Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Məqalə
06.07.2018 / Məqalə

Məşhur yevangelist Azərbaycan haqda yazdı: "...BÖYÜK İMKANLAR ÖLKƏSİ""

 Aleksandr Neretin,
“Həyat sözü” beynəlxalq təşkilatının icraçı katibi,
“Həyat sözü” Bibliya mərkəzi prezidentinin müavini
 
Bu yaxınlarda mətbuata verdiyim müsahibələrin birində uşaq vaxtı yazıb-oxumağı öyrəndiyim  “SSRİ” adlı fotoalbomdan söz açaraq, qeyd etmişdim ki, hər dəfə onu vərəqləyəndə baxışlarım uzun müddət bir şəkilin  üzərində ilişib qalırdı. Məni öz sehrinə alan həmin şəkil Bakının Xəzərin sahilində ucalan əzəli və əbədi rəmzi Qız qalasının fotosuydu. Sonralar iş elə gətirdi ki, fəaliyyətimlə bağlı Bakıya tez-tez gəlməli oldum, bu şəhərlə, onun tarixi abidələri, mədəni həyatı, birinci növbədəsə adamlarıyla yaxından tanış olmaq imkanı qazandım. Elə ilk tanışlıqda da içimi vaxtilə Qız qalasının şəklinə baxarkən keçirdiyim təəssürütlarla harmoniya təşkil edən qəribə və xoş ovqat bürüdü. Bu, təkcə sıradan bir dejavyu deyildi, həm də adi uşaq marağının sonradan adamın həyatının mühüm bir parçasına çevrilməsindən doğan məmnunluq hissiydi.
Onda, yəni, mənim Bakıyla tanış olduğum 90-cı illərin əvvəllərində onun indiki görkəmindən əsər-əlamət yox idi. Əksinə, şəhər təzəcə çökmüş böyük bir imperiyanın dağıntıları arasında öz əvvəlki simasını da itirmiş, müharibə aparan bir ölkənin sayı milyonu keçən qaçqın və məcburi köçkünlərinin ağırlığını və yükünü öz üzərinə götürməkdən dolayı əlacsız bir duruma düşmüşdü. Amma bütün bu çətinliklərə, acılara, tənəzzülə baxmayaraq, onun sakinləri bura ilk dəfə qədəm basan adamda yuxarıda söylədiyim qədər xoş təəssüratlar yaradacaq ruhunu və ümidini qoruyub saxlaya bilmişdi.
Bu gün Azərbaycan keçmiş SSRİ respublikaları arasında bəlkə də ən çox inkişaf edən ölkələrdən biridir. Qısa zaman ərzində, həm də çox qarışıq və təlatümlü hadisələrin fonunda  baş vermiş bu cür sürətli inkişaf, heç şübhəsiz, ölkənin böyük potensialından xəbər verir. 1994-cü ildə rastlaşdığım mənzərəni xatırlayanda buna indi də inanmağım gəlmir. Mən əminəm ki, Azərbaycan hələ də öz gələcək inkişaf potensialından maksimum istifadə etməyib, gələcəkdə hələ bu yöndə nə qədər imkanlar var! Mən öz Azərbaycanlı dostlarıma aşağıdakı sözləri tez-tez xatırladıram: “Tanrı sizə gözəl və əsrarəngiz bir ölkə, zəngin mədəniyyət, səxavətli və qonaqpərvər qəlb bəxş edib, bunu unutmayın, Yaradana buna görə şükür edin və öz gələcəyinizi qurmağa davam edin!”
Bu gün haqlı olaraq Azərbaycan xalqının ümummilli lideri adlandıran Heydər Əliyevin iki unikal keyfiyyəti var idi. Birincisi, vaxtilə dünya siyasətini yönəldən adamlardan biri olaraq bu siyasətin incəliklərinə, ən xırda detallarına yaxşı bələd olan bir siyasi lider kimi bundan böyük ustalıqla öz xalqının xeyrinə istifadə eləmək məharəti, ikincisisə, ölkə üçün konstruktiv və effektiv inkişaf yolunun müəyyən edilməsi bacarığı. Öz ölkəsinin tarixinə və mədəniyyətinə, öz xalqının arzu və istəklərinə dərindən bələd olan bir ümummilli lider kimi o, Azərbaycanda və onun hüdudlarından kənarda həmişə minnətdarlıqla yad ediləcək bir siyasətin –  multikulturalizm vətolerantlıq siyasətinin bünövrəsini qoymuşdur. Bax, Azərbaycanın bugünkü sürətli inkişafının sirrini məhz burda axtarmaq lazımdır. Şəffaflıq, tolerantlıq və çoxcəhətlilik, bununla yanaşı daxili mədəni identikliyin qorunub saxlanması bu ölkəni dünyanın müxtəlif guşələrində tanıdan firma nişanına çevrilmişdir.
Təbii ki, ölkənin və xalqın həyatının bütün sahələrini ehtiva edən bu cür inkişafı şərtləndirən, qarşısıalınmaz prosesə çevirən əsas amil onun müəyyənləşdirdiyi kursun davam etdirilməsindən, həm də uğurla, yaradıcı şəkildə və iqtisadiyyatın getdikcə daha sürətlə qloballaşdığı, liberal dəyərlərin, postmodernist estetikanın mənəvi dəyərlər sistemini daha çox öz inhisarı altına aldığı çağdaş dünyada baş verən xeyli mürəkkəb gəlişlmələrə uzlaşdırmaqla davam etdirilməsindən asılıydı. Bu proses Azərbaycanda alındı və indi Yer kürəsinin xəritəsində çox kiçik yer tutan bu ölkə dünyaya öz uğurlu inkişaf modelini təqdim edir.
Bu modelin təfərrüatlarına varmazdan əvvəl, qısa tarixi ricətə ehtiyac duymalı oldum. Bizim icmamız burda fəaliyyət göstərməyə başlayandan sonra mən Azərbaycanın tarixiylə az-çox maraqlanmağa başladım. Bu ölkə zaman-zaman müxtəlif sivilizasiyaların beşiyi və məskəni olub. İslam dini yayılmamışdan əvvəl xalq Zərdüştün dininə,  xristianlığa sitayiş edib. Nə həmin vaxtlarda, nə də müsəlmanlığın, demək olar ki, tam şəkildə yayıldığı sonrakı dövrlərdə insanlar arasında dini zəmində heç bir ciddi qarşıdurma olmayıb. Heç bir dinin təmsilçiləri sıxışdırılmayıb, onların müqəddəs yerləri məhv edilməyib. Təsadüfi deyil ki, həm atəşpərəstlərə, həm də xristianlara aid maddi-mədəniyyət abidələrinə, məbəd və kilsələrə, monastrlara bugünkü Azərbaycanın hər guşəsində rast gəlmək mümkündür. Əsrlərin sınağına tab gətirmiş bu müqəddəs ocaqlar hansı dinə aid olmasından asılı olmayaraq, həm dövlət tərəfindən qorunur, həm də yerli əhali tərəfindən ehtiramla yad edilir. Məsələn, bu gün yüksək səviyyədə təmir edilmiş Suraxanı atəşgahı və yaxud müqəddəs Faddeyin şagirdi müqəddəs Yeliseyin hələ bizim eranın I əsrində Şəki rayonunun Kiş kəndində tikdirdiyi kilsə dinindən, millətindən asılı olmayaraq hər bir azərbaycanlının ehtiramla yad etdiyi müqəddəs bir məkandır. İndi Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonunda yerləşən, Alban çarı üçüncü Vaçaqanın dövründə (V əsrin sonları və VI əsrin əvvəlləri) tikilən Amaras monastrını isə xristianlar və müsəlmanlar birgə ziyarət edirdilər.
Ümumiyyətlə, bugünkü Azərbaycanda Alban çarlığı dövründən yadigar qalan onlarla kilsə, məbəd, monastr və başqa abidələr mövcuddur ki, bunlar bütün tarixi dövrlərdə həm yerli əhalinin, həm də hakim zümrələrin tərəfindən qayğıyla əhatə olunub, mühafizə edilib. Bu abidələrin hansı zamanın təbii sınaqlarına tab gətiribsə, hansı Ermənistan silahlı qüvvələrinin işğalı altında deyilsə bu gün də dövlət tərəfindən yüksək səviyyədə qorunur.
Bu qısa tarixi ekskurs bu gün Azərbaycanda gedən proseslərin alt qatına varmaq, onların məğzini anlamaq baxımından çox vacibdir. İndi Azərbaycanın adı dünyanın ən tolerant ölkələrinin ön cərgəsində çəkilir ki, bu da birbaşa cənab İlham Əliyevin və onun xanımı, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çox gərgin və məqsədyönlü fəaliyyətlərinin nəticəsində mümkün olmuşdu. Onlar Azərbaycan xalqının başqa dinin nümayəndələrinə, etnik qruplara, fərqli mədəniyyətin təmsilçilərinə qarşı tarixən formalaşmış müsbət, dözümlü münasibətlərini, davranış və xarakterini əsl mənəvi kapitala çevirmişlər.
Məsələnin mahiyyətinə varanda, xeyli maraqlı mənzərə yaranır. Hazırda dünyada gedən sürətli qloballaşma prosesi müəyyən qrup insanların çox ciddi etirazıyla qarşılaşır. Onlar belə hesab edirlər ki, qloballaşma bəşəriyyətin öz simasını itirməsinə, onun tarix boyu əldə etdiyi milli, dini, mənəvi dəyərlər sistemindən məhrum edilməsinə səbəb olacaq. Azərbaycan da bu gün qloballaşma prosesinin aktiv iştirakçısı, nəhəng  proyektlərin gerçəkləşməsində iştirak edən, həmin meqalayihələrin önəmli partnyoru olan bir ölkədir. Bütün bunlarla yanaşı, Azərbaycanda həm də multukulturalizmin inkişafı sahəsində böyük işlər görülür və konkret nəticələr əldə olunur. Bu gün artıq siyasi termin kimi leksikona daxil olan “multikulturalizmin Azərbaycan modeli” nin mahiyyəti də məhz bundadır. Yəni, qloballaşma vacib prosesdir, ancaq bu proses multikultural dəyərlərin üstündən xətt çəkilməsi hesabına aparılmamalıdır. Multikultural dəyərləri qoruyub saxlamağı qloballaşma prosesiylə uzlaşdırmaq üçün ortaq məxrəc tapılmalı, bəşəriyyətin tərəqqisinə onun min illər boyu əldə etdiyi müsbət ənənələrdən, milli, dini özünəməxsusluqdan imtina edilməsi, onların itirilməsi hesabına nail olunmamalıdır.
Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu prosesdə oynadığı rol da olduqca təqdirəlayiqdir və çoxlarına nümunə ola bilər. Onun Azərbaycan milli mədəniyyətinin və incəsənətinin dünyada, dünya mədəniyyətininsə Azərbaycanda təbliğ edilməsi sahəsindəki şəxsi təşəbbüsləri, təhsil və incəsənətin müxtəlif sahələrini əhatə eləyən çoxşaxəli layihələri dediyimizə sübutdur. Məncə, bu sahədə qazanılan zəngin təcrübə digər ölkələr üçün də yaxşı nümunə ola bilər.
“Həyat sözü” dini icmamız ötən əsrin 90-cı illərin əvvəllərindən Azərbaycanda fəaliyyət göstərdiyi üçün mən həmin vaxtdan etibarən tez-tez bu ölkənin qonağı oluram. Odur ki, bu məqalədə yazdıqlarım təkcə oxuduqlarımdan, eşitdiklərimdən yox, həm də gördüklərimdən yaranan qənaətlərimdir. Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olması təkcə bizim kilsəmizin yox,  Azərbaycanda sərbəst şəkildə fəaliyyət göstərən digər çoxsaylı konfessiyaların timsalında da özünü aydın göstərir.
 
Material Vesti.az-dan götürülüb, tərcümə Strateq.az-ındır