Şriftin ölçüsü:
Saytın rəngi:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun “Report”a müsahibəsi
- Bu günlərdə ölkə Prezidenti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunun yeni inzibati binasının açılışını etdi. Bu prosesin davamı kimi dini təhsil sahəsində ciddi dəyişikliklər gözlənilirmi?
- Dini təhsil istər dövlət, istərsə də cəmiyyət üçün vacib sahədir. Çünki dini təhsilin dövlətin və cəmiyyətin dini-ideoloji, ictimai, hətta milli təhlükəsizliyi ilə müəyyən qədər bağlılığı var. Bu mənada 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, bu günlərdə isə yeni inzibati binasının açılışı və bütün bunların Prezident İlham Əliyevin təşəbbüsü ilə və şəxsən öz rəhbərliyi altında həyata keçirilməsi təsadüfi sayıla bilməz. Cənab Prezident Azərbaycan İlahiyyat İnstitutunun uğurlu fəaliyyət göstərməsi, ümumiyyətlə, din sahəsində ixtisaslı kadrların hazırlanması üçün nə lazımdırsa, edib və edir. İnstitutun kollektivi isə bu etimadı doğrultmağa çalışır.
O ki qaldı dini təhsil sahəsində başqa dəyişikliklərin olmasına, təbii ki, qarşımızda duran ciddi vəzifələr var. Həmin vəzifələri yerinə yetirmək üçün müəyyən yeniliklərin və dəyişikliklərin olması mümkündür. Məsələn, Azərbaycan İlahiyyat İnstitutuna tələbə qəbulu İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə aparılır. İslamşünasların məscid və ziyarətgahlarda din xadimi, dinşünasların isə elm-təhsil, idarəçilik və digər sahələrdə mütəxəssis kimi çalışması nəzərdə tutulur. Bu ixtisasların hər birinə ildə 36 tələbə qəbul edilir. Amma bugünkü reallıq diqtə edir ki, İslamşünaslıq ixtisasına qəbul planını bir qədər artıraq. Çünki bu ixtisas sahiblərinə daha çox ehtiyacımız var.
Eyni zamanda İnstitutumuzda Gürcüstan, Türkiyə, Qazaxıstandan olan tələbələr təhsil alır. Bu günlərdə isə Özbəkistandan dini təhsil alan tələbələr Azərbaycan İlahiyyat İnstitutuna qısa müddətlik kursa gəliblər. Deməli, Azərbaycanda dini təhsilə maraq var və bu bizi sevindirir. Həmçinin bu, əsas verir ki, xarici tələbələrə yönəlik strategiyamızı daha da təkmilləşdirək. Məncə, yeni binamızda yaxşı şərait olduğu üçün bu məsələlərlə bağlı daha inamlı və daha böyük addımlar ata biləcəyik.
Təbii ki, bəzi çətinliklərimiz də var. Məsələn, on birinci sinifə qədər dinlə bağlı geniş məlumatı olmayan gənc Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunduqdan sonra onu din xadimi kimi formalaşdırmaq çətindir. Çünki din xadimi olmaq üçün təkcə bilik kifayət deyil, başqa keyfiyyətlərin də olması lazımdır. Təcrübə göstərir ki, gənclər mədrəsə-dini kollec təhsili aldıqdan sonra ali dini təhsil ocağına üz tutduqda onlar din xadimi kimi daha uğurlu fəaliyyət göstərirlər. Başqa sözlə, dini təhsilin mərhələli olması çox önəmlidir.
Digər bir məqam isə qızlarla bağlıdır. Məsələ ondadır ki, İslamşünaslıq ixtisasını seçən abituriyentlərin müəyyən hissəsi qızlardan ibarətdir. Bizə dinimizi yüksək səviyyədə bilən qadın islamşünaslar lazımdır. Amma etiraf edək ki, bu gün məscid və ziyarətgahlarda din xadimi kimi fəaliyyət göstərmək üçün daha çox kişi kadrlara ehtiyac var. Deməli, bütün bu məsələlər hansısa formada tənzimlənməlidir.
Bu il Azərbaycan İlahiyyat İnstitutu ilk məzun buraxılışı olacaq. Bizim onlardan müəyyən gözləntilərimiz var. Təbii ki, məzunların arasından din xadimi kimi təyinat alanlar olacaq.
- Yeri gəlmişkən, “Dini etiqad azadlığı haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, müsəlman din xadimlərini Dövlət Komitəsi təyin edəcək. Təyinatın mexanizmi necə olacaq?
- Hazırda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin olunması prosedurunu tənzimləyəcək qaydalar üzərində iş gedir. Həmin qaydalarda din xadimi olmaq üçün imtahan verilməsi nəzərdə tutulur. İmtahanın isə müsahibə formasında keçirilməsi planlaşdırılır. Yalnız imtahandan uğurla keçmiş namizədlər din xadimi təyin oluna bilər. Həmçinin nəzədə tutulur ki, sənəd qəbulu elektron qaydada həyata keçirilsin və şəffaflığı təmin etmək üçün imtahanda videoçəkiliş aparılsın. Bir sözlə, bu istiqamətdə normativ-hüquqi sənəd üzərində iş hələ davam edir.
- Qanunda din xadimlərinin attestasiyası məsələsi də var. Attestasiya necə təşkil olunacaq?
- Bunun üçün Attestasiya Komissiyasının yaradılması nəzərdə tutulur. Din xadimlərini həmin komissiya attestasiya edəcək. İstər din xadimi olmaq istəyənlərin, istərsə də attestasiyada iştirak edənlərin din, dil, qanunvericilik bilikləri, dünyagörüşləri və peşə bacarıqları yoxlanılacaq. Bunun üçün imtahan-müsahibə və attestasiya proqramları əvvəlcədən hazırlanacaq və rəsmi qaydada təsdiqlənəcək.
- Attestasiya Komissiyasında kimlər təmsil olunacaq?
- Qanuna əsasən, attestasiyanı Dövlət Komitəsi keçirir, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri və mütəxəssislər bu prosesdə iştirak edirlər. Əslində din xadimlərinin attestasiyası yeni məsələ deyil. İndiyədək bu işi Qafqaz Müsəlmanları İdarəsi həyata keçirib və bu sahədə onların təcrübəsi var, biz də bu təcrübədən istifadə edəcəyik.
- Müsəlman din xadimlərinin təyinatı və attestasiyası ilə bağlı qaydalar hazırlanarkən xarici ölkələrin təcrübəsi də nəzərə alınacaqmı?
- Əlbəttə. Biz artıq Türkiyə, Özbəkistan, Qazaxıstan və digər ölkələrin təcrübəsinə baxmışıq. Amma təbii ki, hər bir ölkənin öz reallıqları var və bu reallıqlar mütləq nəzərə alınmalıdır.
- Qısa desək, din xadimi olmaq üçün başlıca meyar nə müəyyən ediləcək?
- Əslində, bu meyar “Dini etiqad azadlığı haqqında” Qanununda təsbit olunub. Qanuna əsasən, din xadimi olmaq üçün ali və ya orta ixtisas dini təhsili şərtdir. Ali dini məktəb və ya mədrəsə-kollec bitirməmiş bir adamın məscidə din xadimi təyin edilməsi mümkün deyil.
- Hazırda din xadimlərinin arasında dini təhsili olmayanlar da var. Onların taleyi necə olacaq?
- Söhbət məscid və ziyarətgahlarda fəaliyyət göstərən din xadimlərindən gedirsə, bəli, onların arasında müəyyən sayda dini təhsili olmayanlar var. Nəzərə almaq lazımdır ki, sovetlər zamanı Azərbaycanda dini təhsil ocağı olmayıb, insanlar dini çox vaxt fərdi qaydada öyrəniblər. Ancaq indi reallıqlar dəyişib. Əgər biz desək ki, təhsilli din xadimlərimizin sayı azdır, bu, doğru olmaz. Hesab edirik ki, qanunun tələbinə uyğun olaraq dini təhsili olmayanlar dini təhsilli şəxslərlə əvəz edilməlidir. Təbii ki, bu bir həftəyə və ya bir aya həll ediləcək məsələ deyil. Amma ilk növbədə mümkün olduğu qədər qısa vaxtda bu məsələni həll etməyə çalışacağıq. Prinsip budur ki, təhsili olmayan şəxs müəllim, həkim, mühəndis işləyə bilmədiyi kimi, dini təhsili olmayan şəxs də din xadimi olaraq peşəkar dini fəaliyyətlə məşğul ola bilməz və bu, qanunun tələbidir.
- Din xadimlərinin maddi təminat məsələlərində hansısa dəyişiklik gözlənilirmi?
- Cənab Prezidentin təşəbbüsü və Fərmanı ilə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi təyinatlı din xadimlərinə aylıq maddi dəstək verir. Hazırda həmin maddi dəstəyin məbləği artırılıb. Fondun Himayəçilər Şurasının qərarı ilə maddi dəstəyin məbləği imam üçün 756, imam müavini üçün 588, mütəvəlli üçün 420 manat müəyyən olunub. Dediyim odur ki, digər sahələrdə çalışan insanların məvacibi, təqaüdü, müavinəti artırıldığı kimi, rəsmi təyinatlı din xadimlərinə göstərilən maddi dəstəyin də məbləği qaldırılıb.
- Belə başa düşmək olar ki, dini təhsil, imtahandan keçmək və digər şərtlər, eləcə də maddi dəstək almaq rəsmi din xadimlərinə şamil olunacaq. Etiraf edək ki, yas mərasimlərində iştirak edən və ya qəbiristanlıqda fəaliyyət göstərən “din xadimləri”ndən daha çox narazılıq var. Qeyri-rəsmi fəaliyyət göstərən bu şəxslərlə bağlı gələcəyə yönəlik planlarınız olacaqmı?
- Razıyam, cəmiyyətimizdə narahatlıq və narazılıq doğuran məsələlərdən biri budur. Başa düşürük ki, bu problemi qısa bir müddətdə və bir dəfəlik həll etmək qeyri-mümkündür. Amma mərhələli şəkildə problem həll edilməlidir. Bu istiqamətdə indiyədək müəyyən işlər görülüb, hazırda bəzi təkliflər var.
Qeyd etmək istərdim ki, rəsmi təyinatı olmayan şəxslərin hər hansı formada dini ayınləri icra etməsi qanunla qadağandır. Qanunda nəzərdə tutulan bu norma ölkəmizdə mövcud olan bütün konfessiyalara aiddir. Sizin qeyd etdiyiniz “din xadimləri”nin qarşısının alınması istiqamətində işlər görülür.
Onu da əlavə edim edim ki, din xadimlərinin təsnifatında imam, imam müavini, eləcə də dini ayin və mərasimləri icra edəcək “dini ayinlərin icraçısı” vəzifələri nəzərdə tutulur. Habelə “qadın dini ayinlərin icraçısı” vəzifəsi də olacaq. Nəzərdə tutulur ki, qadın dini ayinlərin icraçısı məhz qadınlar üçün dini ayin və mərasimləri icra etsin və onların təyinatı ibadət evlərinə verilsin. Ən əsası, həmin qadınlar da dini təhsilli olsunlar. Tam aydın olsun deyə bir daha vurğulayıram ki, söhbət qadınların imam və ya imam müavini təyin edilməsindən yox, yalnız qadınlardan ibarət dini ayin və mərasimlərin qadın dini ayinlərin icraçısı tərəfindən idarə olunmasından gedir. Əslində, Azərbaycanda bu təcrübə var. Məsələn, bəzi məscidlərdə dini ayinlərin icraçısı-mütəvəlli kimi çalışan qadınlar fəaliyyət göstərir. Bu təcrübəni bir qədər genişləndirmək və təkmilləşdirmək mümkündür.