Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
20.02.2023 / Müsahibələr

Dini təhsil şöbəsinin müdiri: “Hər hansı dini kollecin nəzdində yaradılmış kursu bitirən şəxs Dövlət Komitəsinin elan etdiyi müsahibədə iştirak edə bilməyəcək”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimovanın "Report"a müsahibəsi

 

-Elnarə xanım, Dini təhsil şöbəsi Dövlət Komitəsində yeni yaradılıb və siz həmin şöbəyə müdir təyin edilmisiniz. Fürsətdən istifadə edərək sizi təbrik edir, işinizdə uğurlar arzulayırıq. Necə hesab edirsiniz, bu gün ölkədə dini təhsilin səviyyəsini qənaətbəxş hesab etmək olar?

-Təşəkkür edirəm. Nəzərə alın ki, Azərbaycanda dini təhsilin mövcud vəziyyətini qiymətləndirmək baxımından mütləq tarixə nəzər salmalıyıq. Birincisi ondan başlamaq lazımdır ki, Azərbaycanda tarixən böyük dini təhsil ocaqları fəaliyyət göstərib. Çünki İslamın Azərbaycanda yayıldığı dövrdən ölkəmizdə dini təhsillə bağlı ənənələr formalaşıb. Düzdür, bu ənənələr Çar Rusiyası dövründə yeni forma alıb, bu sahəyə müəyyən məhdudiyyətlər tətbiq edilib, amma buna baxmayaraq dini təhsil sistemimiz sovetlər dövrünədək davam edib. Sovetlər dövründə din sahəsindəki məhdudiyyətlər, təbii ki dini təhsildən də yan keçməyib. Məscidlər, digər ibadət evləri bağlandığı kimi, din xadimlərimiz repressiya qurbanı olduğu kimi, dini təhsil ocaqlarımız da respressiyaya məruz qalıb. Nəticədə 70 illik sovet dövründə Azərbaycanın əsrlər boyunca formalaşmış dini təhsil ənənələri qırılıb. Başqa sözlə, müstəqil Azərbaycanda dini təhsillə bağlı məsələlər demək olar ki, sıfırdan formalaşıb. Bu baxımdan dini təhsilin arzu edilən səviyyədə olmamasının əsas səbəbi sovet dövrü ilə əlaqəlidir. Sovetlər dağılanda dini təhsil sisteminin formalaşması üçün nə tədris, nə də kadr bazamız var idi. Bu da öz nəticəsini indiyənədək göstərməkdədir. Müsbət məqam kimi qeyd edim ki, müstəqillik dövründə ali dini təhsil sahəsində xeyli irəliləyişlərə nail olmuşuq. Belə ki, 1989-cu ildə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Mədrəsəsi yarandı, sonra o, Bakı İslam İnstitutuna, daha sonra Bakı İslam Universitetinə çevrildi. 1992-ci ildə Bakı Dövlət Universitetində İlahiyyat fakültəsi açıldı. 2018-ci ildə Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən, İlahiyyat fakültəsinin bazasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradıldıqdan sonra isə dini təhsil sahəsində yeni mərhələyə qədəm qoyuldu.

 

-Bəs dini orta ixtisas təhsili, o cümlədən dini kolleclər barədə nə deyə bilərsiniz?

-Dini orta ixtisas təhsili müəssisələrinə, yəni mədrəsə, İslam kolleclərinə gəlincə, sovetlər dağıldıqdan sonra müəyyən mədrəsələr açıldı. Amma etiraf etmək lazımdır ki, müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan cəmiyyətinə ideoloji baxımdan nüfuz etməyə çalışan xarici dini dairələr məscidlərə, ziyarətgahlara “əl uzatdıqları” kimi, dini təhsil müəssisələrinə də əl uzatmışdılar. Ölkəmizdə həmin dairələr tərəfindən onlarla mədrəsələr yaradılmışdı. Onların əksəriyyəti qanunsuz fəaliyyət göstərirdi. Həmin mədrəsələrdə xarici vətəndaşlar tədris həyata keçirirdilər və orada dini təhsil milli maraqlarımıza cavab vermirdi.  Təxmini hesablarımıza görə, həmin mədrəsələrdə 1000-dən artıq gəncimiz təhsil alıb. Onların bir qismi təhsil aldıqdan sonra xarici ölkələrə gedib, orada təhsillərini davam etdirib geri qayıdıblar. İddia etmirəm ki, onların hamısı yararsız kadrlardır. Lakin xaricdə dini təhsil almış vətəndaşlarımızın bəzi dini dairələr tərəfindən ideoloji təsirə məruz qaldıqları məlumdur. Hazırda ölkəmizdə 5 dini orta ixtisas təhsil müəssisəsi - Lənkəran İslam Kolleci, Şəki İslam Kolleci, Əliabad İslam Kolleci, Zaqatala İslam Kolleci və Şəbnəm (qızlar) İslam Kolleci fəaliyyət göstərir. “Dini etiqad azadlığı haqqında” Qanuna əsasən, dini təhsil müəssisələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçməklə yanaşı, Elm və Təhsil Nazirliyi tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərməli və onlara qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmalıdır. Lakin Qafqaz Müsəlmanları İdarəsinin təsisçisi olduğu və Gənclərə Yardım Fondunun himayəsi altında fəaliyyət göstərən bu kolleclərin Elm və Təhsil Nazirliyindən (xüsusi razılıq) lisenziya almaları hələ də mümkün olmayıb və oraya qəbul da Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmir. Bütün bunlar isə o deməkdir ki, biz dini orta ixtisas təhsili məsələlərinin tənzimlənməsi baxımından hələ xeyli işlər görməliyik.  

 

-Yeri gəlmişkən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hazırda məscidlərə din xadimlərinin təyinatı ilə bağlı müsahibə keçirir. Bu barədə məlumat verməyinizi xahiş edərdik.

-Ötən ilin fevral ayında “Dini etiqad azadlığı haqqında” Qanuna edilmiş dəyişikliklərdən irəli gələn məsələlərin həlli məqsədilə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb və bu qaydaya əsasən Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibələr keçirir. İlk müsahibə keçən il təşkil olunub. Bu il ilk dəfə qadınlar üçün “dini ayinlərin icraçısı” vəzifəsi də müsahibəyə çıxarılıb. Qadın dini ayinlərin icraçısı – imamın tapşırığına əsasən İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda dini ayinlərin icrasını həyata keçirən şəxsdir. Həmçinin qadın dini ayinlərin icraçısı imamın tapşırığına əsasən yas mərasimlərində dini ayinlərin icrasını həyata keçirəcək. Yəni, qadınlar imam olmayacaq. 7 vakant yerə 71 qadın namizəd öz sənədlərini təqdim edib, onlardan 16-sı müsahibədə uğur qazanıb və müsahibə yekunlaşdıqdan sonra məscidlərə təyinat alacaqlar.

 

-Elnarə xanım, müsahibələrdə xüsusilə diqqət edilən məqamlar nələrdir?

-Biz dini təhsil məsələsinə çox həssas yanaşırıq. Qanuna əsasən, din xadimi olmaq üçün dini ali və orta ixtisas təhsili şərtdir. Deməli, təhsilsiz şəxslər ixtisaslı kadrlarla əvəz edilməlidirlər. Keçirdiyimiz müsahibələr zamanı namizədlərin sənədlərini qəbul edərkən onların diplomlarına xüsusi əhəmiyyət vermişik. Bu zaman xeyli “fərqli diplomlarla” qarşılaşmışıq. Belə məlum olur ki, 2001-ci ildən əvvəl qeydiyyatdan keçməmiş və qanunsuz fəaliyyət göstərən “mədrəsələr”, “kurslar” varmış və onlar faktiki olaraq müəyyən şəxslərə “diplom” verməklə məşğul imiş. Biz bu diplomları qəbul etməmişik, edə də bilmərik. Biz yalnız o mədrəsələrin diplomlarını qəbul etmişik ki, onlar vaxtilə ya Ədliyyə Nazirliyindən, ya da sonralar Dövlət Komitəsindən qeydiyyatdan keçib fəaliyyət göstərən dini təhsil müəssisələridir. Ümumiyyətlə, müsahibəyə müraciət edənlər arasında Bakı İslam Universiteti, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi, Azərbaycan İlahiyyat İnstititutu və İslam Kolleclərinin məzunları üstünlük təşkil etmişlər.

 

-Xaricdə dini təhsil alanların diplomlarını tanıyırsınızmı, onlar da müsahibəyə qatıla bilərlərmi?

-Əlbəttə, xaricdə dini ali və orta ixtisas təhsili almış şəxslərin diplomları qəbul olunur. Sənəd qəbulunda onlar iştirak edirlər. Xaricdə dini təhsil almaqla bağlı qanunvericiliyin müəyyən tələbləri var. Həmin tələblərdən biri də ondan ibarətdir ki, gənclər xaricdə dini təhsil almağa yalnız Dövlət Komitəsinin razılığı ilə dini mərkəz tərəfindən göndərilə bilərlər. İş ondadır ki, son 20 il ərzində Dövlət Komitəsinə belə bir müraciət daxil olmayıb. Ümumiyyətlə, xaricdə dini təhsil alanların diplomları ilə bağlı məsələ çox ciddidir. Nəzərdə tutulur ki, bu şəxslərin diplomlarının tanınması üçün mexanizmlər hazırlansın.

 

-Dediklərinizdən belə nəticəyə gəlmək olarmı ki, diplomları olmayan şəxslər məscidlərdən uzaqlaşdırılacaqlar?

-Bu prosesə artıq başlanılıb. Əgər desək ki, dini təhsili olmayan şəxslərin hamısını bir günün içərisində tutduqları vəzifədən azad edə bilərik və ya azad etməliyik, bu doğru olmaz. Çünki bu elə bir prosesdir ki, mərhələ-mərhələ həyata keçirilməlidir.  Ötən ildən proses başlayıb və mərhələli şəkildə dini təhsili olmayan şəxslər ixtisaslı kadrlarla əvəz olunur. Keçən il cəmi bir müsahibə keçirilib və həmin müsahibədən uğurla keçən dini ali və orta ixtisas təhsilli 133 nəfərdən 100-ə yaxını din xadimi kimi məscidlərə təyinat alıb. Bu o deməkdir ki, onlar ya din xadimi olmayan məscidlərə təyinat alıblar, ya da dini təhsili olmayan şəxslərin çalışdığı məscidlərə təyin ediliblər. Düşünürəm ki, planladığımız müddətdə biz bu prosesi uğurla başa çatdıra biləcəyik.

 

-Bəs Dövlət Komitəsində qeydiyyatdan keçmiş dini kolleclərin və ya dini icmaların yaratdığı kursları bitirən şəxslərin diplomları tanına bilərmi?

-Bəri başdan deyim ki, bu mümkün deyil. Birincisi, ali və orta ixtisas təhsilinin hüquqi meyarları var. İslam kolleclərinin nizamnamələrinə diqqət yetirsəniz, görəcəksiniz ki, orda təhsil müddətinin 4 il olduğu qeyd olunub. Deməli, kolleclərin verdiyi təhsilin müddəti 4 il olmalıdır və bu diplomlarda öz əksini tapmalıdır. Əgər kimlərsə həmin kolleclərin nəzdində fəaliyyət göstərən kursları 3 il, 2 il və ya 1 il oxuduqlarına dair hansısa sənəd təqdim edəcəklərsə, təbii ki biz onu qəbul edə bilməyəcəyik. Bir daha xüsusi olaraq bildirmək istəyirəm ki, hər hansı dini kollecin nəzdində yaradılmış kursu bitirən şəxs Dövlət Komitəsinin elan etdiyi müsahibədə iştirak edə bilməyəcəkdir. Bütün hallarda ali dini təhsil yalnız Azərbaycan İlahiyyat İnstitutunda, orta ixtisas təhsili isə kolleclərdə həyata keçirilir və təhsil müddəti 4 ildir. Onu da xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanda hazırda qiyabi dini təhsil yoxdur. Yəni, kimsə hansısa kolleci qiyabi təhsil aldığına dair sənədlə gələrsə, onu da qəbul etməyəcəyik. Hazırda dini təhsil sahəsində qarşımıza qoyduğumuz prinsipial məqamlardan biri də ondan ibarətdir ki, dini təhsil qiyabi və ödənişli ola bilməz. Məsələn, Azərbaycan İlahiyyat İnstitutunda təhsil ödənişsizdir və burada qiyabi təhsil yoxdur. Onu da qeyd edim ki, Bakı İslam Universiteti uzun illər fəaliyyət göstərib və buradan məzun olmuş şəxslər bu gün dini sahədə çalışırlar. Amma bu universitet ödənişli olduğuna görə imkansız ailələrdən olan gənclər burada təhsil ala bilmirdilər. Nəticədə xarici ölkələrə üz tutmaq məcburiyyətində qalırdılar. Eyni zamanda, Bakı İslam Universitetində, onun Lənkəran, Mingəçevir, Sumqayıt filiallarında qiyabi təhsil mövcud idi. Bu gün onların məzunlarının bilik səviyyəsinə baxdıqda görürük ki, əyani təhsil alanlarla qiyabi təhsil alanların arasında ciddi fərq var.

 

-Dini təhsillə bağlı başqa prioritetləriniz də var?

-Dini təhsillə bağlı prioritetlərimizi Azərbaycan İlahiyyat İnstitutunun timsalında görmək olar. Məsələn, təəssüf ki, Azərbaycanda dini təhsil indiyədək məzhəbyönümlü olub. Azərbaycan İlahiyyat İnstitutunda isə məzhəbüstü təhsil verilir. Yəni, burada tələbələrə bütün məzhəblər eyni dərəcədə öyrədilir. İnstitutda iki istiqamət - Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə tədris həyata keçirilir. Dinşünaslıq ixtisasında İslamla yanaşı, dünyada mövcud olan digər böyük dinlər haqqında, xüsusilə Yəhudilik və Xristianlıq barədə deskriptiv bilgiləri ehtiva edən fənlər də tədris olunur. İslamşünaslıq istiqamətində isə daha çox İslamı müxtəlif aspektlərdən öyrənən fənlər tədris olunur və bu ixtisası bitirənlər din xadimi kimi fəaliyyət göstərməyə hazır olurlar. Eyni zamanda, İnstitutda hər iki istiqamət üzrə kifayət qədər dünyəvi elmlər tədris edilir. Tələbələrə dinləri teoloji aspektlə yanaşı, fəlsəfi, tarixi, sosio-psixoloji istiqamətlərdən də öyrətməyə çalışılır və beləcə, dünyəvi cəmiyyətdə dini insanlara çatdırmağı bacaran, həmçinin, milli köklərimizə bağlı olan mütəxəssislər hazırlamağa səy göstərilir. İnstitutda kifayət qədər savadlı elm adamları tədrislə məşğul olur. Əksər müəllimlər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilirlər. "Web of science" və "Scopus" bazaları da daxil olmaqla, müəllimlərin bir çox beynəlxalq akademik bazalarda indeksləşən elmi jurnallarda məqalələri dərc olunur. Bu da İnstituta imkan verir ki, dini təhsil sahəsində dünyanın başqa ölkələrində təhsil alanlarla müsbət mənada rəqabət aparmağı bacaran kadrlar hazırlasın. Ümid edirəm ki, biz dini ali təhsil sahəsində olduğu kimi, orta ixtisas təhsili sahəsində də eyni prinsipləri tətbiq edə biləcəyik.