Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
19.03.2019 / Müsahibələr

Azərbaycan heç bir qüvvənin diktəsi ilə hərəkət etmir, tam müstəqil siyasət həyata keçirir

YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının yap.org.az saytına müsahibəsi
 

- Mübariz müəllim, beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilən, dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınan Azərbaycan  bu günlərdə VII Qlobal Bakı Forumuna uğurla ev sahibliyi etdi. Forumun regional və qlobal məsələlərin müzakirəsi baxımından əhəmiyyəti nədən ibarətdir?

 

- Bu gün Avropa məkanında dinlər və mədəniyyətlərarası dialoqa nail olmaq, dünyada sülh və əmin-amanlığı bərqərar etmək üçün bütün beynəlxalq təşkilatların və ölkələrin səylərinin birləşdirilməsi vacibdir. Tolerantlıq nümunəsi olan Azərbaycan bu prosesdə çox fəal və aparıcı rola malikdir, dinlər və sivilizasiyalarası dialoqa xidmət edən çox mühüm təşəbbüslər irəli sürur. Əgər müstəqilliyinin ilk dövrlərində Azərbaycan dünyada  mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısı idisə, indi, demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilmişdir. Paytaxt Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Sammitinə və digər nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir, sivilizasiyalararası dialoqun intensiv və faydalı xarakter daşımasına fundamental töhfələr verir. Martın 14-16-da Azərbaycanın paytaxtında keçirilən VII Qlobal Bakı Forumu da bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

 

Multikulturalizmin Azərbaycan təcrübəsi dünyada mütərəqqi nümunə kimi qəbul edilir

 

Multikulturalizmin Azərbaycan təcrübəsi dünyada mütərəqqi nümunə kimi qəbul edilir. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub. Biz bu gün də bu reallığın şahidi oluruq. Bu gün heç kim, hətta bizə ikili standartlar prizmasından yanaşmağı ənənəyə çevirmiş dairələr də Azərbaycanda multikultural mühitin mövcudluğunu inkar edə bilmirlər, ölkəmizin tolerantlıq nümunəsi olduğunu diqqətə çatdırırlar. Ölkədə multikultural mühitin qorunması və inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə Prezident İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi reallıqdır. Bir sözlə, multikulturalizm mərkəzlərindən birinə çevrilən Azərbaycan dünyaya mütərəqqi dəyərlər təqdim edir, qlobal əhəmiyyətli təşəbbüsləri ilə sivilizasiyalararası dialoqa mühüm töhfələr verir.

 

- Azərbaycanın inkişafından və beynəlxalq mövqeyinin möhkəmlənməsindən ciddi narahatlıq keçirən anti-Azərbaycan dairələr və “beşinci kolon” nümayəndələri ölkəmizin əldə etdiyi uğurların və müsbət imicinin üzərinə kölgə salmağa, ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışırlar. Bunun arxasında duran səbəblər nədir?

 

- Əvvəla qeyd edim ki, "beşinci kolon" anlayışı İspaniyada Franko rejimi ilə respublikaçılar arasında baş verən müharibə zamanı meydana gəlib. Bu anlayış xarici qüvvələrlə əlbir olaraq öz millətinə, dövlətinə xəyanət edən qrupları təsvir etmək üçün istifadə olunur. Yəni bu qüvvələr düşmənlə sinxron hərəkət edərək antimilli mövqedən çıxış edirlər. Tarixdə bu barədə çoxsaylı nümunələr mövcuddur. Çox təəssüf ki, Azərbaycanda da milli maraqlara zidd mövqe nümayiş etdirən belə marginal qruplar olub və bu gün də var. Eyni zamanda, Azərbaycanda ictimai, siyasi, elmi, mədəni və digər sahələrdə heç bir uğur əldə edə bilməyən, xaricə gedərək anti-Azərbaycan dairələrlə birlikdə ölkəmizə qarşı ideoloji təxribatlarda iştirak edən adamlar məhz "beşinci kolon" nümayəndələridir. Elə ölkə daxilindəki xəyanətkar ünsürlərin də antimilli əməlləri göz önündədir. Üstəlik, onların erməni lobbisi, xaricdəki erməni təşkilatları ilə əlaqələrinin olmasına dair məlumatlar da var.

 

Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparanların, o cümlədən sosial şəbəkələrdə yalan məlumatlar yayanların "fəaliyyət"i xalq tərəfindən ciddi narazılıqla qarşılanır

 

Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Bununla yanaşı, ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir, ölkəmizin qüdrətinin daha da artmasına xidmət edən mühüm addımlar atılır. Son zamanlar Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən tədbirlər sosial, iqtisadi və digər sahələri əhatə edən islahatların davamlı xarakter daşıdığını göstərir. Yəni bütün bu tədbirlər uzunmüddətli islahatlar paketinin tərkib hissəsidir. Təbii ki, bu reallıqlar anti-Azərbaycan dairələri narahat edir və həmin qüvvələr ölkəmizə qarşı "beşinci kolon"dan istifadə edirlər. Ermənipərəst qüvvələrin maraqlarını müdafiə edən antimilli ünsürlər sosial şəbəkələr və müxtəlif internet resursları vasitəsilə həqiqətə uyğun olmayan məlumatlar yayaraq iddia edirlər ki, guya bu islahatlar onların "fəaliyyət"i nəticəsində baş tutub. Bu, gülünc və heç bir əsası olmayan iddiadır. Onların məqsədi Azərbaycanın inkişafına, vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına xidmət edən, qarşıya qoyulan hədəflərə çatmağa imkan verən tədbirlərin, islahatların və müsbət reallıqların üzərinə kölgə salmaqdır. Onlar, həmçinin müxtəlif ideoloji təxribatlar vasitəsilə ölkədə ictimai-siyasi sabitliyin pozulmasına çalışırlar. Amma bütün bu cəhdlər faydasız və nəticəsizdir. Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur, ölkədə sabitlik və inkişaf hökm sürür. Azərbaycan xalqı reallıqları görür və yüksək qiymətləndirir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçərək regionun lider dövlətinə çevrilib, paytaxt Bakının və regionların siması əhəmiyyətli dərəcədə dəyişilib, əhalinin sosial müdafiəsi daha da gücləndirilib və bütün bunlar Azərbaycanın qüdrətinin artmasını təmin edib. Bütün bu reallıqları görən ölkə vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti yüksək qiymətləndirir, bu siyasətin Azərbaycanın gələcək inkişafının əsası olduğunu anlayır və dövlət başçısına, Onun siyasətinə böyük inamını ifadə edirlər. Ona görə də Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparanların, o cümlədən sosial şəbəkələrdə yalan məlumatlar yayanların "fəaliyyət"i xalq tərəfindən ciddi narazılıqla qarşılanır.

 

- Ermənipərəst dairələrin sifarişlərini yerinə yetirən xaricdəki anti-milli ünsürlər isə Azərbaycan xalqına və dövlətinə qarşı təhqir kampaniyası aparır, xalqımızın milli-mənəvi dəyərlərini hədəfə alırlar. Bununla bağlı fikirləriniz nədən ibərətdir? 

 

- Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi ümumbəşəri və mütərəqqi ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə fərqlənir. Digər tərəfdən, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği əsas məsələlərdən biri kimi hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdəndir. Tarixi şəxsiyyətlər də bizim milli-mənəvi dəyərlərimizdir. Onların irsinin qorunması və nəsillərə ötürülməsi də bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl və məqsədyönlü iş aparır. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən işlər də bu baxımdan xüsusi qeyd edilməlidir.

Təəssüf ki, milli maraqlara zidd mövqe tutan, ermənilərin maraqlarının müdafiəçisinə çevrilmiş anti-milli ünsürlər, "beşinci kolon" nümayəndələri Azərbaycan xalqını, onun milli-mənəvi dəyərlərini hədəfə alırlar, təhqir kampaniyası aparırlar. Onlar Azərbaycan xalqının milli xüsusiyyətlərinə, tarixi şəxsiyyətlərimizə qarşı təhqiramiz fikirlər səsləndirməklə əsl simalarını ortaya qoymuş olurlar. Şübhəsiz ki, anti-Azərbaycan dairələrin alətinə çevrilmiş bu ünsürlərin təhqir kampaniyası cəmiyyətdə böyük hiddət və narazılıqla qarşılanır. Cəmiyyət nümayəndələri bu cür kampaniyaların məhz ermənipərəst dairələrin sifarişi əsasında həyata keçirildiyini bilir, "sapı özümüzdən olan baltalar"ın çirkin əməllərinin yolverilməz olduğunu qətiyyətlə ifadə edir.

 

- Mübariz müəllim, martın 16-da Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalaması Azərbaycan cəmiyyəti və beynəlxalq təşkilatlar tərəfindən olduqca yüksək qiymətləndirilir. Lakin bəziləri bu böyük humanizm aktının üzərinə kölgə salmaq üçün absurd iddialar səsləndirir, həqiqətə uyğun olmayan fikirlər ifadə edirlər...

 

- Əvvəlcə qeyd edim ki, Azərbaycanda məhkumların əfv olunması, vətəndaşlara humanist münasibətin göstərilməsi davamlı xarakter daşıyır. Bu günə qədər ölkəmizdə 70-ə yaxın əfv Sərəncamı imzalanıb.  Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam da bu baxımdan xüsusi qeyd edilməlidir. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib. Göründüyü kimi, Prezident İlham Əliyev tərəfindən imzalanan əfv Sərəncamı böyük humanizm nümunəsi olmaqla yanaşı, dövlətin öz vətəndaşlarına yüksək diqqət və qayğısını əks etdirir.

 

Bəzi adamların iddiaları ilə müddəaları üst-üstə düşmür, tərs mütənasiblik təşkil edir

 

Təəssüf ki, bu humanizm aktının üzərinə kölgə salmaq istəyənlər də var. Vaxtilə müxtəlif xarakterli cinayət əməlləri törətmiş, korrupsiya faktlarına görə hüquqi məsuliyyətə cəlb olunaraq həbs edilənlər azadlığa çıxdıqdan sonra öz səhvlərini dərk edib cəmiyyətə yararlı olmaq yolunu seçmək əvəzinə, yenidən hakimiyyətə və dövlətə qarşı ittihamlarla çıxış edirlər. Onların əfv Sərəncamının üzərinə kölgə salmağa, ictimai rəyi çaşdırmağa çalışırlar. Korrupsiya əməlləri cəmiyyətə yaxşı məlum olan keçmiş səhiyyə naziri onun azad edilməsinin guya xarici təsirlər nəticəsində olduğuna dair absurd iddialar səsləndirir. Hər kəsə, eləcə də həmin adamın özünə də yaxşı məlumdur ki, Azərbaycan heç bir qüvvənin diktəsi ilə hərəkət etmir, tam mustəqil siyasət həyata keçirir, hər hansı bir təsir və təzyiqə qətiyyən imkan vermir. Respublikamız öz müstəqil inkişaf yolunda irəliləyir, ölkəmizin daxili, xarici siyasəti suverenlik prinsipinə əsaslanır və milli maraqlara xidmət edir. Ona görə də hər hansı bir təzyiqdən söhbət gedə bilməz. Həmin adama sual vermək lazımdır ki, əgər həmin qərar xarici qüvvələrin təsiri ilə qəbul olunubsa, bu, sözügedən şəxsin cəzaçəkmə müddətində nə üçün olmayıb? Bu, birmənalı şəkildə Prezident İlham Əliyevin humanist təşəbbüsüdür və onun üzərinə kölgə salmaq mümkün deyil. Ümumiyyətlə, bəzi adamların iddiaları ilə müddəaları üst-üstə düşmür, tərs mütənasiblik təşkil edir. Onlar öz şəxsi maraqlarını və anti-Azərbaycan dairələrin mənafelərini Azərbaycanın milli maraqlarından üstün tuturlar. Bu, bütün hallarda yolverilməzdir. Sağlam siyasi qüvvələr, eləcə də cəmiyyətin avanqard siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası daim milli maraqları üstün tutur, Azərbaycanın inkişafına və qüdrətinin daha da artmasına xidmət edən addımların təqdirəlayiq olduğunu birmənalı şəkildə və qətiyyətlə ifadə edir.

 

19 mart 2019