Şriftin ölçüsü:
Saytın rəngi:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Bəhruz Orucovun Pakistanda fəaliyyət göstərən geniş oxucu auditoriyasına malik nüfuzlu ingilisdilli Daily Islamabad POST elektron qəzetində, DNA-Diplomatic posts Agency, CENTRELINE elektron xəbər portallarında Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş "Erməni vəhşilikləri: Xocalı Soyqırımı ... Cəzasızlığın 29-cu ili" başlıqlı məqalələri dərc olunub.
Məqalələrdə ermənilər tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı əhalisinə qarşı törədilmiş misilsiz vəhşiliklərdən və Xocalı soyqırımının mahiyyəti barədə geniş məlumat verilib.
Bildirilib ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin taleyi indi də məlum deyil. Əhalisinin əksəriyyətinin etnik azərbaycanlılar olduğu 7000-lik Xocalı şəhəri yerlə-yeksan edilib.
Diqqətə çatdırılıb ki, 1994-cü ildə Azərbaycan parlamenti fevralın 26-sını Xocalı Soyqırımı Günü elan edib. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, 57 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı, həmçinin ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanı Xocalı faciəsini soyqırımı aktı olaraq dəyərləndirib.
Yazılarda, eyni zamanda 2008-ci il mayın 8-dən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının məqsədi, həyata keçirdiyi tədbirlərdən bəhs edilib.