Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun Trend-ə müsahibəsi
- Artıq Nardaran hadisələrindən iki il ötür. Nardaran hadisələrindən bəzi xarici dairələr öz xeyirlərinə istifadə etməyə cəhd etsələr də məqsədlərinə nail ola bilmədilər. Dövlət Nardaranla bağlı vaxtında və düzgün qərar verdi, Azərbaycan Prezidenti İlham Əliyev Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə Sərəncam imzaladı. Ötən iki il ərzində Nardaranda hansı işlər görülüb, hansı dəyişikliklərə nail olunub?
- Sualınıza cavab olaraq deyə bilərəm ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz özünün inkişaf və çiçəklənmə dövrünü yaşayır. Paytaxt və regionlarda hər gün yeni iqtisadi, sosial və mədəni obyektlərin istifadəyə verilməsinin şahidi oluruq. Belə bir şəraitdə şübhəsiz ki, Nardaran qəsəbəsi də kənarda qala bilməzdi. Cənab Prezidentin diqqət və qayğısı ilə bu gün Nardaran qəsəbəsində geniş quruculuq və abadlıq işləri görülməkdə, vətəndaşlar üçün gözəl şərait yaradılmaqdadır. Buraya yeni iaşə və inzibati binaların inşası, yol, kommunikasiya, enerji təchizatı xətlərinin yenidən qurulması, eləcə də məktəb binalarının yüksək səviyyədə təmir olunması, lazımi avadanlıqlarla təchiz edilməsi və s. daxildir. Bir sözlə, qəsəbənin sosial-iqtisadi inkişafı göz qabağındadır və bu proses davam etməkdədir.
“Nardaran hadisələri”ndən sui-istifadə etmək istəyən qüvvələrə gəlincə onu qeyd edə bilərəm ki, onlar ölkəmizin inkişafını gözü götürməyən, onun müsbət imicinə kölgə salanlardır. Onlar heç vaxt öz məqsədlərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycan dövləti bu gün regionun lider dövlətidir və kifayət qədər güclü potensiala malikdir. Ölkəmizdə ictimai-siyasi sabitlik dövlət tərəfindən yüksək səviyyədə qorunmaqdadır.
- Bildiyimizə görə Nardaranda İslam Kolleci təsis olunub. Kollec hansı formada fəaliyyət göstərəcək? Ümumiyyətlə bu gün Nardaranda dini tədris hansı formada qurulub?
- Bəli, doğru qeyd edirsiniz ki, cari ildə respublika üzrə 11 İslam Kolleci təsis olunmuşdur. Onlardan 4-ü Bakı şəhərində yerləşir ki, biri də Nardaran qəsəbəsindədir. Hazırda qəsəbədəki Rəhimə xanım ziyarətgahı yaxınlığında kollecin inzibati binasının tikinti prosesi gedir. Bu kolleclərin əsas fəaliyyəti ölkəmizdə dini sahədə milli kadrların hazırlanmasına yönələcəkdir. Dini bilgilərlə yanaşı, bu tədris müəssisələrində tariximiz, milli kökümüz, məzhəblərarası tolerant münasibətlər, multikultural, İslam vəhdəti prinsiplərinin sistemli şəkildə tələbələrə çatdırılması planlaşdırılır. Biz mənəvi dəyərlərimizin keşiyində duran, xarici təsirlərə məruz qalmamış milli kadrların hazırlanması işinə çox böyük əhəmiyyət veririk. Nardarandakı kollec də məhz həmin sferada fəaliyyət göstərəcək, kadr çatışmazlığı ilə bağlı boşluğun aradan qaldırılmasına böyük töhfə verəcək.
- Həmçinin Nardaranda dini icma qeydiyyata alındı. Qəsəbədə insanların normal ibadəti üçün məscidlərin fəaliyyəti ilə bağlı hansı işlər görülüb?
- Nardaran qəsəbəsindəki Rəhimə xanım ziyarətgahı məscidinin dini icması 2016-cı ilin sentyabr ayında Dövlət Komitəsində qeydiyyata alındı. Bu dini icma mərkəzi icma olaraq qəsəbə ərazisindəki digər məscidlərin də fəaliyyətinə nəzarət edir. Həmçinin qeyd edim ki, Dövlət Komitəsi bu dini icmanın “Dini radikalizm cəmiyyətdə təhlükə mənbəyi kimi” adlı maarifləndirmə layihəsinə dəstək olmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq dini icmaya bu layihənin həyata keçirilməsi üçün vəsait ayrılmış və dini icma tərəfindən geniş maarifləndirmə tədbirləri təşkil edilmişdir.
Ümumiyyətlə bu gün Nardaran qəsəbəsindəki məscidlərdə insanların dini etiqadlarını sərbəst şəkildə icra etmələri üçün hərtərəfli şərait yaradılmışdır.
- Bu il Nardaranda Məhərrəmlik, Aşura mərasimləri necə keçdi?Mərasimlərdə hər hansı bir pozuntu və ya buna cəhd halları müşahidə olundu?
- Bu il Nardaran qəsəbəsində ümumilikdə Məhərrəmlik ayı və Aşura mərasimi qanunvericiliyn tələblərinə uyğun şəkildə həyata keçirildi. Qəsəbə sakinlərinin əzadarlıq tədbirlərində sərbəst şəkildə iştirak etmələri üçün aidiyyəti qurumlar geniş şərait yaratdılar. Mərasimlərdə hər hansı qanun pozuntusu müşahidə edilmədi. Tam əksinə artıq iki ildir ki, Nardarandakı Aşura mərasimlərində qanvermə aksiyaları təşkil olunur. Qəsəbə sakinləri bu aksiyalarda çox aktiv iştirak edirlər.
- Əvvəllər Nardaran dini radikal şəxslərin toplandığı yer kimi də tanınırdı. Artıq görülən işlərdən sonra bu istiqamətdə vəziyyəti necə qiymətləndirirsiniz?
- Bilirsiniz, Nardaran qəsəbəsində yaşayan və ya ora kənardan gələn bəzi şəxslərin qanunazidd fəaliyyətlərinin qarşısı hüquq-mühafizə orqanlarının operativliyi nəticəsində alınmışdır. Qəsəbədə ictimai-siyasi vəziyyət tam sabitdir. Bu gün ölkəmizin hər yerində olan sabitlik və əmin-amanlıq Nardaranda da mövcuddur. Buna baxmayaraq kənardan müəyyən radikal yönümlü şəxslərin qəsəbədəki duruma təsir etmək cəhdləri hələ də mövcuddur. Bu baxımdan aidiyyəti qurumların müəyyən nəzarət tədbirlərini davam etdirməsi başa düşüləndir.
- Hazırda bəzi ölkələrdə Nardaran hadisələrinin ildönümü qeyd olunur və hətta bu hadisələrə görə Azərbaycan hökuməti günahlandırılır. Bu məsələ ilə bağlı sizin də münasibətinizi bilmək istərdik.
- Nardaranda baş vermiş məlum hadisə artıq geridə qalmışdır. Bu hadisənin ildönümünü qeyd edən müəyyən xarici dairələr özlərini gülüş obyektinə çevirməkdən başqa heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyi və rifahı üçün bütün lazımi tədbirləri həyata keçirir. Biz bu hadisələrdə qəhrəmancasına şəhid olan iki polis əməkdaşımızın xatirəsini yad edir, onlara rəhmət diləyirik. Bir daha bildirirəm ki, dünyanın hər yerində cinayətkarlar deyil, cinayətkarlarla mübarizə aparanlar alqışlanır. Kimlərsə buna başqa don geyindirib Azərbaycan dövlətinin əleyhinə təbliğat aparırlarsa, deməli onlar ölkəmizə düşmən mövqeyi bəsləyənlərdir.
- Nardaranda perspektiv üçün hansı maarfləndirmə işləri görülür?
- Maarifləndirməyə gəldikdə isə, bu fəaliyyət mütəmadi xarakter daşıyır. Qəsəbədə tədbirlər təşkil edilir, ictimaiyyətlə daim görüşlər keçirilir. Prezident Administrasiyasının, Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin və digər qurumların vəzifəli şəxsləri bu görüşlərdə iştirak edir, onların qayğıları ilə maraqlanırlar. Elə mən özüm də sədr müavini olaraq dəfələrlə Nardaran sakinləri ilə görüşlər keçirmişəm. Qeyd edim ki, dini icma tərəfindən də maarifləndirmə işləri daim həyata keçirilir. Bu yaxınlarda Dövlət Komitəsinin əməkdaşları qəsəbə məktəbində şagirdlərlə maarifləndirici seminar keçirmişlər, Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filminə birgə baxmışlar.
Bundan başqa cari ildə Dövlət Komitəsi tərəfindən Nardaranın Azərbaycan mədəniyyətinə, elminə bəxş etdiyi bir çox görkəmli şəxsiyyətlər, dəyərli alimlər, o cümlədən tarixçilər, şair və yazıçılar, din xadimləri, sənətçilər haqqında “Nardaran və nardaranlılar” adlı kitab nəşr edilmiş və qəsəbədə təqdimatı keçirilmişdir.
Bir sözlə Dövlət Komitəsi Nardaran qəsəbəsindəki maarifləndirmə tədbirlərinə hərtərəfli dəstək verir və bundan sonra da verəcəkdir.