Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
08.09.2021 / Müsahibələr

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı: Azərbaycanın zəngin tolerantlıq ənənələrinin təşviqi və təbliği dövlətin prioritetidir

Prezident İlham Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycan dünya ölkələri sırasında öz layiqli yerini tutub, milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilərək dünyaya çatdırılmasında böyük uğurlar əldə olunub. Dövlət başçımızın diqqət və qayğısı sayəsində xalqımızın əsrlərin sınağından çıxan milli adət-ənənələrinin yaşadılması üçün bütün lazımi şərait yaradılıb. Məhz həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, ölkəmizdə dövlət-din münasibətləri beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənir.

 

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı "İki sahil" qəzetinə müsahibə verib:

 

- Səyyad müəllim, əvvəlcə bilmək istərdik ki, DQİDK-in tabeliyində hansı qurumlar fəaliyyət göstərir?

 

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində 2 qurum - Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərir. Azərbaycanın ən yeni tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin şahidi oluruq. Müstəqillik dövrünün təməl daşları üzərində tarixi imzası olan Ulu Öndər xalqımızın azərbaycançılıq ideologiyasının əsasında gələcəyə gedən yolunu böyük uzaqgörənliklə müəyyən etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli liderimiz Heydər Əliyev bu sahədə lazımi addımların atılmasına zəmin yaratmışdır. Məhz bunun nəticəsində milli-mənəvi dəyərlər sistemimiz daha da güclənmiş, aşınmadan xilas olmuş, milli dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfəsini vermişdir. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm addımlar atır. Dövlət başçısının tapşırığı ilə ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması da bu sahəyə verilən dəyərin göstəricisidir. Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə yaradılan Azərbaycan İlahiyyat İnstitutu da dövlət səviyyəsində dini sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Tədris proqramında dini biliklərlə yanaşı, mükəmməl dünyəvi biliklərin də yer aldığı bu elm ocağında təhsil alan gənclərimizin Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin və zəngin multikultural mühitin qorunub saxlanılmasında xüsusi rola malik olacaqlarına əminəm.

 

- Bəs, DQİDK-nın fəaliyyət istiqamətləri və vəzifələri barədə nə deyə bilərsiniz?

 

- Komitənin əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə müvafiq olaraq dini etiqad azadlığının həyata keçirilməsi üçün münasib şəraitin yaradılması ilə bağlıdır.

Dövlət Komitəsinin vəzifələri sırasına dini etiqad azadlığının təmin olunması, dini etiqad azadlığı sahəsində vahid dövlət siyasətinin formalaşması, bu siyasətin həyata keçirilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi və inkişafının təmin edilməsi, dini etiqad sahəsində maarifləndirmə işinin aparılması, dini qurumların dövlət qeydiyyatının həyata keçirilməsi, öz səlahiyyətləri daxilində dini təhsil ilə bağlı məsələlərin tənzimlənməsi, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlər daxildir.

Dövlət Komitəsinin dinşünaslıq ekspertizasının aparılmasının təmin edilməsi məqsədi ilə dini qurumların nümayəndələrini və müvafiq mütəxəssisləri cəlb etmək, nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məlumatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin fəaliyyəti barədə məlumatlar almaq, dini qurumların fəaliyyəti ilə bağlı mübahisəli məsələlərin qanun çərçivəsində tənzimlənməsində iştirak etmək, yaranmış problemlərin həlli barədə müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırmaq, dövlət-din münasibətləri sahəsində məqsədli proqramlar hazırlamaq və s. bu kimi hüquqları var.

Komitənin fəaliyyətində əsas prioritet hədəflərə vətəndaşların vicdan azadlığının təmin edilməsi, dini ənənələrin, dözümlülük və tolerantlıq münasibətlərinin qorunması, dini mühitdəki radikal elementlərin qarşısının alınması, dini qurumların dövlət qeydiyyatı məsələsinin təkmilləşdirilməsi və prosesin sürətləndirilməsi, dini təyinatlı ədəbiyyatın və materialların ekspertizasının aparılması və yayılmasına müvafiq nəzarətin həyata keçirilməsi, dini qurumların fəaliyyətinin milli dövlətçilik maraqlarına və cəmiyyətin sosial problemlərinin həllinə cəlb edilməsi, dini maarifçilik işinin düzgün metodlarla təşkili və gücləndirilməsi, dini sahədə qanunvericiliyin tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi, Azərbaycanın dövlət-din münasibətləri modelinin beynəlxalq aləmdə təbliğ olunması və s. aiddir.

 

- Pandemiya dövründə dini tədbirlərin keçirilməsi necə təşkil olunur?

 

- Bildiyiniz kimi, bu gün qlobal problemlər siyahısında ön sırada koronavirus pandemiyası dayanır. İki ilə yaxındır ki, bütün dünyada koronavirusla bağlı kütləvi toplantıların və tədbirlərin keçirilməsinə müvəqqəti məhdudiyyətlər qoyulub. Ölkəmizdə 2021-ci ilin əvvəlindən həyata keçirilməsinə başlanılmış vaksinasiya prosesinin uğurla davam etdirilməsi xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına əlavə imkanlar yaratdı. Dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla) fəaliyyətinə icazə verilib. Dini bayramlar, ənənəvi olaraq, böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan mərasimlər insanların virusa yoluxma sayının artma ehtimalı baxımından böyük təhlükə yarada bilər. Bu gerçəkliyi nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlaması ilə əlaqədar müraciətində də bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadət və mərasimlərin karantin qaydalarına uyğun olaraq keçirilməsinin vacibliyi vurğulandı.

 

- Səyyad müəllim, deyə bilərsinizmi DQİDK radikalizmlə mübarizə, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində hansı tədbirlər həyata keçirir?

 

- Günümüzdə təəssüf ki, dindən bəzi maraqlar naminə istifadə edən, yaxud din pərdəsi altında müxtəlif destruktiv fəaliyyətlərə yönələn qruplar inanc kimi saf və ülvi duyğulardan istifadə edərək öz məkrli məqsədlərini həyata keçirtməyə cəhdlər göstərirlər. Azərbaycan vətəndaşlarının, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə hazırlanan Tədbirlər Planının həyata keçirilməsi, dini maarifləndirmə sahəsində tədbirlərin təşkili, o cümlədən müvafiq kontingentin həmin tədbirlərdə iştirakının təmin edilməsi istiqamətindəki fəaliyyət Dövlət Komitəsinin prioritetləri sırasındadır. İdeoloji baxımdan dini radikalizmə qarşı mübarizədə maarifçilik əsas silahdır. Bu məqsədlə dini maarifləndirmənin gücləndirilməsi, dinimizin düzgün şəkildə insanlara, xüsusilə gənclərə aşılanmasının radikalizmin qarşısının alınmasında ən effektiv vasitədir. Ümumi təhlillər əsasən gənclərin bu təsirlərə daha çox dini biliklərinin zəif olması və savadsızlıq səbəbindən məruz qaldıqlarını göstərir. Buna görə radikalizmə və fanatizmə alternativ kimi ənənəvi İslamın təbliği üçün üçün hərtərəfli maarifləndirməni özündə ehtiva edən kompleks işlərin həyata keçirilməsi məqsədilə respublikanın bütün bölgələrində tədbirlər təşkil olunur. Gənclərimizin İslam dinini hər hansı xarici mühitin təsiri ilə deyil, öz milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi, Azərbaycançılıq ideyasına bağlı şəkildə öyrənmələri olduqca vacib məsələdir. Pandemiya ilə əlaqədar olaraq hazırda maarifləndirmə işi onlayn formatda təşkil olunan tədbirlər və DQİDK-nın sifarişi əsasında hazırlanan videoçarxlar, eləcə də Komitənin televiziyalarda yayımlanan müəllif proqramları vasitəsilə həyata keçirilir.

Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsinə gəlincə isə xalqımızın minilliklər boyu formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu istiqamətdə üzərinə düşən missiyanı uğurla davam etdirir. Komitə xaricdə Azərbaycanın tolerantlıq təcrübəsi və multikultural dəyərlərin, eləcə də zəngin mənəvi-əxlaqi irsinin təbliği istiqamətində konfrans, sərgilərin və s. tədbirlərin keçirilməsi, o cümlədən mütəmadi olaraq xarici mətbuatda məqalələrin nəşr edilməsini, kitabların çap edilməsini təmin edir.

 

- İşğaldan azad olunmuş torpaqlarımızda tarixi-dini abidələrin bərpa olunması ilə bağlı konsepsiya hazırlanırmı?

 

- Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı Qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atdı. Təəssüflə qeyd etməliyəm ki, işğaldan azad olunmuş ərazilərdəki tarixi-dini abidələr nəinki vandalizmə məruz qalıb, eyni zamanda, təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli-mənəvi irsi təhqir edilib. İşğaldan azad olunmuş ərazilərimizdəki 67 məsciddən (Şuşada 18, Ağdamda 5, Füzulidə 19, Zəngilanda 6, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 3, Kəlbəcərdə 2, Xocavənddə 1) 65-i tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb.

Azərbaycan dini-mənəvi irsə qayğı ilə yanaşan, milli və ümumbəşəri dəyərləri himayə edən, dini məbədləri dövlət səviyyəsində təmir, inşa və bərpa edən dövlət kimi tanınır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Heydər Əliyev Fondu tərəfindən mütəxəssis qrupu işğaldan azad olunan ərazilərimizdə ermənilər dağıtdığı dini abidələr, məscidlərin bərpasına dair layihə üzrə işlərə başlayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibədən qısa müddət sonra Şuşada yeni məscidin təməlini qoyması, Zəngilanda erməni vandallığına məruz qalan məscidin, eləcə də Ağdamda “Qiyaslı” məscidinin yenidən qurulması işlərinə başlanılması, həm də “Qazançı” kilsəsində bərpa işlərinin aparılması dövlətimizin milli-mənəvi, tolerantlıq dəyərlərinə verdiyi önəmin növbəti təzahürüdür.

 

- Yas mərasimlərində israf məsələsi həmişə aktual olub. Bu gün bu məsələ nə yerdədir?

 

- Mərasimlərdə israf məsələsi uzun illər cəmiyyət tərəfindən müzakirə mövzusu olub. Çünki dəfn mərasimlərində və növbəti günlərdəki təmtəraqlı ehsan süfrələri, göstərişli qəbir daşları uzun illər insanlar tərəfindən adət-ənənənin tələbi kimi qəbul edilib. Əzizini itirən bəzi şəxslər sosial vəziyyətindən asılı olmayaraq, “camaatla ayaqlaşmaq” üçün bəzən borc alıb, hətta kredit götürərək ehsan süfrələri açıb, bahalı baş daşı düzəltdiriblər. Daha sonra borcu qaytarmaq üçün aylarla, illərlə əmək sərf ediblər. Dəfələrlə bunların şahidi olmuşuq.

Sevindirici haldır ki, son illər istər paytaxtda, istərsə də demək olar ki, bütün bölgələrdə yas mərasimlərində ehsan süfrələrinin sadələşdirilməsini müşahidə edirik. Artıq insanlar təmtaraqlı süfrələr açmağın vəfat etmiş yaxınları üçün dini-mənəvi fayda vermədiyini, əksinə, israf İslamda xoş olmayan əməl sayıldığını başa düşürlər. Hətta ölkənin bəzi rayonları, kəndlərində sadə ehsan süfrəsi norma kimi qəbul edilir və hər kəs bu qaydaya riayət edir.

Koronavirus pandemiyası bir çox sahədə olduğu kimi, yas mərasimlərinin keçirilmə formasına da təsirsiz ötüşmədi. Karantin rejimi yas mərasimləri barədə yenidən düşünmək və israfdan uzaq olmaq üçün fürsət oldu.

 

- Azərbaycan vətəndaşlarının xaricdə qanunsuz silahlı qruplara qoşulması hallarına qarşı hansı tədbirlər görülür?

 

- Dövlət Komitəsi hazırda dini xurafat, fanatizm, radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərini davam etdirir. Burada əsas məqsəd vətəndaşlarımızın, xüsusilə gənclərimizin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli maraqlarımıza zidd ideoloji təlimlərə qoşulmalarının və yayılmasında rol oynamalarının qarşısını almaqdan ibarətdir. Qeyd edim ki, hazırda vətəndaşlarımız arasından xaricdə olan qanunsuz silahlı qruplara qoşulanlar yox dərəcəsindədir. Bu məqamda, təbii ki, xüsusi olaraq hüquq-mühafizə orqanlarının fəaliyyətini qeyd etməliyik. Dövlət Komitəsi onlarla birgə profilatik tədbirlər həyata keçirir ki, bu da Azərbaycan vətəndaşlarının xaricdə dini ekstremist qruplara qoşulmasının qarşısını almaqdadır.