Los-Ancelesdə nəşr olunan nüfuzlu “Jewish Journal” yəhudi qəzetində Azərbaycanın Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayevin “Bayramlar haqqında Azərbaycanda düşündüklərim - sevinc və dostluq ili” adlı məqaləsi dərc edilib.
Məqalədə müəllif cari ildə Azərbaycanın yəhudi icması üçün əhəmiyyətli hadisələr haqqında yazır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Roş-Ha-Şana bayramı münasibətilə Azərbaycanın yəhudi icmasına illik təbrik məktubu əlamətdar hadisədir. Müraciətdə dövlət başçısı ölkənin yəhudi icmasına dərin minnətdarlığını ifadə edir. M.Yevdayev qeyd edir ki, müsəlman ölkəsinin liderinin bu nümunəsi haqda bütün dünya bilməlidir.
Sonra o, Los-Ancelesdəki Sinay sinaqoquna səfəri ilə bağlı təəssüratlarını bölüşür. Ravvin Devid Uolpun rəhbərlik etdiyi bu sinaqoqun üzvləri Bakıdakı dağ yəhudiləri sinaqoquna Tövrat nüsxəsi hədiyyə ediblər.
Müəllif Los-Ancelesdəki Piko Şul sinaqoqunun ravvini Yon Bukstaynın sanballı dəstəyini də qeyd edərək vurğulayır ki, o, sinaqoqda Xocalı soyqırımının qurbanlarının xatirəsinə dua oxunması üçün imkan yaradıb.
Azərbaycanın Dağ Yəhudiləri dini icmasının sədri daha sonra qeyd edir ki, bu il o, Nyu-Yorkda yaşayan və öz vətəninə - Azərbaycana səfər etmiş çoxsaylı dağ yəhudiləri ilə görüşüb. M.Yevdayev yazır ki, o, İtaliyada, Almaniyada və Fransada səfərdə olub, ölkəmizdə minilliklər boyu mövcud olan dinlərarası sülh sahəsində Azərbaycanın uğurları barədə həmin ölkələrdə söhbət açıb.
Məqalənin sonunda Milix Yevdayev Azərbaycanın yəhudi icması adından hamıya uğurlu Yeni il arzulayıb.
AZƏRTAC