Şriftin ölçüsü:
Saytın rəngi:
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanmaqla müstəqil Azərbaycan dövlətinin başçısı seçildiyi 2003-cü ilin 15 oktyabrından 20 il ötür. Cənab İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərində onun şəksiz qələbəsini təmin etdi. Bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Uğurlarının təməlində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi kursunun, strateji proqramların, konsepsiyalar və islahatların dayandığı müstəqil Azərbaycan son illər ərzində həm bölgədə, həm də dünyada çox böyük nüfuz qazanmış, sürətli inkişaf edən ölkələr sırasına daxil olmuşdur.
Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan inkişaf strategiyasını siyasətinin ana xəttinə çevirən, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lider kimi İlham Əliyev ölkənin sürətli tərəqqisini təmin edir. Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin davam etdirilməsi nəticəsində ölkəmiz bu gün dövlət kimi dünyada böyük nüfuz qazanıb. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət suveren Azərbaycana şanlı tariximizin ən uğurlu illərini yaşatmaqla onu bütün sahələrdə regionun aparıcı dövlətinə çevirib. Bu gün Azərbaycan uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafını stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi olaraq dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxmış dövlətlərdən biri kimi tanınır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində son 20 illik zaman kəsiyi Azərbaycan tarixinin iqtisadi yüksəlişlə başlayıb tarixi Zəfərlə davam edən ən qüdrətli mərhələsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə geridə qoyduğumuz 20 il ərzində ölkəmiz ən şanlı dövrünü yaşadı. Ulu Öndər Heydər Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlər bir daha öz təsdiqini tapdı: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Bu sözlər Ümummilli Liderin uzaqgörənliyini və müdrik seçimini ifadə edir. Ulu Öndərin dediyi kimi, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada söz sahibinə çevrilən ölkələr sırasına daxil olub. Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrdən iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını hökumətin qarşısında əsas vəzifələrdən biri kimi qoyan İlham Əliyev ölkəmizin iqtisadi və hərbi qüdrətini, beynəlxalq nüfuzunu gücləndirmək üçün qətiyyətlə çalışır.
Prezidentliyinin ilk ilindən etibarən davamlı inkişaf üçün mühüm addımlar atan İlham Əliyev müstəqilliyimizin, ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinə və vətəndaş həmrəyliyinin bərqərar olmasına dövlətin milli maraqlarını qorumaqla nail oldu. Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi və ötən 20 il ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirildi. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə rasional davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı və milli siyasi etika nümunəsi təqdim etdi.
Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə həm də Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Bu, xalqımızın Ümummilli Liderə sevgisinin və sonsuz inamının bir daha təsdiqi oldu. Prezident kimi fəaliyyətə başlayan İlham Əliyev andiçmə mərasimində ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirdi, Heydər Əliyev siyasətinə sadiq qalacağını bəyan etdi: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".
Prezident İlham Əliyevin rəhbərliyi altında son 20 ildə Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizm, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirildi, nəhəng transmilli, energetika layihələri reallaşdırıldı. "Zəngin və qüdrətli Azərbaycan uğrunda" çağırışı ilə milyonları öz ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan demokratik və hüquqi dövlət kimi daha da inkişaf etdi. Prezidentin seçildiyi 20 il müddətinə nəzər saldıqda bir daha şahid oluruq ki, Azərbaycanda kifayət qədər davamlı iqtisadi inkişaf və siyasi sabitlik mövcuddur. Heydər Əliyev siyasətinə söykənərək ölkəmizin uğurlara imza atdığı həmin illər Azərbaycan tarixinin ən parlaq dövrüdür. Azərbaycan Prezidenti fəaliyyətinin bütün sahələrində milli və dövlətçilik maraqlarını öndə saxlayıb, Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirib.
Xalqa və dövlətçiliyə xidmət
Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə müdrik liderə məxsus böyük uzaqgörənliklə yanaşması apardığı siyasətin əsas cəhətlərindən biridir. Azərbaycan Prezidenti təcrübəli siyasətçi kimi ümummilli və qlobal məsələləri böyük peşəkarlıqla həll edir, hadisə və proseslərin axarını əvvəlcədən müəyyənləşdirərək gələcəyin tarixini yaradır, parlaq zəkası, iti mühakimə qabiliyyəti, möhkəm xarakteri və mürəkkəb situasiyalarda düzgün seçim etməsi ilə dünyanın tanınmış dövlət xadimləri içərisində xüsusi yer tutur. Prezident İlham Əliyev xalqımızın həyatında böyük dəyişikliklər yaradan tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini daşıyaraq milli maraqları ifadə edən siyasət yürüdür. Azərbaycan Prezidenti sübut edir ki, liderin malik olduğu nüfuz özündə şəxsi keyfiyyətlərin, siyasi dəyərlərin və prinsiplərin vəhdətini birləşdirir. Dövlət başçısının xalqın qəhrəmanı, Sərkərdəsi olması onun intellektual potensialından və səriştəli idarəetmə bacarığından irəli gəlir. Vaxtilə müharibə şəraitində yaşayan ölkəmizin bütün sahələrindəki davamlı inkişaf Prezident İlham Əliyevin qarşısına qoyduğu məqsədləri uğurla yerinə yetirdiyini göstərir.
Prezident İlham Əliyev ictimai rəyi nəzərə alır və ölkədəki ictimai-siyasi durumu düzgün qiymətləndirir. Bunlara əsasən də strateji hədəflərini, taktiki gedişlərini, idarəçilik aparatını davamlı təkmilləşdirir və Azərbaycanda misli görünməmiş dəyişikliklərə müəlliflik edir. Prezident İlham Əliyevin gələcəyə baxış konsepti çoxşaxəli olduğu qədər də konkret və məqsədyönlüdür. Bu, yalnız iqtisadi və siyasi aspektləri deyil, həm də milli dəyərlər sistemi olan geniş mənəvi spektri əhatə edir. Cənab İlham Əliyev dövlətin inkişafında müasir dövrün çağırışlarını nəzərə alıb həm də xalqımızın milli identikliyinin sütunlarını möhkəmləndirir.
Prezidentin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı davamlı xarakter daşıyır. Siyasətinin əsasında Azərbaycan xalqının maraqlarını müdafiə etməyin vacibliyinin dayandığını söyləyən cənab Prezident xalqın rifah içində, təhlükəsizlik şəraitində yaşaması üçün əlindən gələni edir. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ardıcıl addımlar atır. Ümumi daxili məhsulun artımı, sənaye və kənd təsərrüfatı istehsalının yüksəlməsi, yeni iş yerlərinin açılması, bütövlükdə əhalinin real gəlirlərinin artması kimi faktorlar bunun əyani sübutudur. Prezident İlham Əliyevin apardığı uğurlu sosial siyasət nəticəsində işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm addımlar atılır. Bu sahədə əldə olunmuş nailiyyətlər bir daha sübut edir ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial baxımından aztəminatlı təbəqəsi daim dövlətin diqqət mərkəzindədir. Sosial sahədə büdcə vəsaitlərinin ildən-ilə artırılması da bu sahəyə Azərbaycan Prezidentinin qayğısını bir daha təsdiq edir.
Azərbaycan mütərəqqi yolla inkişaf edir və ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Bununla yanaşı, ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən tədbirlər sosial, iqtisadi və digər sahələri əhatə edən islahatların davamlı xarakter daşıdığını göstərir. Vətəndaşların rifahının yaxşılaşdırılmasını başlıca vəzifəsi hesab edən Prezident İlham Əliyev onların sosial, iqtisadi əmin-amanlıqlarını qoruyan sistemin möhkəmlənməsi üçün cəmiyyətin bütün sferalarında geniş islahatlar aparır.
Tarix yazan Lider
Əsrə bərabər 20 ilin zirvəsində, təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Prezident İlham Əliyev Vətən müharibəsinin qalibi, Qarabağın xilaskarı oldu. Prezident, Ali Baş Komandan İlham Əliyev öz qüdrətli ordusunu yaratdı, qələbə qazandı və işğaldan azad edilmiş ərazilərimizə səfərlər edərək möhtəşəm Zəfərini bütün dünyaya bəyan etdi. Böyük Qələbə bilavasitə dövlət başçısının mükəmməl siyasi savadı, strateqliyi, güclü təfəkkürü, diplomatik ustalığı, dəmir iradəsi sayəsində əldə edildi. Sadalanan keyfiyyətlər nəticəsində hərb meydanından əlavə, siyasi və diplomatik arenada da üstünlük birbaşa Azərbaycanın tərəfinə keçdi. Hamımız qürurla şahidi olduq ki, İlham Əliyev beynəlxalq KİV vasitəsilə erməni faşizminin mahiyyətini bütün dünyaya göstərdi. Xalqın etimadına, haqq yolunda ədalətə söykənən lider tarixi ədaləti bərpa etdi. Cənab İlham Əliyevin adı möhtəşəm Zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü.
Azərbaycan dövləti torpaqlarımızı erməni işğalçılarından azad etməklə bölgədə yeni reallıq yaratdı və 27 il BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan məlum dörd qətnaməsinin tələblərini yerinə yetirdi. Şanlı qələbədən sonra Prezident İlham Əliyevin dediyi kimi, "Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir".
Üçtərəfli Bəyanatın tələblərinin yerinə yetirilməsi, Qarabağ iqtisadi rayonunda ermənilərin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş torpaqlarımıza qayıdan dinc əhalinin, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılması və uğurla başa çatdırılması nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa edilməsi, ərazilərimizdə qanunsuz məskunlaşmış erməni separatçılarının şərtlərimizi qəbul edərək təslim olmaları qalib ölkəmizin böyük uğuru olaraq hər birimizi qürurlandırır. Bu Zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını bir daha bütün dünyaya nümayiş etdirdi.
Dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində
Azərbaycan bu gün davamlı inkişaf yolu keçir və onun əsaslandığı dayaqlar sırasında xalqımızın milli-mənəvi dəyərləri mühüm yer tutur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir. Xüsusilə qədim tarixə malik məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir. Prezident İlham Əliyev tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, həmçinin dini ibadət yerlərinin əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırır. Maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlət başçısının sərəncamları ilə son bir neçə ildə görülən silsilə tədbirlər dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir. Prezident İlham Əliyevin xalqımızın inanclarına, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibətinin dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirib.
Son illər respublikamız Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və iştirakı ilə sivilizasiyalararası dialoqla əlaqədar çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi unikal məkana çevrilib. Azərbaycan son on ildə bu sahədə onlarca beynəlxalq və regional konfrans, forum və simpoziumlar təşkil edib, beynəlxalq qurumların toplantılarına evsahibliyi edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, belə mötəbər tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın qədim dinlərarası ənənələrindən irəli gəlir: "Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır..."
Beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi Azərbaycanın seçilməsi heç də təsadüfi deyil. Bu, hər şeydən əvvəl, Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycanın beynəlxalq imicinin artması ilə bağlıdır. Bu məsələdə dünyada cərəyan edən hadisələr fonunda ölkəmizdəki ictimai-siyasi sabitlik də mühüm rol oynayır. Fəxrlə deyə bilərik ki, bu gün beynəlxalq aləmdə Bakı şəhəri ilə bağlı iki ifadə tez-tez işlədilir: mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi və tolerantlığın təşviqi üzrə Bakı prosesi. Bakıda toplaşıb bəşəriyyətin qarşısında duran bu və ya digər problemlə bağlı fikir mübadiləsi aparmaq imkanı qazandıran beynəlxalq tədbirlərlə əlaqədar gələn qonaqlar ölkəmizlə əyani tanış olur və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yaxından iştirak edirlər.
Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etməyə başladığı ilk gündən dini-etnik qrupların nümayəndələrinə həssaslıqla yanaşır, onların problemlərinin həlli üçün bütün lazımi tədbirləri həyata keçirir. Milli-mənəvi dəyərlərin dirçəldilməsinə, o cümlədən yeni ibadət yerlərinin inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayıran dövlət başçısının təşəbbüsü ilə son illər tarixi-dini abidələr, ziyarətgahlar bərpa edilib, dini-mənəvi dəyərlərin qorunması istiqamətində silsilə tədbirlər həyata keçirilib. Bu gün Azərbaycan fərqli dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına mühüm töhfəsini verməklə dünya dövlətləri üçün nümunə olmuşdur. Ölkəmizin dünyaya təqdim etdiyi tolerantlıq və birgəyaşayış modeli münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir. Dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində ölkəmiz səylərini ardıcıl şəkildə davam etdirir. Azərbaycanda mədəniyyətlərarası dialoq, multikulturalizm, həmçinin dini konfessiyalar arasında qarşılıqlı etimad daha da möhkəmlənib.
Ulu Öndərin dövlət-din münasibətləri sahəsində müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsidir ki, Azərbaycandakı dini dözümlülük və tolerantlığın möhkəmlənməsi dini sahədə dövlət siyasətinin uğurlarından biri kimi səciyyələndirilir və bir çox dövlətin üzərində baş sındırdığı "Dünyəvi dövlətdə din siyasəti necə olmalıdır?" sualının əyani cavabı kimi qəbul olunur. Xalqlararası və mədəniyyətlərarası dialoqu, tolerantlıq ənənələrini müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə dinlərin dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasəti son 20 ildə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, dini-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması və inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti çağdaş dövrün obyektiv reallıqları ilə şərtlənir.
Dövləti layiqincə idarə etmək məharətinə sahib olmaq, bu fəaliyyəti yalnız millətin və dövlətin maraqlarının ödənməsinə yönəltmək, siyasi sələflərdən miras olaraq əldə olunan dövlətçilik potensialını gücləndirmək kimi xüsusiyyətlər yalnız müdrik liderlərə xasdır. Buna görə də tam əminliklə söyləmək olar ki, bu gün Prezident İlham Əliyevin liderliyi dünya miqyasında böyük nüfuz qazanmışdır.
Prezident İlham Əliyevin dövlətə rəhbərlik etdiyi ötən 20 il Azərbaycanın inkişafı baxımından çox məsul və şərəfli dövr kimi tarixə həkk olunub. Bu müddətdə əldə edilən tarixi nailiyyətlər təsdiqləyir ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin xalqa son müraciətində "Mən ona özüm qədər inanıram" sözlərinin ifadə etdiyi böyük etimadı yüksək səviyyədə doğruldub.
Mübariz QURBANLI,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü
"Azərbaycan" qəzeti