər aktiv fəaliyyət göstərir. Digər ölkələrin səfirliyindən fərqli olaraq, Azərbaycan səfirliyi Pakistanın bütün bölgələri ilə, hətta sabitlik baxımından təhlükəli hesab edilən əyalətlərlə də sıx işləyir.
Eyni zamanda, Heydər Əliyev Fondunun Pakistanla bağlı fəaliyyəti bu ölkədə yüksək qiymətləndirilir. Digər dövlətlər də Pakistanda xeyriyyə işləri görürlər, amma onların fəaliyyəti çox vaxt böyük şəhərlərlə məhdudlaşır. Azərbaycan isə xeyriyyəçilik fəaliyyətini ən çox ehtiyac duyulan bölgələrdə həyata keçirir. Bunu da Pakistan cəmiyyəti və dövləti yüksək qiymətləndirir.
Bütün bunları deməkdə məqsədim odur ki, əməkdaşlığımızı genişləndirməyimiz üçün kifayət qədər münbit şərait var. Biz mövcud şəraitdən və imkandan maksimum istifadə etməli və bütün sahələrdə, o cümlədən mənəvi əlaqələrimizi genişləndirməliyik.