YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının yap.org.az saytına müsahibəsi
- Mübariz müəllim, aprelin 11-də Azərbaycan Respublikasında növbəti prezident seçkiləri keçirildi. Seçkilərin qalibi Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyevdir. Sizcə, cənab İlham Əliyevin növbəti dəfə parlaq qələbə qazanmasının əsasında hansı amillər dayanır?
- Prezident seçkiləri, səsvermə prosesi azad və şəffaf, Azərbaycan seçicilərinin yüksək fəallığı ilə baş tutdu. Azərbaycan vətəndaşları heç bir maneə olmadan, azad və sərbəst şəkildə seçki məntəqələrinə gedərək öz iradələrini ifadə ediblər. Bu seçkilərdə xalqımız Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazandı.
Qeyd edim ki, Azərbaycanda keçirilən seçkilər daim yerli və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilir. Yerli və beynəlxalq müşahidəçilərin, yerli və xarici kütləvi informasiya vasitələrinin, o cümlədən digər aşkarlıq institutlarının azad və sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün şərait yaradılıb. Aprelin 11-də keçirilən prezident seçkilərini də 1000-ə yaxın beynəlxalq, 60 minə yaxın isə yerli müşahidəçi izləyib.
Seçkilərin nəticələri isə Azərbaycan xalqının bir daha Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirdi. Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin seçkilərdə parlaq qələbə qazanması Azərbaycan vətəndaşlarının seçiminin sabitlik, təhlükəsizlik və davamlı inkişaf olmasının əyani ifadəsidir. Azərbaycan xalqı doğru seçimini etməklə özünün siyasi iradəsini bütün dünyaya bir daha çatdırmış oldu.
Bu qələbə bütövlükdə Azərbaycan xalqının zəfəridir. Bu qələbə lider-Xalq birliyinin sarsılmaz olduğunu bir daha sübut etdi. 11 aprel seçkiləri həm də, Azərbaycanda demokratiyanın növbəti təntənəsi oldu.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də keçirilən seçkilərdə Ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirib...
- Bu seçkilərdə Azərbaycan xalqı «İlhamla irəli!» proqramının davamlı olmasına səs verdi. Aprelin 11-də Prezident İlham Əliyev xalqa müraciətində Azərbaycanın son 15 ildə keçdiyi yolu geniş təhlil edərək bu yolda əldə olunmuş uğurları vurğuladı və hər bir sahədə ölkəmizin nialiyyətlər qazandığını, inkişaf etdiyini qeyd etdi. Bir məqam xüsusi qeyd olunmalıdır ki, xalq cənab Prezidentin verdiyi vədlərin tam şəkildə yerinə yetirildiyinin şahididir.
Dövlətimizin başçısı Azərbaycan xalqına müraciətində qeyd edib: «Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq. Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik».
Ümumiyyətlə, hər bir seçki xalqın bu və ya digər siyasətə, proqrama münasibəti deməkdir. Cənab İlham Əliyevin seçki proqramı Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyası əsasında yeni dövrdə yeni keyfiyyətlə daha təkmiləşdirilərək tətbiq olunmaqdadır. Prezident İlham Əliyev beynəlxalq miqyasda dünya liderləri içərisində böyük nüfuza sahib olan şəxsdir. Azərbaycan ərazisinin və əhalisinin sayı baxımından kiçik dövlətdir. Amma bu dövlətin başçısı siyasi çəkisinə və nüfuzuna görə beynəlxalq miqyasda kifayət qədər güclü liderlər sırasındadır. Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlətdir və burada söz sahibi bizik. Yəni, regionla bağlı baş verən hadisələrdə, qlobal layihələrlə bağlı məsələlərdə əsas söz sahibi Prezidentimiz İlham Əliyevdir.
Ümumilikdə, ötən 15 ildə ölkəmiz tarixi və şərəfli yol keçib. Azərbaycan bütün sahələrdə ciddi nailiyyətlərə imza atıb. Bu nailiyyətləri xatırlatmağa, saymağa elə də ehtiyac yoxdur. Çünki bütün nailiyyətlər xalqımızın gözü qarşısında, onun şahidliyi ilə baş verib. Vətəndaşlarımız qazanılan uğurları öz həyatında hiss edir.
Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyevə yüksək inam və etimad göstərməklə ölkəmizin qarşıdakı dövrdə də möhtəşəm nailiyyətlər, uğurlar qazanmasına vəsiqə vermiş oldu. Şübhəsiz ki, qarşıdakı 7 il ərzində də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası daha da irəliləyəcək, inkişaf edəcək, daha da qüdrətlənərək beynəlxalq müstəvidə öz mövqeyini gücləndirəcəkdir.
- Azərbaycanın qarşıdakı illərdə əsas hədəfləri nədən ibarətdir?
- Əlbəttə ki, biz qazanılan uğurlarla yanaşı, Azərbaycanın gələcəyinə baxırıq. Qarşıdakı illərdə nəzərdə tutulan məsələlər, hədəflər cənab İlham Əliyevin seçki proqramında çox dəqiqliklə ifadə olunub.
Azərbaycanda vətəndaş həmrəyliyinə, iqtisadi-maliyyə təhlükəsizliyinə tam nail olmuşuq. Bu baxımdan, ölkəmizdə heç bir narahatlıq yoxdur. Azərbaycanda güclü dövlət idarəçiliyi mövcuddur. Dövlətin rəhbərinə xalqın inamı var. Bütün bunlar isə ölkənin daxilində modernləşmə siyasətinin daha dərinləşməsinə əlverişli mühit yaradıb. Dövlət başçısının vurğuladığı kimi müxtəlif sferalardakı islahatlar bundan sonra da davam edəcək.
Bir neçə ildir ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ölkəmizin gəlirlərinə təsir göstərsə də, cənab Prezdentin siyasəti nəticəsində sosial-iqtisadi inkişaf proqramları, qeyri-neft sektorunun inkişafı yönündə görülən işlər yüksək nəticələr verməkdədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələləri vurğuladı.
Azərbaycan sabitlik baxımından nümunəvi ölkədir. Prezident İlham Əliyev dəfələrlə deyib ki, Azərbaycan sabitlik adası kimi dünyada qəbul olunur. Bu sabitliyi qorumaq üçün tədbirləri davam etməliyik. Burada iqtisadiyyatın davamlı inkişafı, sosial layihələrin ardıcıl olaraq həyata keçirilməsi, müxtəlif radikal elementlərə qarşı mübarizə vacib yer tutur. Radikal elementlərin qarşısının alınması üçün cəmiyyətin daha geniş maariflənməsinə, gənclərin sosial şəbəkələrdə fəallığının artmasına, qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac var.
Azərbaycanda qazanılmış nailiyyətləri daha yüksək səviyyəyə qaldırmaq və inkişaf etdirmək, xalqın rifahını daha da yaxşılaşdırmaq, Azərbaycan Ordusunun gücünü daha artırmaq, eləcə də, ölkəmizin beynəlxalq miqyasda rolunu artırmaq qarşıda duran əsas hədəflər sırasındadır. Bilirsiniz ki, bu məqsədlə hər bir sahənin perspektiv inkişafı üçün strateji yol xəritələri dövlət başçısı tərəfindən təsdiqlənib və icra olunmaqdadır.
Bu gün Azərbaycan xalqı vahid bir ideologiya ətrafında daha sıx birləşməlidir. Ümummilli ideologiyamız azərbaycançılıqdır və bu ideologiya çərçivəsində ölkəmizi daha sürətlə inkişaf etdirməliyik. Əminəm ki, gələcəkdə də bu yolda inamla irəliləyəcəyik.
- Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Bu barədə nə deyə bilərsiniz?
- Bu, təbiidir. Çünki Azərbaycan dövlətinin qarşısında dayanan ən başlıca vəzifə, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsidir. Bu vəzifənin yerinə yetirilməsi üçün Prezidnt İlham Əliyev tərəfindən böyük işlər həyata keçirilib, diplomatik müstəvidə nailiyyətlər qazanılıb. Ermənistan işğal etdiyi torpaqlarımızı hansısa bir formada özününküləşdirə bilməyib. Yaratdığı oyuncaq rejim isə de-yure tanınmır. Azərbaycanın ərazisinin işğal olunmuş hissəsi nə Ermənistanın ərazisi kimi, nə də qondarma rejimin ərazisi kimi tanınmayıb. Diplomatik baxımdan, bu, çox əhəmiyyətli məsələdir. Çünki bu ərazilər dünya birliyi tərəfindən işğal olunmuş ərazilər kimi qəbul olunub. Bütün qəbul olunan sənədlərdə həmin ərazilərin erməni silahlı qüvvələri tərəfindən boşaldılmalı olduğu birmənalı şəkildə qeyd olunur. BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, Avropa Şurasının, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələrdə həmin ərazilərin Azərbaycana məxsus olduğu təsbit olunub.
Eyni zamanda, Azərbaycanın ayrı-ayrı ölkələrlə imzaladığı ikitərəfli sənədlərdə də ölkəmizin ərazi bütövlüyü tanınır. Bütün bunlar Azərbaycanın böyük diplomatik uğurudur və gələcək nailiyyətlər baxımından çox əhəmiyyətlidir. Bu torpaqları Azərbaycandan qoparmaq üçün heç bir beynəlxalq sənəd ortada yoxdur və olmayacaq da.
Bilirsiniz ki, Ermənistan xarici havadarlarının dəstəyi ilə 1993-cü ilə qədər torpaqlarımızın 20 faizini işğal edib. 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xalqına müraciət edərək torpaqlarımızı işğalçılardan azad etməyə səslədi. 1993-cü ilin sonu-1994-cü ilin əvvəlində ordumuz torpaqlarımızın bir hissəsini işğaldan azad etdi. Ermənistan 1994-cü ilin may ayında atəşkəs haqqında saziş imzalamaq üçün masaya oturmağa məcbur oldu. Atəşkəs rejiminin mövcud olmasına baxmayaraq, ermənilər tərəfindən atəşkəs mütəmadi olaraq pozulur, amma bu, böyük hərbi əməliyyatlar səviyyəsində olmayıb. Amma 2016-cı ilin aprel ayında erməni tərəfinin təxribatları nəticəsində Azərbaycan Ordusu işğalçılara tutarlı cavablar verdi və bu, tariximizə şanlı aprel döyüşləri kimi yazıldı. Aprel döyüşlərində də ordumuzun gücü sayəsində torpaqlarımızın bir hissəsi işğaldan azad olundu, işğalçıya sarsıdıcı zərbələr endirildi. Bu həm hərbi, həm mənəvi, həm də siyasi qələbə idi. Amma beynəlxalq birliyin çağırışları nəticəsində hərbi əməliyyatlar dayandırıldı.
Bütün hallarda aprel döyüşləri növbəti dəfə düşmənə dərs oldu. Əgər Ermənistan tərəfi müxtəlif bəhanələrlə münaqişənin sülh yolu həllini uzatmağa davam edərsə, hərbi əməliyyatlar qaçılmaz olacaq. Beynəlxalq hüquq əsas verir ki, Azərbaycan öz torpaqlarını işğalçılardan azad etsin. Buna görə də, Prezidentimizin siyasətində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması əsas məsələdir.
Bu məsələ ilə əlaqədar Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində bəyan edib: «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyimizdən bir addım da geriyə atmamışıq. Bizim prinsipial mövqeyimiz daha da güclənir. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, bunun başqa yolu yoxdur. Son illər ərzində bir çox mötəbər beynəlxalq təşkilatlar bizim mövqeyimizi, ədaləti dəstəkləyən bir sıra qərar və qətnamələr qəbul etmişlər. Biz böyük diplomatik qələbələrə nail olmuşuq. Eyni zamanda, döyüş meydanında biz böyük qələbəyə nail olmuşuq. Azərbaycan əsgəri, Azərbaycan Ordusu, Azərbaycan dövləti işğal altında olan torpaqlarımızın bir hissəsini işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan təmizləndi və o torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. İşğaldan azad edilmiş torpaqlara həyat qayıdır, insanlar qayıdır. O torpaqlarda prezident seçkiləri keçirilir. Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq, bu torpaqlarda prezident seçkiləri keçiriləcək, Azərbaycan Prezidenti seçiləcəkdir».
- Mübariz müəllim, prezident seçkilərini izləyən beyənlxalq müşahidə missiyalarının mütləq əksəriyyəti bu seçkiləri yüksək qiymətləndirdilər, azad və şəffaf keçirildiyini bəyan etdilər. Amma ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası isə «ənənəsinə» sadiq qalaraq fərqli yanaşma nümayiş etdirdi. Buna münasibətiniz necədir?
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu geopolitik siyasətdə alət rolunu oynayır. Bu təşkilat məqsədyönlü şəkildə məlum beynəlxalq dairələrə xidmət göstərir və müəyyən milli dövlətlərə qarşı həqiqətdən uzaq bəyanatlar yayır. Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı ATƏT DTİHB-nin müşahidə missiyasının verdiyi bəyanat xroniki xəstəliklər kimidir. Belə xroniki xəstəliklə rastlaşmağımız birinci dəfə deyil. Çünki əvvəlki seçkilərdə də biz təşkilatın bu tipli bəyanatlarının şahidi olmuşuq.
Təbii ki, ATƏT DTİHB-nin müşahidə missiyasının bu mövqeyi sifarişlidir, ikili standartların göstəricisidir və müəyyən məqsədlər daşıyır. Lakin bu cür bəyanatlar seçkilərdə xalqın Prezident seçdiyi cənab İlham Əliyevin siyasətinə təsir göstərə bilməz. Belə bəyanatlar həmin təşkilatların özləri üçündür, cəmiyyətimiz üçün heç bir önəm kəsb etmir. Əsas xalqın iradəsidir ki, Azərbaycan xalqı prezident seçkilərində cənab İlham Əliyevə yüksək etimad göstərdi.
www.yap.org.az