Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Məqalə
06.01.2021 / Məqalə

Niderlandın “Diplomat Magazine” jurnalı Azərbaycanın Xristian dünyasına verdiyi töhfə adlı məqalə dərc edib

Niderlandın “Diplomat Magazine” jurnalı “Azərbaycanın Xristian dünyasına verdiyi töhfə” adlı məqalə dərc edib. Məqalədə Azərbaycan dövlətinin yürütdüyü multikulturalizm siyasətindən, tolerantlıq mühitindən və ölkəmizdə mövcud olan birgəyaşayış ənənələrindən bəhs edilir. Eyni zamanda,  dövlətin ölkə ərazisində və ölkə hüdudlarından kənarda mövcud olan Xristian dininə məxsus abidələrin təmiri və tikintisinə göstərdiyi həssas münasibətdən danışılır.

Məqalənin Azərbaycan dilinə tərcümə olunmuş və original variantı olan linki təqdim edirik:

 

https://diplomatmagazine.eu/2021/01/02/contribution-of-azerbaijan-to-the-world-of-christianity/?fbclid=IwAR2LiPTH5fXydrkcBm79YUOCez8lnVqV0yC-XUHzYUmT-rkDp4FAwG1ZMr4
 

 

Azərbaycanın Xristian dünyasına verdiyi töhfə

 

Qədim zamanlardan “Odlar Yurdu” adlandırılan Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir və Şərq Dünyasını Avropa ilə birləşdirən tarixi “İpək Yolu” üzərində yerləşir. Paytaxtı Bakı şəhəri olan bu ölkə Gürcüstan, Rusiya, İran, Türkiyə və Ermənistanla qonşudur, həmçinin Xəzər dənizi vasitəsilə Qazaxıstan və Türkmənistanla həmsərhəddir. Buna görə də Azərbaycan Respublikası və Azərbaycan xalqı tolerantlığı, çoxkonfessiyalı olması və multikultural xarakteri ilə tanınır.

Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən və dünyəvi ölkə hesab olunan Azərbaycan eyni zamanda, 300.000 xristianın, eləcə də - rus, gürcü pravoslavları, alban-udi, slavyan molokan, Roma katolik, alman lüteran, vəftizçi, pentikostal, presviterian, adventist, evangelist kilsələrinin və s. bu kimi müxtəlif məzhəblərdən olan bir çox xristian icmalarının vətənidir.

Azərbaycan həm ölkə daxilində, həm də dünya miqyasında Xristian dini məkanlarının qorunmasına fəal töhfə verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu İtaliya, Fransa, Rusiya və dünyanın digər ölkələrində bu cür nəcib layihələrin yerinə yetirilməsində əsas icraçı qurumlardan biridir.

Bu yaxınlarda - 2020-ci ildə Azərbaycan Vatikandakı Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefini bərpa etdirib. Bu məbəd intibah dövrü italyan memarlığının ən məşhur nümunələrindən biri hesab olunur. Müqəddəs Pyotr Bazilikası məşhur ziyarət və mərasim yeri hesab olunur. Əslində Roma Papası həmişə il ərzində Bazilikada və ya onun qarşısındakı meydanda çoxsaylı dini mərasimlər keçirir.

Son on il ərzində İtaliyada və Vatikanda bir neçə katakomba da Azərbaycan tərəfindən bərpa edilib ki, bunların arasında Vatikandakı Müqəddəs Sebastian katakombaları xüsusi diqqətə layiqdir. Xristian Dünyası üçün əhəmiyyət kəsb edən 8.000-dən çox türbəni əhatə edən bu katakombalar 1578-ci ildə kəşf edilib və buradakı bəzi abidələr III əsrə aiddir. Xristianlığa aid  müqəddəs ziyarətgahların bərpası müasir insanlara xristianlığın tarixinə və yüksəlişinə şahid olmaq imkanları yaradır.

Saints Marsellino və Pietro'nun katakombaları da Azərbaycanın bərpa etdiyi katakombalar arasında yer alır. Roma şəhərinin ətrafında yerləşən təxminən 60 katakombadan yalnız bu katakombalar xristian dünyası üçün ən əhəmiyyətli abidələrdən hesab olunur və məhz bu səbəbdən həmin layihənin Azərbaycan tərəfindən maliyyələşdirilməsi Müqəddəs Taxt-Tac tərəfindən yüksək qiymətləndirilib.

Onu da qeyd edək ki, Azərbaycan dövləti həmçinin Fransadakı xristian məbədlərinin bərpasına da diqqət ayırır, buna misal olaraq Fransanın Orn departamentinin Santiyi, Fresnay-o-Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasını vurğulaya bilərik. O cümlədən, Azərbaycan XIV əsrə aid Strasburq Katedral Kilsəsinə, Bakirə Məryəm və İsa Məsihin həyatlarını əks etdirən kilsənin beş vitrajlı pəncərəsinin bərpası üçün lazımi maliyyə yardımı ayırıb.

Azərbaycan hökuməti həm katolik, həm də pravoslav dini abidələrinin qorunması üçün də səylərini əsirgəməyib. Məhz bu səbəbdən Rusiyanın Həştərxan şəhərindəki Müqəddəs Vladimir Kilsəsinin qarşısındakı meydanda Azərbaycan tərəfindən Şahzadə Vladimirə abidə qoyulub. Bu abidə Rusiyada Xristianlığın 1025 illiyinə və Həştərxan şəhərinin təməlinin qoyulmasının 455 illiyi münasibətilə ucaldılıb.

Azərbaycan dövləti üçün İslam və Xristian dünyası arasında körpü rolunu oynamaq olduqca vacibdir. Azərbaycan Fransa, Küveyt, Oman və Mərakeş ilə birlikdə Parisin Luvr Muzeyində İslam sənətinə həsr olunmuş yeni salonların yaradılmasını maliyyələşdirilməsini təmin edib. Muzeydəki İslam Sənəti bölməsi islam sənətinin memarlıq, rəsm və digər mədəni yaradıcılıq nümunələrini təqdim edib, burada şüşədən, keramikadan və metaldan hazırlanmış müxtəlif əşyalar, xalçalar, geyimlər və miniatürlər, mindən çox natamam və zədələnmiş yaradıcılıq işləri daxil olmaqla 5 mindən çox sənət əsəri nümunəsi nümayiş olunur.

Bu layihələr Azərbaycanın fərqli dinlərə məxsus abidələrə və ziyarətgahlara verdiyi töhfəni bir daha nümayiş etdirir. Bu layihəni həyata keçirməklə Azərbaycan xristianlıq sənətinə və mənəvi xəzinələrinə hörmət göstərib və təsadüfi deyildir ki, Roma Papası Fransisk 2016-cı ildə Azərbaycana səfəri zamanı Azərbaycandakı tolerantlığı və multikulturalizmi yüksək qiymətləndirib. Qeyd edək ki, 2020-ci ildə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac və onun təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi - IX Piy Ordeninin Böyük Xaçı təqdim edilib.

 

 

Tərcümə etdi:


 Elgün Hacıyev

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı