Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
23.08.2023 / Müsahibələr

DQİDK-nın şöbə müdiri Elnarə Kərimova: "Din xadimi olmaq üçün dini ali və orta ixtisas təhsili şərtdir"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova TNS.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik: 

 

- Din xadimlərinin işə götürülməsi zamanı hansı kriteriyalara üstünlük verilir?

- Ötən il “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, məscid və ziyarətgahlara din xadimlərinin təyinatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Bu prosesin şəffaf və obyektiv keçirilməsi üçün “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb və Ədliyyə Nazirliyində normativ hüquqi akt kimi qeydiyyatdan keçib.

Qanuna əsasən, din xadimi təyin olunacaq şəxsin mütləq dini ali və ya orta ixtisas dini təhsili olmalıdır. Amma bu, din xadimi kimi təyinat almaq üçün yeganə tələb deyil. Çünki dini təhsili olan, bununla yanaşı, Dövlət Komitəsi tərəfindən təşkil olunan müsahibədə uğur qazanan şəxs din xadimi kimi təyinat ala bilər.

Müsahibə isə yalnız ilahiyyatçılardan ibarət komissiya tərəfindən keçirilir. Müsahibədə din xadimi olmaq istəyən şəxslərin dini və dünyəvi bilikləri, ümumi dünyagörüşü yoxlanılır. Bunun üçün müsahibə proqramı hazırlanıb və Dövlət Komitəsinin rəsmi saytında yerləşdirilib. Hər kəs onunla tanış ola bilər. “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi” Qaydası ilə də rəsmi saytda tanış olmaq mümkündür. Bir sözlə, din xadimlərinin təyinatı ilə bağlı meyarlar birbaşa qanunvericiliyə əsaslanır.

 

- Ölkədə din xadimlərinin neçə faizi ali təhsillidir? Ali təhsili olmayan din xadimlərinin təhsilli şəxslərlə əvəz edilməsi istiqamətində hansı işlər görülür?

- Onu deyə bilərəm ki, məscidlərdə fəaliyyət göstərən din xadimlərinin böyük hissəsi dini təhsillidir. Lakin dini təhsili olmayan şəxslər də var ki, onlar tədricən təhsilli şəxslərlə əvəz olunur. Çünki qeyd etdiyimiz kimi, bu, Qanunun tələbidir və din xadimi olmaq üçün dini ali və orta ixtisas təhsili şərtdir. Deməli, təhsilsiz şəxslər ixtisaslı kadrlarla əvəz edilməlidirlər və əminliklə demək olar ki, bu proses uğurla başa çatdırılacaq.

 

- Xaricdə dini təhsil almış şəxslərin işə qəbulu zamanı hansı kriteriyalara cavab verməsi nəzərdə tutulur? Həmin şəxslərin təhsil aldıqları ölkələrin təsirində olması barədə iddiaların mövcudluğunu nəzərə alsaq, onlar arasında seçim necə aparılır?

- Xaricdə dini təhsil almış şəxslər də din xadimi olmaq üçün təşkil olunan müsahibədə iştirak edə bilərlər. Onlara münasibətdə fərqli meyarlar və tələblər tətbiq olunmur. Harada dini təhsil almasından asılı olmayaraq, din xadimi olmaq istəyən şəxs qanunvericiliyə uyğun şəkildə müsahibədə iştirak etməli və uğur qazanmalıdır. Yalnız bundan sonra o, Dövlət Komitəsi sədrinin əmri ilə təyinat ala bilər.

 

- Nəzir qutularına nəzarəti indi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir. Nəzir qutuları necə açılır, bu işə necə nəzarət olunur, nəzir qutularından toplanan vəsait hara xərcələnir?

- Bəri başdan deyim ki, hazırda nəzir qutularına nəzarəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirmir. Bizim bu məsələ ilə bağlı dəfələrlə mövcud vəziyyət və qanunvericilik bazası barədə açıqlama verməyimizə baxmayaraq, təəssüf ki, hələ də bəzi mətbuat orqanlarında yanlış fikirlər tirajlayanlar, Dövlət Komitəsinə qarşı haqsız və əsassız ittihamlar səsləndirənlər var. “Dini etiqad azadlığı haqqında” Qanuna əsasən, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər. İanələrin elektron şəkildə toplanması, sərf olunması ilə əlaqədar Qanundan irəli gələn məsələləri tənzimləmək üçün “İanə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi Qaydası” layihə formasında Dövlət Komitəsi tərəfindən işlənərək müvafiq qaydada təqdim edilib. Qeyd olunan qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ianələrlə bağlı mexanizmin hansı formada tənzimlənəcəyi ilə bağlı ətraflı məlumat veriləcək. Sözügedən qaydalar təsdiqlənməyənə qədər Dövlət Komitəsinin nəzir qutuları və ianələrlə bağlı məsələləri tənzimləməsi, eləcə də nəzarət etməsindən danışmaq doğru deyil və əsassızdır. Bu barədə daha geniş məlumatı Dövlət Komitəsinin rəsmi saytından əldə edə bilərsiniz.

 

- Qafqaz Müsəlmanları İdarəsi ilə Komitə arasında anlaşmazlıqların olduğu barədə fikirlər səslənir. Nəzir qutularına nəzarətin Komitəyə verilməsindən sonra bu mövzu daha çox gündəmə gəldi. Həqiqətən belə narazılıq varmı?

- Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında hansısa ziddiyyətdən və anlaşılmazlıqdan söhbət gedə bilməz. Bununla bağlı deyilənlərin heç bir əsası yoxdur. Dövlət Komitəsi ölkədəki bütün dini konfessiyalarla olduğu kimi, Qafqaz Müsəlmanları İdarəsi ilə də hər zaman sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərib. Birgə əməkdaşlığın nəticəsində əldə olunan uğurlar göz qabağındadır. Bundan sonra da birgə fəaliyyətimizi davam etdirəcəyik.