Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
08.04.2024 / Müsahibələr

DQİDK-nın şöbə müdiri Nahid Məmmədov: "Din adından sui-istifadə təkcə insanlara ziyan vurmur, dini də gözdən salır"

Mənsub olduğumuz dinin düzgün, xurafatdan uzaq təbliği insanların həyatına asanlıq gətirdiyi kimi, həqiqətə uyğun olmayan məlumatlar ciddi problemlərə yol aça bilir. Din adından sui-istifadə təkcə insanlara ziyan vurmur, dini də gözdən salır. Bu baxımdan, dini məlumatların geniş yayılmasında rol oynayan vasitələrdən olan kitabların, audio və videio materialların zərərli təbliğatdan, xurafatdan uzaq olması vacibdir. Bu qəbildən olan nəşrlərə dövlət qurumları tərəfindən nəzarət olunur.

Ölkəmizdə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların satışına hansı formada nəzarət olunur?

TNS-in bu barədə suallarını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov cavablandırıb.

Şöbə müdiri bildirib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci bəndinə əsasən, dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markaladıqdan sonra sərbəst yaya bilərlər: “Komitənin razılığını əldə etmək üçün quruma müraciətlər əsasında “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin 10-cu abzasının tələblərinə uyğun olaraq, Dövlət Komitəsi dinşünaslıq ekspertizası aparır. Müsbət cavab almış və satış üçün nəzərdə tutulmuş dini ədəbiyyatlar nəzarət markası ilə markalandıqdan sonra “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, yalnız ixtisaslaşdırılmış satış məntəqələrində satıla bilər”.

Dini ədəbiyyatların satışına nəzarət məsələlərinə gəlincə, komitə rəsmisi bu istiqamətdə mütəmadi tədbirlər görüldüyünü bildirib: “Dövlət Komitəsi yeni yarananda bu məsələ ilə bağlı ciddi problemlər var idi. Zaman keçdikcə qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə aparılan maarifləndirmə işləri və treninqlər, eləcə də, qanunsuz satışın qarşısını almaq üçün atılan addımlar, hüquq pozuntusuna yol vermiş şəxslərin inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində ciddi irəliləyişə nail olunub. Son illərdə bu istiqamətdə ciddi müsbət dəyişiklik var. Artıq heç bir hüquqi və fiziki şəxs qanunsuz dini ədəbiyyatın satışı ilə məşğul ola bilməz. Bunlara baxmayaraq, ədəbiyyat satışı ilə məşğul olan bütün kitab mağazalarına, böyük ticarət obyektlərinə mütəmadi baxış keçirilir. Buna sübut kimi ötən ilin sonunda keçirilmiş ölkə üzrə kütləvi monitorinqi göstərə bilərik. Monitorinq zamanı qanunsuz dini ədəbiyyatların satışının həyata keçirilməsi faktına rast gəlinməyib”.

Ölkə üzrə neçə ixtisaslaşmış satış məntəqəsi fəaliyyət göstərir?

Nahid Məmmədovun sözlərinə görə, hazırda dini təyinatlı ədəbiyyatın satışı ilə məşğul olan mağazalar daha çox hədiyyəlik əşyalar satır: “Hazırda ölkəmizdə dini təyinatlı ədəbiyyatın, audio və video materialların satışını həyata keçirə bilmək üçün 45 ixtisaslaşmış satış məntəqəsinə müvafiq razılıq verilib. Lakin müşahidələrimiz göstərir ki, dini ədəbiyyatın alıcıları azaldıqca həmin mağazalar daha çox hədiyyəlik əşyaların satışı ilə məşğul olmağa üstünlük verir”.