Amerikada çıxan “Jewish Journal” nəşrində Azərbaycanın yəhudi icmasının rəhbəri Milix Yevdayevin “Antisemitizmə qarşı mübarizədə və mükəmməl cəmiyyət quruculuğunda həmrəyliyin gücü” sərlövhəli məqaləsi dərc edilib. Materialda Azərbaycanın nümunəsində antisemitizmin olmamasının, habelə inklüzivliyin və tolerantlığın vacibliyindən bəhs edilir. Müəllif Almaniyada antisemitizmə qarşı mübarizədə həmrəylik əlaməti olaraq keçən həftə keçirilmiş “Kipalıların yürüşü” barədə söhbət açaraq Avropada, Amerikada və bütün dünyada antisemitizmin artması problemindən bəhs edir.
Milix Yevdayev “Antidiffamasiya liqası” tərəfindən bu yaxınlarda aparılmış tədqiqatın nəticələrinə istinadla qeyd edir ki, 2017-ci ildə təkcə Birləşmiş Ştatlarda antisemitizm hallarının əvvəlki ildəkinə nisbətən 60 faiz artması qeydə alınıb. Lakin dünyada antisemitizmin artması faktlarına baxmayaraq, Yevdayev ümidvar olduğunu bildirir ki, Azərbaycanda müşahidə olunan konfessiyalararası və mədəniyyətlərarası harmoniya və tolerantlıq modelini dünyanın qalan hissələrində də tətbiq etmək mümkün olacaq. Müəllif vurğulayır ki, sosial harmoniya Azərbaycan cəmiyyətinin kökündəki milli identiklikdən irəli gəlir. O yazır: “Bizim musiqimizdə, incəsənətimizdə, təhsil proqramlarımızda, qanunlarımızda və liderlərimizdə təzahür edən sosial harmoniya bizim cəmiyyətin hər bir səviyyəsində möhkəmlənir”.
Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycanda yəhudi millətindən olan parlament üzvləri ölkə vətəndaşlarını bərabər hüquqla təmsil edir. Azərbaycanda yəhudi mətbəxi yeməklərini şagirdlərə pulsuz təklif edən ümumtəhsil məktəbləri, ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən tikilmiş və ya yenidən qurulmuş gözəl sinaqoqlar var. Təəccüblü deyil ki, bu yaxınlarda keçirilən seçkilərdə İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini toplayaraq yenidən Prezident seçildi. Bu da təəccüblü deyil ki, ölkənin yəhudi icmasının hər bir nümayəndəsi İlham Əliyevə səs verib. Prezident Əliyev müntəzəm surətdə Azərbaycandakı yəhudilərin imkanlarını qoruyan və genişləndirən dəyərlər uğrunda mübarizə aparır. Bu dəyərlər yəhudilərin Azərbaycanda 2000 il ərzində yaşamasını təmin edib, yəhudi icmasını müxtəlif hücumlardan qoruyub, onlara müxtəlif resurslar, torpaq və ölkənin həyatında iştirak etmək üçün bərabər hüquqlar verib.
Azərbaycan yəhudi icmasının rəhbəri öz məqaləsinin sonunda yazır ki, Holokost dövründə Azərbaycan yəhudi qaçqınlar üçün sığınacaq yeri olub və nasistlərə qarşı yorulmadan mübarizə aparıb.