Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Məqalə
05.07.2016 / Məqalə

Yas mərasimlərində israfçılığın başlıca səbəblərindən biri İslamın vacib şərtlərini kifayət qədər bilməməyimizdir

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK və ya Dövlət Komitəsi) cəmiyyətimizin maraq dairəsində olan sosial-ictimai məsələləri mütəmadi diqqət mərkəzində saxlayır. Bu məsələlərdən biri də yas mərasimlərinin keçirilmə qaydalarının sadələşdirilməsi, onların İslam qaydaları və dəyərləri çərçivəsində təşkili, mərasimlərdə yol verilən israfçılıq hallarının qarşısının alınmasıdır. Məhz, bilavasitə Dövlət Komitəsinin diqqəti və aktivliyi sayəsində ictimaiyyət və digər dövlət qurumları bu məsələnin tezliklə həllini tapmasının vacibliyinə lazımi reaksiya vermişlər.
DQİDK  bütün məsələlərdə olduğu kimi yas məclislərinin sadə şəkildə keçirilməsinin təmin edilməsində də ilk növbədə maarifləndirmənin zəruriliyinə diqqət yönəltmişdir. Bu məsələ ilə bağlı tanınmış din xadimlərinin, ictimaiyyət və dövlət nümayəndələrinin, habelə KİV-in iştirakıyla təbliğat işləri aparılmış və bu iş indi də davam etməkdədir.
Lakin təəssüflə qeyd etmək lazımdır ki, DQİDK ilə həmrəylik nümayiş etdirmək, maarifləndirmə işinin bir hissəsi olmaq əvəzinə bəziləri bu mövzudan müxtəlif qurumları günahlandırmaq üçün vasitə kimi istifadə etməyə çalışırlar.
Yas mərasimlərində israfçılığın başlıca səbəblərindən biri İslamın vacib şərtlərini kifayət qədər bilməməyimizdir. Sözügedən məsələnin köklü şəkildə həlli bilavasitə fərdi maariflənmə işindən asılıdır. Bunun üçün aid olduğu zümrə və təbəqədən asılı olmayaraq, bütün cəmiyyət üzvlərinin qarşılıqlı şəkildə bir-birini məlumatlandırması vacibdir. Bu məsələdə maddi-sosial vəziyyəti aşağı olan vətəndaşlarımız imkanlı şəxslərdən nümunə götürərək bunu dini ehkam kimi qəbul edib ətrafındakılara təbliğ etməməlidir.  
Qeyd ediləsi digər məqam odur ki, yas mərasimlərinin sadə şəkildə keçirilməsində məsuliyyəti mərasim zalları, o cümlədən, mərasim xidmətləri təşkil və təklif edən insanlar deyil, bu məclislərin sahibləri daşıyır. Belə ki, fəaliyyət göstərən belə mərasim zalları insanlarımıza xidmət göstərmək, onların işini asanlaşdırmaq məqsədilə istifadəyə verilmişdir. Onlar vətəndaşlarımızın istəyinə uyğun şəkildə yas mərasimləri təşkil edir və mərasimdə süfrənin menyusu heç kimə diqtə edilmir. Vəfat etmiş şəxsin dəfnindən sonra təziyələri qəbul etmək üçün məxsusi yemək məclisi açmaq vacib deyil.
Mərasim zallarında israfçılığa yol verilmədiyi barədə qəti fikir bildirmək düzgün olmazdı. Lakin, bir daha vurğulayırıq ki, bunun səbəbkarı mərasim zallarını istifadəyə verən və onu işlədən insanlar deyil, həmin məclisin sahibləridir. Yəni, vətəndaşlarımız istədikləri halda, belə mərasim zallarında vəfat etmiş yaxınlarının yas məclislərini sadə şəkildə, məsələn, çay və xurma süfrəsi ilə də yola verə bilərlər.
Sonda bir daha qeyd edirik ki, insanlarımızın İslamla heç bir əlaqəsi olmayan bu dünyagörüşündən uzaqlaşması üçün mövcud qanunvericilik bazasının möhkəmləndirilməsi ilə yanaşı, din xadimlərinin, ictimaiyyət və KİV nümayəndələrinin əlaqəli şəkildə vahid təbliğat aparması zəruridir.

 
Elnarə Kərimova
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin

Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri