Sözün həqiqi mənasında Avropa Oyunlarının standartlarını Azərbaycan müəyyənləşdirəcək! Bu, belə də olmalıdır! Çünki Avropa Oyunlarının əsası Azərbaycanda qoyulur. Müstəqil Azərbaycan yeni tarix yazır! İndiyədək müxtəlif ölkələrdə Yay və Qış Olimpiya Oyunları keçirilib. Ancaq bu beynəlxalq yarışla bağlı araşdırmalar aparılarkən mütləq Oyunların ilk dəfə harada baş tutması maraq doğurur. Sonradan keçirilən Oyunlar tarixə qovuşsa da, tarixdə ən böyük iz qoyan yarışların keçirildiyi ilk məkan olur. Ona görə də Avropa Oyunlarının Azərbaycanda keçirilməsi xalqımız üçün qürurverici bir hadisədir. Bu, yalnız Şimalda yaşayan 9 milyon azərbaycanlı yox, dünyada yaşayan soydaşlarımız üçün də fəxrdir. Bu gün müstəqil Respublikamız dünya azərbaycanlıları üçün bir mayak rolunu oynayır. Hazırda isə Azərbaycan beynəlxalq idman bayramı astanasındadır və Avropa Oyunlarını keçirməklə ölkəmizin dünyadakı təbliğatını daha da genişləndirəcək.
Azərbaycanın Avropa ilə yanaşı, müsəlman dünyasında da tarixi izləri var. Şərqdə ilk respublikanın yaranışı, dənizdə ilk neft quyusunun qazılmasının Azərbaycana bağlılığı var. Bütün dünyada bununla əlaqədar araşdırmalar aparılarkən ölkəmizin adı öncül sıralarda çəkilir. Bundan sonra isə idman tədqiqatçıları tarixə ekskursiya etdikdə Avropa Oyunlarının vətəni kimi Azərbaycanın adını çəkəcək və ölkəmizlə maraqlanacaqlar.
Müstəqilliyinin bərpasından 24 il keçməsinə baxmayaraq, Azərbaycan böyük uğurlar qazanıb və bütün əldə edilən nailiyyətlər göz önündədir. Azərbaycanın müstəqilliyinin əvvəlki illəri ilə bugünkü durumunu müqayisə etsək, böyük irəliləyişin şahidi olarıq. Ulu Öndər Heydər Əliyevin xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra yenilənən Azərbaycan bu gün Cənubi Qafqazın lider dövlətinə çevrilib. İndi isə postsovet məkanında, eyni zamanda müsəlman ölkələri arasında Azərbaycan çox böyük aparıcı rola malik dövlətlər sırasındadır. 24 il ərzində keçirilən konfranslar, toplantılar, forumlar, rəsmi səfərlərə diqqət etsək görərik ki, həqiqətən Bakı beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu tədbirlərin əksəriyyəti humanitar, iqtisadi, siyasi toplantılardır. Humanitar tədbirlər sırasında isə birbaşa idmanla bağlı olanlar daha çoxdur.
Bakı şəhərində idmanın inkişafı ilə bağlı zamanında yaradılmış komplekslər bu gün dünya standartlarına cavab verən arenalar kimi istifadə olunur. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırması, ölkəmizin bütün rayon və şəhərlərində Olimpiya idman komplekslərinin inşası Azərbaycanı həm də idman ölkəsi kimi dünyaya tanıdıb və paytaxtımız həm də beynəlxalq idman yarışları keçirilən məkana çevrilib. Bakıda indiyədək güləş, boks, taekvando, cüdo üzrə beynəlxalq yarışlar keçirilib və Azərbaycan təşkilatçılıq baxımından da xeyli təcrübə toplamış bir ölkə hesab olunur. Avropa Olimpiya Komitəsinin də məhz Azərbaycanla bağlı çıxardığı qərar təsadüfi deyildi. Belə bir məsuliyyətli Oyunların Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edilərkən bütün cəhətlər nəzərə alınıb. Bunların sırasında ölkənin ictimai-siyasi sabitliyi, dövlətin həyata keçirdiyi siyasət və həmin ölkədə xalqın hakimiyyətə olan münasibəti əsas yer tutur. Digər tərəfdən, Avropa Oyunlarının keçirilməsi üçün müsbət rəy verilmədən öncə, Azərbaycanın bu yarışı keçirməsi ilə bağlı təcrübəsi, imkanları, eyni zamanda, ölkənin idman və nəqliyyat infrastrukturları, hotelləri də nəzərdən keçirilib. Azərbaycanın idman qurğularının hazırlıq vəziyyəti və dövlətin bu böyük yarışı keçirmək üçün iqtisadi imkanlara malik olması əsas şərtlərdən biri olub. Təbii ki, bu tipli yarışların hansısa geridə qalmış ölkəyə həvalə edilməsi qeyri-mümkündür. Məsələn, Ermənistana belə bir yarışı heç zaman həvalə edə bilməzlər. Çünki bu ölkənin özü acınacaqlı durumdadır.
Bu mənada, Azərbaycan istənilən toplantı, forum və yarışın keçirilməsində böyük təcrübəyə malikdir. Bakı dünyanın ən böyük iqtisadi forumu hesab olunan Davos İqtisadi Forumu, mədəniyyətlərarası, dinlərarası münasibətlərə töhfə verən beynəlxalq forumlara dəfələrlə ev sahibliyi edib. Azərbaycan tam təhlükəsiz ölkə kimi qiymətləndirilərək sivilizasiyaların toqquşduğu məkan adını qazanıb. Heydər Əliyev Fondunun, onun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda, eləcə də digər bölgələrimizdə yüzlərlə beynəlxalq toplantı baş tutub. Bu tədbirlərdə isə dünyada mövcud olan bəzi sosial problemlərin ciddi müzakirəsi aparılıb, həlli yolları tapılıb. Ona görə də hər yerdə Azərbaycanın adı xüsusi olaraq çəkilir, ölkəmiz beynəlxalq toplantıların keçirildiyi bir məkan hesab olunur. Bu da Azərbaycanın dünya miqyasında öz yerini və çəkisini daha da möhkəmləndirməsinə müsbət təsir göstərib.
“Azərbaycan” qəzeti