Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Məqalə
02.08.2016 / Məqalə

Sinqapur konfransı: Azərbaycan tolerantlığın qorunduğu ən yaxşı nümunələr sırasında

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra daxili siyasətlə yanaşı, xarici siyasətdə də böyük nailiyyətlərə imza atmış, müxtəlif sahələrdə dünyanın əksər dövlətləri ilə çoxşaxəli əlaqələrin inkişaf etdirilməsi istiqamətində uğurlu siyasət yürütmüşdür. Azərbaycanın inamla addımladığı yolu, haqq işini beynəlxalq arenalarda dəstəkləyənlərin sayının ilbəil artması bunun bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasəti uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq əlaqələri yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Azərbaycan dünyanın bir çox ölkələri ilə təkcə enerji təhlükəsizliyi sahəsində deyil, özünün nümunəvi dövlət-din modeli sahəsində də uğurlu təcrübə mübadilələri aparır və əməkdaşlıq arealını genişləndirir. Məhz Ümummilli Liderin dövlətimizin din siyasətinin konturları müəyyənləşdirərkən ölkənin dini və etnik rəngarəngliyini nəzərə almasının nəticəsidir ki, sözügedən sahədə böyük uğurlar qazanmaqdayıq. Bu sahədə görülən işlərin əsas hədəfi isə tarixən ölkəmizdə mövcud olan tolerantlıq ənənələri və multikultural dəyərləri təşviq və təbliğ etməkdir. 
Tarix boyu müxtəlif dinlərin və xalqların nümayəndələrinin daim rahatlıq tapdığı, isti münasibət gördüyü Azərbaycanda dindarlar müstəqilliyimizin bərpasından sonra dövlət qayğısından kənarda qalmamışlar. Bu gün ölkəmizdə dövlətin dinə və dindarlara qayğısı təkcə onların hüquqlarının qorunması ilə məhdudlaşmır, dini icmaların maddi texniki bazasının inkişaf etdirilməsi, müsəlman və qeyri-müsəlmanlar arasında dialoqun, qarşılıqlı anlaşmanın və dini dözümlülüyün gücləndirilməsi məqsədilə dövlət büdcəsindən maliyyə yardımlarının ayrılması artıq ənənəyə çevrilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamlarına uyğun olaraq məscidlər, kilsələr, sinaqoqlar, digər ibadət yerləri əsaslı bərpa və təmir olunur, yenidən inşa edilir. Bu mənada Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın da xidmətləri xüsusi vurğulanmalıdır. Dini icmalara dövlət tərəfindən ayrılan yardımların ikinci istiqaməti cəmiyyətdə multikultural dəyərlərin, tolerantlıq ənənələrinin, qarşılıqlı hörmətin təbliğinə yönəlmişdir. Təkcə 2016-cı ilin ilk 6 ayı ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə respublikanın müxtəlif regionlarında bu istiqamətdə 100-dən çox tədbir, seminar, treninq, konfrans və “dəyirmi masa”lar keçirilmişdir. Bundan əlavə, 2014-cü ildə ölkə Prezidentinin Sərəncamı ilə Bakı Beynəlxlaq Multikulturalizm Mərkəzi təsis edilmiş, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti yaradılmışdır. Bu sahədə Azərbaycan örnəyinin beynəlxalq ictimaiyyət tərəfindən öyrənilməsi, göstərilən diqqətin artırılması və mədəni müxtəlifliyin harmoniya bayramı kimi qeyd edilməsi məqsədilə ölkə Prezidenti tərəfindən 2016-cı il “Azərbaycan Respublikasında Multikulturalizm ili” elan olunmuşdur.Bu gün Azərbaycanın yaratdığı “Harmoniya Modeli” dünya ictimaiyyəti tərəfindən tədqiq edilir, öyrənilir. Müxtəlif mötəbər beynəlxalq tədbirlərin (Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, 1-ci Avropa Oyunları, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və digər humanitar tədbirlər) ölkəmizdə keçirilməsi, Azərbaycan multikulturalizminin dünyanın müxtəlif ölkə universitetlərində tədris olunması (Portuqaliya, İtaliya, Rusiya və s.) bunun bariz sübutudur. Bu baxımdan dini tolerantlığın təşviq edilməsi və gücləndirilməsi məqsədilə ən yaxşı təcrübələr və multikulturalizm siyasəti ilə bağlı müxtəlif beynəlxalq konfranslara ölkəmizin də dəvət alması dünya birliyinin Azərbaycandakı dövlət-din münasibətləri modelinə, sahib olduğumuz multikultural və tolerant ənənələrə marağının əyani sübutudur. Belə tədbirlərdən biri cari ilin 20-21 iyul tarixlərində Sinqapur Xarici İşlər Nazirliyi və bu ölkənin Rajaratnam Beynəlxalq Əlaqələr Məktəbinin birgə təşkilatçılığı ilə sözügedən ölkədə təşkil olunmuşdur. Azərbaycanın da dəvət aldığı “Dini tolerantlığın təşviq edilməsi və gücləndirilməsi məqsədilə ən yaxşı təcrübələr və siyasətlər üzrə regionlararası perspektivlər” adlı beynəlxalq konfransda BMT-nin Cenevrədə yerləşən daimi nümayəndəliyinin müxtəlif ölkələr üzrə (Türkiyə, Sinqapur və.s) təmsilçiləri, BMT İnsan Hüquqları Şurasının prezidenti,  20-dən çox ölkədən siyasətçi, hüquqşünas, dini lider, professor, vətəndaş cəmiyyətinin üzvləri və bu sahədə fəaliyyət göstərən ekspertlər də daxil olmaqla 100-ə yaxın nümayəndə iştirak etmişdir.Konfransın əsas müzakirə mövzularından biri dini dözümsüzlüyün genişlənməsinə səbəb olan faktorların müzakirəsinə həsr edilmişdi. Sirr deyil ki, müasir dünyada baş verən iqtisadi, humanitar böhranlar, etnik və dini müxtəlifliklərin bir-birini qəbul etməməsi dini dözümsüzlüyü yaradan əsas səbəblərdəndir və Azərbaycan, Sinqapur, ABŞ kimi ölkələrin bu sahədəki ən yaxşı təcrübələrinin öyrənilməsi dünya ictimaiyyəti üçün ehtiyaca çevrilmişdir. 
Konfrans çərçivəsində aparılan müzakirələrin, oxunan məruzələrin təhlili göstərdi ki, Sinqapur, Amerika, İndoneziya, Malayziya və  Azərbaycanda mədəni müxtəlifliyin idarə edilməsi modeli mahiyyət etibarı ilə bir-birindən fərqlənmir - bu ölkələrin hamısında dinindən, mənsubiyyətindən, milliyyətindən asılı olmayaraq, hər kəsin eyni çətir altında yaşamaq, təhsil almaq və işləmək hüquqları qanunvericilik çərçivəsində təmin edilmişdir. Tədbirin gedişatı və yekunu bir daha sübut etdi ki, yürütdüyu din siyasətinin hər hansı dinə qarşı deyil, dini dözümsüzlüyə qarşı olması, radikalizmə, irqi və dini ayrı-seçkiliyə qarşı mübarizədə dövlətin dini icmalarla qarşılıqlı əlaqədə çalışması, əsl İslam dəyərlərinin təbliğinin tərəfdarı olması Azərbaycanıbu sahədə ən yaxşı təcrübəyə sahib olan ölkələrdən birinə çevirmişdir.
Tədbir çərçivəsində keçirilən panellərdə dözümsüzlüyün qarşısının alınması, qarşılıqlı anlaşma, dialoq və tolerantlığın gücləndirilməsi üçün əsas diqqətin etnik və dini münaqişənin qarşısının alınması, işsizliyin aradan qaldırılması, sağlam media təhsilinin vacibliyi kimi həssas mövzulara yönəldilməsi xüsusi vurğulanmalıdır. Məzhəblərarası müharibələr və fobiya anlayışının ümumdünya kontekstində daha da genişləndiyini qeyd edən natiqlər bu sahədə aparılan ən yaxşı siyasətlərin və təcrübələrin öyrənilməsinin zərurətə çevrildiyini diqqətə çatdırdılar. Çıxışlardan gəldiyimiz qənaət bu oldu ki, bir çox ölkələr mədəni müxtəlifliyin idarə edilməsi, dini tolerantlığın gücləndirilməsi və təşviqi sahəsində siyasətini üç istiqamətdə – hüquqi, institutsional və icmalara (etnik, milli və dini) yönəlik qurmuşdur. Hüquqi istiqamət əsasən mədəniyyətlərarası və dinlərarası dialoqun gücləndirilməsində qanunvericilik bazasının formalaşması sahəsində görülən işlər hesab olunur. İnstitutsional istiqamət - irqçiliyə və dini dözümsüzlüyə qarşı formalaşmış qanunvericilik bazasının icra mexanizmlərinin həyata keçirilməsi və nəzarətidir. Sonuncu istiqamətin əsas vəzifəsi isə din xadimləri və dini icmalar tərəfindən tolerantlıq, qarşılıqlı anlaşma və hörmət prinsiplərinin gücləndirilməsi sahəsində dövlətlə qarşılıqlı əlaqələrin qurulmasıdır. Sadalanan meyarlara diqqət yetirdikdə görürük ki, Azərbaycanın din siyasətinin ana xəttini illərdir bu istiqamətlər təşkil edir və o bu sahədəki təcrübəsini artıq digər ölkələrlə paylaşmaqdadır. Məhz bu məqamlar da tərəfimizdən konfrans iştirakçılarının diqqətinə çatdırıldı.
Konfransda  müxtəlif ölkələrdən bir sıra nüfuzlu dövlət rəsmilərinin iştirak etməsi məsələnin həssaslığından xəbər verirdi. Sinqapurun Dövlət, Müdafiə və Xarici Əlaqələr üzrə Baş naziri Dr. Məhəmməd Maliki bin Osman nifrət zəminində çıxışların getdikcə artması, mənfi stereotiplərin yaranması və inkişafında müasir telekommunikasiya vasitələrinin rolu,  bu “hərəkat”da gənclərin hədəf seçilməsinin siyasi və psixoloji tərəfləri haqqında geniş məruzə ilə çıxış etdi. BMT-nin İnsan Hüquqları Şurasının prezidenti, səfir Çoy Kyonqlim isə “Ekstremist ideologiyaların yayılmasında sosial media və KİV-in rolu” mövzusunda çıxış etməklə bu məsələnin də prioritet olduğunu vurğuladı.  
Məruzəçilər “miqrasiya inqilabı”nın nəticəsi kimi dini dözümsüzlük və nifrət zəminində çıxışların artdığını, irqçiliyin gücləndiyini diqqətə çatdırmaqla onu XXI əsrdə qarşıda duran əsas çətinliklərdən biri kimi dəyərləndirdilər. Bu səbəbdən, bütün ölkələrin dünyada baş verən proseslərdə birbaşa iştirakı, qabaqlayıcı tədbirləri artırmaq və əməkdaşlıq əlaqələrini genişləndirmək yönündə zəruri addımlar atmağsının vacibliyi vurğulanaraq qeyd edildi ki, baş verən humanitar böhranların qarşısının alınması üçün mədəni demokratiya çox önəmlidir.
Sinqapur konfransında rəğbətlə qarşılanan hadisələrdən biri də Azərbaycan həqiqətlərinin araşdırılması və öyrənilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çap olunmuş “Azərbaycanın seçilmiş İslam abidələri” və “Azərbaycan tolerantlıq diyarı” kitablarının, eləcə də sənədli filmlərin ingilis dilinə tərcümə olunmuş nüsxələrinin konfrans iştirakçılarına, Sinqapur Xarici İşlər Nazirliyinin, Rajaratnam Beynəlxalq Əlaqələr Məktəbinin araşdırma mərkəzinin, Sinqapur İslam Dini Şurasının və Harmoniya Mərkəzinin kitabxanalarına təqdim edilməsi oldu. Ümidvarıq ki, bu məlumat bazaları həm Azərbaycanda illərdir tətbiq olunan və nümunəvi modellər sırasına daxil edilən dövlət-din münasibətləri modelinin geniş auditoriyaya çatdırılması, həm də ölkə xaricində akademik səviyyədə araşdırılması işinə mühüm töhfə olacaqdır. 
 
Rəfi Qurbanov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Xarici əlaqələr şöbəsinin müdir müavini